Sevginin ömrü bir
an,
qalanı xatirədir...
Müsahibimiz nasir, şair, tərcüməçi,
kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğludur
- Baba müəllim, həyat
yolunuzda kino, kinematoqrafiya
xüsusi bir xətlə keçir və hazırda Azərbaycan
Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin
katibisiniz. Bir neçə sənədli filmin ssenari müəllifisiniz,
kinomuzun bugünkü durumu sizi qane edirmi?
- Hər
sahədə olduğu kimi kino sahəsində də ziqzaqvari inkişaf, enişlər və
yoxuşlar, yüksəliş və tərəqqi olub. Əlbəttə
ki, kinonun bugünkü durumunu
Azərbaycan kinosunun qızıl dövrü ilə
müqayisə etsək çox solğun görünər. Azərbaycan
kinosunun qızıl dövrü olub, böyük rejissorlar
yetişib, gözəl ssenarilər yazılıb, yüksək
keyfiyyətli əsərlər çəkilib. Bunların zəminində
də böyük aktyorlar məktəbi yaranmışdı.
Bu gün bizə qalan bu zəngin irslə, gözəl əsərlərlə
fəxr edirik. Mənə elə gəlir ki, su gələn
arxa bir daha gələr. İnanıram ki, bütün sahələrdə
olduğu kimi, kino sahəsində də yenidən bir dirçəliş
mərhələsi başlayacaq. Azərbaycan kinosu öz
layiqli yerini tapacaq.
- Bu gün kinomuzda nələri
görmək istərdiniz?
- Kinomuzda
bu gün yeni rejissorlar görmək istəyirəm. Yeni Rasim
Ocaqovlar, Eldar Quliyevlər, Şeyx Əbdül Mahmudbəyovlar,
Oqtay Mirqasımovlar, Hüseyn Seyidzadələr, Tofiq
Tağızadələr görmək istəyirəm.
Görün nə qədər gurultulu və möhtəşəm
adlar sadaladım. Bu gün də çox istedadlı gənclər
var. Ancaq təəssüf ki, o cür adların kölgəsində
demək olar ki, görünmür. Bəlkə də bu,
müvəqqəti bir haldır. Gün gələcək
bugünkü istedadlı gənclər sənətdə
öz bacarıqlarını göstərə biləcəklər.
Amma bunun üçün yəqin ki, zaman lazımdır.
- Demək olar ki, daha çox sənədli
filmlərə ssenari yazmısınız. Sənədli filmlər
çəkmək sahəsində Azərbaycan
kinematoqrafiyasının işini qənaətbəxş hesab
etmək olarmı?
-Gənc
yaşlarımdan televiziya sahəsində
çalışmışam. İlk əmək fəaliyyətimə
Azərbaycan Dövlət Radio və Televiziyasından
başlamışam. Uzun müddət bir çox məşhur
verilişlərin aparıcısı, ssenari müəllifi
olmuşam. Sonradan Azərbaycan televiziyasında yüksək vəzifələrdə
çalışmışam. Yeni proqramların
studiyalarının yaradılmasında iştirak etmişəm.
Sənədli filmlərə sevgim, həvəsim, gəlişim
elə o dövrdən başlayır. Çünki elə o
zamanlardan televiziya imkanlarının o dərəcə
geniş olmadığı qənaətinə gəlmişəm
və kino estetikasını qəbul etmişəm.
Görmüşəm ki, həqiqətən də kino
estetikası ilə film çəkmək yaradıcı insana
nə dərəcədə böyük imkanlar yaradır.
Çox zaman insana elə gəlir ki, sənədli film çəkmək
çox asandır. Bəlkə də qısa 10-15 dəqiqəlik
bir sənədli film böyük seriallar, tam metrajlı bədii
film çəkməkdən çox çətindir.
Dünya kino arenasında çox gözəl sənədli
filmlər çəkilir. Bizdə
o səviyyədə sənədli filmlər hələ
yoxdur. Bu da Azərbaycan həqiqətlərinin dünya səviyyəsinə
çıxmasına mane olur. Yəni biz o cür filmlər
yarada bilmirik ki, dünya tamaşaçısı o sənədli
filmlərə baxıb Azərbaycan həqiqətlərinə
inansın, dərk etsin və kimin haqlı olub
olmamasını o sənət əsəri ilə müəyyənləşdirsin.
