Azərbaycan multikulturalizmi
ABŞ mətbuatında
ABŞ-ın “Eurasia Review”
jurnalında və “Foreign Policy News” xəbər saytında
amerikalı siyasi analitik və araşdırmaçı
jurnalist, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai
Birliyi İdarə Heyətinin fəxri üzvü Peter Teysin
Azərbaycanın multikulturalizm modeli haqqında məqaləsi
dərc olunub.
Müəllif məqaləyə Azərbaycanda beynəlxalq
multikulturalizm yay məktəbində iştirak etməsi
haqqında fikirləri ilə başlayır. O yazır: “2016-cı ilin
iyul ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən
təşkil olunan yay məktəbində mühazirə ilə
çıxış etmək üçün Azərbaycandan
dəvət aldım. Mühazirəmin
mövzusunu ABŞ və Paraqvayın mədəni müxtəlifliyi
mövzusuna həsr etmişdim. Mövzu Avropa
və Asiyanın 15 ölkəsindən gələn gənc tələbələrin
böyük marağına səbəb oldu.
Daha sonra bu gənc tələbələrin
təşəbbüsü ilə beynəlxalq multikulturalizm
yay məktəbi çərçivəsində “Azərbaycanın
Gənc Dostları Klubu” İctimai Birliyi yaradıldı. Bu təşkilat
hazırda Dimitrios Asproulis (Yunanıstan) və Salomeja Lukaitenin
(Litva) həmsədrliyi və 100-dən çox üzvü ilə
(Türkiyə, Almaniya, Çexiya, Polşa, İndoneziya,
Gürcüstan, Qırğızıstan, İtaliya,
İsveçrə, Azərbaycan, ABŞ, Misir, Yəmən)
aktiv fəaliyyət göstərir. Bu iki gənc
lider Azərbaycan cəmiyyətində multikulturalizmin rolunun,
eyni zamanda, başqa mədəniyyətlər tərəfindən
öyrənilməsinin və örnək kimi seçilməsinin
təbliği istiqamətində beynəlxalq konfranslar
keçirməyi planlaşdırır. İctimai
Birliyin həmsədrləri öz ölkələrində
sülhün və dayanıqlığın təşviq
olunmasına dair müxtəlif tədbirlər təşkil
edirlər. Təbii ki, bütün bunlar
akademik Kamal Abdullayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
birgə səyi nəticəsində ərsəyə gəlib.
Prezident İlham Əliyevin Azərbaycanın
multikulturalizm siyasətinin dünyaya nümunə olaraq təklif
olunması ideyası hazırda Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdullayev tərəfindən uğurla həyata
keçirilir”.
Oxucuların diqqətinə çatdırılır
ki, akademik Kamal Abdullayev tanınmış
Azərbaycan yazıçısı və alimidir. Onun linqvistika,
mədəniyyətşünaslıq və mifologiya üzrə
yazıları, eləcə də esse, roman və hekayələri
bir çox dünya dillərinə tərcümə olunub və
geniş oxucu kütləsi toplayıb. Bundan əlavə,
Kamal Abdullayev 14 il ərzində Bakı
Slavyan Universitetinin rektoru olaraq çalışıb. Onun rəhbərliyi
dövründə Azərbaycanın bu ali
təhsil müəssisəsi böyük yüksəliş
dövrünü yaşayıb. Bakı Slavyan
Universiteti Azərbaycan və dünya üçün fəxr
edilə biləcək uğurlara imza atıb. Müəllif 2000-ci ildə BSU-da “Fəxri doktor”
adının yaradıldığını, bir çox
dünya liderlərinin, tanınmış ictimai-siyasi xadimlərin
BSU-nun fəxri doktorları olduğunu qeyd edir.
Məqalədə bildirilir ki, dünyada artan qlobal qeyri-sabitlik fonunda Azərbaycanda
müxtəlif dinlərin və millətlərin birgə
yaşaması əsasında qurulmuş multikulturalizm və
tolerantlıq hər kəs üçün örnəkdir. Azərbaycan
multikulturalizm ideyasını gələcəkdə bəşəriyyətin
inkişafı üçün yeganə yol hesab edir. Çünki hazırkı qloballaşma, məlumat
mübadiləsi və ümumi inteqrasiya proseslərinin
özünü təcridetmədə fəal rol oynaması dəhşətli
bir haldır.
Müasir dünyada ən önəmli məsələlərdən
biri olan mədəniyyətlərarası dialoqu nəzərə alaraq, Azərbaycan 2011-ci ildən başlayaraq Bakıda iki ildən bir Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu təşkil edir. Azərbaycanda
bu il
aprelin 25-27-də BMT-nin
Sivilizasiyalar Alyansının
7-ci Qlobal Forumu keçirilib. BMT-nin
tribunasından istifadə
edərək Azərbaycan
bir daha öz multikulturalizm ənənələrini göstərib,
dünya ölkələrini
mədəniyyətlərarası tolerantlıq və sivilizasiyalararası dialoqa
hörmət etməyə
çağırıb. Bütün bunların davamı olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yay və qış məktəbləri
və “Azərbaycanın
Gənc Dostları Klubu” vasitəsilə mədəniyyətlərarası dialoqun, sülh və sabitliyin təmin olunmasına, eləcə də Azərbaycanın multikultural
dəyərlərinin təşviqinə,
gələcək dünya
liderlərinin maarifləndirilməsi
və millətlərarası
əməkdaşlığın möhkəmləndirilməsinə davam edəcək.
İki sahil.- 2016.- 4 noyabr.- S.8.