Sənin ürəyində hansı fəsildir,
o fəslə
uyğun geyinib gəlim...
Müsahibimiz, “Xalq cəbhəsi”
qəzetinin, “Baymedia” informasiya
agentliyinin və “Via della tesa” jurnalının baş redaktoru, şair, rejissor Elçin Mirzəbəylidir
- Elçin
müəllim, Sank-Peterburqda rejissorluq təhsili almısınız, bir sıra tamaşalara, o cümlədən Naxçıvanda “Nadir şah”
tamaşasına quruluş vermisiniz.
“Sevil” kinoteatrının direktoru
olmusunuz. Sizi incəsənətdən
ayrı salan nə oldu?
- Proseslərin özü. İnsan haradan başlayıb hara gedəcəyini heç özü də bilmir. Həyat səni özü yönləndirir. Mən Sankt-Peterburqdan qayıdandan sonra xeyli müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişəm. Bu gün tələbələrim ölkənin ayrı-ayrı telekanallarında uğurlu fəaliyyət göstərirlər. Bundan qürur duyuram. Böhran dövrünə düşdü. Elə bir dönəmdə ölkəyə gəldim ki, teatr böhran keçirirdi, televiziya sahəsində də ciddi problemlər vardı. Azərbaycan yeni dövrünü yaşayırdı. Yeni telekanallar hələ yaranmamışdı. Bütün bu proseslər təbii ki, mənim fəaliyyətimin başqa bir istiqamətə yönlənməsinə zəmin yaratdı. Taleyim bir çox hallarda mətbuatla bağlı olub. Azərbaycanda ilk çıxan “İlham” adlı mədəniyyət qəzetində Sankt-Peterburqa getməmişdən öncə fəaliyyət göstərmişəm. Daha sonra ayrı-ayrı mətbuat orqanlarında çalışmışam və dövlət televiziyasından başlamış bir çox telekanallarda işləmişəm. Məndə jurnalistika ilə incəsənət hər zaman bir-birinə bağlı olub. Burada özümü daha çox büruzə verməyə nail olmuşam. Əslində televiziyada bu gün də fəaliyyətim var. “Lider” telekanalında proqram aparıcısıyam. Daha öncə dostlarımızla birlikdə “Geosiyasət” verilişini hazırlayırdıq. Əslində bu fəaliyyətdən heç zaman ayrılmamışam. Daha geniş şəkildə öz potensialımı büruzə vermək istəyərdim. Bunun üçün televiziyanın imkanları daha genişdir, nəinki çap mediasının. Amma ömürdür, yoldur bu günə qədər yaşadıqlarımdan qətiyyən peşman deyiləm. Bu gündən sonra da əlimdə nə imkan varsa, yaradıcılığımla bağlı bütün potensialımı xalqın, insanların mənafeyi naminə sərf edəcəm.
- Artıq bir neçə gün sonra rəhbərlik etdiyiniz “Xalq cəbhəsi”
qəzetinin 15 yaşı tamam olur. Qəzetin yaranması hansı zərurətlə
bağlı olub? İstərdik ötən
illərə bir nəzər yetirək...
-2001-ci il noyabr ayının 20-si qəzet işıq üzü görməyə başlayıb. 11 ilə yaxındır ki, bu qəzetə rəhbərlik edirəm. Çox sayılan peşəkar jurnalistlər bu günə qədər “Xalq cəbhəsi” qəzetində fəaliyyət göstərib, bu gün də Azərbaycan mətbuatında öz sözlərini deyirlər. Biz təkcə öz keçdiyimiz yolla deyil, həm də onlarla qürür duyuruq. Bu müddət ərzində “Xalq cəbhəsi” qəzeti öz prinsiplərinə sadiq qalıb və çox azsaylı mətbuat orqanlarından biridir ki, bu günə qədər nə təkzib vermişik, nə də hansısa bir məsələ ilə bağlı qəzeti məhkəməyə veriblər. Yəni araşdırılmamış, öz təsdiqini tapmamış, hər hansı bir məlumat “Xalq cəbhəsi” qəzetində öz əksini tapmayıb. Qəzetin spesifik bir siyasəti var. Azərbaycan milli dəyərlərinin və azərbaycançılıq ideyalarının təbliğ olunmasında özünə məxsus yanaşması və oxucu kütləsi var. Bu baxımdan 15 ilin qəzet üçün əhəmiyyətli tarix olduğunu düşünürəm. Təbii ki, qəzet bundan sonra da əməkdaşları ilə birgə üzərinə düşən ənənəvi missiyanı yerinə yetirəcək.
- “Xalq cəbhəsi” qəzeti ilə
yanaşı, “Baymedia” informasiya
agentliyinə və “Via della
seta” jurnalına da rəhbərlik
edirsiniz. Eyni zamanda yaradıcılıqla da
məşğul olursunuz. Çox
gözəl şerlərin müəllifisiniz...