Təbii ki istisnalar var. Əlbəttə ki, rəhmətlik
Çingiz Mustafayev sənədli film ustası deyildi, reportyor
idi. Sənədli film tam başqa bir şeydir. Yəqin ki,
Çingiz kimilər yaşasaydı sənədli filmlər
sahəsində bizim uğurlarımız daha çox
olardı. Bu işin müəyyən pioneri var idi. Çox təəssüf
ki, davam etmədi. Amma mən böyük kinonun gələcəyinə
inandığım üçün ümid edirəm ki, sənədli
filmlərin gələcəyi ölkəmizdə gözəl
olacaq.
- Müsahibələrinizin birində
özünüzün köhnə kişilərdən
olduğunuzu, müasir bölgüləri qəbul etmədiyinizi
deyirsiniz və bunu daha çox qadınlara münasibətə
aid edirsiniz. Bugünkü dövrümüzdə, dünya
miqyasında qadına, qadının hüquqlarına olan
münasibət sizi qane edirmi?
-Dünya
ilə işim yoxdur. Mənim işim öz məmləkətim,
xalqımla bağlı nüanslar, məsələlərdir.
Köhnə kişiyəm, deyəndə həmişə təməl
prinsipləri nəzərdə tuturam. Biz bu ölkədə
doğulmuşuq. Vaqif Səmədoğlunun məşhur bir
şeiri var: “...mən Afrikada doğulsaydım nə
olardı?” başqa bir ölkədə doğulsaydım nə
olardı? Amma mənim qismətimə də Azərbaycanda
doğulmaq düşüb. Bu torpaq, hava, su, buradakı, təbiət
və insanlar məni formalaşdırıb. Başqa cür
ola bilmərəm, öz kökümdən ayrıla bilmərəm.
Amorf bir məxluq kimi düşünə bilmərəm. Bu mənada
əsl müsəlman kişisiyəm. Yəni köhnə
prinsiplərlə tərbiyə almış, köhnə əxlaq
kodeksləri ilə yaşamış bir insanam. Amma
texnologiyanın gətirdiyi bütün normal nailiyyətləri
qəbul edən, lakmus kağızı kimi həmin dəqiqə
özümə hopduran bir insanam. Bu mənada həm də
müasir insanam. Amma müasirlik təməl prinsiplərə
heç vaxt zidd olmamalıdır. Yəni texnologiyanın
yenilikləri əxlaq kodeksinin pozuntusuna gətirib
çıxarmamalıdır. Əgər biz
özümüzü müsəlman, Şərq insanı
sayırıqsa, elə o cür də olmalıyıq. Etiraf edək
ki, qadının Şərqdə hörməti hər zaman
yüksək tutulub. İstər müqəddəs
Kitabımızda, istər məişətimizdə, istərsə
də cəmiyyətimizdə qadın hər zaman yüksəkdə
olub. Müqəddəs kitabımızda da qeyd olunur ki, “Cənnət anaların ayaqları
altındadır”. Birdən-birə Avropadan bizə bəzi əxlaq
dərsləri gəlir çıxır ki, məmləkətdə
gender problemi mövcuddur. Ayrıca qadın institutları
yaratmaq lazımdır, onları müdafiə komitəsi yaratmaq
lazımdır. Məni əsəbiləşdirən,
qıcıqlandıran bunlardır. Axı Azərbaycanda
qadın hüquqlarını kim pozur, ailələrə kim müdaxilə
edir ki? Bizdə bu problemlər olmaya-olmaya qabardılır.
Gender bərabərliyindən söhbət gedirsə
sadaladıqlarımdan kişilər üçün də yaradılsın.
Onlara da kömək komitəsi yaradılsın. Bir də ki,
gender bərabərliyi necə mövcud ola bilər, Allah
qadınla kişini eyni yaratmayıbsa, biz bəndələr
kimik ki, onları eyniləşdirək. Hərənin öz
missiyası, işi var. Hər kəs
öz yerində böyükdür və əvəzolunmazdır.
