Səhnəmizin Cavad xanı:
Nürəddin
Mehdixanlı
İlahi istedaddır aktyorluq. Aktyorluq
səhnədə yaratmaq, ağlamaq, gülmək, sujet xatirinə
dondan-dona girmə bilməkdir. Deyirlər? ömür də
bir kinodur. Milyon dəfə həyata gəlir aktyor, milyon dəfə
ölür. Yaşadığımız bütün hissləri,
hadisələri xatırladır bizə. Ağladır bəzən
saatlarca, ya da güldürür. Bəzən də dərin-dərin
xəyallara qərq edir... Hər kəs bacarmır bu işi,
çünki fitrətindədir aktyorluq seçilmiş
insanların. Azərbaycan həm də ona görə istedadlar
yurdudur ki, dünyaya görkəmli sənət ulduzları, məhz
əvvəldə qeyd etdiyim kimi seçilmiş insanlar bəxş
edib. Onlardan biri də Azərbaycanın Xalq artisti, aktyorumuz
Nürəddin Mehdixanlıdır. Romantik pafosa, coşqun daxili
temperamentə, gözəgəlimli səhnə görkəminə
malik, tarixi şəxsiyyətlərin obrazlarını teatr səhnəsində
canlandırmaqla Azərbaycan teatr tarixinə öz dəst-xəttini
yazan aktyorumuz “İki sahil” qəzetinin qonağıdır.
- Nürəddin
müəllim, sizinlə müsahibəmiz çox özəl
bir vaxta- doğum gününüz ərəfəsinə təsadüf
edir. Bu yaxınlarda 60 yaşınızı qeyd etdiniz.
Maraqlıdır, sənətə ilk gəldiyiniz günlərdə
olduğu kimi özünüzü gümrah hiss edirsinizmi?
- Nə az, nə çox, düz 60 il. Həyatın hamardırsa ömrünün sonuna çatırsan, geri baxanda nisgil görmürsən. Çünki hər şey dümdüzdür. Biri də var ki, sən dağdan, daşdan, çaydan, o maneələrdən keçmisən, geri dönəndə keçdiyin dəryaları, yıxıldığın qayaları görürsən. Başa düşürsən ki, mənim həyatım budur. Əmin olursan ki, mən hardan gəlmişəm və kiməm. Deməli, olduğum yerin dəyƏrini bilməliyəm. Biz bu Vətənin bir parçasıyıq, zərrəsiyik. Əgər zərrə sağlamdırsa, yerindədirsə, deməli millət sağlam, zəkalıdır. O millət yaşayacaq və daim qazanacaq.
Bu illər ərzində çox maneələr aşmışam. Tanrıma hər şey üçün şükür edirəm. Özümü gənc, enerjili hiss edirəm. Əvvəllər bu yaş mənə çox gəlirdi, indi görürəm ki, hələ o qədər də çox deyil.
- Dediniz ki,
çox çətinliklərdən keçmisiniz. Yolunuza
daş qoyanların sayı çox olub?
- Ayaqdan çəkənlər həmişə
olub və var. İnsanlar
çox rahatlıqla sənin haqqında yalan informasiyalar verirlər.
Səni gözdən salmaq, gördüyün
işlərin qabağını almaq üçün hər
şey edirlər. Bu cür münasibətlər
həmişə olub. Sadəcə indi
texnologiya inkişaf etdikcə maneələr yaradan adamların
imkanları daha da çoxalıb. Amma bir
şeyi dəqiq bilirəm ki, özünə yanan, peşəsini
sevən, seçdiyi peşənin sirrlərinə vaqif olan
adamı saxlamaq çox çətindir. Həyatımda
nə qazanmışamsa, bir yerə çatmışamsa onun
səbəbi mənim müəllimlərim, mənsub
olduğum, böyüdüyüm ailədir.
- Ailənizdə ən qiymətli hədiyyə
kitab olub...
- Bəli.
Bizim ailədə ən qiymətli şey kitab
idi. Ən qiymətli uşaq kitab oxuyan
uşaq idi. Evin ən yaxşı hədiyyələri,
atamızın əlinin sığalı da onun idi. Azərbaycan gənclərinə demək istədiyim
bir şey var. Qoy onlar kitabı çox sevsinlər. İnsana hərkəs - ən yaxını, ən
sevdiyi insan belə xəyanət edə bilər. Amma kitab səni heç vaxt aldatmaz, darda qoymaz, onun sənə
öyrədəcəyi şeyləri heç kəs öyrədə
bilməz.
