Müstəqillik tarixi nailiyyət,
qürur mənbəyidir
28 May Respublika
Günüdür!
XX əsrin əvvəlində
əldə olunan dövlətçiliyimiz qısa müddətdə
yaşasa da, tarixi əhəmiyyəti ilə seçilir. O
dövrdə həyata keçirilən islahatları nəzərə
alaraq demək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması tarixi hadisə idi. Müsəlman aləmində
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
dünyada ilk dəfə olaraq qadınlara səsvermə
hüququnun tanınması ən böyük hümanist
addım idi. Şərqdə ilk olaraq ölkəmizdə Xalq
Cümhuriyyətinin yaradılması bir daha onu göstərir
ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər
və müstəqilliyə can atan xalqdır.
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır” söyləyən Prezident İlham Əliyevin Sərəncamına əsasən Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə demokratik dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və ehtiramın ifadəsidir.
Məhz o dövrdə dövlət quruculuğu istiqamətində ilkin addımlar atılmış, demokratik institutlar təsis edilmiş, siyasi islahatlara başlanılmışdır. “Bizim dövlət atributlarımız qəbul edilmişdi - dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi. Qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha da əvvəl etmişdi. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət, uğurlu idi. Baxmayaraq ki, Xalq Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə edirdi” söyləyən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, o dövrdə itkilər də az olmamış, Cümhuriyyətin qurucularına qarşı ədalətsiz münasibətlər göstərilmişdir.
Bəlli səbəblər üzündən uzun illər tarix yaşlı nəslə təhrif edilmiş şəkildə təqdim olunub. Bəzi qaranlıq məqamların araşdırılmasına imkan verilməyib. Bu gün isə Azərbaycan müstəqil dövlət kimi dünyaya açıqdır. Keçmişimizi yaşadan tarixi həqiqətlər hər bir Azərbaycan vətəndaşına olduğu kimi çatdırılır. İrəvanın Ermənistana verilməsi də daxil olmaqla imperiyanın xalqımıza qarşı apardığı məkrli siyasətə qarşı çıxan Cümhuriyyət fədailərinin xidmətləri qiymətləndirilir. Azərbaycana yönəlmiş erməni işğalçı siyasətinin əsası da imperiyanın dəstəyi ilə o illərdə qoyulmuşdur.
Tarixi həqiqətlərin xalqa, müasir gəncliyə çatdırılmasının əhəmiyyətini vurğulayan cənab İlham Əliyev haqlı olaraq bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bəlkə də bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkə ola bilərdi. Amma tarixi susdurmaq, üstündən qələm çəkmək mümkün deyil. Milli mənəvi dəyərlərimizə dəyər verən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə o dövrdəki əsl hadisələri əks etdirən elmi əsərlərin yazılması, tədqiqat və araşdırmalar aparılması ilə həqiqət xalqa çatdırılır, sanballı elmi əsərlər yazılır.
Xalq Cümhuriyyətinin süqutundan sonra başlanan sovet dövrünün həyatımızda həm müsbət, həm mənfi tərəfləri olsa da, suverenliyimiz 1993-cü ildən, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əbədiləşdi. İmperiya siyasətinin qurbanı olan ADR-in süqutundan sonra mürəkkəb sovet dövrü başlamış, ölkəmiz SSRİ adlı ittifaqın tərkibində uzun illər yaşamışdır. O illərdə Azərbaycanda elm, təhsil, iqtisadiyyat, neft sənayesi inkişaf etsə də, xalqın öz sərvətlərinin həqiqi sahibi olmaq imkanları bugünkü qədər yüksək olmamışdır. Həqiqət budur ki, sovet dönəmində də Azərbaycanın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ilk dəfə hakimiyyətə gələndən sonra-1970-ci illərdən başlayaraq Azərbaycanda çox böyük quruculuq işləri aparılmış, on il ərzində İttifaq miqyasında zəngin sənaye potensialına malik respublika kimi ən qabaqcıl yerlərə çıxa bilmişdir.