-Mahiyyət etibarilə üç iş də prinsipcə eynidir. Şübhəsiz çətindir, ağırdır, bu ağırlığın altına girmək də hər kəsin işi deyil. Amma işimiz budur, öz seçimimizdir. Şeirin yazılması üçün xüsusi bir zamana ehtiyac yoxdur. Harada o ideya, fikir, ağlından keçirsə, misranı o anda da kağıza köçürürsən. Bu sənin iş otağındada, evdə də, yolda da ola bilər. Poetik duyğuların köçürülməsinin texnologiyası fərqlidir.
- Bu
gün mətbuata kifayət qədər
dövlət qayğısı göstərilir, bunun müqabilində gənc jurnalistlər
ümidləri doğrulda bilirmi?
- Azərbaycanın həm gənc jurnalistləri, həm də gənc yazarları haqqında çox müsbət, yüksək fikirdəyəm. Azərbaycanın çox güclü potensialı olan gəncliyi var. Gənclər arasında elə imzalar var ki, onların bir şeiri bir çox əsərlə bərabər tutula bilər. Bu baxımdan oxumaq lazımdır. İnsanlar gəncliyi oxumurlar. Onların əsərləri ilə tanış olmurlar, sonrada gənclik haqqında mühakimə, fikir yürütməyə çalışırlar. Mən gəncliyin bütün addımlarını oxuyuram, izləyirəm. Elə bir gənc yazar yoxdur ki, o diqqətimdən kənarda qalsın. Hər uğurlu misra görəndə, yeni bir tapıntı kimi sevinirəm. O cümlədən, publisistika sahəsində də kifayət qədər yüksək yaradıcılığı, qabiliyyəti olan Azərbaycan gəncliyi var. Bu gün Azərbaycan ədəbiyyatının da, jurnalistikasının da gələcəyini uğurlu görürəm. Yetər ki, biz bu gəncliyin potensialını ortaya çıxarmağı bacaraq. Azərbaycan dövləti mətbuata, jurnalistikaya ciddi dəstək verir. Bəlkə də buna oxşar hər hansı bir nümunə tapmaq mümkün deyil. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət dəstəyi Fondu yaradılıb. Fond artıq uzun illərdir ki, Azərbaycan mətbuatına dəstək verir. Müxtəlif layihələr, müsabiqələr həyata keçirir. Jurnalistlərin sosial problemlərinin həlli istiqamətində çox ciddi addımlar atır. Bu Azərbaycan dövlətinın intellektual mühitinə və Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. Bu gün bu istiqamətdə xərclənən hər qəpik, Azərbaycana milyonlarla dividend gətirəcək.
- Bu
gün diqqət çəkən məqqamlardan
biri elektron media çap
arasındakı rəqabətdir.
- Bu
problem bütün dünyada
var. Bir müddət
internet media yeni yaranmağa
başlayanda dünyanın
bir çox ölkələrində çap
mediasının tirajları
azaldı. Bu gün
ayrı-ayrı ölkələrdə
artıq çap mediasının tirajı qalxır. Çap mediası nə
vaxtsa sıradan çıxacaqsa, o zaman çox güman ki, yeni bir
formata transformasiya olunacaq. İnternet mediası üzərindən
və ya fərqli də yayımlana bilər.
Bu gün Azərbaycanda
fəaliyyət göstərən
müxtəlif kütləvi
informasiya vasitələrinin,
o cümlədən də
“İki sahil” in artıq internet versiyaları
var. Media mahiyyətini itirmir.
Amma onun kağız üzərində olması
və ya elektron formada olması o qədər də önəmli deyil. Önəmli olan peşəkarlıq
prinsiplərinə və
medianın ənənələrinə
xidmət etmək, onu qoruyub saxlamaqdır.
- Bildiyimizə görə sosial şəbəkələrdə
son dərəcə aktivsiniz.
Necə hesab edirsiniz, sosial şəbəkəni media vasitəsi
kimi qəbul etmək olarmı?
- Xeyr. Əslində sosial şəbəkələr
insanlar arasında ünsiyyət qurmaq üçün yaranmış
bir vasitədir. Mən də onu sadəcə
ünsiyyət vasitəsi
kimi istifadə edirəm. Birinci növbədə şeirlərim üçün,
digər aspektdən isə qəzetdəki və “Baymedia”da çap olunan materialların təbliğatı
baxımından istifadə
edirəm. Düzgün şəkildə istifadəsi
zamanı əlbəttə
ki, müsbət dividendlər gətirir.
Düzgün istifadə edilmirsə,
kimlərsə onu öz maraqları və ya kiməsə
qarşı qara piyar kampaniyası kimi istifadə edirsə təbii ki, bu mənfi
amillər yaradır.
