Baharın səksən anı

Deyirlər ki, ikini ikiyə vuranda cavabda dörd alınırsa, bu, riyaziyyatdır. İki dəfə iki beşə bərabər olarsa, bu, ədəbiyyatdır. Əgər həmin vurma əməlinin cavabı daha böyük rəqəmə bərabər olarsa, deməli, bu, həyatdır. Həyatın yaranışı, insanın varlığı, duyğuları, fikir və düşüncələri tarix boyu dərkedilməzdən dərkedilənə doğru müəyyən məsafə qət edib. Bu məsafəni uzaqgörənliklə anlamaq, başa düşmək üçünsə elm yaranıb və bu elmə fəlsəfə adını veriblər. Bu adın mənası ilə  ilk tanışlığımı belə xatırlayıram.

1988-ci ilin sentyabr ayı idi. Azərbaycanın ilk və ən qədim ali məktəbinin -Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin II kursunda oxuyurdum. Üçüncü semestrdən  bizə fəlsəfə fənni tədris olunacaqdı. Adı belə qorxu və təşviş yaradan bu elmin əsaslarının, mahiyyətinin dərki prosesi  biz tələbələr üçün  ağlasığmaz görünürdü. Biz dili və ədəbiyyatı sevirdik, tarixi xoşlayırdıq, pedaqogikanı öyrənməli idik, fəlsəfəni isə... Qəti şəkildə əmin idik. Bu semestr əlaçı ola bilməyəcəyik. Fəlsəfə  onu tədris edən  filosof  buna  imkan verməyəcək...Bir neçə gün keçmişdi. Düşüncələrimizdə yanılmış olduğumuzu etiraf edirdik.  Fəlsəfə asan deyildi, ancaq filosof  öz  fənnini gözəl bilir və bu  elmi xüsusi məharətlə - səlis nitq, gözəl pafoslu danışıq tərzi, elmi dəlillər, anlaşıqlı ifadələrlə izah edir, gözümüz önündə hikmət dənizinin sonsuzluğunu, ənginlik və əsrarəngizliyini alimlərin heç də hamısına xas olmayan bir tərzdə aydınlaşdırır, şərh edir, başa salırdı. Beləliklə, Fərman İsmayılovun mühazirələri biz tələbələrin dünya fəlsəfə elmi ilə ilk tanışlığına vəsilə oldu.Bir neçə gün əvvəl çox hörmətli müəllimimlə - professor Fərman İsmayılovla  görüşdüm. Fərman müəllim ilk dəfə 28 il əvvəl gördüyüm həmin insan idi. Şux qaməti, səliqəli qiyafəti , nəcib gülüşü, məsum və qətiyyətli görkəmi, aristokrat rəftarı,  fitri mədəniyyəti və  çox yüksək nəzakəti ilə 80 yaşın müdrikliyini və həmişəcavan, sağlam ruhun vəhdətini özündə cəmləşdirən əsl müəllim, əsl ziyalı, əsl şəxsiyyət idi mənim müəllimim. Uzaq keçmişdən yaxın gələcəyə uzanan xatirələrin təsiri ilə bu gözəl insandan məsləhət almalı idim. Haqqında məruzə edəcəyimi dedim. Mən nə etməli olduğumu artıq bilirdim. Amma Fərman müəllim R.Rzadan iki misra söylədi və hər şey mənə aydın oldu. Bu, Fərman müəllimsayağı xoş və mədəni xəbərdarlıq idi. Bədii və obrazlı təfəkkürümün ardına düşüb gedə bilməzdim, yalnız elmi və lakonik cümlələrlə, tərifdən uzaq, konkret və yığcam danışmalı, pərəstiş etdiyim müəllimim haqqında mübaliğələrdən qaçmalı idim.