SSRİ-nin dağılması ilə müstəqilliyini əldə etmiş Azərbaycan üçün ilk illər çox ağır, iqtisadi böhran kimi yadda qalmışdır. “Xaos, anarxiya, iqtisadi və siyasi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, xüsusilə Kəlbəcər, Laçın, Şuşa rayonlarının işğalından sonra Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı və bu, müharibənin birinci mərhələsinin yekunlarına əlbəttə ki, öz mənfi təsirini göstərmişdir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin paytaxta dönüşündən sonra ictimai-siyasi vəziyyəti sabitləşən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Müstəqilliyə gedən yolda Ulu Öndərin xidmətlərini, zəhmətini Azərbaycanın gələcəyi naminə fədakarlıq adlandıran Prezident İlham Əliyev o illəri bir daha xatırlayaraq keçilən yola nəzər salır: “Hələ Naxçıvanda ikən Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Respublikasının adından “sovet, sosialist” sözləri çıxarıldı. Sovet ittifaqının saxlanılmasına dair referendum Naxçıvanda keçirilməmişdi. Bütün bu addımlar əslində müstəqilliyə yönəldilmiş addımlar idi.” Məhz o illərdə dünya azərbaycanlılarının birlik və həmrəyliyi naminə önəmli qərar qəbul olundu. SSRİ-nin dağılması ilə dövlət müstəqilliyini Konstitusiya Aktı ilə elan edən Azərbaycan suveren dövlət kimi tanındıqdan sonra perspektivlər müəyyənləşdirildi. Xalqın tələbinə səs verərək Azərbaycanı daxili və xarici dairələrin, mənfur qüvvələrin təsirindən qurtarmaq üçün Bakıya, hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müstəqilliyimizin əbədi qarantı, XİLASKARI olduğunu sonrakı illərdə davam etdirdiyi siyasəti ilə təsdiqlədi.
Sovetlər ittifaqının dağılmasından sonra Azərbaycan öz müstəqilliyini Konstitusiya Aktı, sonra isə ümumxalq səsverməsi ilə hüquqi baxımdan elan etsə də, hələ də təhlükədə olan suverenliyin qorunması üçün həqiqi mənada insanlara dayaq olub onları arxasınca aparmaq gücünə malik bir liderə ehtiyac var idi. O lideri tarix özü yetişdirdi. Bu Azərbaycan var olduqca xalqın qəlbində əbədi yaşamaq hüququ qazanan Heydər Əliyev oldu.
1991-1993-cü illər bərpa olunan müstəqillik dövrünün başlanğıcı olsa da, Azərbaycan hər an itirilə biləcək təhlükə ilə üz-üzə idi. Həmin illərdə müstəqilliyin qorunub saxlanılmasının onun əldə olunmasından qat-qat çətin olduğunu müdrikcəsinə dərk edən ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasını yerinə yetirməsi varlığımızın əbədiliyini təmin etdi. Azərbaycan xalqı bu nadir tarixi fürsətdən istifadə edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil dövlətini qurdu, siyasi varislik prinsipinə birmənalı dəstək verməklə onu inkişaf etdirdi, dünyanın nüfuzlu dövlətlərindən birinə çevirdi.
Azərbaycan xalqına əbədi müstəqilliyə qovuşmaq səadətini, gücünü xalqın xilaskarı Heydər Əliyev bağışladı. Xəritədə o qədər də böyük ərazini əhatə etməyən Azərbaycanın adı bu siyasət nəticəsində böyük və qüdrətli ölkələrlə eyni sırada çəkilir.
Respublika Günü münasibətilə Prezident İlham Əliyevin adına ünvanlanan təbrik məktubları da göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşı, qlobal layihələrin təşəbbüskarı, dünyada sabitliyin bərqərar olunması üçün təcrübəsi öyrənilən tolerant ölkədir. Heydər Əliyevin uzaqgörənliyi sayəsində dinamik inkişaf edən, regionun lider ölkəsi kimi dünyada söz sahibinə çevrilən Azərbaycanın müstəqilliyi hər bir vətəndaşın qürur mənbəyinə çevrildi.
Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə hazırlanan, 1995-ci ilin noyabrında ilk milli Konstitusiyanın qəbulu ilə yeni bir mərhələ başlanır. Azərbaycanın demokratiya yolu ilə dünya birliyinə inteqrasiya edəcəyini qətiyyətlə bildirən Ulu Öndər vurğulayırdı ki, ölkəmizdə çoxpartiyalı sistem, insan hüquqlarının qorunması, vicdan, söz, mətbuat azadlığı bərqərar olub.
Zaman da göstərdi ki, adı həmişə Azərbaycanla birlikdə çəkilən, tarixi şəxsiyyətlər arasında ən böyük hörmətə layiq olanlardan birincisi, müstəqilliyimizin əbədi qarantı elə Heydər Əliyevdir. Azərbaycan dövlətçiliyi şəxsi mənafelərini ümumxalq marağından üstün tutanların səriştəsizliyi ucbatından müəyyən məhrumiyyətlərlə də üzləşdi. 1991, 1992,1993-cü illərin may-iyun aylarında baş verən hadisələrdən, kreslo uğrunda mübarizə nəticəsində yaranmış hakimiyyətsizlikdən istifadə edən, xarici qüvvələrdən dəstək alan Ermənistan Azərbaycan torpaqlarını işğal etdi, vətəndaş müharibəsi təhlükəsi yarandı. 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhd halları nəticəsində ölkədə sabitliyi pozmağa çalışan qüvvələr Heydər Əliyev-xalq birliyi sayəsində bir daha gücsüzlüklərini hiss etdilər.