- Deyirlər, insanın ən
gözəl illəridir uşaqlıq. Ziyalı
ailədə böyümüsünüz. Necə xatırlayırsınız o illəri?
-
Uşaqlıq illərim haqqında çox danışa bilərəm.
Sonsuz xatirələr, yaddaşımdan silinməyəcək
izlər var. Amma məktəb illərimin mənim həyatımda
yeri başqa olub. Heç vaxt yadımdan
çıxmaz. Təsəvvür edin ki,
orta məktəbdə bayram günləri müəllimlərimiz
bizi meşəyə aparırdılar. Orada
uşaqlar üçün süfrə açardılar.
Həm oxuyurduq, həm öyrənirdik, həm də
gəzirdik. Məktəb teatrlarına
gedirdik. Orada biz danışmağı,
komplekslərdən azad olmağı, Azərbaycan ədəbiyyatını
öyrənirdik. Öyrəndiklərimiz həyatda
bizə çox lazım oldu. Sonra ali
məktəbə gəldim. Orada da mənim bəxtim
gətirdi, çox yaxşı müəllimlərim oldu.
Adil İsgəndərov kimi teatr və kino nəhəngi bizə
dərs dedi. Mikayıl Mirzə, Əzizağa Quliyev, Mehdi Məmmədov,
Tofiq Kazımov, Rza Təhmasib və başqaları. Biz kimlərin əhatəsində böyüdük,
İlahi. O müəllimlər
istedad gördükləri tələbələrinin ya sona qədər
yanında idilər, ya da görürdülər ki, istedad
yoxdu, o zaman tələbələri başqa fakültəyə,
başqa sənətə yönləndirirdilər.
- Qeyd etdiniz ki, müəllimləriniz
sarıdan bəxtiniz gətirib. Çox dəyərli
insanlarla işləmisiniz. Bu mənada
özünüzü şanslı hesab edirsinizmi?
- Müəyyən
mənada şansa inanıram. Amma insan həm də
qismətini özü yazır. Orta məktəbdə
oxuyanda müəllimlərmiz bizə rəngsiz kontur xəritələri
verirdilər. Deyirdilər ki, rəngləyin.
Məsələn, bu gün Afrikanı rəngləyəcəyik.
Mənim qara rənglə rənglədiyim
ölkəni bir başqası qırmızı, digəri
sarı rənglə rəngləyirdi. Qismət
dediyimiz həmin o kontur xəritəsidir. Allah
bizi yaradıb. Amma biz o kontur xəritəsini
əməllərimizlə, fəaliyyətimizlə rəngləyirik.
Karkas var, onu sən dolduracaqsan. Ora nə qədər
faydalı proqram yükləsən, deməli, o qədər gərəkli
olacaqsan, səndən çox şey öyrənəcəklər.
“Bəxti gətirdi” deyirlər. Ona görə
gətirdi ki, o yerə qədər həmin insan özünü
hazırlamışdı. Mən oturum və
fikirləşim ki, bəxtimdə varsa olacaq, olmayacaqsa yox.
Elə şey yoxdur. Çalışacaqsan.
“Səndən hərəkət, məndən bərəkət”
deyib bizi yaradan. Amma
özümü heç də şanslı adam
saymıram. Çünki heçnə
qarşıma rahat gəlmədi. Mən
savaşa-savaşa, vuruşa-vuruşa mübarizə apara-apara
gəldim bu yerə. Üzümə bir
qapını elə-belə açmadılar. İndinin
özündə də fikirləşirəm ki, mən daha
çox işlər görə, daha faydalı ola
bilərdim. Amma mən hər dəfə
faydalı olmağımı sübut eləmək
üçün maneələr aşdım.
- Belə başa düşdüm
ki, qarşısına qoyduğu məqsədə çatmaq
üçün hər şeyi edə bilən
insansınız. Doğrudurmu?
- Məsələn,
bir sənətçi var, Xalq artisti. Ona deyəndə
ki, “Salam, xalq artisti”. Cavabında deyir ki,
dolayırsan məni? Niyə dolayıram,
Xalq artisti deyilsən? Deməli bu insan
özündən şübhəlidir. Çünki
o həmin adı qazanmayıb, həmin adı ona veriblər.
