Azərbaycan tolerantlıq məkanıdır

 

Tarixdə dini və milli zəmində zaman-zaman çoxsaylı müharibələr, toqquşmalar baş vermişdir ki, nəticədə milyonlarla insan bu qarşıdurmaların qurbanına çevrilmişdir. Lakin bugünkü qloballaşan dünya belə məsələlərdə daha həssas olmağı tələb edir. Çünki müasir insan bütün dünyanı məhv edə biləcək  güclü silaha - nüvə silahına malikdir. Bu səbəbdəndir ki, indi dünyamızın tolerantlığa, multikulturalizmə daha böyük ehtiyacı vardır.

 

Dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən Azərbaycan Respublikası bütün qarşıdurmalardan yaxa qurtarmağın ən doğru yolunu tolerantlıq və multikultural münasibətlərin bərqərar olmasında görür. “Tolerant ölkədən tolerant dünyaya doğru” şüarının reallaşdırılmasını özünün başlıca hədəfi və şərəfli missiyası kimi müəyyənləşdirən ölkəmiz bu sahədə nümunəvi məkana çevrilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qürurla deyirdi ki, “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri birgə yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini  dözümlülüyü ilə fərqlənmişdir”.

Tolerantlıq və multikulturalizm, ölkə rəhbəri İlham Əliyevin dediyi kimi, Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, gələcəyinə ümid və inamla baxdığı kimi, keçmişinə də alnıaçıq və şərəflə baxır. Maraqlıdır ki, çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin bu qədər müxtəlif olmasına baxmayaraq, minilliklər boyu heç bir etnik qrup buradan başqa bir əraziyə köçürülməyib. Bu tolerantlıq keyfiyyətinin Azərbaycan xalqının etnik tərkibindən irəli gəldiyini, eyni zamanda min illər öncə bu ərazilərdə mövcud olmuş sivilizasiyanın bünövrəsində dözümlülük mədəniyyətinin dayandığını göstərir. Deməli, Azərbaycan ilk insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyidir. Bu fakt onu deməyə əsas verir ki, Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanmış və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilmişdir.

Mədəniyyətlər adətən milli zəmində yaranır, formalaşdıqları bölgənin və xalqın sərhədlərini aşdıqdan sonra ümumbəşəri dəyərlər sisteminə daxil olurlar. Əslində, Azərbaycan xalqının min illər ərzində formalaşdırdığı mədəniyyətə də bu prizmadan yanaşılmalıdır. Azərbaycandakı tolerantlığın və multikultural dəyərlərin özünəməxsusluğu onun etnik, coğrafi, iqtisadi-siyasi və dini-mədəni amillərlə formalaşaraq həyat tərzi olmaqla yanaşı, həm də dövlət siyasətinə çevrilməsi ilə əlaqədardır.

Reallıqlar təsdiq edir ki, Azərbaycan xalqının mütləq əksəriyyətini təşkil edən türklərin din anlayışı digər xalqlardan, hətta qonşu toplumlardan xeyli fərqlidir. Türklər tarixən xurafatçı və şəriətçi olmamışlar. Qədim dastan və əfsanələrdən, xüsusilə “Kitabi-Dədə Qorqud” eposundan göründüyü kimi,  türklər üçün dinin şəriət tərəfi yox, həmişə vahid Tanrı-Allah inancı önəmli olmuşdur. Azərbaycan türkləri, o cümlədən Azərbaycanın ruhaniliyi, heç vaxt dünyəviliyə qarşı çıxmamışdır. Dünyəviliyə bu cür münasibətin nəticəsi idi ki, Şərqdə ilk Demokratik Cümhuriyyəti də məhz Azərbaycan xalqı qurmuşdur. Dünyəviliyə, müasirliyə, qadın təhsilinə və gender məsələlərinə yüksək dəyər verən bu xalq tolerant olmaya bilməzdi.

Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin, həm də mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşir. Azərbaycanın tarixi ərazilərində və qonşu ölkələrdə fərqli dinlərin, əsasən də xristianlığın və yəhudiliyin mənsubları yaşadığı üçün əhali arasında başqa inanca sahib insanlarla birgəyaşayış  qaydaları və ənənələri formalaşmış və zaman keçdikcə həmin qayda və ənənələr birgəyaşayış mədəniyyətinə çevrilərək onun bazisini təşkil etmişdir.

Azərbaycanın tarixi “İpək yolu”nun üzərində yerləşməsi də bu ərazidə tolerant mühitin formalaşmasında özünəməxsus rol oynamışdır. Tarixi qaynaqlar təsdiqləyir ki, həm Avropadan, həm Yaxın, həm də Uzaq Şərqdən gəlmiş tacirlər Azərbaycanda sərbəst ticarətlə məşğul olmuş, qarşılıqlı mədəni əlaqələr qurmuş, hətta onların burada yaşamaları üçün münbit şərait yaradılmış, ticarətlə məşğul olan katoliklərin, pravoslav  və atəşpərəstlərin öz inanclarına uyğun ibadət yerləri - monastr, kilsə və atəşgahlar inşa edilmişdir.

Bu bir həqiqətdir ki, dini tolerant olmayan xalqın özü də tolerant ola bilməz. Xalqımızın mütləq əksəriyyətinin sahib olduğu İslam dini isə seçim azadlığına, bərabərliyə, insan ləyaqətinə , etiqad  azadlığına, etnik fərqliliklərlə hesablaşmağa xüsusi önəm verir. İslama görə, bütün  insanlar və millətlər bərabərdir və bu dində  ali millət, ali irq anlayışı yoxdur.

Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi nəticəsində Azərbaycan  müstəqillik  yolunda  daha inamla inkişaf etməyə başladı. İlk növbədə ölkədə sabitlik yarandı, siyasi, iqtisadi, sosial, hüquqi islahatlar həyata keçirildi. Ulu Öndərin hakimiyyətə gəlişi ilə milli mənəvi dəyərlərə qayıdışın yeni dövrü başlandı. İnsan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, insanların, xüsusilə də gənclərin milli mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm verildi.

Ümummilli lider Heydər Əliyevin tolerantlıq və multikulturalizm sahəsindəki baxışları ən ümumi şəkildə onun müstəqil Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərindən hesab olunan azərbaycançılıq ideologiyası kontekstində nəzərdən keçirilməlidir. Ulu Öndərin azərbaycançılıq mövqeyi cəmiyyətin mədəni, dini, etnik rəngarəngliyi zəminində vahid milli-siyasi toplumun formalaşmasını nəzərdə tuturdu. Bu ideologiya müxtəlif mədəniyyətlərin birgə yaşamasını nəinki mümkün sayır, habelə onu müasir cəmiyyətin ayrılmaz mənəvi xüsusiyyəti hesab edir. Heydər Əliyev tolerantlığın, birgəyaşayış mədəniyyətinin Azərbaycan xalqı üçün  xarakterik xüsusiyyət olduğunu göstərərək, Azərbaycanı mədəniyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandıraraq deyirdi: “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir”.

Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin yolu ilə gələcəyə doğru inamla və sürətlə irəliləyən Azərbaycan həm sosial-iqtisadi göstəricilərinə görə, həm də milli mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası sahəsində regionun lider dövlətinə çevrilib, dünyada sürətlə inkişaf edən ölkələr sırasına daxil olub və dünya  birliyinin layiqli hörmətini qazanıb. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan söz, vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən lazımınca yararlanırlar. Əgər sovet dönəmində Azərbaycanda cəmi 17 məscid və bir kilsə fəaliyyət göstərirdisə, bu gün 2164 məscid, 13 kilsə, 6 sinaqoq tikilərək və ya əsaslı təmir edilərək insanların ixtiyarına verilmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə yaşayan bütün millətlərin, etnik azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər səviyyədə hörmət və ehtiramla yanaşılır, adət-ənənələrin, el şənlikləri və mərasimlərin həyata keçirilməsinə lazımi şərait yaradılır, hətta bir çox bayramlar birlikdə, hamılıqla keçirilir.

Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən və birbaşa vətəndaşların vicdan azadlığı ilə bağlı olan qanunvericilik bazası formalaşdırılarkən, eləcə də mövcud qanunvericilikdə dəyişikliklərin layihəsi hazırlanarkən ölkə ərazisində yaşayan və fəaliyyət göstərən çoxmillətli və çoxdinli etnik qrupların vicdan azadlığı və tolerantlıq məsələlərinə xüsusi diqqət yetirilmişdir. Əsas məqsəd uzun dövrlər ərzində azərbaycanlılarla birgə harmoniya və qardaşlıq şəraitində yaşayan xalqların ən böyük nailiyyəti olan dini və milli dözümlülük ənənələrinin möhkəmləndirilməsi və onu yad təsirlərdən qorumaq olmuşdur.

Dini qurumlar arasında qarşılıqlı əməkdaşlığı və tolerantlığı genişləndirmək və dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı  fəaliyyətinin  əlaqələndirilməsini təmin etmək məqsədi ilə 21 iyun 2001-ci ildə Dini Qurumlarla  iş üzrə Dövlət Komitəsi, 2014-cü ilin fevralında Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi, digər sahələrlə yanaşı dini maarifləndirmə işlərini aparmaq üçün 2014-cü ilin 07 mayında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılmışdır.

Azərbaycanda tolerantlıq və multikultural ənənələrin qorunub saxlanılması və inkişafı yolunda Heydər Əliyev Fondunun və onun rəhbəri, hörmətli Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Heydər Əliyev Fondu fəaliyyətində milli mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verir. Fondun Şərqdə, habelə Avropa ölkələrində dini abidələrin bərpa və təmir olunması sahəsində gördüyü işlər Azərbaycan xalqı və hökumətinin dünya mədəni irsinə, dini dəyərlərə verdiyi töhfənin təcəssümüdür. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin UNESCO və İSESCO səviyyəsində təbliğ olunmasına, bu mötəbər beynəlxalq təşkilatların ölkəmizin təbliğatçısına çevrilməsinə nail olmuşdur. Bilavasitə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2015-ci ilin sentyabrında Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgəyaşayış mədəniyyəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqlı olaraq demişdir: “Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə və öz əməllərinə hörmətlə yanaşan xalq gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın”.

Tolerantlıq və multikulturalizm sahəsində aparılan işləri yüksək dəyərləndirən və ümumilikdə Azərbaycanın gələcək inkişafının konturlarını uzaqgörənliyi ilə dəqiqliklə müəyyən edən ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə bağlı qərarı istər ölkəmizdə yaşayan xalqlar, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Min illər boyu xalqımız  tərəfindən yaşadılaraq  bu günümüzə  gəlib çıxmış və  dövlətimizin  siyasətindəki  prioritet  sahələrdən  birinə  çevrilmiş  Azərbaycandakı tolerantlıq və  multikulturalizm  dünya üçün  böyük  sərvətdir.

 

Vidadi Rzayev,

Azərbaycan Respublikasının

Prezidenti yanında Bilik Fondunun əməkdaşı

 

İki sahil.- 2016.- 3 noyabr.- S.13.