Qadın əgər mətbəxtdə, ailədə,
ocağının başında, onun
qorunmasında əvəzolunmazdırsa, kişilərin
missiyası isə başqadır. Niyə biz qadınları
kişilərlə müqayisə edib, həyatın, məişətin
başqa sahələrində görmək istəyirik?
Qadın qadın olanda gözəl olur, kişiyə
çevriləndə eybəcər bir məxluq olur.
Bunları biz süni şəkildə Avropadan gəlmiş
prinsiplərlə eybəcərləşdirə bilmərik.
Kimin üçünsə bəlkə bu prinsiplər
yararlıdır, amma bizim üçün deyil. Min illərdir
bu ənənələr formalaşıb. Birdən-birə hər
şeyi qırıb ata bilmərik. Biz şirnikləndirici vədlərə
inanaraq öz yolumuzdan dönməməliyik.
- “Sevgiyə çatanda artıq o
sevgi olmur, maddiləşir” Siz maddiləşməyən, yəni
platonik sevginizə çatmısınızmı?
- Platonik
sevgiyə çatmaq mümkün deyil. Sevgidən söhbət
gedəndə müəyyən bir qisim insanların kəbin
kağızı ilə sonuclanan sevgisini nəzərdə
tutmuram. Sevgi ilahi bir hissdir. Əlbəttə ki, şair
sevgisindən söhbət gedir. Şair sevgisi də ilahi
sevgidir. İlahi sevgi isə heç vaxt maddiləşə
bilməz. Bu mənada şairlərin ilhamı ona görə
tükənməz olur ki, onlar ilahi sevgini vəsf edirlər.
Müsahibələrimdə dəfələrlə qeyd
etmişəm ki, şairin vəsf etdiyi xanım, həm bizim o
dediyimiz xanımların hamısıdır, həm də
heç biri deyil. Hər xanımdan nəsə gözəl
bir şey, bir cizgi var. Konkret
qadından bəhs edən əsərlər publisistikadır,
jurnalistikadır, sənədli xroniki əsərlərdir. Amma
poeziya dəqiq elmə sığışan bir fəlsəfə
deyil. Poeziyanın obyekti həmişə göylərdədir.
Onlar yerə enib, bu torpağa ayaq basanda artıq poeziyanın
subyekti olmaqdan kənara çıxır. Bu mənada, şair
ömrü boyu öz sevgisindən yazır, amma mövzu
tükənmir. Təkcə söhbət bir şairdən
getmir. Bəşər yaranandan bütün şairlər o
gözəlliyi vəsf edir, həyat durduqca, dünya
qaldıqca yenə də vəsf edəcək və bitməyəcək.
Real mövcud gözəldən
bir, iki əsər, lap yüz əsər yazmaq olar, sonu var
bunun. İlahi sevginin isə sonu yoxdur. Poeziyanın vəsf
etdiyi qadın real deyil.
- Bütün insanların
günahı var, yəni günahsız insan yoxdur. Belə deyək,
siz Tanrı ilə söhbət edəndə hansı
günahınızın ondan bağışlanmasını
istəyirsiniz?
-Bütün
insanlar günahkardır. Əgər biz bu günahkar
dünyada yaşayırıqsa, deməli günahlar içindəyik.
Sadəcə fərq ondadır ki, kim nə dərəcədə
günaha batıb. Ancaq ilahi varlıqlar günah etməz. Hətta
mən dəfələrlə deyirəm ki, peyğəmbər
özü insan olduğu üçün o da günahlar edib.
Bizdən az və ya çox etməsini yaradan müəyyənləşdirir.
Günahlar varsa tövbə də var, bağışlanmaq da var.
Bağışlamaq əlbəttə ki, Yaradana məxsusdur. Mənə
elə gəlir ki, yaradan özü də ağır
günahları, bağışlamır. Allaha ibadəti
unutdun və ya hansısa ayini yerinə yetirmədin kimi
günahları yəqin ki, Tanrı bağışlayar. Amma
insan ki, əqidəsinə xilaf çıxdı,
sözünə düz olmadı, millətinə xəyanət
etdi, xalqına üz çevirdi, məmləkətini
satdı, bunları nə bəndə bağışlayar, nə
də Allah. Amma bu da var ki, tövbə qapısı hər
zaman açıqdır. Günahkar insanların, günahı
o zaman bitir ki, onlar tövbə qapısına
yaxınlaşırlar. Mənə elə gəlir ki, tövbə
qapısına yan alan insan bir daha günah etməz.
