Qadın işləməlidirmi?
Qadınların iş həyatına
atılması, karyera qurması cəmiyyətdə ən
çox müzakirə olunan mövzulardan biridir.
Qadının işləyib-işləməməsi məsələsi
təkcə Azərbaycan reallığı üçün
deyil, bütün dünya üçün aktualdır.
“Qadın və karyera” fikri bir çox mühafizəkar
xarakterli kişilər tərəfindən qəbul olunmur, amma
müasir dövrdə belə insanların sayı olduqca
azdır. Cəmiyyətimizdə gender balansı, qadın və
kişilərin hüquqları bərabər şəkildə
təmin olunur. “Qadın işləməlidirmi?” mövzusunda
apardığımız rəy sorğusunda iştirak edən
respondentlərin mütləq əksəriyyəti
qadınların işləməsinin tərəfdarıdır.
Məryam Əlibəyli - bəstəkar:
- Bu elə
bir mövzudur ki, müxtəlif tərəfdən baxmaq olar.
Müasir dövrdə qadın həm evinin xanımı, həm
də gözəl həyat yoldaşı olmalıdır. Həmçinin
qadın övladlarını tam şəxsiyyət kimi
yetişdirmək istəyirsə, savadlı və
dünyagörüşlü olmalıdır. Adət-ənənələrimizi,
dəyərlərimizi gözəl bilən xanımın
övladlarının təlim-tərbiyəsi də mükəmməl
olacaq. Bu da düzgün vətəndaş yetişdirmək
baxımından çox vacibdir.
Düşünürəm
ki, bütün günü qadın evdə otursa,
dünyagörüşü geniş olan insan ola bilməz.
Amma xanım paralel olaraq həm təhsilli olsa, həm işləsə,
həm ictimai həyatda fəal bir insan olsa, tərbiyə
etdiyi uşaqlar da cəmiyyətə daha yararlı olar, əsl
vətəndaş kimi formalaşar. Qapalı ev şəraitində
olan xanımlar öz biliklərini əsasən televiziyadan
alırlar və övladlarını da həmin biliklər əsasında
böyüdürlər. Düşünürəm ki, belə
xanımlar cəmiyyətə daha az fayda verir.
Elçin Əfəndi - sosioloq:
-
“Qadın işləməlidirmi” sualının özündə
gender bərabərliyi az da olsa, pozulur. Əgər biz qadın
və kişilərin hüquqlarının bərabərliyindən
danışırıqsa, ayrı-seçkilik etməməliyik.
Qadının işləməsinə qarşı deyiləm.
Amma baxır hansı qadının işləməsi. Yəni
ki, əgər hansısa bir qadın ailə həyatı
qurubsa, övladları varsa və onun işləməsi ailə,
eləcə də övladlar üçün problemlər
yaratmırsa, işləyə bilər. Yox əgər bu proses
ailə və övladlar üçün fəsadlar verərsə,
qadının işləməsinə lüzum yoxdur. Ailə həyatı
qurmayan qadınların böyük əksəriyyəti
iş, karyera haqqında düşünən
qadınlardır. Bu tip qadınlar, əsasən, şəxsi
həyatlarını iş həyatlarına qurban verirlər.
Ümumi
prizmadan baxsaq, qadının işləməsi, ümumiyyətlə
sosial status qazanması heç də qəbahət deyil.
Çünki sabah o qadın hər hansı səbəbdən
tənha və ya övladı ilə qaldıqda ən
azından özünü və övladını
dolandırmağı bilməlidir.
İradə Əlili - şairə,
publisist:
- Ailədə
qız və oğlan uşaqları arasında fərq qoymaq
olmaz. Həm qadına, həm kişiyə oxumaq, işləmək
vacibdir. Əsasən də, xanımlara. Təbii ki, heç
kim işləməyə məcbur edilə bilməz. Bu şəxsi
istək əsasında olmalıdır. Konfutsi deyib ki,
özünüzə elə peşə, elə sənət
seçin ki, ömrünüzün sonuna qədər onunla bərabər
olasınız.
Bu gün
qız uşağına daha çox peşə-sənət
qazanmaq lazımdır. Həyatda hər şey ola bilər. Həyatda
xoş gün olduğu kimi, çətin anlar da olur. Belə
anlarda xanımlar kişilər kimi daş daşayıb ən
ağır işləri görə bilməz. Bu cür
çətin vəziyyətlərdən çıxmaq
üçün xanım niyə də gözəl saç
ustası, dərzi, həkim, müəllim olmasın. Ailədə
müəyyən maddi problemlər zamanı həm kişinin,
həm də qadının evə qazanc gətirməsi ailənin
maddi durumunun yüksəlməsinə səbəb olur.
