Akif Aşırlı: Çap mətbuatını internet
medianın
qarşısında
yaşatmağın özü böyük qəhrəmanlıqdır
Müsahibimiz Şərq qəzetinin
təsisçisi və baş redaktoru Akif
Aşırlıdır
- Akif
müəllim, təsisçisi və baş
redaktoru olduğunuz
Şərq qəzetinin yaradılmasının 20 illik yübileyini qeyd etdiniz. 20 illik bir yolu
necə xarakterizə edərdiniz?
- 20 illik yol yoldaşım olan, ailəmin bir parçasına çevrilən Şərq qəzeti həyatımın ayrılmaz hissəsidir. Çap mətbuatında çalışan hər kəs yaxşı bilir ki, qəzet baş redaktoru olmaq olduqca məsuliyyətli vəzifədir. Çünki ölkənin ictimai-siyasi həyatında baş verən prosesləri dolğun şəkildə oxucularına çatdırmaq, onların nə istədiklərini anlamaq, günün nəbzini tutmaq, eyni anda qarşına çıxan texniki problemləri aradan qaldırmaq çox çətindir. Amma sən bu çətinlikləri dəf etdikdə, ətrafında oxucu kütləsinin var olduğunu anladıqda nə qədər şərəfli bir peşənin sahibi olduğunu bir daha anlayırsan. Dünyada hadisələrin sürətlə dəyişdiyi, informasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda çap mətbuatını internet medianın qarşısında yaşatmağın özü böyük qəhrəmanlıqdır. Bu baxımdan Şərqin kollektivini, yaradıcılarını bu fədakarlıqlarına görə hər zaman qəhrəman adlandırıram. Fəaliyyətə başladığı dönəmin üç ili senzura dövrünə təsadüf edən Şərq qəzeti 1996-cı il noyabrın 1-dən bu günə kimi bütün çətinliklərə rəğmən bezmədi, çəkinmədi, adını inamla yaşada bildi. Əgər mətbuatın üzərində senzuranın olduğunu, qələmindən bir məqaləni çıxarmağın çətinliklərini siz gənclər indi kitablardan oxuyursunuzsa, biz bu illəri yaşamışıq. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzuranın ləğvindən sonra bütün milli mətbu orqanlarımız kimi, Şərq qəzeti də öz müstəqilliyini doya-doya yaşamağa başladı. Mən o ili sözün əsl mənasında Azərbaycanda milli mətbuatın intibah dövrü adlandırardım. Məhz Şərq qəzeti də həmin illərdən bəhrələnərək, bir çox jurnalistlərin ilk qələm tutduğu məktəb missiyasının da öhdəsindən peşəkarcasına gələ bildi. Bizim qəzetdə imzasını tanıdan bir sıra jurnalistlər bu gün ölkənin müxtəlif strukturlarında yerlərini ala biliblər. Bu da məni çox sevindirir.
-
Maraqlıdır, Akif Aşırlı
Şərqi yaratmazdan əvvəl
hansı mətbu orqanı oxuyurdu?
- O vaxt çox az sayda qəzet nəşr olunurdu. Söylədiyim kimi, qəzet çap etdirmək çox çətin iş idi. Amma deyərdim ki, mən Şərq qəzetini təsis etməzdən əvvəl də, indi də İki sahil qəzetinə müraciət edirəm. İki sahil hadisələri çox obyektiv, dolğun şəkildə işıqlandırdığı üçün ciddi oxucu kütləsi ilkin informasiyanı buradan əldə edir. Sevindirici haldır ki, İki sahil özündə böyük kollektivi cəmləşdirməklə ən çox tirajlanan qəzetə çevrilib. Hesab edirəm ki, gənclər istənilən vaxt bu qəzetə müraciət edəndə analitik yazılardan çox məlumatlar əldə edə biləcəklər. Hər birinizə bu peşədə uğurlar arzu edirəm.
- Azərbaycanda mətbuat
tarixindən mütəmadi olaraq yazanlardan biri də sizsiniz. Sizcə mətbuat tariximizin
açılmayan sirləri çoxdurmu?
