Təhsil xəzinədir,
elm onun açarı
Bakı Slavyan Universitetinin 70 illik zəngin
yolu qarşıdakı illər üçün möhkəm
təməldir
Müasir dünyada hər bir ölkənin
gələcəyi təhsilin səviyyəsi ilə
ölçülür. Ölkəmizdə bu istiqamətdə
atılan addımlar bu fikri bir daha söyləməyə əsas
verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı
və inamlı görmək əzmindədir. Hər zaman zəngin
təbii sərvətləri ilə dünyanın diqqətində
olan ölkəmiz bu ehtiyatlardan səmərəli istifadə
etməklə insan kapitalının daha da inkişaf etdirilməsini
başlıca hədəf seçib.
Təhsili
cəmiyyətin inkişafetdirici qüvvəsinə çevirən
amillərdən biri isə təbii ki, orta və ali təhsil
müəssisələri, bu tədris ocaqlarında
çalışan müəllimlərdir. Təhsillə elmin
vəhdətliyini qorumaq missiyası isə ali təhsil müəssisələrinin
üzərinə düşür. Hər bir təhsil
ocağı özəlliyi, təhsilin keyfiyyəti, tətbiq
etdiyi yenilikləri, islahatları ilə diqqət çəkir.
Bu gün haqqında bəhs edəcəyimiz ali təhsil
ocağı 70 illiyini qeyd etməyə hazırlaşır. Bu
rəqəmin özü keçilən yolun zənginliyi barədə
aydın təsəvvür yaradır. Adından da
göründüyü kimi, Bakı Slavyan Universiteti slavyan
xalqlarının elmi, mədəni, mənəvi nailiyyətlərini
öyrənir və tədris edir. Bu təhsil ocağında
slavyan dilləri və ədəbiyyatları üzrə tədqiqatlar
həyata keçirilir, yalnız Azərbaycan deyil,
bütövlükdə region üçün unikal
sayılacaq ixtisaslar üzrə mütəxəssislər
hazırlanır.
Hər
bir ali təhsil ocağının yetişdirdiyi mütəxəssislər
əldə etdikləri bilik, bacarıq baxımından fərqlənsələr
də, onları bir araya gətirən yeganə məqsəd
malik olduqları potensial imkanlardan ölkənin gələcəyi
üçün maksimum dərəcədə bəhrələnməkdir.
Kadr hazırlığı bütün dövrlər
üçün aktual olub. Təkcə bir faktı qeyd etmək
kifayətdir ki, ötən əsrin 70-80-ci illərində ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
minlərlə Azərbaycan gənci respublikadan kənarda yerləşən
nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar
üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni
və elmi potensialının gücləndirilməsinə
öz layiqli töhfələrini vermişlər. 1991-ci il
oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin
yenidən bərpasından, daha dəqiq desək, ümummilli
lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışından sonra azərbaycanlı gənclərin
dünyanın müxtəlif ali məktəblərinə
göndərilməsi siyasəti yenidən formalaşmağa
başlanmış, müxtəlif ölkələrlə əməkdaşlıq
müqavilələri çərçivəsində
ayrılmış təqaüd yerləri hesabına gənclərimizin
müvafiq ölkələrdə ali təhsil almağa
göndərilməsinə təkan verilmişdir. Son 13 ildə
ümummilli lider Heydər Əliyev siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin 16 aprel 2007-ci il tarixili sərəncamı
ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” da Azərbaycan gənclərinin
intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə
dərindən yiyələnmələrinə, təhsil
aldıqları dünyanın qabaqcıl ölkələrinin
təcrübəsini öyrənib ölkəmizdə tətbiqinə,
eyni zamanda yeni texnologiyaların mənimsənilməsinə
xidmət edir. Cənab Prezident İlham Əliyevin
çıxışlarında əsas yer tutan məsələlərdən
biri budur ki, neft-qaz Tanrıdan verilən böyük nemətdir.
