Nə qədər nəfəsim gəlir yazacam

 

Müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq Şairi Fikrət Qocadır

 

- Fikrət müəllim, uzun illərdir yaradıcılıqla yanaşı, rəhbər vəzifələrdə də çalışırsınız. Rəhbər Fikrət Qoca yazıçı Fikrət Qocaya mane olmadı ki? Bu balansı necə qoruyub saxlaya bildiniz?

- Yazıçılar, şairlər dünyada ən səmimi insanlardır. Vəzifə, iş, yaradıcılığa heç vaxt mane ola bilməz. Söhbət əsl yaradıcılıqdan gedir. Ümumiyyətlə, əgər yazıçı, şair, deyirsə ki, işim, adamlar yaradıcılığıma maneə olur, çox səhv edir. O, özünü qiymətləndirmək üçün xam adam tapıb. Əslində belədir ki, elə yazıçının şairin işi adamlar, insanlardır. Mənim bir balaca şeirim var, deyirəm: “Dünya dolub evlərdir, saraylardır, Damlardır, yollardır, hara baxırsan adamlardır. İnsan axtarıram mən...” Əslində insan azlığı var. Harada işləyirsən işlə bir nəfər insan tapanda sevinirsən.

- Sizi vətənpərvər şair də adlandırırlar. Demək olar, bütün şeirlərinizin hər misrasında Vətənə, millətə böyük sevgi var...

- Hər bir insanın borcudur ki, Vətənə sədaqətlə xidmət etsin. Hərəmiz bir iynə boyda bu torpağın, millətin təəssübünü çəksək hörmətimiz şanlı bayrağımız kimi qalxar, uca göyün üzərində durar. Əslində dünyaya bundan ötrü gəlmişik. İnsan yemək üçün gəlməyib ki, yer üzünə. Gərək elə işlə məşğul olasan ki, gec-tez dünyadan köçəndə gördüyün işlər səni xatırlatsın. İnsanın gecəsi ona verilən ehtiyat vaxtıdır. Onu yata da bilərsən, ondan kəsib işə də calaya bilərsən.

- Adınızın qarşısında saysız titullar var. Bu titullardan hansı sizə daha əzizdir?

- Xalq Şairi adı mənə daha əzizdir. Yəni bilmirəm nə dərəcədə bu adı doğrultmuşam. Ancaq dövlət mənə bu adı veribsə, əminəm ki, nəyəsə əsaslanıb verib. Əgər xalqım məni tanıyırsa, xalqın şairi ola bilmişəmsə bu ən böyük xoşbəxtlikdir.

- Fikrət müəllimin həyatı boyu Allahdan ən çox istədiyi nə olub?

 -Hər zaman Allahdan dolğun ömür istəmişəm. Hədər vaxtdan ağır yük yoxdur. Cəza versələr, sənə onu çəksən daha yüngüldür, nəinki ömrü mənasız, hədər keçirmək. Allah bu ömrü sənə verib ki yaşa, sürünmə.

- Ana haqqında çox şeirləriniz var. Ananızı necə xatırlayırsınız?

- Ana haqqında çox şeirlərim var. Ana haqqında yazılan şeirlərimə çox mahnılar bəstələnib. Ancaq elə bilirəm ki, hələ heç nə yazmamışam. Anam 1999-cu ildə rəhmətə gedib. 80-dən bir az çox olardı yaşı. İndi elə özümün 81 yaşım var. Görürəm ki, anam vaxtından çox tez rəhmətə gedib. Ancaq anam mənim üçün hələ də yaşayır. Başım ağrıyanda, kədərli olanda elə bilirəm ki, anama sığınıram. Onu heç kəs əvəz edə bilməz.

- Mahnılardan söz düşmüşkən, bildiyim qədərilə şeirlərinizin bir çoxuna mahnı bəstələnib. Hansı bəstəkar ilə işləmək sizə daha xoş olub?

- Şeir kitablarımda 7-ci cilddə 400 mahnı var. Bundan əlavə buraya əlavə olunmayan mahnılar da var. 400 mahnı ona görədir ki, bu kitabların hamısının həcmi eynidir. Ramiz Mirişli ilə yazdığım yüzdən artıq mahnı var. Ruhəngiz Qasımova, Polad Bülbüloğlu, Tofiq Quliyev və başqa bəstəkarlarla olan mahnıları daxil etmişəm. Musiqi bəşəri dildir. Əslində hamıya tərcüməsiz qəbul olunur. Ona görə də o daha müqəddəsdir. Mən musiqini çox sevirəm.

- Çox sevdiyimiz bir filmdəki mahnı sizin sözlərinizə yazılıb. Bilmək istəyirəm, uşaqlığınızın son gecəsi xatirinizdə necə qalıb?

 - İndi başa düşürəm ki, əslində uşaqlığın son gecəsi olmur. Bayaq qeyd etdim ki, 81 yaşım var. Hələ bu gün də bəzən uşaqlığımın bir gecəsi, bir günü olur. Çünki insan yaşını dəqiq görə bilmir. O ömür sənindir. Əslində uşaqlığın son gecəsi yoxdur.