- Azərbaycanın mətbuat tarixi mədəniyyət tariximizin, istiqlal tariximizin bütöv bir salnaməsidir. 1875-ci ildə Əkinçi qəzetinin yarandığı tarixi gündən etibarən bir çox qəzetlər nəşr olunub ki, həmin qəzetlərin də hər birinin Azərbaycan cəmiyyətində müəyyən mənada yeri və rolu var. Mən də bu amildən yola çıxaraq mətbuatımızın dünənini araşdırmağa başladım. Bilirsiniz ki, mən ilk təhsilimi Bakı Dövlət Universitetinin tarix fakültəsində almışam. Bəlkə də tarixi araşdırmaya başlamaq istəyi ixtisasımdan da irəli gəlirdi. Mən bu sahədə boşluqları görürdüm. Narahat olmaya bilməzdim. Müəyyən dövrlərdə alimlərimiz, tədqiqatçılarımız, Azərbaycanın mətbuat tarixinin müxtəlif istiqamətləri ilə bağlı monoqrafiyalar, dissertasiyalar yazsalar da, mətbuat tariximiz sistemli şəkildə tədqiq olunmamışdı. Əvvəllər jurnalistika ixtisası üzrə oxuyan tələbələr material tapa bilmirdilər. İndi isə jurnalistikanın nəzəriyyəsi, jurnalistikanın etik qaydaları, hüquqi normaları ilə bağlı kifayət qədər dərsliklər var. Mətbuat tarixini yazmaq üçün birincisi, insanda ürək lazımdır, ikincisi, milli şüur, milli düşüncə tərzi lazımdır ki, faktların ümumiləşdirilməsi, sistemləşdirilməsi və tarixi proseslər nöqteyi-nəzərdən kontekstli hadisələrə münasibəti və o qəzetin bizim ictimai fikir tariximizdə oynadığı rolu dolğun şəkildə çatdıra biləsən. Azərbaycanın mətbuat tarixi haqqında ikicildli kitab yazmışam. Birinci cild 1875-ci ildə anadilli mətbuatımızdan başlayaraq, 1920-ci ilə qədər Azərbaycanın bolşevikləşmə dönəminə qədər olan hissədir. Orada 183-ə yaxın qəzet materialı var. Bunları tarixi xronoloji ardıcıllıqla birinci cilddə əks etdirmişəm. İkinci cilddə sovetlər dövrü jurnalistikası yer alıb. Həmin dövrdə ölkəmizdə çox peşəkar jurnalistlər yetişdiyi üçün o dövrü xüsusilə araşdırmağa ehtiyac yaranırdı. Azərbaycanın müstəqillikdən əvvəl və sonrakı mərhələləri bu kitablarda öz əksini tapır. Təbii 2-ci cildin davamını işləmək haqqında da düşünürəm. Bu, sırf Azərbaycanın müstəqillik dönəmi jurnalistikasının tarixi olacaq. Bu dönəm də jurnalistikanın peşəkarlaşması, eyni zamanda yeni medianın formalaşması tarixidir. Düşünürəm ki, yaxın zamanda araşdırmalarımı davam etdirəcəyəm.
- Cümhuriyyət
mətbuatında Qafqaz İslam
ordusu kitabınız çox
böyük rezonans doğurdu. Ümumiyyətlə, gələcəkdə
bununla bağlı hər hansı bir əsərin ərsəyə gəlməsi
gözlənilirmi?
-Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi şura tərəfindən Cümhuriyyət mətbuatında Qafqaz İslam ordusunda dissertasiyasını müdafiə etdim və tarix elmi üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım. Bu mövzu mənim elmi işimdir. Bu elmi işimi yazmaq üçün mənə 8 il vaxt lazım olub. Elmi rəhbərim, Milli Elmlər Akademiyasının müxbir üzvü Yaqub Mahmudov və professor Aydın Mircəlilov bu mövzunu mənə verəndə tapşırdılar ki, Qafqaz İslam Ordusu hərəkatı ilə bağlı Azərbaycanda müəyyən dissertasiyalar var. Türkiyədə də bu sahədə araşdırmalar aparılıb. Ancaq mənim əsas işim bundan ibarət olmalı idi ki, mətbuatda bu hərəkat necə əksini tapıb, onu araşdırıb ortaya çıxarım. Bu mövzu həm də ona görə əhəmiyyətlidir ki, Qafqaz İslam Ordusu Türkiyənin və Azərbaycanın ortaq ordusu, formalaşdırdığı kiçik bir Turan ordusu idi. O mövzu indi ona görə lazım idi ki, gənc nəsil aprel döyüşlərində şücaət göstərən ordumuzun mayasında Qafqaz İslam Ordusunun zabitlərinin qanı olduqlarını anlasın, ruhən dərk etsin. Mənim bu mövzu ilə əlaqəli xeyli sayda məqalələrim, kitablarım Türkiyədə, Ukraynada çap olunub. Hesab edirəm ki, bu mövzunun araşdırılması mənim bəxtimə düşdü və mən də bir vətəndaş, jurnalist, qələm əhli kimi ərsəyə gətirdiyim işdən rahatlıq duydum.