Biz bundan ölkəmizin və xalqımızın
inkişafı - mənafeyi üçün uğurla və məharətlə
istifadə edirik. Amma gec-tez, bu təbii sərvətlər
tükənəcək, amma bilik, zəka isə ölkəmizin
dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin
edəcək. Ən yaxşı inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq görərik ki, o ölkənin
inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil,
bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Məhz
qarşılıqlı əməkdaşlıq, təcrübə
mübadiləsi nəticəsində elmin sirlərinə daha
dərindən yiyələnmək, elmi
araşdırmaların miqyasını genişləndirmək
mümkündür. Dövlətimizin təhsilin, elmin
inkişafına diqqət və qayğısı ali təhsil
ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən,
təkmil islahatların həyata keçirilməsindən daha
aydın görünür.
Bakı
Slavyan Universitetinin Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil
müəssisələri sırasında özünəməxsusluğunu
şərtləndirən amillərə gəldikdə,
Universitetin Azərbaycanın bir çox ölkələrlə
tədris-mədəni əlaqələrinin genişlənməsi,
azərbaycanşünaslığın inkişafı, ölkənin
qazandığı nailiyyətlərin beynəlxalq aləmdə
təbliğ etdirilməsi istiqamətində xidmətləri
xüsusi qeyd olunmalıdır. Məlum olduğu kimi, Bakı
Slavyan Universiteti ulu öndər Heydər Əliyevin fərmanı
əsasında M.F.Axundov adına Azərbaycan Respublikası Rus
Dili Ədəbiyyatı İnstitutunun bazasında
yaradılıb. Amma bir qədər də əvvələ
qayıtsaq, BSU-nun tarixi 1946-cı ildən başlayır.
Universitetin inkişaf yolunun bələdçisi olan vikipediyaya
müraciət etdikdə bu faktlar açıqlanır ki,
1946-cı ildə SSRİ Xalq Komissarları Sovetinin sərəncamı
və Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı əsasında
M.F.Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər
İnstitutu yaradılmışdır. İlk tədris ilində
instituta 108 tələbə qəbul olunub, ştat cədvəli
üzrə institutda 28 əməkdaş
çalışıb. 1948-ci ildə Azərbaycan məktəbləri
üçün rus dili və ədəbiyyatı müəllimi
ixtisasına yiyələnmiş mütəxəssislərin
ilk buraxılışı olub. 1952-ci ildə M.F.Axundov
adına Müəllimlər İnstitutu rus dili müəllimləri
hazırlığı üzrə dördillik tədris
müddətli pedaqoji instituta çevrilib. 1956/1957-ci tədris
ilində institut beşillik təhsil sisteminə keçirilib
və 1959-cu ildə Azərbaycan KP MK və Nazirlər Soveti
“Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri
haqqında” qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən,
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı
İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər
İnstitutu bazaları əsasında M.F.Axundov adına Azərbaycan
Pedaqoji Dillər İnstitutu yaradılıb. 1972-ci ildə Azərbaycan
SSR rəhbəri Heydər Əliyevin təşəbbüsü
və respublika Nazirlər Sovetinin qərarı ilə
M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun
bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və
Ədəbiyyatı İnstitutu yaradıldı. 2000-ci ilə
kimi iki ixtisas - Azərbaycan və rus dilli orta məktəblər
üçün rus dili və ədəbiyyatı müəllimləri,
1996-cı ildən isə azsaylı qruplar şəklində tərcüməçi,
çex, polyak və bolqar dilləri üzrə mütəxəssislər
hazırlanmağa başlanılıb. 1994-cü ildə beynəlxalq
standartlara uyğun olaraq, institut bakalavr hazırlığı
üzrə dördillik tədris planına keçmiş,
1997-ci ildən isə magistratura pilləsində kadr
hazırlığına başlanılıb. Ümummilli lider
Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmanla
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı
İnstitutunun bazası genişləndirilməklə Bakı
Slavyan Universiteti yaradılmışdır. Bundan sonra BSU Şərq
bölgəsində nadir ixtisaslar üzrə peşəkar
kadr hazırlığını həyata keçirən ali məktəbə
çevrildi.