Gərək bir şeyi qazanırıqsa zəhmətlə
qazanaq, ona layiq olaq. Elə layiq olaq ki, düşmənin
belə arxanca desin ki, halal olsun. Mən şanslı
olmaq istəməzdim. Bu gün gətirən şans sabah gətirməyəcək, onda nə edəcəksən?
İnsanın gərək bacarığı,
istəyi olsun. İnsan gərək desin ki, öldürəcəksiz,
asacaqsız, qarşıma dəmirdən hasarlar çəkəcəksiz,
amma mən də onu yarıb keçəcəm. Kənd uşaqlarında belə bir
and var: “Dədəmin goru haqqı o çayı keçəcəm”.
Deməli doğrudan da bacaracaq. İnsan onda qazanır.
- Aktyorlar emosional olur, deyirlər.
İncəsənət adamlarına xas olan bu incəlik,
ümumiyyətlə elə aktyorluq insanda sonradan yarana bilərmi?
- Aktyorluq
istedaddır, insanın fitrətində olur. O, insanın
canında, qanında var artıq. Amma istedadla bir
yerə qədər gedirsən. İstedadın
yanında zəhmət yoxdursa, o istedad səni müəyyən
bir yerə qədər aparacaq, əvvəl axır
düşüb qalacaqsan. Bir gün qədim
daşları axtarırlar, almaz tapırlar. Adi bir daşdır əslində. Almaz nə zaman dəyərli olur? Onu yonurlar, gözəlləşdirirlər. Bir almaza qıraqdan baxanda onu ancaq daş formasında
görürlər. Amma zərgər ondan
gözəl zinət əşyaları düzəldir və
almaz artıq sənət əsərinə çevrilir.
Hesab edirəm ki, istedad gözəl şeydir, amma sən onun dəyərini
bilmirsənsə,
bu döyüşə gedib, qılıncı
götürməmək kimi bir şeydir.
- Yəqin
razılaşarsınız ki, istedadı daha da inkişaf
etdirməyin əsas yolu təhsildir...
-
Ümumiyyətlə, təhsilsiz, oxumayan, mütaliə etməyən
insanlara baxışım bir az başqa
cürdür. Yadıma gəlir ki, kəndimizdə
yaşlı bir qadın var idi. Bilirdi ki,
bu, puldur. Amma bilmirdi, bu 5 manat, ya 10 manatdır.
Uşağa deyirdi ki, a bala get, mənə qənd al. Uşaq
gedirdi qənd alırdı, pulun qalanını
xıdalayıb gətirirdi. Qadın deyirdi ki, a
bala mən sənə bir dənə pul verdim, sən mənə
gör nə qədər pul qaytardın. Bilirsiniz, təhsilsiz,
oxumamış, peşəsini elmi tərəfdən öyrənməyən
adam həmin o bizim kənddəki
yaşlı qadın kimidir. Bu gün xüsusi
olaraq peşəni öyrənmək lazımdır. Başa düşürəm, hansısa gənci
seçirlər, serialda çəkirlər. Fikir verirsinizsə, boyu buxunu, qaşı,
gözü hər şeyi yerindədir. Amma
ondan heç nə gəlmir, enerji yoxdur, sənə təsir
edə bilmir. Qədimdə aktyor sənətinə
insanlar xüsusilə maraqla baxırdılar. Aktyorlar insanların duyğuları ilə
oynayırdılar, onların diqqətini özlərinə cəlb
edirdilər. Ona görə də bir vaxtlar
aktyorlara hipnozçular, manipulyatorlar da deyirdilər. Aktyorda bu bacarıqlar mütləq şəkildə
olmalıdır. Ona görə də
öncə bu işin nəzəriyyəsini öyrənməlisən.
Təhsilsiz böyük aktyor, böyük sənətkar ola bilməzsən. Gənclik illərində
hamı sənə heyran olacaq, tamaşaçılar, gənc
qızlar arxanca gəzəcəklər, yazacaqlar və s.
Bunlar hamısı olacaq, amma bir yerə qədər. Ona görə də istənilən peşəni
kökünə qədər öyrəcənəksən.
Onda sənin söz demək haqqın yaranacaq.
- Sənətin sirrlərinə bu qədər
dərindən bələdsiniz. Gənclərə
sizin kimi müəllimlər lazımdır. Nəyə görə pedaqoji fəaliyyətlə məşğul
olmursunuz?
