Ənənə və müasirlik

 

Memarlıq fakültəsi

 

Görəsən, dünyada elə bir peşə, sənət varmı insanlığa xidmət etməsin? Cavab birmənalıdır: yox! Çünki hər sənət növündən həyatımızın müəyyən bir dönəmində faydalanırıq.

Amma elə bir sənət növü var ki, onun məhsulu hər addımda qarşımızdadır. Təkcə başımızı qaldırıb baxmaq kifayət edər ki, bu gözəl sənətin bilicilərinə ürəkdən “əhsən!” deyəsən. Bu, memarlıqdır! Özündə həm poeziyanı, həm rəngkarlığı, həm riyazi qanunauyğunluqları birləşdirən möhtəşəm sənət!

İstər-istəməz memarlığın tarixi haqqında düşünürsən: görəsən, ilk memarlıq nümunəsi nə vaxt yaranıb? Bu sualın da cavabı birmənalıdır: ilk insanın yarandığı gündən!

Amma Memarlıq fakültəsinin yaranma tarixindən, bu günədək əldə etdiyi saysız- hesabsız uğurlardan yetərincə danışmaq olar. Və danışaq...

 

Beləliklə, respublikamızda ilk dəfə memarlıq ixtisası 1920-ci ildən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda yaradılıb. 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Memarlıq bölməsində bu ixtisasın öyrənilməsi davam etdirilib. 1968-ci ildən bu bölmənin əsasında ayrıca Memarlıq fakültəsi yaradılıb.

90 ildən artıq tarixi olan Memarlıq fakültəsi öz ənənələrinə görə həm Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) digər fakültələri, həm də memarlıq ixtisası tədris olunan digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültənin professor-müəllim heyətinin əsasını memarlıq layihələndirilməsi, şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləri təşkil edir. Onların arasında 11 memarlıq doktoru, 20 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktiki biliklərini tələbələrlə paylaşırlar. Pedaqoqlardan 3 nəfər “Şöhrət” ordeni ilə təltif olunmuş, 12 nəfər Əməkdar memar, 2 nəfər isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin nüfuzu ildən-ilə artır. Bunu fakültəyə qəbul olunan tələbə sayının artım dinamikası da təsdiq edir. Digər tərəfdən, fakültənin Avropa təhsil sisteminə inteqrasiyası faktı da onun spesifik təhsil istiqaməti kimi hörmətinin formalaşmasında əhəmiyyətli rol oynamaqdadır. Fakültə artıq altıncı ildir ki, Bolonya təhsil sisteminə qoşulmuşdur və “Elektron universitet” çərçivəsində elektron təhsil formasını genişləndirməkdədir. Memarlıq fakültəsi RİBA (Britaniya Memarları Kral İnstitutu) tərəfindən beynəlxalq akkreditasiyadan keçməyə sifariş vermişdir.

Fakültədə ölkənin inşaat və layihə sektorunun müxtəlif sahələrinə aid Memarlıq ixtisasının memarlıq və dizayn istiqamətləri üzrə bakalavr və magistr səviyyəsində mütəxəssis hazırlığı aparılır. Hazırda təhsilin hər iki pilləsində 750-dək tələbə təhsil alır. Tədris Azərbaycan, rus və ingilis dillərindədir.

Fakültədə aparılan elmi-tədqiqat işlərinin mövzusu əsasən Azərbaycan Respublikasının memarlıq və dizayn sahələrinə aid vacib problemlərin öyrənilməsi və təcrübədə tətbiqi istiqamətləri üzrə müəyyənləşdirilir. Bakı şəhərinin yaşayış memarlığının xüsusiyyətləri, XI-XVII əsrlər Azərbaycan memarlığının kompozisiya qanunauyğunluqları, Azərbaycanın kurort-rekreasiya zonalarının və Azərbaycan şəhərlərinin bağ-park quruculuğunun formalaşması, Bakı şəhərinin mürəkkəb relyefində yerləşən memarlıq komplekslərinin məkan kontekstində təşkili, Sumqayıt şəhərinin sənaye müəssisələrinin memarlığı, Azərbaycanın böyük şəhərlərinin yaşayış memarlığının planlaşdırılmasının inkişaf yolları (1920-1990-cı illər), ümumiyyətlə, Azərbaycan memarlıq tarixinin qədim dövrlərdən günümüzədək keçdiyi yol fakültənin tədqiq-təhlil marağı dairəsindədir.

