Azadlıq və istiqlaliyyət hər

bir xalqın milli sərvətidir

 

17 noyabr Azərbaycanın Milli Dirçəliş Günüdür!

 

17 noyabr 1990-cı ildə Naxçıvan MR Ali Məclisinin sessiyasında Azərbaycanın dövlət atributlarının - üçrəngli bayrağının, himninin, gerbinin bərpası üçün tarixi və siyasi əhəmiyyətli qərarın qəbulu ilə xalqın istəyini gerçəkləşdirən ümummilli lider Heydər Əliyev müstəqilliyimizin qarantı olduğunu təsdiqlədi

 

“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” söyləyən ulu öndər Heydər Əliyevin daimi tövsiyəsi olan “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” sözlərində qəhrəmanlıq tarixinə malik bir xalqın müstəqillik arzusuna çatmaq üçün göstərdiyi mücadilə və mübarizə dolu bir salnamə yaşanır.

Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamışdır. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur. Keçən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovetlər İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdır. İmperiyanın siyasi “beyin mərkəz”inin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter almışdır. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başlamışlar. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırmışdır. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu sönməyə qoymadı.

Azərbaycan xalqının qəhrəmanlıqla dolu salnaməsində tarixi, əlamətdar günlər çox olub. Bəxtinə uğur yazılan günlərdən biri də 17 noyabr 1990-cı ildir. Moskvadan vətənə yenicə dönən xalqın sevimli oğlu Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin sessiyada çox əhəmiyyətli məsələlər- Azərbaycan milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi kimi mühüm təkliflər müzakirəyə çıxarıldı.

Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından baxırlarsa bax, bu, xalqın ən böyük faciəsidir” söyləyən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının istiqlaliyyətinin qarantı olmaqla insanlara azadlıq yolunda bələdçilik etdi.

Hər kəs bir daha yəqin edir ki, Heydər Əliyev həqiqi mənada Azərbaycanın qurucusu və yaradıcısıdır. “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, o illərdə artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi: “O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir.

Təcrübəli dövlət xadimi kimi iclasa sədrlik edən deputat Heydər Əliyevin bu sözlərinin əsl dəyəri o zaman gördüyü işlərin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Çətin, blokada şəraitində yaşayan Naxçıvanın müdafiəsini Azərbaycanın ərazi bütövlüyü üçün vacib hesab edən Ulu Öndər o ağır günlərdə tam inanırdı ki, müstəqilliyimiz əbədi olacaq. Əsas vəzifə isə bu tarixi nailiyyəti qorumaqdır.

Bunun üçün isə əsl vətəndaş yanğısı, insanlarda sabaha olan inamı artırmaq, siyasi prosesləri düzgün istiqamətləndirmək lazım idi. İlk anlardan  görüləcək işlərin əhəmiyyətini təcrübəli dövlət başçısı və siyasi xadim kimi təxirəsalınmaz hesab edən Heydər Əliyevin təklifinə əsasən dövlət rəmzləri haqqında məsələ ilə əlaqədar qərar qəbul edildi: Muxtar respublikanın adından “sovet, sosialist” sözləri ləğv olunsun. Azərbaycanın milli bayrağı Naxçıvanda qaldırılsın, ali hakimiyyət orqanlarına təklif olunsun ki, dövlət rəmzləri haqqında qərar qəbul edilsin.

Beləliklə, 17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Milli Dirçəliş ideyasının həyata keçirilməsi yolunda ilk addımlar atıldı. Qəbul olunan sənədə görə Naxçıvan MSSR-in, Ali Sovetin adı dəyişdirilərək Naxçıvan MR Ali Məclisi adlandırıldı. Muxtar respublikanın bayrağı kimi Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı, himni bərpa olundu. Dövlət gerbinin qəbulu üçün müsabiqə elan edildi.

Torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu , soydaşlarımızın ata-baba yurdlarından didərgin salındığı vaxtda Naxçıvandan başlanan milli -azadlıq mübarizəsi çaşqınlıq içərisində qalan insanlara bələdçi oldu.

Bütün məkr fitnələrdən uzaq, beynəlmiləlçilik ideyasını vətənə olan sevgiləri qədər müqəddəs tutan Azərbaycan xalqı üçün belə bir addım tale yolumuzu işıqlandıran məşəl kimi gələcəyimizə işıq saldı.

Cənab Heydər Əliyevin təbirincə desək, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. 1991-ci ildə xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyinə yenidən qovuşdu, dövlətçiliyini bərpa etdi. Bununla belə xalqın müstəqilliyə, azadlığa gedən yolu hamar olmadı. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Hakimiyyət uğrunda mübarizənin günbəgün dərinləşməsi torpaqlarımızın işğalı üçün zəmin yaratdı. Azərbaycan xalqı XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının ağrılarını hiss etdi. Müstəqil Azərbaycan çox çətinliklərlə qazandığı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşadıqca xalqımız onları bu vəziyyətdən çıxara biləcək liderə ehtiyac duyur, xilas yolu axtarırdı. Xalq üzünü Heydər Əliyevə tutdu. Zaman öz hökmünü verdi: Xalqı bu vəziyyətdən yalnız Heydər Əliyevin uzaqgörən siyasəti çıxara bilərdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn cənab Heydər Əliyev çox qısa zamanda uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı inkişaf yolu ilə irəliyə apardı. Xalqın iradəsi ilə prezident seçilən Heydər Əliyev perspektivləri bu cür müəyyənləşdirirdi : “Dövlət müstəqilliyini möhkəmləndirmək, suveren dövlət yaratmaq və inkişaf etdirmək, ərazi bütövlüyünü təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam.”

Prezident kimi fəaliyyətə başladığı gündən “Heydər Əliyev siyasi kursu davam etdirilməlidir” qeyd edən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi on ildən artıq dövrdə dünyada sabitlik diyarı kimi tanınan Azərbaycanın iqtisadi qüdrətinin artması üçün uğurlu islahatlar apardı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrini əsas götürən Prezident İlham Əliyevin təbirincə desək, problemlərimizin həlli üçün bütün imkanlar - sabitlik, iqtisadi tərəqqi, beynəlxalq dəstək, xalqın birliyi, ən əsası xalqla Prezident arasında vəhdət mövcuddur. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi misilsiz uğurlar, bəzi qüvvələrin utopiya adlandırdıqları neft-qaz, enerji layihələrinin gerçəkləşməsi də bu birlik nəticəsində mümkün olmuşdur.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqının 1988-ci ildə başlanan, müstəqilliyin əldə olunması ilə nəticələnən mübarizə tarixi uğurumuz, gələcəyimiz üçün örnəkdir. Azərbaycanın suveren dövlət kimi dünyada siyasi mövqeyini möhkəmləndirməsi, regionda və dünyada liderliyi ələ alması, dinamik iqtisadi inkişafa malik, demokratik dəyərlərə sadiq ölkə imici qazanması, bir sözlə, qısa müddətdə əsrə bərabər yol keçməsi xalqla iqtidar birliyinin təsdiqidir.

 

Şəfiqə Dadaşova

 

İki sahil.- 2016.- 17 noyabr.- S.9.