Fərman İsmayılov 1936-cı ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur.  Orta təhsilini Baş Göynük kəndindəki Gülarə Göylüqızı adına məktəbdə almışdır.1956-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (APDİ) İngilis dili fakültəsinə qəbul olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə ikən nümunəvi davranışına və təhsildə qazandığı uğurlara görə həm Lenin, həm də Stalin təqaüdçüsü olmuşdur. Ali məktəbi bitirdikdən sonra Elmi Şuranın qərarı ilə “İngilis dilinin qrammatikası” kafedrasında müəllim saxlanılmış, 1962-1966- ci illərdə həmin kafedrada müəllim, baş müəllim işləmişdir. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına qəbul olunmuşdur. Təhsilini Tbilisi və Moskva şəhərlərində davam etdirmişdir. Gürcüstan Elmlər Akademiyası fəlsəfə institutunun şöbə müdiri məşhur filosof A.F. Beqiaşvilinin rəhbərliyi altında müasir Qərb fəlsəfəsi üzrə ixtisaslaşmışdır. Moskvada təhsil alarkən filosof Narskinin tələbəsi olmuşdur. İsmayılov 1970-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasında müasir Qərb fəlsəfəsi üzrə “Fəlsəfə və ali dil “ (Linqvistik analiz fəlsəfəsinin metodoloji prinsiplərinin tənqidi)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin dissertasiya Azərbaycanda XX əsr Qərb fəlsəfəsi tarixinə həsr edilmiş ilk elmi  əsərdir. Fəlsəfənin müasir dünya elminə bəxş etdiyi yeniliklər ,mülahizələr gənc alimə bu tədqiqatı davamlı olaraq araşdırmaq üçün stimul verirdi. Digər tərəfdən ingilis və rus dillərini mükəmməl bilməsi dünya fəlsəfə elmini araşdırmaq, tədqiq və təhlil etmək üçün  onun qarşısında yeni səhifələr açırdı.1972-ci ildə isə artıq “İdrak nəzəriyyəsi və linqvistik analiz” mövzusunda doktorluq dissertasiyası Tbilisi Dövlət Universitetinin Elmi Şurasında təsdiq edilmişdir. Ancaq müəllim hər gün yeni-yeni qənaətləri və düşüncələri ilə bu mövzunu daha mükəmməl, anlaşıqlı və elmi şəkildə yenidən işləyir, tədqiq edirdi.1970-75-ci illərdə Fərman İsmayılov Axundov adına APDİ-nin partiya komitəsinə sədrlik etmiş, eyni zamanda fəlsəfə kafedrasının dosenti kimi fəaliyyət göstərmişdir. Fərman İsmayılov iki dəfə Nəsimi rayon Sovetinin deputatı seçilmişdir.1974-1976-cı illərdə baş elmi işçi kimi Moskvaya ezam edilmişdir.1977-ci ildən İsmayılov elmi və pedaqoji fəaliyyətini BDU-da davam etdirməyə başlamışdır.1977-1991-ci illərdə BDU-nun fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmış, minlərlə tələbəyə fəlsəfə elminin əsaslarını öyrətmişdir.1991-ci ildə BDU-nun Şəki filialına direktor təyin edilmişdir. Həyatının on ilini doğma şəhərinin elmi yüksəlişinə həsr etmiş, 90-cı illərin çox çətin tarixi şəraitində, müstəqilliyini yenidən qazanan gənc respublikanın təşkil olunmasına öz gərgin əməyi , çalışqanlığı , məqsədyönlülüyü və vicdanı ilə xidmət etməyə səfərbər olmuş, əyalətdə ali məktəb filialının açılması və fəaliyyəti üçün əlindən gələn hər şeyi etmişdir. BDU-nun Şəki filialı yarandığı gündən F.İsmayılov onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur.1996-cı ilin iyununda Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki (D.004.06.01) İxtisaslaşdırılmış Elmi Şura Fərman İsmayılova dissertasiya müdafiə etmədən fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilməsi haqqında yekdilliklə qərar qəbul etmişdir. Bu, Azərbaycan  elmi tarixində baş verən ikinci böyük hadisə idi. Keçən əsrin 30-cu illərində yalnız filosof Heydər Hüseynova göstərilən bu etimad təxminən 60 il sonra filosof Fərman İsmayılova müyəssər olmuşdur.  Bu qərar da Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir.

