Dövlət Miqrasiya Xidməti milli mənafenin

və iqtisadi təhlükəsizliyin qorunmasına xidmət edir

 

Ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi,  miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”  qəbul edilmişdir.

 

Bu Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 25 iyul 2006-cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 nömrəli fərman imzalamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 812 nömrəli Sərəncamı ilə isə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunur.

Bəli, respublikanın davamlı inkişafı və təhlükəsizliyinin təmin edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini zəruri etmişdir. Bu gün Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilməkdə, miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülməkdədir.

Prezident İlham Əliyevin dediyi kimiBir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi, lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın”.

Dövlət Miqrasiya Xidmətinin əsas qayəsi işdə qanunların aliliyinə ehtiram, Vətənə sədaqət, hər bir insana qayğı, ən başlıcası isə milli mənəvi dəyərlərə hörmətdir.

Bu gün əminliklə deyə bilərik ki, qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin, icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımi tədbirlər Xidmət tərəfindən müvəffəqiyyətlə icra olunmaqdadır. Çünki Prezident İlham Əliyev bu Xidmətin qarşısında qoyduğu vəzifələrdən biriodur ki, “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə hardadır və nə ilə, hansı işlə məşğuldur”.

 Ötən il müraciətlər əsasında 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış, 53.200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilmişdir.

Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlət başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. DMX milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ, rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçilərin cəlb olunması mexanizminin yaradılmasına dair müvafiq tədbirlər görməkdədir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə də nəzarət gücləndirilir. Bu istiqamətdə  Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin transmilli neft-qaz layihələrində təmsil olunan şirkətlərin rəhbər heyəti ilə görüşlər keçirilmiş, həmin şirkətlərdə milliləşdirmə üzrə öhdəliklərin icra vəziyyəti müzakirə olunmuşdur.

Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti və vətəndaşların dövlət qarşısında məsuliyyətini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşlıq sahəsində qanunvericiliyinə dəyişikliklər edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli qanununa və həmin qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 189 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən müvafiq icra hakimiyyəti orqanı kimi müəyyən olunmuşdur. Daha sonra isə sözügedən fərmanın 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilmiş və həmin qərar 2015-ci il 10 aprel tarixdə dərc olunduqdan sonra qüvvəyə minmişdir. Həmin qayda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Sözügedən Qayda hazırlanarkən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli konvensiyanın və digər beynəlxalq konvensiyaların tələbləri nəzərə alınaraq, vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər əsas istiqamətlər kimi qeyd olunmuşdur. Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq  işlər görülməkdədir.

Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 1434 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmişdir. Bununla belə, bu müddət ərzində 36 min 467 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilmişdir.

 

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli qanunu ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə görə xarici dövlətin vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edim ki, şəxs bu barədə Azərbaycan Respublikasının ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Ərizə-anketin nümunəsi www.migration.gov.az - Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məlumat verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılırlar. Qeyd olunanlar 01 iyul 2014-cü il tarixdən digər ölkənin vətəndaşlığını əldə etmiş Azərbaycan Respublikasının vətəndaşına şamil olunur.

Xatırladaq ki, ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 270 şəxs vətəndaşlığa qəbul,  9 nəfər isə bərpa edilmişdir. Vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içmişlər. Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanuna  30 dekabr 2014-cü il tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən ilk dəfə keçirilmişdir.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubdamüasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, yaradılmış və Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində də Dövlət Miqrasiya Xidməti tərəfindən bir neçə xidmət növü təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli fərmanı ilə bu xidmətlər siyahısına şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması da daxil edilmişdir.

Ötən dövr ərzində beynəlxalq əməkdaşlıq daha da genişləndirilmiş, ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilmiş, ölkələrarası dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra əhəmiyyətli addımlar atılmışdır.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMqT-nin baş direktorunu qəbulu zamanı ölkəmizdə miqrasiya sahəsində görülmüş işlər, miqrasiya proseslərinin tənzimlənməsində  Dövlət Miqrasiya Xidmətinin nümunəvi fəaliyyətinin qeyd edilməsi və BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr xüsusi qeyd olunmalıdır. Belə ki, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq Azərbaycan Respublikası Prezidentinin qəbulunda olarkən söyləmişdir ki, “Mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”.

BMT QAK-ın təşkilatçılığı ilə Cenevrə şəhərində keçirilən “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusuna həsr edilmiş növbəti 8-ci yüksək səviyyəli dialoq da çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əlverişli imkanlar açmışdır.

