Ordubadın ecazkar təbiəti
və qədim
tarixi beynəlxalq elmi
simpoziumun
iştirakçılarında xoş təəssüratlar yaradıb
Naxçıvan
şəhərində noyabrın 17-18-də keçirilən
“Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda”
adlı beynəlxalq elmi simpoziumun
paytaxt Bakı şəhərindən və
Türkiyə Respublikasından gələn
iştirakçıları Naxçıvan Muxtar
Respublikasının Ordubad rayonunun
gəzməli-görməli yerləri, tarixi abidələri ilə
tanış olublar.
Qonaqlar əvvəlcə Ordubad rayonunun Kotam kəndinə gəliblər. Türkiyə və Azərbaycan tarixçiləri Araz çayının sahilində yerləşən Kotam kəndinin adını qədim türk toponimlərinə görə, dağlar arasında qərar tutan yaşayış bölgəsi kimi izah ediblər. Kotam kəndi barədə məlumat verilərək bildirilib ki, bu yaşayış məntəqəsi Naxçıvanda ilk kənd mərkəzinin yaradıldığı kəndlərdən biridir. Kotam 2 yerə ayrılır: qədim Kotam, yeni Kotam. Qədim Kotam adlanan ərazi (buna köhnə Kotam da deyirlər) Araz çayından xeyli aralıda yerləşib. 1956-cı ildən etibarən sakinlər aşağı enməyə, nisbətən geniş torpaqlarda ev-eşik salmağa başlayıblar. Ətrafdakı dağ-daşı, dərəni-düzü hesablasaq, Kotamın 2550 hektar ərazisi var. Burada dədə-baba torpağımız olan Zəngəzur dağ silsiləsinin əlçatmaz, quşqonmaz zirvələri Kotamı qoynuna alıb. Xorxat, Əlkar, Bəlgə, Dihin, Əcaha (bəlkə də, Əjdaha) və kotamlıların yüz illərdən, min illərdən üzü bəri gələn ömür-günlərinə yazılan neçə-neçə belə dağları, zirvələri var.
Azərbaycan və Türkiyə tarixçilərindən ibarət heyət Ordubad şəhəri ilə tanış olublar. Bildirilib ki, Ordubadın tarixi çox qədimlərə gedib çıxır. Şəhərdə keçmişin xatirələrini özündə yaşadan “Cümə” məscidi, “Qeysəriyyə” adlı tarixi abidə, Buzxana binası, XVIII-XIX əsrlərə aid məscidlər var. Dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən bu şəhərin bol sulu çeşmələri, barlı-bərəkətli meyvə bağları, mehriban insanları həmişə bura gələn səyyahların diqqətini cəlb edib. Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları var. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”.
Qeyd olunub ki, arxeoloji qazıntılar zamanı əldə olunmuş abidələr Ordubadın tarixinin 7 min il əvvələ söykəndiyini göstərir. Müxtəlif dövrlərdə burada aparılmış tədqiqatlar şəhərin zəngin mədəniyyətə malik olduğundan xəbər verir. Bu yurd yeri məşhur ipəyinə və burada yetişdirilən meyvələrinə görə də tanınıb. Qədimlik və müasirliyin simasını qonaqlara eyni güzgüdə göstərməyi bacaran Ordubad təkcə ölkəmizin deyil, ümumilikdə, qədim Şərqin və türk dünyasının əsrarəngiz şəhərlərindən biridir.
Şəhərin mərkəzində yerləşən “Cümə” məscidi qədim memarlıq abidəsi kimi qonaqları heyrətə salıb. Onun 1275-ci ildə tikildiyi qeyd olunub. Lakin 1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin üzərində “III tarixi-hicri Ər-Rəşid” sözləri onun yaşını 500 il də artırır. Məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılıb: “Ordubadlılar əməksevər, qoçaq və işgüzar adamlardır. Nəsiri Tusinin yüksək nəslinin burada davamı üçün adıçəkilən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir”. Yeri gəlmişkən, “Cümə” məscidinin qarşısındakı qəbirlərdən biri Tusinin nəvələrindən olan Mirzə Ünayət Nəsiri Tusinin qızı Şərəf xanımın qəbridir. XVI-XVII əsrlərə aid ikimərtəbəli mədrəsə binası orta əsrlərdə dinin, elmin inkişafında mühüm rol oynayıb. Bu mədrəsədə vaxtilə təkcə dini deyil, dünyəvi elmlər də tədris olunub. Nadir şahın dövründə mədrəsədə zamanın tələbinə uyğun olaraq memarlar, hərbçi mütəxəssislər yetişdirilib. Hətta bu hərbçi mütəxəssislərdən bir çoxu sonralar Nadir şahın qoşununda xidmətə cəlb edilərək, şahın 1739-cu ildə Hindistana yürüşündə də iştirak ediblər.
Ordubad şəhərində başı göylərə çatan çinarlar da beynəlxalq elmi simpoziumun paytaxt Bakı şəhərindən və Türkiyə Respublikasından gələn iştirakçıların diqqətini cəlb edib. Qeyd olunub ki, çinarlar bu qədim şəhərin tarixinə əsrlərdir şahidlik edir. XX əsrin əvvəllərində buranı ziyarət etmiş səyyah Nefodov yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”.
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanışlıq zamanı qonaqlara XII əsrə aid olan bu tarixi abidə haqqında ətraflı məlumat verilib. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş bu binada indi tarixi eksponatlar sərgilənir. Bina 1990-cı ilin may ayından Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Bildirilib ki, böyük və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Abidə bişmiş kərpicdən inşa olunub, hündürlüyü 8,5 metrdir. Binanın 200 kvadratmetr sahədə şəbəkə sistemi, daxili divarları bərpa olunub. Muzeydə 4 minədək eksponat saxlanılır.
Ordubadla tanış olan elmi simpoziumun iştirakçıları qeyd ediblər ki, bütün bu parametrlərinə görə Ordubad yaxın gələcəkdə milli və beynəlxalq festivalların, tarixi və mədəni simpoziumların keçiriləcəyi məkan kimi tanışlıq turizminin əsas mərkəzlərindən birinə çevriləcəkdir.
Qonaqlar Əshabi-Kəhf ziyarətgahında və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.
İki sahil.- 2016.- 22 noyabr.- S.22.