- Yazdığınız
“Azadlıq” marşı
Azərbaycanın yeni
dövrü üçün
ilklərdən idi...
- “Azadlıq” marşının
yaranma tarixi 1989-cu ilə təsadüf edir. Ölkəmizə qarşı mənfur
qonşularımızın ərazi iddialarına başlandığı vaxtlarda
yazılmışdı. Azərbaycanın milli şüurunun
yarandığı bir
vaxta təsadüf edirdi. Təbii ki, həmin
dövrdə insanlar öz etirazlarını bildirmək üçün
meydanlara toplaşırdılar.
Mən də həmin hadisələrin içərisində
idim. Fəal şəkildə bu proseslərdə iştirak edirdim. “Azadlıq” marşını
meydanda dizimin üzərində yazmışam.
Azərbaycanın yeni
dövrü üçün
ilk marş idi. Hesab edirəm ki, insanların milli ruhda köklənməsi üçün kifayət
qədər əhəmiyyət
daşıyan bir əsər olub. Bu gün dərsliklərə
də əlavə olunub. Bununla yanaşı, bir
neçə marşım
da var ki,
bu gün də Azərbaycan Silahlı Qüvvələrində
ifa olunur. Mən də bundan qürur duyuram.
- Şeirlərinizi
oxuyanda, belə bir məqam diqqətimi çəkdi. Siz sözü son dərəcə
çox sevirsiniz.
Heç olubmu ki, sözün xətrinə dəyəsiniz?
- Düz vurğulayırsınız,
sözü həddən
artıq çox sevirəm və ehtiyatla yanaşıram. Ona görə də təkcə şeirlərimdə deyil,
publisistik yazılarmda
da işarə sayı çox az olur.
Uzun-uzadı yazmağı sevmirəm.
Heç
uzun danışmağı
da xoşlamıram.
Söz yerində olanda, məqamında deyiləndə
nə o ölür, nə də insanın özü əziyyət çəkir.
Əslində söz insanın
ruhundan, içindən
gəldiyi üçün
həmin sözü sən içində dəfn edirsən və nə qədər çox söz öldürürsənsə
ürəyin də daha çox qəbirstanlığa çevrilir.
- Şeirlərinizin birində ölümə məktub yazıb, ondan cavab gözləmisiniz. Siz o günü
yaşamısınız, yoxsa
yaşamaq arzusundasınız?
- “Bir gün yaşayasan elə bir gün ki,
üstünə yüz
ilin savabı gələ, sonra da ölümə məktub yazasan, səni gözləyirəm
cavabı gələ”
Mənə elə gəlir ki, bu istənilən normal insanın içindən keçən arzudur. Təbii ki,
simvolik anlayışdır.
Nə ölümə məktub yazmaq olar, nə
ölüm hansısa
subyekt deyil ki sənə məktub yazsın. Əslində sənin dolu bir həyat
yaşamaqdan və bir gününü bütövlükdə insanlığa,
bəşəriyyətə, tanrıya həsr etməyindən gedir söhbət. Tək mən yox, hər kəs bu günün arzusundadır.
Amma yenə deyirəm
şüuru, düşüncəsi
olan, içində tanrıya sevgi olan bütün insanlar bu düşüncənin
daşıyıcısıdır.
- “Durub
boylanasan xatirələrdən,
götürüb yazalar
dəftərə səni” Elçin müəllim, xatirə dəftəriniz olub?
- Bu şeir əbədiləşmə
iddiasından irəli
gələn bir şeydir. Yəni unudulmayasan, yaddan
çıxmayasan. Xatirə dəftərim
olub. Daha doğrusu gündəliyim
olub. Hətta çap da etdirmişəm “İtirilmiş
vaxtın gündəliyindən
səhifələr” başlığı
ilə. 14-15 səhifə
idi sonra artıq yazmadım.
- Niyə yazmadınız?
- Çox vaxt apardığı üçün.
Başqa səbəblər
də var idi.
- “Sənin
ürəyində hansı
fəsildir, o fəslə
uyğun geyinib gəlim” Sirr deyilsə bu şeir kimə yazılıb?
- Bu şeiri bir dostumun ovqatı altında yazmışam. Poeziya əslində elə birşeydir ki, vacib deyil konkret bir ünvana həsr olunsun. Bəzən elə elementar, başqaları üçün adi görünən bir şey, çox gözəl bir sevgi şeirinin yaranmasına səbəb olur. Ünvana yazdığım şeirlərim var, şübhəsiz ki, sevdiyim və bu gün mənimlə olan həyat yoldaşıma həsr olunub. Digər şeirlər ki, var ünvansız şeirlər onlar hissin özünü vəsf etmək anlamına gəlir.
Şəmsiyyə
Əliqızı,
Röya Şahbazi
İki sahil.- 2016.- 15 noyabr.- S.20.