Vətənpərvərlik və mərhəmətlilik
nümunəsi
Mehriban Əliyeva
2006-cı il noyabrın 24-də ISESCO-nun Xoşməramlı səfiri
adına layiq görülüb
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya möhtac uşaqlara diqqətinə, onların
yaşayış şəraitinin yaxşılaşmasına,
təhsilə, həmçinin İslam aləmində
görülən işlərə böyük dəstəyinə
görə İSESCO-nun xoşməramlı səfiri kimi
çox mühüm layihələrin müəllifidir. “Həyatda hər
bir kəsin yerini və taleyini
tarix müəyyən edir. Odur ki,
nə böyük, nə də kiçik rollar olmur”
söyləyən Mehriban xanımın həyat amalı başqalarına əl tutmaq,
xeyirxahlıq göstərməkdir.
Ötən illərdə Bakıda keçirilən Krans Montana Forumunun açılış mərasimində Prezident İlham Əliyev təşkilatın “Prix De La Fondation” mükafatına, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə Forumun “Qızıl medal”ına layiq görüldü. Mərasimdə “Böyük hörmət və iftixarla mən burada birinci xanımı salamlayıram. Bu gün biz həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya mükafat təqdim edəcəyik. Mən bunu çox vacib hesab edirəm. Mən bunu xüsusilə qeyd etmək istəyirəm ki, biz onun fəaliyyətinə böyük hörmət və rəğbət bəsləyirik. Biz bilirik ki, Heydər Əliyev Fondu bir çox işlər görür, həmçinin müxtəlif təhsil, mədəniyyət ocaqlarında yeniliklər həyata keçirir. Məqsəd ondan ibarətdir ki, burada iradə vardır, razılıq vardır” sözləri ilə Mehriban xanımı bəşəri ideyalara yönəlmiş xidmətlərini yüksək dəyərləndirən qurumun prezidenti və təsisçisi Jan Pol Karteron bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi irsinin təbliğində, xeyriyyəçilik və humanizm dəyərlərinin əks olunduğu layihələrin həyata keçirilməsində Fondun, onun rəhbəri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var.
Xeyriyyəçiliyə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu təşkil etməklə başlayan, çoxillik tarixə malik mədəni tariximizin fəal təbliğatçısı, Heydər Əliyev Fondunu yaratmaqla dünya siyasi arenasında uzaqgörənliyi ilə fərqlənən, müdrik şəxsiyyət, Ümummilli Liderin gələcək nəslə ərməğan olan irsinin, siyasi fəaliyyətinin daimi əbədi yaşamasını təmin edən Mehriban xanım Əliyeva başçılıq etdiyi qurumun xeyriyyəçilik, humanistlik missiyasını çoxşaxəli layihələri ilə böyük şəxsiyyətə layiq reallaşdırır.
Ən müxtəlif sahələrdə humanitar fəaliyyəti ilə fərqlənən Heydər Əliyev Fondunu dünyada tanıdan, Ulu Öndərin tarixlərə sığmayan siyasi irsinin, dövlətçilik təcrübəsinin öyrənilməsi, təbliği istiqamətində mühüm tədbirlərə imza atan UNESCO (2004-cü il) və İSESCO-nun (2006-cı il) xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva eyni zamanda milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində də xalqını sevən vətəndaş kimi missiyasını davam etdirir. Humanistliyi, xeyirxahlığı, gənc nəslin formalaşması istiqamətində həyata keçirdiyi layihələr, şəxsi təşəbbüsü ilə Bakıda keçirilən sivilizasiyalararası dialoq və konfranslar Azərbaycan haqqında məlumatların dünya birliyinə çatdırılması baxımından çox əhəmiyyətlidir.
Milli mənəvi irsimizi bəşəri dəyərlərlə vəhdətdə inkişaf etdirən, Azərbaycan qadınının simvolu olan Mehriban xanımın fəaliyyətinə verilən beynəlxalq qiymət onun xeyirxah-humanistlik, insanlıq missiyasının göstəricisi olmaqla ölkəmizin iqtisadi, mədəni, elmi inkişafının təcəssümü kimi diqqəti cəlb edir. “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülən Mehriban xanımın “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülməsi illərdən bəri çəkilən zəhmətə beynəlxalq səviyyədə verilən dəyərdir. Ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edən Fondun dəstəyi ilə Dünya İrslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərilib. Parisin məşhur Notrdam kilsəsinin təmirində Heydər Əliyev Fondunun iştirakı da qarşılıqlı dostluq və tolerantlıq nümunəsi kimi yüksək dəyərləndirilir. Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalanıb. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub. Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni salonların açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı Azərbaycanla, Heydər Əliyev Fondu ilə əməkdaşlığa göstərilən böyük diqqətin ifadəsidir. Eyfel qülləsinin yaxınlığında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi dünya mədəniyyətinin paytaxtında ölkəmizin təbliği üçün ən əhəmiyyətli addımlardan biri oldu. Xüsusi əhəmiyyətə malik bu mədəni hadisələrin hər biri Azərbaycanın ən yüksək səviyyədə populyarlaşmasına xidmət edir.
“Xalqları biri-birinə yaxınlaşdıran dil, mədəniyyət və incəsənət, tərcüməyə ehtiyacı olmayan musiqidir” söyləyən Mehriban xanımın Azərbaycanın dünyada dialoq mərkəzi kimi tanıdılmasındakı xidmətləri biri-birini əvəz etdikdə ölkəmizə artan marağın coğrafiyası da genişlənir. Mehriban xanım Əliyevanın Fransa prezidentinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit rütbəsi ilə təltif olunması ölkəmizin xarici siyasətinin uğuru olmaqla, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artmasının təsdiqidir.