Fakültənin məzunları arasında həm ölkəmizdə, həm də onun hüdud-larından kənarda tanınan alim və mütəxəssislər çoxdur. O vaxtkı Azərbaycan Politexnik İnstitutunun Memarlıq-tikinti fakültəsinin ilk məzunlarından olan Mikayıl Useynovun, Sadıq Dadaşovun, Boris Revazovun adları xüsusi fərəhlə qeyd edilməlidir. Azərbaycan Sənaye İnstitutunun Memarlıq-tikinti fakültəsinin məzunları Ənvər Qasımzadə, Əbdülvahab Salamzadə, Leonid Bretanitski, Kamal Məmmədbəyov, Kamil Məmmədzadə, Qəzənfər Əlizadə, Davud Axundov, Şamil Fətullayev, Həsən Məcidov, Rasim Əliyev, Elcarun Kanukov və başqaları Azərbaycanda tanınmış memarlar və memarlıq elmi sahəsində böyük nailiyyətlər qazanmış mütəxəssislər olmuşlar.

2012-ci ildən fakültəyə  Azərbaycanın Əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Zahidə Məmmədova rəhbərlik edir.

Fakültədə çalışan elmi-pedaqoji heyət müvafiq tədris planlarına uyğun 50-dək dərslik və dərs vəsaiti hazırlayıb çap etdirmişdir.

Fakültənin beynəlxalq təhsil əlaqələri genişdir: Türkiyə, Qazaxıstan, Gürcüstan memarlıq məktəbləri, İtaliyanın Florensiya, Milan Texniki, Belqrad, İspaniya və Portuqaliya universitetləri. Fransa Memarlıq Məktəbləri Assosiasiyası REA-nın üzvü olaraq, həmin assosiasiya tərkibində beynəlxalq müsabiqələrdə iştirak edilir. Fakültə bir çox xarici ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa, Misir, Türkiyə, Gürcüstan, İran, İtaliya, İspaniya, Portuqaliya, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə əməkdaşlıq münasibətləri qurmuşdur. Fakültə “ERASMUS” və “Mövlanə” beynəlxalq tələbə-magistr mübadiləsində fəal iştirak edir. Memarlıq  təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə fakültə xarici memarlıq məktəbləri ilə professional əlaqələri genişləndirir. 2006-cı ildə UNESCO-nun xətti ilə ABŞ-ın Minnesota Universiteti ilə birlikdə İçərişəhər abidələrinin inventarlaşdırılması aparılmışdır. İtaliyanın “Romualdo Del Bianko” Fondu, Florensiya Universiteti və Avstriyanın Vyana Universitetinin memarlıq fakültəsi ilə birgə layihələr həyata keçirilmişdir.

Fakültədə elmi-tədqiqat işlərinin icrasına da xüsusi diqqət yetirilir. Əməkdaşlarımız MDB ölkələrində, İtaliyada, Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda uğurla iştirak edirlər. Fakültədə Azərbaycan vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşları da (İran, Türkiyə, Misir və s.) magistr və doktorantura pilləsində təhsil alaraq araşdırmalar aparır və uğurla elmi dissertasiyalarını tamamlayırlar. Hazırda fakültədə 26 doktorant və dissertant elmi-tədqiqat işi aparır. Tanınmış mütəxəssislərin ustad dərsləri çərçivəsində (Əməkdar memar Nəriman İmaməliyev, tanınmış italiyalı memar Laura Peretti, ABŞ-ın Kolumbiya Universitetinin professoru Mark Xidekel, professor Fəqan Əliyev) geniş və ətraflı mühazirələrin təşkili də fakültədə ənənə halını almışdır.