Bu
qısa tanıtım ötən hər bir ilin Bakı Slavyan
Universitetinin tarixinə bir möhür vurduğunu
açıqlayır. Universitet ildən-ilə təkmilləşərək
peşəkar kadrların hazırlığı prosesinə
öz töhfəsini vermək istəyini ortaya qoyub. Təbii
ki, bu istəyə hansı səviyyədə nail olub, bunu
ötən dövrün uğurları, bu ali təhsil
ocağında təhsil alıb, hazırda peşəkar
mütəxəssis kimi fəaliyyət göstərənlər,
eyni zamanda öz biliyinə, bacarığına güvənərək
təhsilini xarici ölkələrdə davam etdirən tələbələrimiz
qeyd edə bilərlər. Bu amili də nəzərə alaq
ki, hər bir təhsil ocağının bu
günümüzün, gələcəyimizin
çağırışlarına yüksək səviyyədə
cavab verməsi onun rəhbərliyinin həyata keçirdiyi
islahatlardan, tətbiq etdiyi yeniliklərdən də çox
asılıdır. Hazırda Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri vəzifəsində
çalışan Kamal Abdullayev M.F.Axundov adına Azərbaycan
Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun
bazasında yaradılan Bakı Slavyan Universitetinin ilk rektoru
olub - 2000-2014-cü illərdə. Növbəti dövr Asif
Hacıyevin, hazırkı mərhələ isə Nurlana
xanım Əliyevanın rəhbərliyi ilə səciyyələnir.
Hər bir mərhələ təhsil ocağının həyatında
yeni bir səhifə kimi yazılıb və hər zaman tələbələr
tərəfindən xoş əhval-ruhiyyə ilə
xatırlanır. Ayrı-ayrı illərin məzunlarını
bir araya gətirən universitetin eyni ab-havasından
“qidalanmaları”, əldə etdikləri biliklərin
onların köməyinə lazımi səviyyədə
yardımçı olmasıdır.
Hazırda
“KİV-in hüquqi tənzimlənməsi” fənnini tədris
etdiyim, universitetin 5 fakültəsi arasında xüsusi yer
tutan “Azərbaycan ədəbiyyatı və jurnalistika”
fakültəsi ilə bağlı fikirlərimi daha geniş
şəkildə qeyd etmək istərdim. Təbii ki, media təmsilçisi
olaraq bu fakültədə peşəkar jurnalistlərin
yetişdirilməsi üçün göstərilən səylərin
təqdirəlayiq olduğunu xüsusi vurğulamalıyam. Tələbələrin
ilk kurslardan yaradıcılıq imkanlarının
genişliyi, hadisələrə obyektiv yanaşıb,
onların düzgün şərhini vermək
bacarıqları, reallıqlarımızın təbliği
istiqamətində göstərdikləri səylər,
dünya informasiya məkanına inteqrasiyaya göstərdikləri
maraq təbii ki, onlara yaradılan şəraitdən, təhsilin
yüksək səviyyədə tədrisindən
qaynaqlanır.
Cəmiyyətin
güzgüsü kimi dəyərləndirilən azad, müstəqil
mətbuatın inkişafı istiqamətində atılan
addımları geniş şəkildə şərh etməyə
ehtiyac yoxdur. Reallıq göz qabağındadır. Cəmiyyətin
informasiya tələbatının ödənilməsi əsas
məsələlərdəndir. Bunun üçün jurnalist
peşəkarlığı və məsuliyyəti əsas tələb
kimi irəli sürülür. Təbii ki, bu iki amilin vəhdətliyinin
lazımi səviyyədə təmin edilməsinin ilk təməli
ali təhsil ocaqlarında qoyulur. Bunun üçün
fakültədə müxtəlif sahələri əhatə
edən fənləri tədris edən müəllimlər də
qeyd etdiyimiz prinsiplərə yüksək səviyyədə əməl
etməli, jurnalistikanın sirlərini gələcəyin
mütəxəssislərinə daha dərindən mənimsətməlidir.
Bu baxımdan Bakı Slavyan Universitetinin digər fakültələri
kimi, “Azərbaycan ədəbiyyatı və jurnalistika”
fakültəsində də müəllim-tələbə
birliyi, biliklərin mübadiləsi yüksək səviyyədədir.