- Bir
diplom işi ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində 6 ay
çalışdım, amma sonra saxladım. Səbəbi
ondan ibarətdir ki, mənim televiziyada, teatrda işim çox
olur. Sadəcə vaxtım olmayıb.
Keçən illərdə də bir neçə
dəfə pedoqoq kimi dəvət olunmuşam. Amma mən yalandan gedib özümü göstərmək
fikirində olmamışam. Əgər
universitetə gedirəmsə, nəyisə öyrətməliyəm.
Necə ki, müəllimlərim mənə
öyrədiblər. Mən fəxrlə
deyirəm ki, Adil İsgəndərovun tələbəsiyəm,
çünki o mənə həqiqətən çox şey
öyrədib. Mən də əgər pedaqoji faliyyətlə
məşğul olacamsa, deməli, sabah tələbəm
də mənim haqqımda fəxrlə
danışmalıdır.
- Sizcə, bu günün aktyorunun
üzərinə düşən əsas məsuliyyət nədir?
-
Ümumiyyətlə, aktyor bütün peşələr
haqqında, ən azı sənətinə yaxın olan
peşələr haqqında qısa da olsa məlumatlı
olmalıdır. Aktyor yüksək səviyyədə
ədəbiyyatı bilməlidir, dilçi, tarixçi,
filoloq olmalıdır. Biraz rəssamlığı
bacarmalı, musiqini anlamalıdır. At
sürməyi, silahlardan, texniki vasitələrdən istifadə
etməyi bacarmalıdır. Fikir verin ki, bu
günün aktyorunun üzərinə nə qədər məsuliyyət
düşür. Düzdür, xaricdə əvvəl
bir çox şeyləri kaskadyorlar edirdilər. Artıq akytorların özləri edirlər. Yəni, aktyor intellektual səviyyədə
özünü yetişdirəcək, texniki vasitələrdən
özü istifadə edəcək, mütaliəsi olacaq,
dünyada baş verən bütün hadisələrdən xəbərdar
olacaq. Aktyor danışmağı,
inandırmağı bacarmalıdır. O adam
inandıra bilir, fikirini söyləyə bilir ki, onun mütaliəsi
var. İnandırıram sizi ki, mən hər gün 20-30 səhifə
kitab oxumasam, eləbil özümü yarımçıq hiss
edirəm. Evdə də, işdə də kitab
var. Elə bilirlər ki, aktyorlar həmişə
başqalarının sözlərini oxuyurlar. Amma o dövr keçdi, artıq suflyor teatrı
yoxdur. Aktyor yaradıcı insandır, ona
material verirlər. Aktyor həmin materialdan
sənət əsəri düzəldir. Görün
aktyorun nə qədər intellektual, sağlam beyni, ruhu,
düşüncəsi olmalıdır ki, o, başqaları
üçün maraqlı görünsün. Bir sözlə, aktyor hamı olmağı
bacarmalıdır.
- Bu günün aktyorunun çiyinlərinə
düşən məsuliyyətdən danışdıq. Necə
düşünürsünüz, hazırda həmin məsuliyyəti
çiyinlərində layiqincə daşıya bilən gənc
aktyorlarımız varmı?
-Var. Mənim sabahına, gələcəyinə
inandığım gənclərimiz var. Onlarla daim təmasdayam,
məşqlər vaxtı, pərdə arxası söhbətlər
edirik. Bildiyimizi öyrədir, məsləhətlərimizi
veririk. Bu gün tearda kifayət qədər
istedadlı akytorlarımız var. Məsələn, Eldar
Qarayev. Səsi, duyğuları, boy-buxunu
yerində, çalışqan aktyorlarımızdandır.
Anar Heybətov yaxşı aktyordur. “Topal Teymur” tamaşasında Orxanı
oynayırdı, hazırda “Ölülər” əsərində
yenidən tərəf müqabiliyik. Burada
artıq Kefli İskəndəri oynayır. Çox böyük və məsuliyyətli bir
işdir. Azərpaşa Nemətovun
qoyduğu tamaşadır. Hesab edirəm
ki, Azərbaycan teatrının son 30 ilində qoyulmuş ən
uğurlu və geniş miqyaslı bir tamaşadır.
