Muxtar respublikada ikinci Azərbaycan
Elm Festivalının
Naxçıvan mərhələsi
olub
Noyabrın 1-də Naxçıvan
şəhərində yerləşən Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrında ikinci Azərbaycan Elm Festivalının
Naxçıvan mərhələsinin açılış tədbiri
olub.
Festival iştirakçıları əvvəlcə ümummilli
lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi
meydanında əzəmətlə ucalan abidəsini və Heydər
Əliyev Muzeyini ziyarət ediblər.
Sonra qonaqlar Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrının
foyesində Naxçıvanda nəşr olunan elmi kitablardan,
jurnallardan, arxeoloji tapıntılardan, rəsm əsərlərindən
və xalq yaradıcılığı nümunələrindən
ibarət sərgiyə baxıblar.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri
və ictimai təşkilatlarla iş şöbəsinin
müdiri Rəhman Məmmədov muxtar respublikada keçirilən
ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin
iştirakçılarını və qonaqları
salamlayıb, festivalın işinə uğurlar arzulayıb.
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında elmin
inkişafının həmişə diqqət mərkəzində
olduğunu vurğulayan Rəhman Məmmədov bildirib ki,
müstəqillik illərində Naxçıvan Muxtar
Respublikasında elm infrastrukturu daha da təkmilləşdirilib,
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan
Bölməsi təsis edilib. Bundan sonra Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin diqqət və
qayğısı sayəsində AMEA Naxçıvan Bölməsinin
Rəyasət Heyəti, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət,
Dil və Ədəbiyyat, Bioresurslar, Təbii Ehtiyatlar
institutları, Batabat Astrofizika Rəsədxanası
üçün binalar tikilib və ya əsaslı təmir
olunub, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar və
iş otaqları qurulub. Bununla yanaşı,
elektron kitabxana da yaradılıb.
Qeyd olunub ki, muxtar respublikada zəruri
elmi infrastrukturla yanaşı, elmi kadrların
hazırlanması da diqqətdə saxlanılıb, AMEA
Naxçıvan Bölməsində və Naxçıvan
Dövlət Universitetində dissertasiya şuraları fəaliyyətə
başlayıb. Bunun nəticəsində muxtar
respublikanın elmi potensialı ildən-ilə artıb.
“Elmi potensialın
artması fundamental tədqiqatların
aparılmasına və elmi nəticələrin əldə
olunmasına əlverişli şərait yaradıb. Naxçıvanda
aparılan elmi araşdırmaların ən son nailiyyətləri,
məlumatları və ümumiləşdirici fikirləri nəşr
olunan əsərlərdə öz əksini tapıb”, – deyən
Rəhman Məmmədov diqqətə çatdırıb ki,
üç cildlik “Naxçıvan tarixi” və
“Naxçıvan folklor antologiyası”, iki cildlik
“Naxçıvan ensiklopediyası” və Naxçıvan Muxtar
Respublikasının “Qırmızı kitabı”,
“Naxçıvan abidələri ensiklopediyası”,
“Naxçıvan tarixi atlası”, “Naxçıvan Muxtar
Respublikasının dərman bitkiləri”, “Naxçıvan
teatrının salnaməsi” kimi ümumiləşdirici əsərlər
hazırlanaraq nəşr olunub.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri
və ictimai təşkilatlarla iş şöbəsinin
müdiri elm adamlarının elmimizi daha da zənginləşdirəcəklərinə
əminliyini ifadə edib, ikinci Azərbaycan Elm
Festivalının Naxçıvan mərhələsinin
işinə uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli
çıxışında ölkəmizin ictimai-mədəni
həyatında mühüm hadisə olan ikinci Azərbaycan Elm
Festivalının ilk mərhələsinin qədim elm və mədəniyyət
mərkəzi olan Naxçıvanda keçirilməsinin əhəmiyyətini
vurğulayıb. Akademik respublikamızda, o cümlədən
muxtar respublikada elmin və təhsilin inkişafına göstərilən
xüsusi dövlət qayğısından, alimlərimizin əldə
etdikləri uğurlu elmi nəticələrin əhəmiyyətindən,
gənc alimlərə yaradılan şəraitdən ətraflı
söhbət açıb. Bildirib ki, Azərbaycan
elmi ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin
hər iki dövründə böyük inkişaf yolu
keçib. Dahi Heydər Əliyev
epoxasının Azərbaycan Elmlər Akademiyası
keçmiş Sovet İttifaqında tanınmış
mühüm elmi qurumlardan birinə çevrilib. Ulu Öndər 2001-ci ildə Azərbaycan Elmlər
Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu
verilməsi haqqında tarixi Fərman imzalayıb. Həmçinin bu istiqamətdə verilən digər
qərarlar akademiyanın hərtərəfli inkişafı
üçün hüquqi zəmin yaradıb. Bütün bunların nəticəsində
AMEA-nın fəaliyyət dairəsi genişlənib, elmin
davamlı inkişafı təmin edilib. Ümummilli lider
Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı”nın icrası ilə
bağlı görülmüş işlər, “Elm
haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14
iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanı
bütövlükdə, elmimizin inkişafına böyük
töhfə verib.