Hər
bir ali təhsil ocağının özəlliyindən bəhs
edərkən təbii ki, həyata keçirdiyi fərqli layihələr
xüsusi vurğulanmalıdır. Bu fərqlikdən biri də
universitetdə təhsil alan, müxtəlif ixtisaslar üzrə
peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin
universitetin özünüidarəçiliyinə - “Bir
günlük Xəlifə” Tələbə
Özünüidarəetmə gününə cəlb
olunmasıdır. Universitet belə bir layihəni gerçəkləşdirməklə
tələbələrin müstəqil idarəçilik
qabiliyyətinin inkişafına stimul vermiş, intellektual səviyyələrini,
bilik və bacarıqlarını “sınaqlan keçirmək”
imkanı qazandırmışdır. Belə ki, Xəlifə
tələbələr bir gün ərzində rəhbər vəzifələri
icra etməklə bu missiyanın öhdəsindən hansı
səviyyədə gəldiklərini və özlərini gələcəyə
necə hazırladıqlarını nümayiş etdirirlər.
Deviz isə belədir- Öyrənərək öyrədirik.
Bilik,
bacarıq və idarəçiliyin vəhdətliyinin
yaradılması fonunda bu fikri böyük inam və qətiyyətlə
qeyd edə bilərik ki, 70 illik zaman, zəngin dövr Bakı
Slavyan Universtietinin qarşıdakı illərdə daha
böyük layihələr həyata keçirməsinə,
beynəlxalq əməkdaşlığı genişləndirməsinə,
peşəkar kadrların yetişdirilməsinə möhkəm
bazadır. Təməl möhkəm qurulanda növbəti
inkişaf mərhələləri davamlı olur. Bu aforozmi də
unutmayaq ki, elm bölüşdükdə artan xəzinədir.
Yəni istər daxildə, istərsə də xaricdə tələbə
mübadiləsi, beynəlxalq əlaqələrin genişliyi
bu xəzinənin zənginliyini daha da artırır. Bakı
Slavyan Universitetinin çoxsaylı professor-müəllim heyəti
bu xəzinənin daha da artmasına öz töhfəsini verir
və yeni-yeni hədəflər müəyyənləşdirməklə
70 illik yolun uğurlu davamına səy göstərir.
Qeyd
etdiyimiz kimi, 70 illik zamanın özü universitetin dəyərləndirilməsi
üçün kifayətedici mənbədir. Demək, ali təhsil
ocağı üzərinə düşən məsuliyyəti,
missiyanı yüksək səviyyədə həyata
keçirib ki, 70 illik yol qət edib və bu baza əsasında
irəliyə doğru inamla irəliləyir.
Əbəs
yerə deyilmir ki, təhsil xəzinədir, elm onun
açarı. Dövlətimiz hər zaman təhsil və
elmin birliyinin möhkəmləndirilməsi üçün zəruri
olan bütün tədbirləri həyata keçirir. Təhsilin
inkişafına xidmət edən çoxsaylı Dövlət
Proqramlarının, eyni zamanda Elmin İnkişafı üzrə
Milli Strategiyanın qəbul olunması və uğurlu
icrası bu istiqamətlərdə mühüm nəticələrə
geniş yol açıb. Bu reallıq inkaredilməzdir ki, Azərbaycan
hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu
təbii resurslara, eyni zamanda elmi, intellektual potensialına
görə dünyanın diqqətində olub. Azərbaycan
alimləri müxtəlif sahələrdə öz
sözünü deyib. Ölkəmizdə dünya səviyyəsində
aparılan araşdırmalar da qarşıya qoyulan məqsədlərə
yüksək səviyyədə nail olmağa böyük
stimul verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin
qeyd etdiyi kimi, müasir dövlətin qurulması elmin
inkişafı olmadan mümkün deyil.
Təbii
ki, hər bir təhsil ocağı qarşıya qoyulan hədəflərə
öz töhfəsini vermək istəyindədir. Bu
baxımdan Bakı Slavyan Universtitetinin 70 illik fəaliyyəti
təqdirəlayiqdir, örnəkdir.
Universitetin
bütün professor-müəllim heyətini, tələbələrini
yubiley münasibətilə təbrik edir, uğurlar diləyirəm.
70 illik möhkəm təməl üzərində daha iri
addımlarla irəliləyərək millətin gələcəyi
kimi dəyərləndirilən təhsilimizin daha da
inkişafına dəstəyinin davamlı olmasını
arzulayırım.
Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş
redaktoru,
Əməkdar jurnalist,
Bakı Slavyan Universitetinin
“Jurnalistika” kafedrasının dosenti
İki sahil.- 2016.- 1 noyabr.- S.10.