Kaş Azərpaşa Nemətov bizim teatra bədii rəhbər
kimi 15 il
bundan qabaq gəlmiş olaydı. Yəqin ki,
indi Akademik Milli Dram Teatrında başqa mənzərənin
şahidi olardıq. Elçin Əfəndi,
Elnur Qədirov çox maraqlı aktyorlardır. İradə, Rada, Ləman, Xədicə kimi gənc,
istedadlı qadın aktrislarımız var. Yəqin ki, siz bu gəncləri
seriallarda görürsünüz. Onların
artıq 26-28 yaşları var. Mən teatra təyinatla gələndə
22 yaşım var idi. 23 yaşımda
“Unuda bilmirəm” tamaşasında Kamranı oynuyurdum. Xalqımız istedadlı xalqdır, sənətə
dəyər verir.
- İstərdim bir az
da Azərbaycan tamaşaçısının teatra olan
marağından danışaq. Çoxları deyir ki, teatra
maraq dəyişilib, əvvəlki səviyyədə deyil. İllərdir bu sənətdəsiniz. Doğrudanmı Azərbaycan
tamaşaçısının zövqü dəyişib?
- Bu fikirlə
həm razıyam, həm də deyiləm. Bunun
da obyektiv və subyektiv səbəbləri var. Teatr ümumiyyətlə
seçilmişlərin zövqünə uyğun bir sənətdir.
Antik dövrdə bu işlə zadəganlar, cəmiyyətin
üstün təbəqəsi məşğul olurdu. Rusiyada da bu sənəti yaradanlar yenə cəmiyyətin
üstün təbəqəsi, knyazlar idi. Görün Azərbaycanda bu sənətin təməlini
qoyan kimlərdir. Həsəb Zərdabi, Əsgər
ağa Gorani, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy
Hacıbəyov, Nəcəf bəy Vəzirov, Cahangir bəy
Zeynalov. Bu insanlar cəmiyyətin öndə gedən insanlarıdırlar. Deməli bu sənət seçilmişlərin
sevdiyi sənətdir. Sovet dövründə
kinonu, teatrı, ədəbiyyatı, musiqini təbliğat
maşınına çevirdilər. Təbii ki, Sovet
rejimini yaşadan ideoloji silah bu sadalananlar idi və hakimiyyət
bu sahələrə yatırımlar edirdi. Nə zaman ki, kino, teatr, ədəbiyyat rejimin əleyhinə
işləməyə başladı, rejimi
çökdürdü, yəni ideoloji silah olmaqdan
çıxdı. İndi repertuar dəyişməlidir. Dünən “Kommunistlər ölməməlidir” deyə
qışqırırdılar, bəs bu gün nə təbliğ
olunmalı idi? Ona görə də uzun illər
böyük ədəbiyyat, böyük musiqi yaranmadı.
Çətindi birdən-birə dəyişmək.
Amma zaman-zaman artıq teatr özünü
doğrultdu. Yaxşı işə maraq həmişə
var. Azərbayacan tamaşaçısının zövqü
heç vaxt dəyişilməyib. Bu
gün Akademik Milli Dram Teatrında qoyulan istənilən
yüksək səviyyəli teatrın tamaşaçısı
hər zaman var. Bəhram Osmanovun quruluş verdiyi, Qarabağ
hadisələrindən bəhs edən “Xəcalət”
tamaşamız var. On ildən
artıqdır bizim repertuarımızdadır. Dünyanı gəzmişik, dünyanın
üç beynəlxalq festivalında mükafat
almışıq. İngilislər,
almanlar, fransızlar, ruslar, italiyanlar kimi teatr sahəsində
profesional olanların içərisindən ən yüksək
mükafatları məzh biz almışıq. Hazırda teatrda “Ölülər”
tamaşasını oynayırıq. Bir ayda 9-10 dəfə
tamaşa qoyulur. Belə bir şey olmuyub.
Ayda maksimum 3 tamaşa qoyulmalıdır. Niyə “Ölülər” 9-10 dəfə qoyulur?
Çünki tamaşaçı tələb
edir. Məsələ nədir bilirsiniz?
Bizdən
qabaqdadır
avropalılar,
İşi
iş bilənə tapşırırlar.
Bu peşəni sahibinə tapşıracağıq. Azərpaşa
Nemətov ölkə rəhbərliyi tərəfindən
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin
olundu. Repertuar, oyun qaydaları, iş prinsipləri dəyişdi. Nəticə göz
qabağındadır.
