Tamaşaçıların sevgisi məni

bu günə qədər zirvədə saxlayıb

 

Müsahibimiz Xalq Artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Rafael Dadaşovdur

 

- Rafael müəllim, ad gününüz mübarək. 70 yaş, insan ömrünün belə desək zirvəsidir. Siz artıq o zirvəni fəth etmisiniz...

- Çox sağ olun, 70 yaş Allahın mənə bəxşişidir. Ümumiyyətlə, ömrün hər artan yaşını Allahın hədiyyəsi kimi qəbul etmişəm. Tanrı bu yaşı da mənə nəsib etdi, bundan gözəl nə ola bilər?

- Ömrün zirvəsini fəth edən Rafael Dadaşov Azərbaycan kino və teatr sənətinin zirvəsini necə fəth etdi?

- Zirvəyə çatmağımın 50%-i tamaşaçıların, 50%-i isə mənim payıma düşür. Bu sahədə tanınmaq, uzun müddət külüng vurmaq, müəyyən yer tutmaq olar. Amma populyar olub sevilmək və zirvəyə çatmaq hamıya nəsib olmur. Bu, tək-tək aktyorlara qismət olur. Allah-Təalanın köməyi ilə bu, mənə də nəsib oldu. Zirvəyə çatmağımın ən əsas səbəblərindən biri sənətimə qarşı məsuliyyətli olmağımdır. Mən teatra 30 yaşında gəlmişəm. Gec gəlişimin səbəbi o idi ki, çox ehtiyat edirdim. Mənim üçün ikiqat çətin idi. Çünki atam da, anam da tanınmış sənətkarlar idilər. Hətta anamın anası da aktrisa olub. Bildiyiniz kimi, anam Sofya xanım Xalq Artisti, Prezident təqaüdçüsü olub. Atam Məlik Dadaşov görkəmli teatr və kino aktyoru  olub. Mən də onların davamçısıyam. Teatra gəlməmişdən əvvəl qərar vermişdim ki, ilk sınağım uğurlu olsa, bu sahədə qalacam, əgər uğursuz olsa birdəfəlik uzaqlaşacam. Uğurumun digər səbəbi isə o idi ki, mənim vizual görünüşüm var idi. Mənə Azərbaycanın Alen Delonu deyirdilər.Yəni ürəkləri fəth edə bilirdim. Tamaşaçıların sevgisi məni bu günə qədər zirvədə saxlayıb.

- Şöhrəti gündəlik həyatınızda hansı şəkildə hiss edirsiniz?

- Cavan olanda mənə yaraşıqlı oğlan kimi münasibət bəsləyirdilərsə, indi sənətkar kimi baxırlar. Heç vaxt şöhrətpərəst olmamışam. Hətta özüm bəzən tanınmağın kompleksini yaşamışam, bəzi yerlərdə rahat ola bilməmişəm. Tanınmaq insanı məcbur edir ki, özünü yığışdırsın. Anam həmişə mənə deyirdi: İstəsən də, istəməsən də Allah sənə şöhrəti, sevilməyi verib. Bu, hər aktyora nəsib olmur. Şöhrət rütbəyə çatmaq, ad qazanmaq deməkdir. Qazandığın sevgini qorumaq da adama asan başa gəlmir. İndiyə qədər özümü elə aparmışam ki, bir adam haqqımda əyri danışa bilməz.

- Rasim, Həmid, Hamlet, yoxsa Sahib? bu obrazların hansı sizə daha yaxındır?

- Hərəsinin öz yeri var. Axı, yaradıcı insan obrazlara canını qoyur. Məsələn, “Topal Teymur””dakı Orxan obrazına daha çox zəhmətim olub. Rollarım içərisində “Don Juan”” rolu mənim teatra ilk tramplinim oldu. Həmin roldan isə tələb olunan əsas cəhət gözəl bədən quruluşu və vizual görünüş idi.

- Səhnədəki tərəf müqabillərinizdən razısınızmı?

- Mənim teatra gəlişim çox gözəl bir vaxta düşdü. Hələ müəyyən sənətkarlar sağ idilər. O sənətkarlar ki, indi korifey hesab olunurlar. Əliağa Ağayev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, Hökümə Qurbanova, Nəcibə Məlikova hələ də işləyirdilər. Bu aktyorlarla tərəf-müqabili olmuşam.

- Atanızla tərəf müqabili olmusunuz?