“XXI əsrin böyük qadını” fəxri titulunun nominantı Mehriban xanımın xeyriyyəçilik işlərində fərqlənməsi, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda daha çox reytinq toplaması Azərbaycan qadınının ictimai-siyasi işlərdə zəngin təcrübəyə malik olduğunu göstərməklə, dünya birliyində fəal mövqe tutmasının nümunəsidir. Mehriban xanımın bu sözləri onun çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri üzrə qazandığı nailiyyətlərin göstəricisidir: “Mən öhdəmə götürdüyüm bütün hər bir işə çox məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimlə bir neçə məqsədə çatmağı düşünmüşəm. Bunlar vətənpərvərlik və mərhəmətlilikdir.”
Heydər Əliyev Fondunun son illərdəki fəaliyyətinə, Mehriban xanım Əliyevanın təşəbbüslərinə, UNESCO və İSESCO-nun xətti ilə Azərbaycanda keçirilən beynəlxalq səviyyəli konfrans və simpoziumların əhəmiyyət və mahiyyətinə diqqət yetirməklə Azərbaycanın birinci xanımının xidmətləri barədə sadəcə təsəvvür yaratmaq mümkündür. Çünki onun gördüyü işlərin dövlətə, xalqa verdiyi səmərə ölçüyəgəlməz dərəcədə dəyərli və əhəmiyyətlidir.
Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali “Heydər Əliyev mükafatı” ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.”
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi dostluq, qardaşlıq bayramına çevrilən Oyunların yüksək səviyyədə təşkili üçün göstərdiyi fədakarlığı yüksək dəyərləndirən Prezident İlham Əliyev demişdir: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur.” Eyni fədakarlığı, təşəbbüskarlığı gələn il Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunlarının təşkilatçısı kimi doğruldacağını “Sizi əmin edirəm ki, Təşkilat Komitəsi IV İslam Həmrəylik Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Biz çalışacağıq ki, Sizin və Azərbaycan xalqının yüksək etimadını doğruldaq və Oyunlar ən yüksək səviyyədə keçirilsin” sözləri ilə ifadə edən Mehriban xanım həm də xalqını sevən bir vətənpərvər, fədakarlıq nümunəsidir.
Xalqımızın milli mənəvi dəyərlərinin yorulmaz təbliğatçısı Mehriban xanım görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqətlə yanaşır. Onun təşəbbüsü ilə dünyanın məşhur mütəfəkkiri, görkəmli alimi, ensiklopedik biliyə malik Nəsirəddin Tusinin “Əxlaqi-Nasir” əsəri latın qrafikasında yenidən nəşr edilib, “Azərbaycan” kitab-foto albomu və əksər türk ölkələrində populyar olan “Qabusnamə” kitabının rus variantı hazırlanıb, “Azərbaycan muğamı” multimedia məcmuəsi və “Muğam dünyası” kitabı işıq üzü görüb.
Bəlkə də onun qədər uşaqları sevən, körpələrin sağlam böyüməsi üçün əlindən gələni əsirgəməyən, neçə-neçə anaya övlad sevinci bəxş edən, ölkədə təhsilin inkişafı üçün beynəlxalq təşkilatların imkanlarından maksimum istifadə edən ikinci bir vətənpərvər ola bilməz. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqram və layihələrinə uyğun olaraq həyata keçirilən yenidənqurma və bərpa işləri ilə maraqlanan, gənc nəslin fiziki və əqli inkişafına diqqətlə yanaşan Mehriban xanım fiziki cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün nəzərdə tutulan layihələrə xüsusi qayğı ilə yanaşır. “Hər bir uşağın ailəyə ehtiyacı” kampaniyasını keçirməklə uşaqların ailələrə verilməsi kimi önəmli layihənin həlli istiqamətində milli mənəvi dəyərlərimizi əks etdirən tədbirlərin keçirilməsinə nail olan Mehriban xanımın təşkilatçılığı ilə həyata keçirilən təşəbbüslərin əsasında bir vəzifə dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı, övladlar yetişdirilsin.
Fondun təşəbbüslərindən olan “Yeniləşən Azərbaycana, yeni məktəb” layihəsi üzrə inşa olunan məktəblərdə yüzlərlə şagird təhsil alır. Gənclərin idmana artan marağında xüsusi xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də səylərini əsirgəmir.
Bakıda İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının keçirilməsinin təşəbbüskarı da qurumun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olmuşdur. “İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” mövzusuna həsr olunmuş tədbirdə 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak etmişdir ki, bu da Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyətə malik təşəbbüskarlıqdır.
Həmin tədbirdə qeyd olunduğu kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın İslam mədəniyyətinin təbliğində, həm də İslam ölkələrindəki problemlərin müzakirəsində, bütövlükdə bu problemlərin həllinə istiqamət verəcək qərarların qəbulunda İSESCO-nun fəaliyyətində yaxından iştirak etməsi təşkilata əhəmiyyətli dinamizm gətirmiş, ölkəmizin bu qurum ilə əməkdaşlığının yüksək səviyyəyə çatmasına bilavasitə kömək göstərmişdir. Konfrans urbanizasiya və uşaqlarla bağlı problemlərin həlli istiqamətində mühüm bir çağırışdır.
Gələcək illərdə humanizm ideyalarını əks etdirən layihələrin həyata keçirilməsi ilə daha geniş anlamda fəaliyyətini genişləndirəcək Mehriban xanım Əliyeva xeyirxahlıq duyğuları ilə neçə-neçə insana yardım göstərəcək, yaşam sevinci bəxş edəcək.
Xuraman
İsmayılqızı
İki sahil.- 2016.- 25 noyabr.- S.2.