Fakültənin müəllimləri və tələbələri fərdi yaradıcılıq sərgisi, buraxılış işləri və magistr dissertasiyası sərgilərinin təşkilində də fəallıq göstərirlər. Tələbələr respublikanın və universitetin ictimai-siyasi həyatında əlamətdar hesab edilən tədbirlərdə, bayram şənliklərində, xeyriyyə aksiyalarında yaxından iştirak edirlər.

Memarlıq fakültəsində Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş fakültənin şəhid tələbəsi Fuad Qərib oğlu Əsədovun xatirəsi daim əziz tutulur.

Fakültənin tərkibində 6 kafedra fəaliyyət göstərir: Memarlığın əsasları; Memarlıq layihələndirilməsi və şəhərsalma; Memarlıq konstruksiyaları və abidələrin bərpası; Landşaft memarlığı; Dizayn; Təsviri incəsənət. Onlara rəhbərlik tanınmış professor heyəti tərəfindən həyata keçirilir.

Memarlığın əsasları kafedrası. Kafedranın yaranması, formalaşması və inkişafı məhz Memarlıq fakültəsinin təşəkkül tarixi ilə sıx bağlıdır. Yarandığı ilk vaxtdan kafedraya təcrübəli memar mütəxəssislər cəlb edilmişdir. Kafedrada memarlığın və kompozisiyanın öyrənilməsi təcrübəsi də tətbiq edilir. Fənn kursunun qrafik hissəsinin önəmli xüsusiyyəti uzaq keçmişin və müasir dövrün memarlıq əsərlərinin timsalında memarlıq və kompozisiyanı öyrənərək, həm də rəsmxətt və qrafika üsullarını mənimsəməkdən ibarətdir. Kafedrada  “Azərbaycan Respublikasında şəhər mühitində bina və qurğuların həcm-fəza kompozisiyasının formalaşma prinsipləri”, “Azərbaycan Respublikası tarixi şəhərlərinin memarlıq-planlaşdırılma mühitinin formalaşması və inkişafı (Şəki, Quba, şəhərlərinin timsalında)”, “Azərbaycanın yeni şəhərlərinin memarlıq-planlaşdırma strukturunun formalaşması və inkişafı (Sumqayıt şəhərinin timsalında)” mövzusunda elmi-tədqiqat işləri yerinə yetirilir.

Hazırda kafedrada 16 professor-müəllim çalışır. 2001-ci ildən kafedraya Əməkdar memar, memarlıq doktoru, professor Nizami Nağiyev başçılıq edir.

Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası. Universitetin qocaman kafedralarından olan Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının yaranması XX əsrin üçüncü onilliyinə, Azərbaycanda yenicə yaranmış Sovet hakimiyyətinin respublikada ali təhsilin təşkili yollarını axtardığı vaxtlara təsadüf edir. Qeyd edildiyi kimi, həmin ilk texniki ali təhsil ocağı Bakı Politexnik İnstitutu olmuşdur. Bu institutun İnşaat fakültəsində xüsusi fənlər üzrə fəaliyyət göstərən kafedralar arasında müstəqil Memarlıq layihələndirməsi və Şəhərsalmanın xüsusi distiplinası və məskunlaşmış yerlərin planlaşdırılması kafedraları da olmuşdur. Memarlıq layihələndirilməsı kafedrasının pedaqoji tərkibi sonralar görkəmli alim və memarlar olmuş, kafedranın öz məzunları ilə böyüməyə başlamışdır. 1974-cü ildə Memarlıq layihələndirilməsi kafedrasının nəzdində isə “Yaradıcılıq emalatxanası” yaradılmışdı. Emalatxanaya akademik M.Ə.Useynov başçılıq edirdi. 1975-1985-ci illərdə Memarlıq layihələndirilməsi kafedrasında kurs və diplom işlərinə xalq memarlığının inkişaf etmiş ənənələrini yeritməklə tədris prosesinin təkmilləşməsi sahəsində nəzərəçarpacaq dərəcədə işlər görülmüşdür.  Həmin vaxtda kafedra respublikanın layihə və elmi-tədqiqat təşkilatlarından xeyli memarları tədrisə cəlb etmişdi.