“İdrak nəzəriyyəsi və linqvistik analiz” adlı qiymətli  kitab müdafiə şurasının qərarından sonra  çapdan çıxmışdır. Bir faktı xüsusilə qeyd etmək istəyirəm ki, Fərman  İsmayılova doktorluq elmi dərəcəsi dissertasiyaya görə yox, həmin əsərlərin əsasında dayanan konsepsiyaya görə verilmişdir.

1997-ci ilin mayında BDU-nun böyük Elmi Şurasında, habelə filialın nəzdində fəaliyyət göstərən namizədlik müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın üzvü, filialın Elmi Şurasının sədri olmuşdur. 1997-ci ildən BDU-nun professorudur.Fərman İsmayılov Azərbaycanda Qərb fəlsəfəsi üzrə ilk mütəxəssis, müasir Qərb fəlsəfəsi üzrə ilk elmlər doktorudur.Professor 1999-cu ildə İstanbul Universitetində üç aylıq yaradıcılıq məzuniyyətində olmuş, Mərmərə və Beykənd universitetlərində mühazirələrlə çıxış etmiş, professor-müəllim və tələbə heyətinin rəğbət və hörmətini qazanmışdır.2011-ci ildə dövrümüzün fəlsəfə tarixi elminin görkəmli tədqiqatçısı, bu elmin Azərbaycanda tədris və təbliğində əvəzsiz rolu olan fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılovun  “Seçilmiş əsərləri”nin VI cildliyi  Bakıda “Oğuz eli” nəşriyyatında çapdan çıxmışdır. “Seçilmiş əsərləri”  görkəmli alimin bu vaxta qədər yazdığı əsərlərin heç də hamısını  əhatə etmir.2012-ci ildə filosof humanitar elmlər üzrə “İlin alimi” elan olunmuşdur.İsmayılovun əsərləri ABŞ-da, İngiltərədə, İranda da nəşr edilmişdir. O,uzun illərdir İranda  nəşr olunan “Fəlsəfə və Psixologiya” jurnalının redaksiya heyətinin üzvüdür.

Təhsil və elmi fəaliyyətindəki uğurlarına görə o, dəfələrlə Təhsil Nazirliyinin, BDU-nun Fəxri Fərmanları, “Ali məktəb əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.Fərman müəllim yalnız görkəmli filosof, professor deyil, həm də dilçi və linqvistdir, natiqdir. Qərb filosoflarının  elmi tədqiqatlarını onların öz dillərində  ingilis və rus dillərində orijinaldan oxuyaraq tədqiq edir. Auditoriyada akademik natiqliyin bütün prinsiplərinə əməl edən bu insan, yüksək zəka sahibi, ustad-müəllim, pedaqoq-alimdir. Düzgün, dəqiq və gözəl nitqə malikdir, auditoriyanın səviyyəsini nəzərə almaq, nitqini bu ampluada qurmaq işində peşəkardır. Nitqin intonasiyası və ritmi,  jest və mimikaların ölçülü  şəkildə istifadəsi, mövzunun mahiyyəti və mətləbin izahında təfərrüatdan, yersiz uzunçuluqdan istifadə onun nitqinə yaddır. Mükəmməlliyi ilə sadə, səmimiliyi ilə bənzərsizdir. İndiki yaşında belə ruhən çox-çox gəncdir. İstənilən məsələdə insana təmkin, anlayış və nəzakət göstərə bilir. Ömər Xəyyamdan Höteyə qədər Şərq-Qərb fəlsəfi poeziyasını mükəmməl bilir. Qərblə Şərqin arasında fəlsəfi körpü salaraq ordan qərbli qiyafəsində müdrik şərqlisayağı addımlayır.Yolunuz açıq olsun, gözəl müəllim və əziz insan. Sizə sağlam ömür, yeni yaradıcılıq uğurları arzu edirik.

 

İlahə Süleymanova

İki sahil.- 2016.- 11 iyun.- S.18