- Qeyd etdiniz ki, tarix üzrə fəlsəfə
doktorusunuz. Bu elmi dərəcə bir alim kimi sizin
qarşınıza böyük öhdəliklər
qoyur. Yaxın tarixdə Akif
Aşırlıdan hansı tarixi
araşdırmanı görəcəyik?
-Bu gün mənim əsas işim Şərq qəzetinin fəaliyyətini nizamlamaq, onun yaradıcılıq istiqamətlərini, prioritetlərini müəyyənləşdirmək, kollektivin potensialını istiqamətləndirməkdir. Bundan başqa əsas diqqətimi qəzetin elektron versiyasına yönəltmişəm. Elektron versiyada informasiya siyasətinin önə çıxması üçün çalışıram. Hesab edirəm ki, bu yöndə müsbət nəticələr əldə etmişik. Bununla yanaşı, tədqiqatçı kimi fikrimdə bir neçə mövzu var ki, üzərində işləyirəm. Yaxın tarixdə 300 səhifə həcmində bir monoqrafiya olacaq. Bu, Açıq söz qəzetinin fəaliyyəti ilə bağlıdır. Açıq söz qəzetinin 1915-ci ildə əsası qoyulub və uzunmüddətli qəzet kimi tarixə düşüb. Xalq Cümhuriyyətinin ideologiyasının formalaşmasında məxsusi rolu olan və eyni zamanda, o cümhuriyyətin əsas liderlərinin iştirak etdiyi bir qəzetdir. Qəzetin yaranması, onun əsas mövzuları, yaradıcılıq istiqamətləri, bölgə müxbirləri ilə artıq silsilə yazılar dərc etmişəm. Onları sistemləşdirmək barəsində düşünürəm. Belə deyək, açılmamış o səhifələrlə bağlı xeyli sayda məqalələr, elmi araşdırmalarım var.
- Sizcə, müasir mediamız, qloballaşan
dünyanın tələblərinə cavab
verə bilirmi?
-Çap mediasının ənənəvi olaraq daim yaşamasını istəyən bir qələm insanı kimi söyləyirəm ki, yeni nəsil jurnalistlərindən gözləntilərim çoxdur. Onlar texnologiyalardan rahat şəkildə yararlana bilirlər. İnternet üzərindən radio, televiziya yarada bilirlər. Sadəcə gənc nəsil jurnalistlər mütaliələrini də bir qədər artırsalar daha yaxşı olar. Biz vaxtilə dizimizin üzərində qəzet çıxarırdıq, koridorlarda yazı redaktə edirdik. İndi ondan əsər-əlamət yoxdur. İndi jurnalistikada o canlılıq itib. Biz müsahibəyə gedəndə əvvəlcə müsahibimizin evinin harada olmasını tapırdıq, axtarırdıq. Yolda gedənə qədər onun haqqında bütün məlumatları toplayırdıq. İndi isə bu yollar çox asanlaşıb.
Ümumiyyətlə, mən çox istərdim ki, Azərbaycan jurnalistləri həqiqətən də işlərinin peşəkarı olsunlar.
- Mühazirə oxuduğunuz tələbələr arasında gələcəyin peşəkar araşdırmaçı jurnalistlərini görürsünüzmü?
-Əlbəttə. Mən həmin andaca jurnalistləri redaksiyamıza cəlb edirəm. Onlar bizimlə əməkdaşlıq edirlər. Bir neçə tələbəmi bu cür yetişdirmişəm. Bakı Dövlət Universitetinin qəzeti bir qrup tələbənin yaradıcılıq məhsullarından ərsəyə gəlir. Onlara Şərq qəzetinin orta səhifəsində məqalələrini yerləşdirməyə şərait yaratmışam. Biz həmin tələbələrlə daim ünsiyyətdə oluruq, onlara müəyyən istiqamətlər veririk. Yazının səhifəsindən, şəkil seçimindən, redaktə olunmasına qədər imkanlar yaradırıq ki, onlar da peşəkarlaşsınlar.
- Sizcə, Donald Trampın ABŞ prezidenti
seçilməsi Dağlıq Qarabağ probleminin həllinə hansı töhfəni
verə bilər?