- Teatrın, kinonun, ümumiyyətlə
Azərbaycan mədəniyyətinin inkişafı daim dövlətin
diqqət mərkəzindədir. Azərbaycanın
Xalq artisti kimi bu gün ölkəmizdə bu sahənin
inkişafına göstərilən diqqət və
qayğını necə qiymətləndirirsiniz?
- Azərbaycan
teatrı, kinosu bəlkə də çoxdan
dağılıb, əlaqəsiz insanların əlində
olardı. 1995-ci ildə teatr və kinoya
qayğı yenidən başladı. Bu bir
həqiqətdir ki, dahi Heydər Əliyev Azərbaycan
kinosunun, ədəbiyyatının, mədəniyyətinin,
incəsənət adamlarının dostu idi. Həm Sovet dövründə, həm də Azərbaycanın
müstəqillik qazandığı illərdə və daha
sonra bu sahənin yaşaması üçün əlindən
gələni etdi. Düşünürəm ki, Azərbaycan
sənətkarlarına maaş şəkilində illik
mükafatların verilməsi aktyor sənətinin fədailərini
yaşatdı. Məsələn,
aktyorlar mənzillərlə təmin olundular. Bu ənənə bu gün də davam edir. İncəsənət sahəsində mükafat
alanların sayı gündən-günə artır.
Zaman-zaman bu proses daha geniş vüsət alacaq. Elə həqiqətlər
var ki, onlar mütləq deyilməlidir. Əgər
yaxşı olanı demiyib, dünyanı ancaq qara rəngdə
görmüş olsaq, onda adamdan soruşarlar ki, sənin bu
qaranlıq dünyada nə azarın var? Hara sənə ağ görünür, get orada yaşa. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada
problemlər olmasın. Biz də
dünyanın bir parçasıyıqsa, bizdə də
olmalıdır. 25 yaşımız var.
Başımızda bu qədər bəlalar olmasına
baxayaraq, dünyanın min illik tarixli dövlətlərinin həll
etmədiyi problemlərimizi həll etmişik. Azərbaycanda həqiqətən mədəniyyət
sahəsinə dövlət tərəfidən çox ciddi dəstək
var. Hesab edirəm ki, yaxşını görməyi bacarmaq əxlaqdandır.
Yaxşını görəcəksən ki, o
yaxşının sayı artsın. Bir insan yanan
işığı görmürsə, problem işıqda
deyil, insanın gözlərindədir. İnkar
etmək böyük ağıla sahib olmaq demək deyil.
- Yəqin ki, öz
rollarınızı sonradan tamaşaçı kimi izləyirsiniz.
“Daha yaxşı oynaya bilərdim” ifadəsini
tez-tezmi işlədirsiniz?
-Çox
olur. “Gərək belə eləməzdim”,
“Kaş bunu belə etməyəydim” ifadələrini tez-tez
işlədirdim. O aktyor ki, “Mən yaratdım”, “Mən
varam” kimi ifadələr işlədir, mən həmin
aktyorların ağıllarına şübhə edirəm.
İnsan özünə necə deyə bilər ki, məndən
başqa bunu heç kim yarada bilməz. O
sahədə ki “Mən”in sayı çoxalır, o yerdə sənət
azalır. Aktyor “Mən yaratdım” dedisə,
artıq onun sənəti bitib, sadəcə xəbəri
yoxdur.
- Özünüzdən ailənizə,
övladlarınıza, xalqınıza miras qoyduğunuz rolunuz
hansıdır desəm, oynadığınız rollar
içindən konkret birinin adını çəkə bilərsinizmi?
Yoxsa bütün rollarınız eyni dərəcədə
əzizdir sizə?
- “Unuda
bilmirəm”
tamaşasındakı Kamran rolu, məni
tamaşaçıya sevdirən və aktyor kimi qəbul etdirən
roldur. O rol mənə aktyor vəsiqəsi
qazandırıb. Varı,
dövləti olan hər bir insan onu övladına qoyur. Hərdən düşünürəm ki, mənim
övladlarıma buraxa biləcəyim ən böyük miras
“Cavad xan” filmindəki Cavad xan roludur. Çünki
Cavad xan sözün əsl mənasında Azərbaycanın qəhrəman
oğuldur. Övladlarından belə
keçərək torpağını, şəhərini
qoruyan, Sisianova “Sən ancaq mənim övladarımın
meydinin üstündən keçib Gəncəyə girə
bilərsən” deyən kişidir. Sözünün
üstündə də durdu. Türk tarixinin çox
unikal, az saylı qəhrəmanlarındandır ki, vətən
üçün bu qədər mübarizə aparıb. Məncə, əsl qəhrəmanlıq öləcəyini
bilə-bilə ölümün üzərinə getməkdir.