2000-ci il Azərbaycan  memarlıq məktəbinin yeni mərhələsinin təməli kimi qəbul edilir. Həmin ildə təhsil ocağının adı dəyişdirilərək Azərbaycan Memarlıq və İnşaat Universiteti olmuş, memarlıq təhsili ölkəmizdə geniş məna qazanmış, tədris prosesində, məşğələlərin təşkilində tələbələrin nizam-intizam və davamiyyətində  yeni dəyişikliyin müsbət təsiri hiss olunmağa  başlanmışdır.

Memarlıq doktoru, professor, Azərbaycanın Əməkdar memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Beynəlxalq  Ekoenergetika Akademiyasının akademiki F.M.Hüseynov 1985-2015-ci illərdə kafedraya rəhbərlik etmiş, onun rəhbərliyi altında 26 nəfər memarlıq namizədi və memarlıq doktoru hazırlanmışdır. Hazırda kafedraya Azərbaycanın Əməkdar memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri E.Ə.Qasımzadə rəhbərlik edir.

Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası. Kafedranın əsası XX əsrin 30-cu illərində Azərbaycan Sənaye İnstitutunun nəzdində fəaliyyət göstərən Memarlıq - inşaat fakültəsində qoyulmuşdur. 1950-ci illərdə Azərbaycan Politexnik İnstitutu yaradılarkən kafedra həmin institutun tərkibinə keçirilmiş və “Memarlıq konstruksiyaları” adlandırılmışdır.

1971-2003-cü illərdə kafedraya dünya şöhrətli alim, memarlıq doktoru, professor, Azərbaycanın Əməkdar memarı, Əməkdar ali məktəb işçisi, “Şərəf Nişanı” Ordenli, Prezident təqaüdçüsü Davud Axundov rəhbərlik etmişdir. 1996-cı ildən isə  onun təşəbbüsü ilə “Memarlıq konstruksiyaları və abidələrin bərpası” adlanır.

Davud müəllimin davamçıları onun adını bu gün də uca tutur, ənənələrini davam etdirirlər.  Alimin çoxillik axtarışları “Azərbaycanın qədim və erkən orta əslər memarlığı” adlı monoqrafiyasında öz əksini tapmışdır. D.A.Axundov Azərbaycanın qədim memarlığında ilk yol açandır. O, özünün rəhbərliyi altında işləyən və geniş tədqiqatlar aparan alimlər məktəbi yaratmışdır.   Bu monoqrafiya respublika elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş və 1990-cı ildə Azərbaycan Respublikasınm Dövlət mükafatına layiq görülmüşdür.

Hazırda kafedrada 28 professor-müəllim və köməkçi heyət çalışır. Onlardan 3 nəfər memarlıq doktoru, 6 nəfər professor, 10 nəfər elmlər namizədi və dosent, 10 nəfər baş müəllim və 2 nəfər assistentdir.

Kafedranın əməkdaşları arasında 2 nəfər Azərbaycanın Dövlət mükafatı laureatı, dörd Əməkdar memar, Əməkdar ali məktəb işçisi, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvlərı çalışırlar. Kafedranın professoru Ramiz Əbdülrəhimov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının akustikasının həllinə görə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.

Kafedra memarlıq abidələrinin bərpası sahəsində də səmərəli fəaliyyət göstərməkdədir. 2004-2012-ci illərdə AzMİU-nun rektoru, memarlıq doktoru, professor, Əməkdar memar, “Şöhrət” ordenli Gülçöhrə Məmmədova kafedraya   rəhbərlik  etmişdir. O, eyni zamanda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin katibi, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, Beynəlxalq  Memarlıq Akademiyasının professoru, İxtisaslaşdırılmış  Şuranın sədri,  100-dən çox elmi əsərin, 5 elmi monoqrafiyanın, eləcə də memarlıq abidələrinin bərpa və konservasiya layihələrinin müəllifidir. 2014-cü ildə nəşr edilmiş “Azərbaycan memarlıq tarixi” adlı beşcildliyin elmi redaktoru və həmmüəlliflərindəndir. Onun elmi rəhbərliyi altında memarlıq üzrə fəlsəfə və elmlər doktorları yetişdirilmişdir.