İkitərəfli münasibətlərin gücləndirilməsi, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, qanunvericiliyə edilmiş dəyişikliklər barədə fikir mübadiləsinin aparılması məqsədi ilə xarici dövlətlərin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici dövlətlərin müvafiq qurumlarının rəhbərləri, eləcə də beynəlxalq səviyyəli ekspertlərlə, həmçinin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu, Kaspian Enerji Beynəlxalq mətbuat qrupununAmerika Ticarət Palatasının üzvləri ilə ayrı-ayrı vaxtlarda keçirilən görüşlər də DMX üçün yaddaqalan olmuşdur.

Qeyd edilən bütün bu müsbət amillər, yəni həm miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə son illər qanunvericiliyə edilmiş dəyişikliklər, həm də onun tətbiqi sahəsində atılmış bir sıra addımlar, həyata keçirilmiş əsaslı tədbirlər ölkəmizi əcnəbilər üçün daha cəlbedici məkana çevirmişdir. Prezident İlham Əliyevin dəstəyi ilə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrantların ölkədə qanuni əsaslarla olmaqyaşamaq, işləmək, təhsil almaq hüquqlarını həyata keçirmələri üçün göstərilən xidmətlərin səviyyəsi də ildən-ilə artırılır. 11 elektron xidmətin, həmçinin, dövlət proqramlarında icrası Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı portalın istifadəyə verilməsi deyilən fikrin əyani nümunəsidir.

Bu gün Azərbaycana təşrif buyuran əcnəbilərin ölkədə ilk müraciət etdiyi qurumlardan biri məhz Dövlət Miqrasiya Xidmətidir. Ölkədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması eləcə də vətəndaşlıq məsələlərinin həlli ilə məşğul olan hüquq-mühafizə orqanı statusunu daşıyan Xidmət həm də miqrasia qanunvericiliyinin tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasına, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbirlərini həyata keçirir. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26.567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilibmüvafiq tədbirlər görülmüşüdür.

Ötən il “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq yaradılmış Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura fəaliyyətə başlamışdır. Şura üzvləri ilə Xidmət rəhbərliyi tərəfindən bir neçə görüş keçirilmiş, təklifləri dinlənilmiş, müvafiq işlər görülmüşdür.

Adıçəkilən Milli Fəaliyyət Planına uyğun olaraq Xaçmaz RMİ-nin xidməti ərazisinə aid olan Qusar şəhərində, Gəncə RMİ-nin xidməti ərazisinə aid olan Qazax şəhərində, Şəki RMİ-nin xidməti ərazisinə aid olan Qax şəhərində, Şirvan RMİ-nin xidməti ərazisinə aid olan Hacıqabulda, Ağsu RMİ-nin xidməti ərazisinə aid olan Şamaxı şəhərində “Açıq qapı günü”-vətəndaş forumları, Yevlax RMİ-nin xidməti ərazisinə aid olan Ağdaş və Mingəçevir, Şəki RMİ-nin xidməti ərazisinə aid olan Zaqatala şəhərlərində isə əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə səyyar xidmətlər təşkil edilmişdir.

Qeyd edək ki, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün icazələrinin verilməsi və mövcud icazələrinin müddətlərinin uzadılması ilə bağlı ümumilikdə 105.550 şəxs tərəfindən müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Həmçinin, ötən il ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınmışdır. Ümumiyyətlə, Xidmətə müraciət edənlərin məmnunluğunun təmin edilməsi, məsuliyyətlilik, operativlik və şəffaflıq əsas meyardır.

Əlbəttə, əldə olunan uğurların əsasını xidmətdə kadr siyasəti təşkil edir. Ötən il xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 28 əməkdaş yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib, yaxşı göstəricilərinə nail olan 248 əməkdaşın əməyi fərqləndirilmişdir.

Hazırda istər sosial-iqtisadi, istərsə də hərbi sahədə Azərbaycanın potensial imkanları kifayət qədər böyükdür. Dövlət Miqrasiya Xidməti həm 2016-cı ildə, həm də sonrakı dövrdə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olaraq Azərbaycanın milli inkişaf strategiyasının reallaşdırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına, iqtisadi təhlükəsizliyin, milli maraqların və sabitliyin təmin olunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinə öz töhfəsini vermək əzmindədir.

 

Firudin Nəbiyev,

 

Dövlət Miqrasiya Xidmətinin rəisi,

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri

 

İki sahil.- 2016.- 18 mart.- S.11.