Cavad xan məhz öləcəyini bilə-bilə
ölümə getdi və qəhrəmanlıq məktəbi
yaratdı. Ondan
sonra da belə oğullarımız oldu. Təsadüfi
deyil ki, indi mənim üçün ən müqəddəs
yer Şəhidlər Xiyabanıdır. Millətimin
yolunda qanını tökən gənclərimizi yatır
orada. Bu düşüncə ilə
yaşamaq və yaratmaq lazımdır.
- Dioloq yoxsa monoloq?
-Hər
ikisinin öz yeri var. Xoşbəxtsən ki, dialoq
apardığın adam səni duyur, hiss
edir, dinləyir. Görünməyən daxili
münasibətlər qurulur. O dialoq ancaq xoşbəxt sənətçiyə
məxsus olan dialoqdur. Monoloq daha çox tənhaların,
üsyançıların seçdiyi müraciət
formasıdır. Təkin səsi, təkin
harayıdır.
- Səhnədə tərəf
müqabili baxımından bəxtiniz gətiribmi?
- Hər
zaman yox. Amma mənim çox yaxşı tərəf
müqabillərim olub. Məmmədrza Şeyxzamanov,
Amaliya Pənahova, Sofa xanım Əsədzadə, Miravari Novruzov, Həsənağa
Turabov, Hamlet Xanzadə, Yaşar Nuri, Firəngiz Mütəllimova,
Ramiz Məlik və başqalarının adını çəkə
bilərəm.
- Xalq artisti, aktyor Nürəddin
Mehdixanlı necə ata, ailə başçısıdır?
- Nürəddin Mehdixanlı üç övlad
atasıdır. Həyat yoldaşım Sevinc xanım
ingilis dili müəllimidir, Azərbaycan Dövlət
İqtisad Universitetində dərs deyir. Böyük
qızım Ayturan ali məktəbi bitirib,
bank sahəsində çalışır. Oğulum
Ərturan ali məktəbi bitirib, dövlət
qulluğundadır. Kiçik qızım Alagöz bu il univeristeti bitirəcək. Bu mənim
kiçik ailəmdir. Amma Mehdixanlılar
çox böyük bir nəsildir. Əfşarın
Mehdixanlı qoluyuq. Əfqanıstan,
İran Türkiyə ərazisində yaşayan, türkün
güclü bir qoludur. Mən türk soyumla, ailəmlə,
ocağımla fəxr edirəm və Tanrıma
şükür edirəm ki, məhz bu xalqın
övladıyam.
- Əslində necə vətənpərvər
və milli bir insan olmağınız
övladlarınızın adlarından bəllidir. Maraqlıdır, özünüz istədiniz ki,
heç biri sizin yolunuzu davam etdirməsin, yoxsa onların şəxsi
qərarları belə oldu?
- Özləri
öz yollarını seçdilər.
Açığını söyləyim ki, seçimlər barəsində məsləhət
verə bilərəm, əmrlə danışmaq mənim
işim deyil. Heç vaxt onlara hökm etməmişəm.
Bir gün olmayacam dünyada. Hər biri müstəqil qərar vermək
iqtidarında olmalıdırlar.
- Sənət dostlarınızla
şəxsi münasibətləriniz necədir? Dostunuz
çoxdur, yoxsa düşməniniz?
- Mən
həmişə adamlarla normal münasibətdə oluram, amma
“adam”larla. Qarşıdakına göstərirəm ki, sənə
diqqət yetirirəm, hörmətim var. Amma layiq olmayana salam vermərəm, nümayişkaranə
şəkildə göstərirəm ki, sən mənim
üçün yoxsan, mən səni görmürəm. Bu mənada məndə orta yoxdur. Yaxşıya yaxşıyam, pisə pis. Bizim millət olaraq da bəlamız bu olub ki, fərqinə
varmadan günahları bağışlamışıq.