Xanımın
işləməsi o demək deyil ki, ev işləri ilə
maraqlanmasın. Bu o demək deyil ki, qadın işləyirsə,
bütün ağırlıq onun üzərinə
düşməlidir. Təbii ki, ev işləri onun iş
yerinə, karyerasına təsir etməməlidir. İşləyən
xanımın həyat yoldaşı da anlayışlı
olmalıdır. Evdəki problemlər həm qadın, həm
də kişi tərəfindən bərabər şəkildə
həll edilməlidir. Həm işləyən, həm də
ev işlərini vaxtında görən xanımlarımız
ən xoş sözlərə layiqdirlər. Belə bir deyim
var: xoşbəxt o insandır ki, səhər tezdən işə,
axşam da evə tələsir.
Niyam Şirinov - jurnalist:
-
Qadının işləməsi cəmiyyətdə birmənalı
qarşılanmır. Əsasən də “normal iş”
anlayışı buna imkan vermir. Bu anlayış həm ata
evində, həm də evləndikdən sonra ər evində də
davam edir. Amma əsasən ailə qurduqdan sonra bir çox
qadınların iş xəyalı suya düşür. Buna məntiqi
səbəb kimi isə “qadının yeri ərinin
yanıdır” misalı göstərilir. Gender bərabərliyi
pozularaq qadının işləməsinə icazə verilmir.
Gör-götür dünyası olduğunu nəzərə
alsaq, bunu bir növ keçici bir xəstəlik olaraq da
görə bilərik. Nə üçün? Çünki
qadının işləməsinə o qədər də
yaxşı baxılmadığı bir cəmiyyətdə
onun işdən gec gəlməsi isə “yolverilməz” bir
haldır. Qadın evə tez gəlməli, yeməyini
hazırlamalı və ərinə, uşaqlarına
yaxşı baxmalıdır. Təbii ki, bu halları
ümumiləşdirmək olmaz. Qadın işləməlidir.
İşləyib öz ayaqları üzərində
dayanmalı, yoldaşına dayaq olmalıdır.
Sabah-birigün yoldaşının başına bəd hadisə
gələrsə, o ailəyə sahib çıxmalı, kiməsə
möhtac qalmamalıdır. Bütün bunları
düşünərək analiz etmək və doğru qərar
vermək lazımdır.
Günel Fərhadqızı - risk
meneceri:
-
Düşünürəm ki, qadın hökmən təhsil
almalı, işləməlidir. Qadının ailədə
rolunu nəzərə alsaq, təhsili olmayan və işləməyən
qadınların evdar qadın olaraq deqradasiyaya uğraması və
gələcək nəslimiz olan uşaqları bu mühitdə
böyütməsi cəmiyyət üçün təhlükəlidir.
Qadın işləyərsə, kişinin üzərinə
yük çox düşməz. Ailə xərclərini bərabər
bölüşdürərlər. Kişi işsiz
qaldığında ailə maddi çətinliklər
üzündən sarsıntı yaşamaz. İşləyən
qadının dünyagörüşü də fərqli
olur, qazandığı pulun qədrini bilir.
Məsələ ilə bağlı psixoloq-pedaqoq Aybəniz Xəlilovanın da fikirlərini öyrəndik. Aybəniz xanım bildirir ki, qadınların işləməsi ailə büdcəsinə kömək göstərir, ailənin sosial rifahını daha da yüksəldir:
- Cəmiyyətdə qadınların işləməsi zaman-zaman müzakirə edilib və heç də bir mənalı qəbul olunmayıb. Buna səbəb qadınların yalnız ev işləri görmək, övlad böyütmək, həyat yoldaşının qayğısına qalmaq və bu kimi digər vəzifələri yerinə yetirməkdən ibarət olması fikrinin mövcudluğudur. Qeyd edək ki, bu kimi baxışları olan kişilər qadın işlərsə ev qayğısından azad olacaqlarından, övladlarının və özlərinin baxımsızlığından qorxurlar. Halbuki cəmiyyətimizdə qadınlarımız kişilərlə bərabər işləyərək ailəsini kifayət qədər təmin edirlər.
Düşünürəm ki, qadınların işləməsinin bir sıra müsbət cəhətləri var. İşləyən qadınlar özlərini inkişaf etdirməklə bərabər böyütdükləri uşaqların da dünyagörüşünün yüksək olmasına təsir edir. İşləyən qadınlar hüquqlarını yaxşı bildiklərindən onları aldatmaq çətin olur, bu hal kişiləri daha çox narahat edir. Nəhayət, qadınların işləməsi ailə büdcəsinə kömək göstərir, sosial rifahı daha da yüksəldir.
Həmidağa Məcidov
İki sahil.- 2016.- 3 noyabr.- S.15.