AMEA-da akademik Tofiq Hacıyevin
80 illik yubileyi qeyd olunub
Mayın 18-də Azərbaycan Milli
Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik
İnstitutunun təşkilatçılığı ilə
görkəmli türkoloq, Əməkdar Elm Xadimi, Türk Dil və
Tarix Qurumunun fəxri üzvü, “Şöhrət” ordenli,
akademik Tofiq Hacıyevin 80 illik yubileyinə həsr olunan elmi
sessiya keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə görkəmli alimin
yaradıcılığından, zəngin elmi irsindən, Azərbaycan
ədəbi dil tarixi, dialektologiya və türkologiya elminin
inkişafında xidmətlərindən
danışılıb.
AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli Tofiq Hacıyevin səmərəli
elmi fəaliyyətindən, respublikamızda dilçilik
elminin inkişafına verdiyi töhfələrdən söz
açıb. Bildirilib ki, akademik T.Hacıyev həm ölkəmizdə,
həm də türk dünyasında tanınan, böyük
nüfuza malik alim idi. O, hələ gənc yaşlarından
elmə böyük maraq göstərib, zəngin elmi fəaliyyəti
ilə Azərbaycan dilçilik elminə böyük töhfələr
verib, bütün ömrünü bu sahəyə həsr
edib.
Akademik
qeyd edib ki, T.Hacıyev dilçiliyin bütün sahələri
ilə məşğul olub və mühüm elmi nailiyyətlərə
imza atıb. Onun elmi tədqiqatlarının nəticələri
dünyanın bir çox nüfuzlu beynəlxalq elmi
jurnallarında çap olunub, əsərləri beynəlxalq səviyyədə
sanballı elmi mənbə kimi istifadə edilib. Alim 1962-ci ildə
“Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda
namizədlik, 1969-cu ildə “XX əsrin əvvəllərində
Azərbaycan ədəbi dili” mövzusunda doktorluq
dissertasiyalarını müdafiə edib. T.Hacıyevin namizədlik
dissertasiyası türkologiya tarixinə Azərbaycan
dilçiliyində keçid şivələri haqqında ilk
elmi iş kimi düşüb. Onun ədəbi dilimizin
çoxəsrlik tarixinə həsr edilən iki cildlik “Azərbaycan
dilinin tarixi” , “Azərbaycan dilinin taleyi” əsərlərini
dilçilik tariximizin incilərindən hesab etmək olar.
Vurğulanıb
ki, T.Hacıyev müəllifi olduğu sanballı əsərləri
və yetişdirdiyi tələbələri ilə Azərbaycanda
müasir dövrün dilçilik məktəbinin əsasını
qoyub. Alim elmi-pedaqoji fəaliyyətinin böyük bir hissəsini
BDU-da yeni kadrların hazırlanmasına həsr edib. T.Hacıyevin
Azərbaycan dilinin tarixi ilə yanaşı, ədəbiyyat
tariximizdə böyük xidmətlər göstərdiyi,
çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”
kitabının ərsəyə gəlməsində
iştirak etdiyi diqqətə çatdırılıb.
İ.Həbibbəyli
bildirib ki, AMEA-nın rəyasət heyəti, humanitar və
ictimai elmlər bölmələri akademik T.Hacıyevin əsərlərinin
yeddi cildliyinin çap olunması barədə qərar qəbul
edib. Eyni zamanda, hazırda AMEA-da alimin həyat və
yaradıcılığına həsr olunan kitab, monoqrafiya, məqalə
toplusu da hazırlanır.
T.Hacıyevin
80 illik yubileyinin təşkilini alimin parlaq xatirəsinə dərin
ehtiramın ifadəsi kimi dəyərləndirən İ.Həbibbəyli
bildirib ki, ömrünün yarıdan çoxunu Azərbaycan
dilçilik elminin inkişafına həsr edən
T.Hacıyevin zəngin irsi gələcək nəsillərə
layiqli töhfədir.
Sonra
Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü Möhsün Nağısoylu “Tofiq Hacıyevin Azərbaycan
ədəbi dili tarixinin öyrənilməsində xidmətləri”
mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, türk dünyasının görkəmli alimi,
akademik T.Hacıyev Azərbaycan dilçilik salnaməsinin ən
böyük simalarından və türkologiya sahəsinin əvəzolunmaz
dilçilərindən biridir. Məhsuldar elmi fəaliyyətə
malik olan T.Hacıyev təkcə Azərbaycanda deyil,
bütün türk dünyasında yenilikçi dilçi
alim kimi tanınıb, Azərbaycan dilçilik elminin
inkişafı tarixində əvəzsiz xidmətlər
göstərib. Onun elmi yaradıcılığında dil
tarixi, ortaq türk dili və tərcümə məsələləri
ilə bağlı tədqiqatları mühüm yer tutur.
Tədbirdə,
həmçinin Bakıda Atatürk Mərkəzinin müdiri,
AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Akademik
Tofiq Hacıyev: böyük alim, müəllim və ictimai
xadim”, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü Muxtar İmanov “Tofiq Hacıyev və “Kitabi-Dədə
Qorqud”, filologiya elmləri doktoru, professor Elbrus Əzizov
“Görkəmli alim və böyük müəllim”
mövzularında məruzələrlə
çıxış edib, görkəmli alimin dilçilik
elminin inkişafındakı xidmətlərindən, yüksək
mənəvi keyfiyyətlərindən danışıblar.
Bildirilib ki, T.Hacıyevin sanballı elmi fəaliyyəti Azərbaycan
dilçilik elminin parlaq səhifələrindən birini təşkil
edir. Onun dilçilik elminin müxtəlif aktual problemlərini,
o cümlədən müəyyən istiqamətləri əhatə
edən araşdırmaları mütəxəssislər tərəfindən
yüksək dəyərləndirilib. Alimin yetişdirdiyi elmi
kadrlar hazırda ölkəmizdə və xaricdə fəaliyyətlərini
uğurla davam etdirirlər.
Sonda
alimin oğlu Azər Hacıyev atasının xatirəsinə
göstərilən yüksək hörmət və ehtirama
görə tədbirin təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirib.
İki sahil.- 2016.- 19 may.- S.8.