Professor G.Məmmədovanın rəhbərliyi altında Azərbaycan-Norveç birgə əməkdaşlığı nəticəsində Kiş və Nic kəndlərindəki alban məbədlərinin bərpası və ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Qax rayonunun Qum kəndində VI əsrə aid alban bazilikasının konservasiyası həyata keçirilmişdir.

Landşaft memarlığı kafedrası. Kafedra Memarlıq fakültəsinin nəzdində 1990-cı ildə memarlıq  doktoru, Azərbaycanın Əməkdar memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasinin müxbir üzvü, Beynəlxalq  Ekoenergetika  Akademiyasının akademiki, professor Aybəniz Həsənovanın rəhbərliyi ilə yaradılmışdır. İlk vaxtlar burada dörd müəllim   laborantlar fəaliyyət göstərmişdir.

Burada həm bakalavr, həm də magistr pillələri üzrə tədris işi aparılır.

Qeyd olunmalıdır ki, kafedranın beynəlxalq informasiya şəbəkəsinə də çıxışı var,  onun professor-müəllim heyəti tərəfindən hazırlanan mühazirələr əhatəliliyi və müasir elmi faktlarla zənginliyi ilə fərqlənir. Bütün  fənlər tədris proqramları əsasında aparılır.

Son illərdə kafedrada dörd yerli aspirantla yanaşı, iki İran vətəndaşı aspirant da dissertasiya işi müdafiə etmiş və memarlıq namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

Dizayn kafedrası. Dizayn kafedrasının yaradılmasına keçən əsrin 80-ci illərindən başlanmışdır. Ölkəmizdə “Dizayn” istiqaməti üzrə kadr hazırlığı sahəsində böyük səy göstərən kafedrada   “İnteryer və avadanlıq”, “Sənaye qrafikası və reklam”, “Bədii konstruksiyalaşdırma”, “Dizayn tarixi”, “Dizaynın əsasları”, “İnteryerin layihələndirilməsi” və digər ümumnəzəri bədii və texniki fənlərin tədrisi aparılır.

Hələ 1980-90-cı illərdə memarlıq təhsilində xüsusi rolu olmuş Memarlıq kompozisiyası kafedrasının nəzdində Mühit dizaynı ixtisası üzrə mütəxəssis hazırlığı  aparılırdı.  1969-cu ildə təşkil olunmuş Memarlıq kompozisiyası kafedrasında yüksək elmi-yaradıcı, mənəvi-psixoloji mühit formalaşmışdı.

1984-88-ci illərdə Memarlıq kompozisiyası kafedrasında mötəbər yaradıcılıq “məclisləri” qurulardı.  Görkəmli alim Xudu Məmmədovun təşəbbüsü ilə “Memarlıq formalarının quruluş dili” fundamental elmi metodlarının köməyi ilə tədris prosesinə müasir yanaşma prinsipləri gətirilirdi. 2 və 3 ölçülü modellərin qurulması ilə ənənəvi tədbiqi sənətkarlıq sahələrində kompozisiya qanunlarına yeni elmi yanaşma nümayiş etdirilirdi. Məhz həmin illərdə “Memarlıq” ixtisası üzrə təhsil sistemində “Bədii konstruksiyalaşdırma”, “Modelləşdirmə”, “Rəsm” və “Rəngşünaslıq” fənlərinin vahid blokunun yaradılmasına müvəffəq olunmuşdur.