- Qəlbimdən asılan bir daş
imiş, daş,
Sən
getmə deyəndə gözlərində yaş,
Dinə
bilməyəydim, lal olaydım kaş.
Dilim
quruyardı yox deyəndə mən.
Çox mənalı, gözəl
bir şeirdir Baba müəllim. Bu şeirin tarixçəsini
bilmək istərdik...
-Şeirin
tarixçəsi ümumiyyətlə insan ömrüdür.
Mənə elə gəlir ki, hər bir insan ömründə
bir dəfə bu hissləri keçirir. Təbii ki gündə
insan neçə dəfə yox deyə bilər, müəyyən
şeylərə etiraz edə bilər. Məsələlərdən
razı olmaya bilər. Amma taleyüklü insanın həyatında
bir an olur ki, orada hə yerinə yox deyirsən. Bax o
ömürlük faciəyə çevrilir. Bax o faciə
haqqındadır o şeir. Mən heç kimə
arzulamıram ki, ömründə bircə dəfə hə
deyən məqamda yox desin. Şeirin axırıncı bəndi
belə:
Mən
indi bilirəm nə deməliydim,
Sənsiz
nə günüm var söyləməliydim.
Ömrümdə
bircə yol “hə” deməliydim,
Dilim
quruyaydı “yox” deyəndə mən.
İndi
gücüm təkcə qarğışa çatar,
Dilim
quruyaydı, “yox” deyəndə mən.
Sonradan
görürsünüz heç nəyə gücün
çatmır. Ancaq qarğış etməklə kifayətlənirsən.
Onda da heç kimə faydası olmur. Ona görə mən gənclərə
nəsihət edirəm ki, yaxşı-yaxşı düşünün,
yüz ölçün bir biçin bəlkə “hə” demək
lazımdır. Səbirsizlik edib “yox” deyirsiniz və onunla da hər
şey məhv olur.
-
Peşmançılığınızın əziyyətini
çəkmisinizmi?
-Bilirsiniz,
lap uşaqlıq yaşlarından o qənaətə gəlmişəm
ki, sonrakı peşmançılığın heç nəyə
faydası yoxdur. Ona görə də bir kitabımın
adı belədir: “Dünya dəyməz göz yaşına”.
Yəni peşmançılıq əgər heç nəyi
geri qaytara bilməyəcəksə, əziyyət çəkməyə,
özünü şam kimi yandırıb yaxmağa ehtiyac
yoxdur. Sadəcə hərdən retro düşüncələrə
dalanda deyirəm ki, bunu belə etsəydim daha yaxşı
olardı. Sonra deyirəm ki, həyatdır, belə olmalı
idi.
- Çoxlu dost, tanışı, bir
az da geniş mənada deyək, qohumu-əqrəbası olan,
amma tənhalığı sevən bir adam təsiri
bağışlayırsınız...
-
Özün-özünlə tək qalmaq, ikilikdə qalmaq
üçün mütləq insanlardan aralanmalısan. Cismən
yox, mənən aralanmalısan. Ola bilsin milyonlarla insan içərisində
sən tənha ola bilərsən. Özün- özünlə
ola bilərsən. Bu mənada mən
özümün-özümlə söhbətini çox
xoşlayıram. Çünki heç kimə deyə bilmədiyim
sözləri ancaq özümə deyə bilərəm.
Heç kimlə bölüşmədiyim sevincimi, kədərimi
özümlə bölüşə bilərəm. Heç
kim məni özüm qədər anlaya, tanıya bilməz. Mən
şeirimdə də bildirmişəm ki, ən böyük
dostum da, düşmənim də özüməm. Həm də
özüm çox etibarlıyam, mənim sirrimi heç kimə
verməz, el içində faş etməz, mənə əyri
yol göstərməz. Bu mənada ən çox
inandığım insan elə
özüməm. Ona görə də tez-tez tək
qalmaq istəyirəm.
