Azərbaycan müstəqil xarici
siyasət yürüdən dövlətdir
Bakıda Dünya Xəbər
Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Təşkilatının XVI
Baş Assambleyasının birgə açılış mərasimində
səsləndirilən fikirlər Azərbaycanın bu gün
beynəlxalq aləmdə yeri və roluna bir daha işıq
saldı
25 illik müstəqillik tarxinə malik olan Azərbaycanın qazandığı uğurların miqyasının genişliyi müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsindən də aydın görünür. Hər sahədə malik olduğu təcrübəni təqdim etmək imkanları qazanan Azərbaycan bu reallığı da ortaya qoyur ki, Şərqlə Qərbin qovuşuğunda yerləşməklə ölkələr, xalqlar arasında dostluq körpüsünün günbəgün möhkəmlənməsinə davamlı töhfələr verir. Bakıda Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində səsləndirilən fikirlər də Azərbaycanın bu gün beynəlxalq aləmdə yeri və roluna bir daha işıq salır.
Hər bir tədbir əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizin malik olduğu imkanların təqdimatında əhmiyyətli rol oynayır. “Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq” söyləyən dövlətimizin başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bildirmişdir ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər. Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik.
Tədbir ölkəmizdə azad mətbuatın inkişafı istiqamətində atılan addımlara bir daha nəzər salmağı zərurətə çevirir. Daim vurğulandığı kimi, söz azadlığı ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Hər sahədə olduğu kimi, bu istiqamətdə də inkişafın təməli 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qoyuldu. Siyasi plüralizmin təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. 1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdarılmış və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilmişdir.
Bu fakt inkaredilməzdir ki, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində arxada qalan hər il əvvəlki ildən daha möhtəşəm uğurlarla tarixə yazılır. Ölkənin bu uğurların ölkə ictimaiyyətinə dolğun şəkildə, heç bir təhrifə, qərəzçiliyə yol vermədən çatdırmaq yazılı və elektron KİV-lərin əsas vəzifələridir. Azad mətbuatın inkişafına xidmət edən addımların davamlı xarakter alması sözsüz ki, mətbuat işçilərinin fəaliyyətinə təsirsiz deyil. Bu gün ölkəmiz söz, fikir və mətbuat azadlığının inkişafı sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azad mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Respublikamızda xeyli sayda jurnalist təşkilatları və ictimai birilklər mövcuddur. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizdən çoxdur. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki ölkəmizdə rəğbətlə qarşılanır, dünya birliyində də yüksək dəyərləndirilir. Atılan addımlar bir daha bu reallığı orta qoyur ki, dövlətin əsas niyyəti Azərbaycan vətəndaşlarını informasiya mənbələrinə çatdırmaqdır. Müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın hüququdur və dövlətimiz bu hüquqları təmin edir. Sivil, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Azərbaycan dövləti uğurlu addımları ilə cəmiyyətin informasiya tələbatının dolğun şəkildə ödənilməsinə səy göstərir. Bu gün böyük qürur hissi ilə qeyd ediriksə ki, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur, bu, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir. Ən əsası bu sadiqlik sözdə deyil, əməli işdə öz təsdiqini tapır.
Mətbuatın əsas prinsiplərindən biri məhz vətənpərvərlikdir. Vətənpərvərliyi insanın daxili duyğuları kimi önə çəkən ulu öndər bildirirdi ki, insanlarda bu hissləri aşılamaq ictimai fikrə təsir imkanları böyük olan mətbuatın əsas vəzifələrindən biri olmalıdır. Müstəqilliyimizin 25 ili göstərir ki, Azərbaycan hər sahədə, o cümlədən azad mətbuatın inkişafı istiqamətində uğurlu nəticələrə nail olub.
Dövlətimizin başçısı qeyd olunan tədbirdəki çıxışında onu da bildirib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub. İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. O vaxt qadınlara seçib-seçilmək hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir.
Azərbaycanın iqtisadi və siyasi uğurları beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına öz müsbət təsirini göstərir. Belə ki, 2011-ci ildə ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi uğurlarımıza, ədalətli mövqeyinə verilən dəyərdir. “Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi” söyləyən ölkə Prezidenti bir daha bəyan etmişdir ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib.
Çıxışda bu reallıq da qeyd edilib ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. 2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. Bu, tarixi nailiyyət idi. Sonra bu, “Bakı Prosesi” adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir. Təbii ki, bu da ölkəmizin yerləşdiyi çoğrafi məkana əsaslanır. Belə ki, Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri özündə birləşdirməklə multikulturalizm ənənələrinin inkişafına davamlı töhfələr verir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə cari ilin “Multikulturalizm ili” elan edilməsi də Azərbaycanın bu təcrübəsindən irəli gəlir.
Hər bir çıxışında diqqəti yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Prezident İlham Əliyev rəsmi Bakının dəyişməz olan mövqeyini bir daha bəyan edir. Məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Cənab İlham Əliyev tədbir iştirakçılarının media təmsilçiləri olduğunu nəzərə alaraq Dağlıq Qarabağ probleminin əsil mahiyyətini faktlar əsasında diqqətə çatdırıb. Bildirib ki, tarixi faktlar erməni yalanlarını üzə çıxarır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində də işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələblərə məhəl qoymur. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul ediblər. Lakin bütün bu qərar və qətnamələr kağız üzərində qalıb.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın uğurları fonunda Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həllini tapacağına əminliyini ifadə edib. Bildirib ki, bu günümüzün əsas tələbi məhz problemin əsil mahiyyətini beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırmaq, erməni yalanlarını ifşa etməkdir. Bunun üçün medianın üzərinə böyük məsuliyyət düşür.
Tədbirdə bir daha qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə səylərin zəruriliyi qeyd olunub. Azərbaycanın ölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq əlaqələrinə töhfələri, dünya informasiya məkanına sürətlə inteqrasiya edən Azərbaycan mətbuatının inkişafına dövlətimizin dəstəyi yüksək dəyərləndirilib.
Yeganə
Əliyeva
İki sahil.- 2016.- 17 noyabr.- S.8.