İlham Əliyev: Multikulturalizmin dünyada bir çox

ünvanları var, onlardan biri Azərbaycandır

 

Ulu öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı  birləşdirsə, bir o qədər  zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Şərqlə Qərbin qovuşuğunda  yerləşən  Azərbaycanın  tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq  bütün vətəndaşlar eyni hüquqlara malikdir və bu hüquqlar  müvafiq qanunlar əsasında qorunur. Ümummilli Lider Azərbaycanın ən başlıca sərvətlərini qeyd edərkən qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanları xüsusi vurğulayırdı: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib.”

Bu gün  Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Bu günün reallıqlarını düzgün dəyərləndirmək hər zaman keçilən yola nəzər salmağa, düzgün təhlillər aparmağa böyük zərurət yaradır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışı  xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynadı. Dövlət-din  münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Milli Konstitusiyanın 48-ci “Vicdan azadlığı” maddəsində qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud  heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə  etmək və yaymaq hüququ vardır. Xatırlasaq, 2009-cu ildə keçirilən ümumxalq səsverməsində Konstitusiyanın bu maddəsinə belə bir əlavə də edilmişdir ki,  heç kəs  öz dini  etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Ölkəmizin ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da  Azərbaycanın tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək bildirilir ki,  Azərbaycanda milli dəyərlərə sadiqlik,  ümumbəşəri dəyərlərə  hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə  xidmət göstərir. Təbii ki, Azərbaycanın   BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna  ev sahibliyi etməsi təsadüfi deyildi. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəsi ilə diqqət çəkir. Dövlətimizin başçısı Qlobal Forumdakı çıxışında da bu məqamlara xüsusi diqqət yönəltmişdir: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülükmultikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.”

Cənab İlham Əliyev hər zaman bu məqamı xüsusi qeyd edir ki,     milli dəyərlərimizə sadiq olmalı, qloballaşma adı altında  milli mentalitetə  xas olmayan  keyfiyyətlər aşılanmamalıdır. Sovetlər dövründə  xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Müstəqillik əldə etdikdən sonra islami dəyərlərə  hörmət və ehtiram güclənmişdir. Son on üç ildə  bu siyasətin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi beynəlxalq səviyyədə də təqdir edilir, yüksək qiymətləndirilir.

İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşırlar. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir. Bu faktı da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dinimilli tolerantlıq mühiti  bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin  maraqlarına cavab vermir. Ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları və  dini təriqətlər Azərbaycana da ayaq açır və onlar respublika ərazisində  şəbəkələşməyə cəhd göstərirlər. Bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, millidini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və təhrik etmək istəyənləri, şəbəkələşərək pozuculuq fəaliyyəti  göstərənləri ifşa etmək, onların əsil simasını cəmiyyətə tanıtmaq əsas vəzifələrimizdəndir. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq, bu gün din pərdəsi altında göstərilən cəhdlərin ölkə üçünkimi problemlər yaratdığını ətraflı şəkildə təhlil etməyə böyük zərurət duyulduğu daha dərindən dərk olunar. Azərbaycan kimi ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirən hər kəs ölkədə tolerantlıq mühitindən sui-istifadə edən radikal dini qruplaşmaların  cəhdlərinin əbəs olduğunu bildirir. Xalq-iqtidar birliyinin möhkəmliyi  fonunda bütün bu kimi  cəhdlərin qarşısı hər zaman  qətiyyətlə alınır.

Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun təsdiqi kimi məhz  beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsini xüsusi qeyd etməliyik. Bu ilin sentyabrında ölkəmizin ev sahibliyi etdiyi V Bakı Beynəlxalq Humanitar Forumunda dövlətimizin başçısı İlham Əliyev bir daha bildirmişdir: “Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək.”

Dövlətimizin  başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan edilməsi  ölkəmizin qazandığı imicin, uğurların,  tutduğu mövqeyin təqdimatında əhəmiyyətli rola malikdir. Qeyd edilən fərmanlarda da bu reallıq öz əksini tapır ki, sivilizasiyaların  qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə  etiraf edilən  həqiqətlərdəndir.  Ölkə Prezidenti bu kimi addımları  multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq atır. Cənab İlham Əliyev  multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu önə çəkərək bildirir: “Artıq tarixi keçmişimizbunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər  əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir. XXI əsrdə multikulturalizmə alternativ yoxdur.”

Ölkə Prezidenti İlham Əliyevin bildirdiyi kimi,  hər bir dövlətin  gücü iqtisadi qüdrəti ilə yanaşı millidini birlikləri ilə  ölçülür. Millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər həqiqətən öyrənilməyə  və təbliğ olunmağa layiqdir.  Multikulturalizm meyillərinin gücləndirilməsi üçün  səylərin birləşdirilməsi, birgə addımların atılması vacib şərt kimi diqqətə çatdırılır. Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il keçiriləcək İslam Həmrəylik Oyunları bu məqsədə xidmət edir ki, müsəlman aləmində  əlaqələr  daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha  yaxşı zəmin yaradılsın. Qeyd etdiklərimizi ümumiləşdirsək, tolerantlıq xalqımızın adi həyat tərzi və dövlət siyasətidir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2016.- 8 noyabr.- S.4.