“Ölkəmizdə bütün
sferalarda olduğu
kimi, milli sərvətimizin tərkib hissəsi olan elmi
potensialın qorunması, onun inkişaf etdirilməsi dövlət
siyasətinin vacib istiqamətlərindən biridir”, - deyən
AMEA-nın vitse-prezidenti qeyd edib ki, Ümummilli Lider
Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat
qurumlarının fəaliyyətinin gücləndirilməsi,
mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin
artırılması, Naxçıvanın tarixi,
arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin
öyrənilməsi üçün daha əlverişli
şəraitin yaradılması kimi mühüm vəzifələri
qarşıya qoyaraq, AMEA Naxçıvan Bölməsinin təsis
edilməsi istiqamətində müdrik addım atıb. Bu elmi müəssisə isə öz növbəsində,
mühüm töhfələri ilə bölgədə elm mərkəzinə
çevrilib və elmi inkişafa stimul verib. İyirmi beş ildir blokada vəziyyətində
yaşayan muxtar respublikada bu gün ulu öndər Heydər
Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində
Naxçıvan bütün sahələr üzrə, o
cümlədən elmin inkişafında böyük
inkişaf yolu keçib.
AMEA Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyev
vurğulayıb ki, bu gün respublikamızda elmin cəmiyyətdə
rolu gündən-günə artmaqdadır. Bunun bir səbəbi
elmə dövlətin diqqət və qayğısının
artması ilə bağlıdırsa, digər bir səbəbi
isə elm siyasətinin elm adamlarına güclü təsiri və
gənclərin bu sahəyə göstərdiyi ciddi maraqla əlaqədardır.
Naxçıvan Muxtar Respublikasında da elm
adamları yüksək qayğı və diqqətlə əhatə
olunublar. Nəticədə son illərdə
muxtar respublikada elmi mühit formalaşıb, elmdə kəmiyyət
və keyfiyyət artımı özünü əyani şəkildə
göstərib.
“Azərbaycan Milli
Elmlər Akademiyasının
Naxçıvan Bölməsinin tərkibində 4 elmi-tədqiqat
institutu, Batabat Astrofizika Rəsədxanası və
Əlyazmalar Fondu fəaliyyət göstərir. Bunlardan üçü təbiətşünaslıq-texniki,
qalan üçü isə ictimai-humanitar istiqamətlərdə
elmi-tədqiqat işlərini həyata keçirir”, – deyən
İsmayıl Hacıyev bildirib ki, bölmənin elmi əməkdaşlarının
119 monoqrafiyası, 145 kitabı, 4717-i məqaləsi, 1251
tezisi, 18 xəritəsi nəşr olunub. Həmçinin
25 patent alınıb, bölmənin elmi əməkdaşları
19 qrand layihəsində qalib gəliblər. Elmi əməkdaşların 46 elmi əsəri
impakt faktorlu jurnallarda dərc olunub.
Tədbirdə “Azərbaycanın elm məbədi”
adlı sənədli film nümayiş etdirilib.
Sonda Naxçıvan
Dövlət Filarmoniyasının
konsert proqramı olub.
Festival AMEA Naxçıvan Bölməsində təşkil olunmuş
elmi-populyar mühazirələrlə davam etdirilib.
Tədbir
iştirakçıları Naxçıvan şəhərində
yerləşən tarixi abidələrlə, səhiyyə, mədəniyyət
müəssisələri ilə də tanış
olublar.
İki sahil.- 2016.- 2 noyabr.- S.6.