Avanqard elmi-metodoloji istiqamətlərin, sənətdə ənənəvi və fundamental bədii-estetik formayaranışı prinsiplərinin, kalliqrafiya, miniatür, xalçaçılıq, milli sənətkarlıq nümunələrinin formal quruluş sirlərinin memarlığın tədrisi prosesinə metodoloji tətbiqi qeyd edilən dövrün səciyyəvi cəhətlərindəndir.

Memarlıq kompozisiyası kafedrası 1993-2000-ci illər arası dövrü yeni ikipilləli təhsil sisteminə keçidlə başlamışdı. Çətin, yeniliklərlə zəngin və özünə qayıdış dövrü kimi xarakterizə olunan bir dövrə qədəm qoyulurdu.

Hazırda kafedrada 4 professor, 8 dosent, 6 baş müəllim və 8 assistent çalışmaqdadır. Kafedraya uzun müddət memarlıq doktoru, Azərbaycanın Əməkdar memarı, professor N.C.Abdullayeva rəhbərlik etmişdir.

Təsviri incəsənət kafedrası. Kafedra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun bazasında yaranmışdır. Kafedranın həyatında  daha bir canlanma 1975-ci ildə Memarlıq və İnşaat fakültələrinin bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradıldıqdan sonra baş vermişdir.

Kafedranın təşəkkül tarixinə nəzər yetirdikdə aydın olur ki,  bu sahədə ilk addım memarlıq təhsili sahəsindəki tədris proqramlarının təkmilləşdirilməsi ilə əlaqədardır.  Belə ki, 1967-71-ci illərdə Moskva Memarlıq İnstitutunda bütün fənlər üzrə proqramlar dəyişdirilmiş, Boyakarlıq kafedrasında prinsipcə yeni fənn və proqram - “Rəngkarlıq” dərsi yaradılmışdı. Proqramda rəngdən və onun imkanlarından ibarət, yəni həm təsviri təcrübədə, həm də memarlıq-kompozisiya işlərində istənilən yaradıcılıq məsələlərini həll etmək imkanı yaradan tədris mövzuları öz əksini tapmışdı.

Kafedra tədris proqramı çərçivəsində və öz spesifik xüsusiyyətləri daxilində bədii-qrafik fənlər silsiləsindən aşağıdakı məqsəd və vəzifələri həyata keçirir: Peşəkarlığın əsası olan həcm-fəza təfəkkürünün inkişafı; estetik baxışlarında qrafik mədəniyyət sisteminin yaranması; bədii zövqün formalaşması.

Kafedranın texniki bazası kifayət qədər genişdir, buraya rəngkarlıq və heykəltəraşlıqdan praktik məşğələlər keçmək üçün auditoriyalar, İntibah dövrünün antik abidələrinin və heykəllərinin gipsdən başları, gips anatomik fiqurlar, gips memarlıq detalları (kapitellər, palmettalar, rozetlər, ionika və s.) və digər gips surətlər fondu daxildir. Qeyd edək ki, tədris-metodiki fondun müxtəlif işləri bəzi ölkələrin müvafiq ali məktəblərinin Memarlıq fakültələrində nümayiş etdirilmişdir. 1977-1982-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibi (1946-1948-ci illərdə sədr) vəzifəsində çalışmış sənətşünaslıq doktoru, professor Mürsəl   Nəcəfov   rəhbərlik etmişdir. Mürsəl   Nəcəfov elmimizə Azərbaycan incəsənət tarixini, müasir sənət ustalarının yaradıcılığını  tədqiq edən, çoxsaylı əsərlərin müəllifi kimi daxil olmuşdur. Hal-hazırda  kafedraya Əməkdar incəsənət xadimi  professor Elturan Avalov rəhbərlik edir.

Bu gün 95 illik tarixi olan Memarlıq fakültəsi istər köklü ənənələri yaşatmaq, istərsə də müasir sivil dünya ilə ayaqlaşmaq baxımından ən gözəl günlərini yaşayır. Uğurlarımız bol olsun!

 

Rəşad Bağırov

 

İki sahil.- 2016.- 26 may.- S.12; 15.