Qərbin aparıcı
dövlətləri Azərbaycanı seçir
Xarici siyasətində ikitərəfli və çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar ölkəmizin etibarlı tərəfdaş kimi nüfuz qazanmasından aydın görünür. Qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin möhkəmlənməsində, yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.
Eyni zamanda bu səfərlər hər bir ölkənin malik olduğu imkanların təqdimatında, qarşıya qoyulan məqsədlərə birgə nail olmaq üçün səylərin birləşdirilməsində mühüm rola malikdir. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev Almaniya Federativ Respublikasında işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində ölkə Prezidenti İlham Əliyev Kansler Angela Merkellə, Almaniya siyasi və biznes elitasına daxil olan mühüm şəxslərlə görüşlər keçirmiş, Azərbaycan-Almaniya İqtisadi Forumunun işində iştirak etmişdir.
Görüşlərdə Azərbaycanın malik olduğu iqtisadi imkanlar, təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol, eyni zamanda respublikamızın ölkələr, xalqlar arasında dostluq körpüsü kimi mövqeyini günbəgün möhkəmləndirməsi geniş müzakirə edilmişdir. Ölkəmizdə iqtisadi imkanların genişlənməsinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılması ilə müşayiət olunması insan amilinə verilən yüksək dəyər kimi qeyd olunmuşdur. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından, multikulturalizmin təbliği istiqamətində Azərbaycan təcrübəsindən, Azərbaycan-Avropa İttifaqı, o cümlədən Azərbaycan-Almaniya əlaqələrinin bugünkü durumu və perspektivlərindən bəhs olunmuşdur. Beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınan Azərbaycanın irəli sürdüyü hər bir layihəni uğurlu sonluqla başa çatdırmasının növbəti layihənin gündəmə gətirilməsinə stimul verdiyi xüsusi önə çəkilmişdir. Bu baxımdan “Cənub Qaz Dəhlizi”nin regional əməkdaşlığa, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfəsi yüksək dəyərləndirilmişdir.Azərbaycanın iqtisadi imkanlarından bəhs edilərkən ölkəmizin iqtisadiyyatın şaxələndirilməsinə verdiyi önəm xüsusi qeyd olunmuşdur. Belə ki, Federal Kansler dünyada gedən iqtisadi böhran və neftin qiymətinin kəskin düşməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirmişdir. Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafına verdiyi önəm dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasına öz müsbət təsirini göstərmişdir. Məhz bu uğurların fonunda dünya inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir.
Azərbaycan dövlətinin siyasətində iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması beynəlxalq səviyyədə də daim yüksək dəyərləndirilən mühüm amillər sırasındadır. İqtisadi tərəqqi demokratikləşmə prosesinin sürətinə öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyevin Almaniyada keçirdiyi görüşlərdə də Azərbaycanda insan haqlarının təmin olunması, demokratikləşmə prosesinin inkişafı istiqamətində atılan müsbət addımlar təqdir edildi. “Azərbaycan Hökuməti tərəfindən bir neçə əfv qərarı qəbul edilib və biz bu addımı alqışlayırıq” söyləyən Kansler Angela Merkel bildirmişdir ki, Avropa İttifaqı və Azərbaycanın, eyni zamanda Almaniya və Azərbaycanın mövcud əlaqələrini daha da inkişaf etdirmək, əlaqələri sıxlaşdırmaq, bütün sosial və iqtisadi aspektləri müzakirə etmək üçün yaxşı səbəblər vardır.
Dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya işgüzar səfəri ərəfəsində Bakıda keçirilən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinə göndərilən təbrik məktublarından da Azərbaycanın beynəlxalq aləmdə yeri və mövqeyi aydın görünür. ABŞ Prezidenti Barak Obama qlobal enerji təchizatında Azərbaycanın olduqca mühüm rol oynadığını qeyd etmiş, həmçinin Bakının regional səviyyədə təchizatın şaxələndirilməsi, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədlərin həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu xüsusi vurğulamışdır. B. Obama Azərbaycan Prezidentinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi, şaxələndirilmiş iqtisadiyyatın təşviq edilməsi, sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlılığın və qanunun aliliyinin gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımları dəstəklədiyini bir daha bildirmişdir. O vurğulamışdır ki, ABŞ Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun təbrik məktubunda bu fikirlər öz əksini tapmışdır ki, ölkəsi ilə Azərbaycan arasında davamlı güclü ikitərəfli münasibətləri alqışlayır, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və oynayacaq. O, həmçinin “Cənub Qaz Dəhlizi”nin Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rolunu vurğulamışdır. Kemeron “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirərək, mayın 17-də TAP-ın təməlqoyma mərasimini “Cənub Qaz Dəhlizi”nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisə kimi qiymətləndirmişdir.
Göründüyü kimi, Qərbin dörd əsas ölkəsindən üçü - ABŞ, Böyük Britaniya və Almaniya Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrə, ölkəmizdə həyata keçirilən islahatlara öz dəstəyini ifadə edir, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirir. Dəstək ifadə olunarkən Prezident İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti də xüsusi vurğulanır. Azərbaycanda islahatların dövrün tələblərinə uyğun təkmilləşdirilməsi dövlətimizin uğurlu siyasətinin göstəricisi kimi qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyevin sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlılığın və qanunun aliliyinin gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımların dəstəkləndiyi qeyd edilir. Qərbin digər dördüncü aparıcı ölkəsi olan Fransanın Azərbaycanla xüsusi əlaqələrini isə əlavə şərh etməyə ehtiyac yoxdur. Təbii ki, mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupuna həmsədr dövlət kimi ABŞ və Fransanın mövqeyi ölkəmiz üçün çox önəmlidir.
Təhlillər fonunda Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolunu aydın görür, Azərbaycan iqtidarının ölkə daxilindəki siyasi opponentləri və onların xaricdəki havadarları tərəfindən “Qərblə münasibətlərdəki problemlər haqqında” səsləndirilən fikirlərin reallığa söykənmədiyi bir daha təsdiqlənir. Opponentlərin ənənələrinə uyğun olaraq dövlətimizin başçısı İlham Əliyevin hər bir xarici ölkəyə səfərindən öncə səsləndirdikləri qeyri-ciddi fikirlər Almaniya səfəri öncəsi də qeyd edildi. Təbii ki, bu kimi əsassız, qeyri-ciddi fikirlər Azərbaycan reallıqlarını inkar edə bilməz. Bu ünsürlər Almaniyanı Azərbaycan qarşısında sərt tələblər qoymağa çağırışları, eyni zamanda “Milli Şura”ya yaxınlığı ilə tanınan bir qrup “siyasi mühacirin” səfər zamanı erməni separatçıları ilə birgə etiraz aksiyası keçirmələri həmin qüvvələrin sadəcə reallıq hissini itirməsini deyil, həm də antimilli mövqeyə yuvarlandıqlarını bir daha göstərdi. Hər sahədə təcrübəsi nümunə olan Azərbaycana hansısa dövlətdən, təşkilatdan “təzyiq” gözləmək həmin qüvvələrin nə qədər cılız olduqlarını nümayiş etdirir.
Azərbaycanın bugünkü reallıqları ölkəmizə qarşı aparılan hər bir qərəzli təbliğatın əsassızlığını, qeyri-ciddiliyini tam şəkildə sübut etmək gücündədir. Azərbaycanın uğurlarını həzm etməyən daxili və xarici ünsürlər hər zaman ictimai fikri çaşdırmaq, öz yalanlarını həqiqət kimi sırımaq istiqamətində cəhdlər göstəriblər. Amma bu cəhdlər hər zaman reallıqlarımız fonunda boşa çıxıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyi göz qabağındadır. Bu dəstək yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də özünü aydın göstərir. Kansler Angela Merkel hazırda ATƏT-ə sədrlik edən Almaniyanın münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini vermək istədiyini bildirməklə ölkəsinin dövlətimizin mövqeyinə dəstəyini bir daha diqqətə çatdırdı.
Yeganə Əliyeva
İki
sahil.- 2016.- 9 iyun.- S.7