- Bəli olmuşam. “Cehizsiz qız” tamaşasında rəhmətlik Məlik Dadaşovla tərəf-müqabil olmuşuq. Sonradan isə mən həmin tamaşada atamın rolunu oynadım. Mənim rolumsa başqa aktyora verildi. Atamla Moldova filminə də çəkilmişəm. Doğrudur, orada elə də böyük səhnələrim olmayıb.

- Maraqlıdır, hansı xüsusiyyətinizə görə, özünüzə ürəkdolusu bir əhsən deyə bilirsiniz?

- Təvazökarlığıma görə. Başqalarında da bu keyfiyyəti qiymətləndirirəm. Heç vaxt yekəxana, yerini bilməyən adamları sevməmişəm.

- Bəs özünüzdə bəyənmədiyiniz və zaman-zaman onunla mübarizə apardığınız xüsusiyyətiniz varmı?

- Əslində, səbrli insanam, lakin bəzi məqamlarda hövsələsiz oluram. Tutalım, bir işi axıra çatdırmaq lazımdır, amma mənim həvəsim, hövsələm çatmır və o işi yarımçıq qoyuram. Bu da mənə mane olur. Çox adam ali məktəbdə dərs deməməyimin səbəbini soruşur. Bunun bir səbəbi də hövsələsizliyimlə bağlıdır. Bir də çox kövrək insanam.  Ancaq tez sınan deyiləm. Mübarizə aparmağı xoşlayıram. Hər zaman mübarizədən qalib çıxdığımı deyə bilmərəm, amma təslim də olmuram. Nadir hallarda uğursuzluğa düçar oluram. Mübarizlik xüsusiyyəti doğulduğum oğlaq bürcünə də xasdır. Torpaq adamıyam, torpağa bağlıyam. Haqq uğrunda mübarizə aparan insanam.

- Sevilən aktyor, şanslı aktyor, böyük aktyor... Siz bunların hansını seçərdiniz?

- Çox zaman mənə deyirlər ki, böyük aktyorsan, özünü qoru, sonuncu magikansan, əvəzolunmazsan və s. Bu, çox xoşuma gəlir.

- Tamaşaçıların çox bəyəndiyi “Səni axtarıram” televiziya tamaşasındakı professor obrazınız, oradakı rəqsiniz haqqında bu gün də danışılır...

- Bir var verilən rolu ifa etmək, bir də var, onu yaratmaq. Təbii ki, rejissorun tapşırığını mükəmməl şəkildə  yerinə yetirmək özü bir sənətkarlıqdır. Amma rolu yaratmaq ayrı bir ustalıqdır. Rollarımı yaratmışam, bu səbəbdən onlar yaddaşlarda qalıb, sevilib. Dediyiniz tamaşa 1985-ci ildə çəkilib, onda heç 40 yaşım tamam olmamışdı.  Üstündən 30 il keçib. İndi də sevilə-sevilə izlənilir. Mən rollarımı səhnədə yaradıram, oynamıram.

- Bəzən yerli aktyorlarla əcnəbiləri müqayisə edirlər...

-Bizim aktyorlar heç də onlardan geri qalmır. Sadəcə, fərq ondadır ki, onlar nə qədər qazanacağını bilir, hətta ödəniləcək yüksək məbləğlə razılaşmayaraq məbləği özləri təklif edirlər. Amma biz qazancımızın nə qədər olacağını bilmirik. Bir də görürsən zəng edirlər Rafael müəllim, filan filmi səsləndirin, sizə bu qədər məbləğ ödəniləcək”. Mən bu cür qiyməti özümə qarşı hörmətsizlik kimi dəyərləndirirəm. Belə təkliflər gələndə cavab verirəm ki, gəlib sizin xatirinizə pulsuz səsləndirərəm, amma o məbləği mənə deməyin.

- Son olaraq yeni nəsillə bağlı bir neçə kəlmə...

- Mən onlara istedadsız deyə bilmərəm. Çünki müəyyən müsbət şeyləri görürəm. Görmədiyim odur ki, gənclərdə sənətə qarşı ciddilik zəifdir. Səhnəyə münasibət, məsuliyyət azdır. Axı, səhnə müqəddəs bir yerdir.

 

Şəmsiyyə Əliqızı

Röya Şahbazi

 

İki sahil.- 2016.- 4 may.- S.13.