-Bu mövzu ilə əlaqədar artıq ekspertlər səviyyəsində müxtəlif fikirlər səsləndirilib. Onu deyə bilərəm ki, ABŞ oturuşmuş bir dövlətdir, özünün dövlət təhlükəsizliyi, ölkələrlə münasibətlərin hansı səviyyədə həyata keçirilməsi ilə bağlı əllərində konkret proqramlar var. Yəni bu proqramlar 5-10 illik proqramlar deyil. Bu proqramlar uzunmüddətlidir. Orada kimin hakimiyyətə gəlməyinin o qədər də önəmi yoxdur. Rolu olsa belə, müəyyən siyasi bəyanatlar şəklində ola bilər. Ancaq real işə, real fəaliyyətə gəldikdə artıq o proqramlardan kənara çıxmaq imkanları olmur. Hillari Klinton prezident seçilsəydi belə onun Donald Trampdan fərqli Cənubi Qafqazda hansısa siyasət yürüdəcəyini düşünmək sadəlövhlük olardı. Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə isə müəyyən dəyişikliklər gözləmək olar. Bəzən siyasətdə bu və ya digər səviyyədə şəxsi maraqların da rolu olur. Trampın azərbaycanlı dostlarının çox olmasının da təsiri əsas rola malik olacaq desək, yanılmarıq. Amma bütün hallarda Azərbaycan dövləti özünə, apardığı düzgün daxili, xarici siyasətə çox inanır və gələcəkdə bunun səmərə verəcəyinin şahidi olacağıq.
- Müsahibələrinizin
birində söyləmisiniz ki,
qocaldığımı hiss edirəm. Qocalığı etiraf
etmək üçün tez
deyilmi?
-O məsələ ovqatıma bağlı olan bir məsələ idi. Çox
yorğun olduğum bir zamanda jurnalist
mənə sual verdi və mən
də o cavabı verdim. Cavab verdim
ki, o qədər gərgin iş rejimində insan özünü qocalmış
hiss edir. Təbii ki, gənclikdə
bu yorğunluqlar olmur. Düzdür, bu gün Tanrının verdiyi güclə çalışıram.
Gün ərzində həm qəzetin işlərinin qaydaya salınması, müəyyən tədbirlər
fiziki baxımdan insanı çox yorur. Özümü
qoca hiss etmirəm. Hesab edirəm ki, kifayət qədər imkanlarım, enerjim, işləmək istəyim
var. Hələ ki qocalığı boynuma almaq istəmirəm.
- Siz saz havasını, xüsusilə Ruhanini çox sevirsiniz. Saza, sözə bağlılıq
doğulduğunuz bölgədənmi
yaranıb?
- Yeddi oğul istərəm filmində bir epizod var. Gəray bəy Cəlalı gətirir və deyir ki,
Şəkər bəy
bunun beşiyi başında nə çaldırardı? O da deyir ki, Yanıq
Kərəmi. Ümumiyyətlə, bizim regionda, mənim doğulduğum yerlərdə iki evdən birində saz var. Hamı da bu sazı
çox böyük məharətlə ifa edir. Bizim toylarda hər
zaman aşıq musiqilərinə üstünlük
verirlər. Görünür, hər bir insan
ruhən doğulduğu
torpağa, el-obaya bağlıdır və oradan mənən qidalanır. Özüm zamanında
şeir yazmışam.
Ancaq o şeirlərin heç birini çapa verməmişəm. Klassik aşıq
poeziyasının nümunələrindən
bildiklərim, sevdiklərim
var. Ruhanini həddən
artıq çox sevirəm. Görünür,
bu da mənim
daxilən sufiliyimdən
irəli gəlir. Harada olmasından asılı olmayaraq nə zaman Ruhanini
dinləsəm elə
bil uşaqlığıma,
gəncliyimə qayıdıram.
Sanki itirdiklərim gözümün qarşısına
gəlir. Biz əvvəllər köç
edib başqa yerə gedərdik. Bax həmin vaxt o ovqatda oluram.
- Hər bir uğur çətinliklərdən
keçir. Gənclərə tövsiyəniz nədir?
Çətinliklərdən rahatlıqla keçməyin
düsturu varmı?
- Belə bir düstur
yoxdur. İlk növbədə çox çalışmaq,
həyatı düzgün
qiymətləndirmək lazımdır.
Belə olmadıqda həyatdakı
o situasiyalardan çıxa
bilmirsən. Çox tez
büdrəyirsən. Çətinliklər də insan üçündür, rahat
yaşamaq da. Mən gənclərə o çətinliklərdən,
mübarizələrdən qorxmamağı tövsiyə
edirəm. Gənclərə müstəqillikdən, onlara
yaradılan şəraitdən
maksimum şəkildə
yararlanmağı arzu
edirəm. Birdən-birə hər şeyi əldə etmək kimi bir fikir
yanlışdır. Hansı gənc
ki, çətinliklərə
qatlaşıb bu yollardan səbirlə keçə bilirsə, onun xoşbəxt gələcəyi var.
Röya Şahbazi,
İntizarə Məmmədova,
Şəmsiyyə Əliqızı
İki sahil.- 2016.- 17 noyabr.- S.16.