- Sizin “Yuxumda Həccə getmişdim” şeirinizin hər sətrində, hər misrasında ikiüzlülüyə, yaltaqlığa, haqsızlığa qarşı böyük bir üsyan var. Yaşadığınız bu illər ərzində həmin o şeirdə söhbət gedən şeytanlara qarşı necə mübarizə aparmısınız?

 - Elə bacardığım kimi. Mənim silahım sözdür.

- “Sevgi gözəl bəladır, bəlası mənə gəlsin”, deyən şairin şəxsi həyatındakı sevgisi kimə olub?

- Sevgi elə evdəki xanımımadır. Onu çox istəyirəm. Buradan bir daha deyirəm ki, bilsin. 81 yaşında kişi “sevirəm” deyəndə qəribə gələ bilər. İnsan utanır. Amma sevgi əsasən də insanın ahıl yaşının qidası, yanacağıdır.

- Şeirlərinizdə elə məsələlərə diqqət çəkirsiniz ki, adam fikirləşir ki, sizin yaşınız, bioloji yaşınızdan xeyli çoxdur...

- Hələ cavan vaxtlarımda yazmışdım ki, bu dünya mənə tanış gəlir. Dünyanın bir çox ölkələrini gəzmişəm. Vyetnamda, Afrikada, Amerikada, Kubada və başqa ölkələrdə olmuşam. Bunların hamısında yerlər mənə elə tanış gəlib ki, elə bil nə vaxtsa buralarda olmuşam, hətta orada yaşayan adamlardan bəziləri ilə ünsiyyətdə olmuşam. Görünür dünyanın özünün də yaddaşında qalan qəribə şeylər var. Dünyanın başına külək kimi dolanaraq, özü ilə müəyyən xatirələr, düşüncələr, sifətlər gəzdirir. Olur ki, yolda getdiyin yerdə birdən yadına kimsə düşür, az keçmədən o adamla rastlaşırsan. Ağdaşda oxuyan vaxtlarda gedirdik xüsusi danışıq məntəqələrinə, elə yüksək səslə danışırdıq ki, bəlkə də səsimizi hamı eşidirdi. Ancaq indi oturursan evdə Amerika ilə danışırsan. Qızım Amerikada yaşayır. Xanımımla qoca adamlarıq, otururuq evdə zəng edib bizimlə elə rahat danışır ki, elə bil yanımızdadır.

- Müsahibələrinizin birində bildirmisiniz ki, şairlik ən böyük dərddir. Necə daşıyırsınız bu dərdi?

- Gözəl. Dərdsiz adamlar boş adamlardır. Onlara el arasında gönü qalın  deyirlər. Dərd insanın boyuna biçilib. İnsan həyatda yaşayırsa, dərdi də olmalıdır. Sadəcə yaradıcı insanlar daha çox həssas olurlar.

- Qaytar ötən günləri... şeirlərinizin birində belə bir misra var. Əgər ötən günləri qaytarmaq mümkün olsaydı, fərqli nəsə edərdinizmi?

- Yenə həmin şeyləri edərdim. Hesab edirəm ki, heç nə dəyişməyəcək.

- Bəs elə şeylər olub ki, onun peşmançılığını çəkmisiniz?

- Heç vaxt elə şey olmur ki, onun peşmanlığını çəkməyəsən. Mütləq çəkirsən. Ancaq yaşananlar artıq olub, gərək irəli gedəsən. Geriyə baxa-baxa yaşamaq düz deyil. Yoxsa adam yıxılar.

- Müasir ədəbiyyatda şeirə, poeziyaya, nəsrə münasibət bir qədər fərqlidir. Gənc yazarlardan kimi bəyənirsiz?

- Hamısını bəyənirəm. Çünki gəncdirlər. Bilmək olmur onlar sabah kim olacaqlar. Bu gün bəyənmədiyim bir gənc bir neçə ildən sonra elə bir kitab ortalığa qoya bilər ki, mən həyatda olmayanda deyə bilərlər ki, Fikrət Qoca da pisləmişdi bunu. Gərək bəri başdan tez qərar verməyəsən. İnsan çox qəliz varlıqdır, açılmamış sandıqdır. Onun haqqında danışmaq havaya danışmaq kimidir.

- Fikrət müəllim, sözlə baş-başa qalmaq istədiyiniz zamanlarda kimləri mütaliyə edirsiniz?

- Demək olar ki, əlimə düşən hər kitabı.

- Öz kitablarınızı oxuyursunuz?