Hər şeyin üstündən keçə-keçə,
bağışlaya-bağışlaya bir də ayılıb
görmüşük ki, 2 milyon 865 kvadrat kilometr ərazisi
olan bir dövlətdən indi 86,6 min kvadrat kilometr qalıb. Onun 20 faizi hələ də işğal
altındadır. Bugünkü Azərbaycan gəncinə
ən böyük arzum ondan ibarətdir ki, dostla dost,
düşmənlə düşmən olmağı
bacarsınlar. Düşməni dost etməyi bacaracaqsa, bu
ayrı, amma babalarımızın min illərdən bəri gələn
bir sözünə inanıram ki, qarı düşmən
dost olmaz. Barış içində yaşamaq
istəyirlərsə, həmişə savaşa hazır
olsunlar.
- Bilirəm ki, boş
vaxtlarınız olmur. Amma maraqlıdır iş xaricində nələrlə
məşğul olursunuz?
-
Azacıq boş vaxtım olada evdə televizora baxıram, kitab
oxuyuram. İşdə imkan varsa yazıram,
rollarıma baxıram. Mənim həmişə
məşğuliyyətim olur. İnanmayacaqsınız,
amma mənim doğrudan boş vaxtım olmur.
- Bəs hər kəsdən
qaçıb, içinizə qapandığınız vaxtlar
olurmu?
- Olur. O vaxtlar
mən hamıdan uzaqlaşıb, çox sevdiyim bir yerə
gedirəm. Tələbəlik illərimdən
adətimdir. Ora dənizin qırağıdır, bir az uzaq. Bəzən adamlara sirrini
danışarsan. Ən etibar etdiyin adamlar
da onu kiməsə söyləyər. Amma get otur dənizdə,
içini boşalt, bütün dərdlərini söylə.
Çünki Xəzər sənə heç
vaxt xəyanət etməyəcək. Qəribədir
ki, insan yaşa dolduqca, xüsusən sənət adamları tənhalığa
doğru gedirlər. Çünki daha az
başa düşülməyə başlayırlar,
yaşadığı zaman, şərtlər,
düşüncələr dəyişir. Qəbul
etmədiyi şeyləri görüb, ağrısını
çəkməmək üçün, tənhalığa
çəkilir. Xoşbəxt o adamdır
ki, həmin vaxtlarda onu başa düşən ailəsi,
övladları var. Əslində ailə buna görədir.
Bütün dünya sənə qarşı olar, amma ailən varsa heç
kim sənə qalib gələ bilməz.
- Ən böyük arzunuz nədir
bəs?
- Ən böyük arzum övladlarımı xoşbəxt
görməkdir. Mənim övladlarım o vaxt xoşbəxt
olarlar ki, mənim Vətənim, xalqım xoşbəxt olsun.
Bakıdan Şəkiyə, Cəlilabada getmək
nə qədər rahat və asandırsa, Bakıdan digər
işğal edilmiş torpaqlarımıza getmək də o qədər
rahat və asan olsun. Azərbaycanın
Bayraq Meydanı təkcə Bakıda yox, harada azərbAycanlı
varsa orada olsun. Hər bir türkün
içində bir Turan arzusu var. O vaxt bəzi insanlar deyirdilər
ki, SSRİ dağılacaq. Heç kəs
buna inanmırdı ki, siz dəlisiniz. O cür
böyük imperiya dağıla bilərmi? Amma
dağıldı, Azərbaycan müstəqil oldu. Mən əminəm ki, günlərin bir
günündə bütün türk dünyası bir ocaq
başına toplaşa biləcək və hər bir
türkün ürəyində yaşatdığı, əzəli
və əbədi Turan yaranacaq. Əlbəttə,
istərdik o günləri biz də görək. Mən
buna doğrudan inanıram və hesab edirəm ki, içində
bu arzusu olan hər bir adam torpağın
altında olmuş olsa da, bunu hiss edəcək. “Unuda bilmirəm”
tamaşasında bir yer var. Məmmədrza Şeyxzamanov
Arazın o tayında olan qardaşına danışır. Deyir ki, qardaş, bir gün olar mən səni
görmərəm. Bu dünyadan
köçərəm. Amma inanıram ki,
bir gün böyük Azərbaycan olacaq. O zaman gələrsən
qəbrimin üstünə və deyərsən: “Mənim
nakam qardaşım, sənin arzun həyata keçdi”.
Şəfiqə
Dadaşova
İki sahil.- 2016.- 11 noyabr.- S.20; 23.