Ölkəmiz neft sənayesinin inkişafında əldə etdiyi nailiyyətlərlə, yeni yataqların kəşfi, “Əsrin müqaviləsi”nin imzalanması ilə dünya birliyinə inteqrasiya etdi.
“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” söyləyən, şərəfli bir ömür yolu keçərək şüurlu həyatını canından artıq sevdiyi Vətəninə və xalqına həsr edən ulu öndər Heydər Əliyev dövlətçilik təcrübəsi sayəsində qaragüruhçu qüvvələrə qalib gəlməyi bacardı. Naxçıvanda Ali Məclisin Sədri olarkən muxtar respublikada ilk dəfə həyata keçirdiyi özəlləşdirmə siyasətini Azərbaycanın bütün bölgələrində tətbiq edən ulu öndər Heydər Əliyev inkişaf strategiyasının bazar iqtisadiyyatı yolu ilə mümkünlüyünü həyata keçirdiyi islahatları ilə təsdiqlədi.
Düşünülmüş xarici siyasəti ilə dünya birliyinə inteqrasiya edən BMT, AŞPA, ATƏT, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatlarda mövqeləri möhkəmlənən Azərbaycanın ən mötəbər beynəlxalq sammit, konfrans və forumlarda təmsil olunub etibarlı tərəfdaş adlandırılması Ulu Öndərin dövlətçilik ənənəsinə sadiq qalaraq ölkəmizi inkişaf etmiş dövlətlər səviyyəsinə qaldıran Prezident İlham Əliyevin liderlik qətiyyətinin ifadəsidir.
Avropa ölkələrinin enerji təhlükəsizliyində önəmli rolu olan ölkəmizin BTC, BTƏ kimi neft -qaz kəmərlərinin ardıcılları “Cənub Qaz Dəhlizi”, TANAP, bu günlərdə Yunanıstanda təməli qoyulan TAP-la bağlı səslənən fikirlər Azərbaycanın iqtisadi inkişafının, ölkədəki siyasi sabitliyin məntiqi nəticəsidir ki, bu uğurlar cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində mümkün olmuşdur.
Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında qeyd olunduğu kimi, Azərbaycan inkişaf etmiş, qüdrətli dövlət olaraq ön sıralardadır.
Son illərdə dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılığını qoruyub saxlayır. Ölkəmiz iqtisadi artım sürətinə görə MDB məkanında birinci, makroiqtisadi sabitlik indeksinə görə araşdırma aparılan ölkələr arasında ön sıralarda dayanır. Demokratiyanın inkişafı istiqamətində aparılan islahatlar ölkəmizin dünya birliyində mövqeyini daha da gücləndirir.
Ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi isə aprel döyüşlərində erməni silahlılarına verilən layiqli dərs oldu.
İnkişafımızın hədəfi isə 2013-2023-cü illərdə dövlət və özəl qurumların birgə fəaliyyəti üçün strateji istiqamətləri müəyyənləşdirməklə Azərbaycanı daha yüksək gəlirli və inkişaf etmiş ölkəyə çevirməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi məqsəd siyasi, iqtisadi çəkisi və gücü artan Azərbaycanı artıq inkişaf etmiş ölkələrlə eyni sırada görməkdir. Qazanılan uğurlar həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin nəzərində, dünyanın siyasi elitası arasında Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevin qurucu, yaradıcı, görkəmli dövlət və siyasi xadim obrazını şərtləndirən mühüm amillərdir. Yeni əsrin yeni lideri olan, Azərbaycanın inkişaf yolu ilə dünyaya inteqrasiyasını təmin etməklə qloballaşma dövrünün çağırışına uyğun müasir, modern dövlət quran Prezident İlham Əliyev mentalitetimizə, tarixi köklərimizə bağlı milli liderdir. Ən çətin məqamlarda belə dövlətin, xalqın maraqlarına uyğun qərar vermək bacarığı isə onun dövlət başçısı kimi, məsuliyyətini dərindən dərk etmək bacarığından, dövlətçilik təcrübəsinin zənginliyindən irəli gəlir. İntellekt potensialın inkişafı, texnoloji innovasiyaların təkmilləşdirilməsi, rəqabətə davamlı iqtisadiyyatın möhkəmlənməsi ilə daha çox diqqət yetirdiyi müasir gəncliyin fiziki sağlamlığı ilə elmi düşüncələrinin vəhdətdə inkişafı... bir sözlə, bütün sahələrdə tərəqqi dövlət başçısı kimi Prezident İlham Əliyevin başlıca hədəflərindəndir. Bu amillər isə dövlət müstəqilliyimizin əbədiliyini təmin edən şərtlərdir.
Xuraman
İsmayılqızı
İki sahil.- 2016.- 28 may.- S.11.