- Xeyr. Öz kitablarımı oxumuram. Çünki oxuyub haradasa səhv tapanda əsəbləşirəm. Elə kitab var ki, onu bir neçə dəfə oxumuşam. Hər dəfə oxuyanda başqa bir şey tapıram. Çünki,oxuduqca başqa əhvalda olursan. Başa düşmədiyin kitabı saxla. Gün gələcək o ovqatda olanda başa düşəcəksən və sənə çox maraqlı gələcək. Çünki kitabların avazı çox dəyişir. Orada da bir gün külək əsir, bir gün əsmir. Sənin havanda olanda kitabı da, yazanı da başa düşəcəksən. Amma başa düşməyəndə də kənara atmaq lazım deyil. Çünki insan zəhmətidir. Hər halda zəhmət var ortada. Cavan vaxtlarımda məndə elə idim. Deyirdim ki, filankəs yaxşı yazmır. Nə qalınlıqda roman yazıb gətiriblər deyirdim xoşum gəlmir. Amma indi düşünəndə özünü qınayırsan ki, o vaxt əsərlər əl ilə yazılırdı, heç olmaya zülmə qiymət vermək lazım idi. Haqsızlıq çox pis şeydir.

- Fikrət müəllim “sükutun səsi” sizə nə deyib?

- Mənim ən çox sevdiyim şeirimdir. Sükutun səsindən qulağım batır hərdən. O qədər səs-küy başıma dolur ki. Sükut özü sənə imkan yaradır ki, oturub götür-qoy edəsən. Buna hər kəsin ehtiyacı var. Hər axşam yuxudan əvvəl ən azı on dəqiqə bunu etməlisən. Allah onu göstərməsin ki, özün-özündən utanıb yorğanı başına çəkəsən. Özündən gizlənmək istəyəsən.

- Yazıçılar Birliyində hazırda hansı yeniliklər var?

- Oradakı insanlar elədir ki, hər zaman yeniliklər olur.

- Hansı Fikrət Qoca taleyindən razıdır? Yaradıcı, rəhbər, yoxsa ata, baba Fikrət Qoca?

- Hər üçü. Hər üçünün də ləzzəti ayrıdır. İnsanlar da təbiətin gəzən parçalarıdır. Bu dünyaya gəlmək özü böyük bir xoşbəxtlikdir. Mənim intihar edənlərə çox yazığım gəlir. Çünki onlar bir an səbr etsələr, dözsələr heç vaxt intihar etməzlər. Səbr bax o zaman lazımdır.

- Şəhidlərimizin ruhuna, məcburi köçkünlərimizin həyatına həsr olunmuş şeirlərinizdə bir üsyankar şairin qəlbi döyünür. Çox maraqlıdır, içinizdəki bu fırtınanı necə sakitləşdirə bilirsiniz?

- Görünür yaxşı saxlaya bilməmişəm ki, Allah səsimi alıb. Səsim yoxdur, hər yerdə durub danışa bilmirəm. Məcbur olub üsyanımı şeirlərim vasitəsilə çatdırıram.

- “Siz gedin Şəhidlər xiyabanına, Görün o şəhidlər sizə nə deyir?” Şəhidlər xiyabanına tez-tez gedirsiniz?

- Gedirəm. Əslində müsəlmançılıqda gərək cümə axşamı günü ziyarətə gedəsən, əzizlərinin xatirələrini yad edib Quran oxutdurasan. Amma bu işin görünən tərəfidir. Görünməyən tərəfi odur ki, sən də bura gələcəksən. Mütləq hər insan ordan keçməlidir. Bu bir növ yoxlama kimidir. Bu çox gözəl, çox xoşuma gələn cəhətidir. Get yada sal, bir salam ver, sonra həyatına davam et. Sənin fikrində olsun ki, dünya sənə müvəqqəti verilib. Çünki dünyada ancaq yaxşılıq yaşayır. Yoxsa dünya məhv olardı, qəzəblə yaşamaq olmaz. Qəzəbdən övlad doğulmur, məhəbbətdən doğulur. Bunlar hamısı çox vacib şeylərdir.

- Hazırda nə yazırsınız?

- Kitablarımın davamı gəlir, işimin çoxunu bitirmişəm. İndi yeni bir poema yazıram. On birinci cild hazırlanır. Nə qədər nəfəsim gəlir yazacam. Ümumiyyətlə, insan qara qələm kimidir. İşlənir, bitəndə də bitir. Yazılmayan günü yoxdur. Mənim də ömrüm yazmaqdan ibarətdir.

- Sizin haqqınızda Azərbaycanın görkəmli insanları xoş sözlər deyiblər. Hansı söz sizi Fikrət Qoca olaraq tam ifadə edib?

- Deyənlər də çox sağ olsun, tərifləyənlər də, söyənlər də. İnsan çoxcəhətli varlıqdır. Mən bu yaşda hələ də özümü tanımıram. Hələ ölüm ayağında olmamışam, bilmirəm özümü necə apararam. O anda necə ola bilərəm, bilmirəm. Ümumiyyətlə, çox şeyi bilmirəm. Ona görə güman edirəm ki, onlar da mənim haqqımda tam həqiqəti deməyiblər. Necə görmək istədiklərini deyiblər.

 

Röya Şahbazi,

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2016.- 12 noyabr.- S.10.