Akademik Xoşbəxt Yusifzadə

adına təqaüd təsis edildi

 

Noyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəbin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə adına təsis etdiyi təqaüdün təqdimat mərasimi keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, vitse-prezidenti Xaliq Məmmədov, şitkətin digər nümayəndələri, ADNSU-nun professor-müəllim heyəti, eləcə də tələbələr iştirak edib.  Universitetdən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçılarını salamlayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik X.Yusifzadəni doğma universitetdə görməkdən qürur duyduğunu bildirib. ADNSU-nun fəaliyyətindən, qazandığı uğurlardan danışan rektor son bir ildə tələbələrin sayının 2000-ə qədər artdığını qeyd edib.

“Xoşbəxt Yusifzadəni öz doğma ali məktəbində görməyimə çox şadam. Azİİ-nin belə bir məzunu olduğu üçün fəxr edirik. Bilirsiniz ki, son bir ildə ADNSU-da müəyyən uğurlu addımlar atılıb. Bu ilki qəbul statistikasında rekord nəticə əldə etdik. Bunlarla yanaşı universitetdə islahat və yeniliklər davam edir. Xoşbəxt Yusifzadə adına təqaüdün təsis olunması və akademik X.Yusifzadənin özünün bu təqdmatda iştirakı universitetimiz üçün əlamətdar hadisədir” - deyə M.Babanlı bildirib.

X.Yusifzadə haqqında tədbir iştirakçılarına məlumat verən Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov akademikin Azİİ-də təhsil aldığı illərdən və Azərbaycanın neft sənayesindəki rolundan danışıb.

ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Elmi Şuranın qərarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şuranın 26 oktyabr 2016-cı il 2 saylı qərarına əsasən akademik Xoşbəxt Yusifzadəyə ADNSU-nun fəxri professoru adı verilib.

Sonra təhsildə yüksək nailiyyətlər əldə etmiş Geoloji kəşfiyyat fakültəsində təhsil alan bakalavr Fəridə Adıgözəlovaya və magistr Hüseyn İmanlıya Xoşbəxt Yusifzadə adına təqaüd təqdim olunub.

Doğma universitetdə olmaqdan məmnun qaldığını deyən SOCAR-ın birinci vitse-prezidenti, akademik X.Yusifzadə Azİİ-də təhsil aldğı illərdən və tələbəlik xatərələridən danışıb: “Azİİ mənim doğma ocağımdır. Biz ailəlikcə neftçiyik. İstəyim budur ki, Azİİ-dən necə şöhrətli məzunlar çıxıbsa, bundan sonra da o cür məzunların sayı çox olsun”, - deyə akademik X.Yusifzadə bildirib. ADNSU-da neft üzrə mütəxəssis hazırlığının yüksək şəkildə davam etdirildiyini qeyd edən SOCAR-ın I vitse-prezidenti Azərbaycan həmişə neft sahəsində birinci olduğunu vurğulayıb. Azərbaycanın istər çar Rusiyası dövründə, istər sovetlər dövründə, istərsə də müstəqillik qazandıqdan sonra bir sıra ilklərə imza atdığını söyləyən X.Yusifzadə müstəqilliyin ilk illərində ölkədə neft hasilatının 9 mln təşkil etdiyi halda “Əsrin müqaviləsi”nin izalanması ilə bu rəqəmin 5,6 dəfə artaraq 51 mln tonadək çatdığını qeyd edib.

SOCAR-da çalışan mütəxəssislərin əksəriyyətinin ADNSU məzunu olduğunu bildirən şirkətin Kadr, rejiminformasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bu tendensiyanın davam edəcəyinə ümid etdiyini vurğulayıb.. SOCAR-ın Ali məktəblərlə sıx əməkdaşlıq etdiyini qeyd edən X.Məmmədov 295 tələbənin şirkətin hesabına xaricdə təhsil aldığını qeyd edib. O SOCAR-ın gerçəkləşdirildiyi təqaüd proqramlarında ADNSU tələbələrinin fəal şəkildə iştirak etdiklərini diqqətə çatdırıb.

Sonda Xoşbəxt Yusifzadə universitetin professor-müəllim heyətinin və tələbələrin suallarını cavablandırıb.

 

Nail Rəhimzadə

 

İki sahil.- 2016.- 4 noyabr.- S.3.