- Hansı ayrılıqdan daha
çox qorxursunuz?
-
Ayrılığın yaxşısı var? Yəni,
görün ayrılığa bizim müdriklərimiz nə
cür yandırıb yaxıcı bir qiymət, dəyər
veriblər ki, hətta ölümdən də betər
adlandırıblar. Ölüm sondur, bunu dərk edirsən,
anlayırsan ki, bu sondur və təsəlli olur. Amma
ayrılıq ölümdən də betərdir ki,
ayrılığın sonu olmur. Hər zaman kimisə gözləyirsən.
Düşünürsən ki, bir gün gələr.
Dünyada gözləməkdən pis heç nə ola bilməz.
Ona görə ayrılıq bu qədər ağırdır.
Amma mənim məşhur bir şeirim var ki, sevgi
ayrılıqdan güclüdür. Ayrılığın
yeganə bir düşməni varsa o da sevgidir. Sevgi olsa
ayrılıq güc gələ bilməz.
- Bir çox şeirinizə mahnı
yazılıb. Ən çox sevdiyiniz mahnıdan birinin
adını çəkə bilərsinizmi?
- Əlbəttə
iki mahnı var ki, mən xüsusilə qeyd edə bilərəm.
Biri bəstəkar Kamal ilə yazdığım “Sən elə
bir zirvəsən” mahnısıdır. Bu siyasi motivli mahnı
olsa da, böyük məhəbbətin nəticəsində
yaranmış bir mahnıdır. Sanki ulu öndər Heydər
Əliyevlə o zaman görüşdüyüm, səfərlərdə
olduğum o günləri xatırlayıram. O anlar yadıma
düşür. Mən o zamanlar çox gənc idim, elə
Ümummilli Liderin özü də o zamanlar gənc idi.
Söhbət sovet dönəmindən gedir. Ulu Öndər o
zaman əkinçilərlə görüşə biz
yazıçı və şairləri də aparırdı.
O zamankı söhbətlərimizi xatırlayıram. O
mahnının təməli o zamandan qoyulmuşdu, amma illər
sonra yazıldı. Mahnıda böyük bir səmimiyyət
var. Ona görə bu mahnı ulu öndər Heydər
Əliyev haqqında yazılan yüzlərlə
mahnının içindən fərqləndi və sevildi. Mən
hər dəfə o mahnını dinləyəndə sadəcə
o unudulmaz görüşlər gözümün önündə
canlanır. Elə bil ömrümün o illərini yenidən
yaşayıram. İkinci mahnım isə bu gün çox məşhur
olan “Səndən nigaranam” mahnısıdır. Özüm də
çox nigaran adamam. Deyərdim ki, nigarançılıq
hissi xalqımıza da aiddir.
Dünyadakı bütün insanlardan ölçüyə
gəlməz dərəcədə fərqli
nigarançılıq hissinə malik bir millətik. Hər
zaman hər kəsdən nigaranıq. Yaxınlarımızdan,
obamızdan, böyük mənada millətimizdən,
xalqımızdan hər zaman nigaranıq. İnsan çox istədiyi
kimsələrdən, nəsnələrdən hər zaman
nigaran qalır. Ancaq azərbaycanlılarda bu aşırı qədərdir.
Çünki bu xalq kimisə sevəndə də, nifrət edəndə
də ürəkdən edir.
- Bütün şeirləriniz bir
hadisədir, bir olaydır... Bu qədər hadisəni, bu qədər
olayı necə daşıya bilirsiniz?
- Əvvəlcə
onu deyim ki, bunlar konkret yazıçının, şairin,
ümumiyyətlə, sənət adamının başına
gələn hadisələr deyil. Çünki onda şair
olardı mirzə, salnaməçi, qeyd aparan bir yazar. Burada tək
şairin başına gələnlər yox, bütün
insanların başına gələn və gələ biləcək
hadisələr yer alır. Yəni şair tək
özünü yazmır. Şair bütün xalqının
keçmişini, bu gününü, gələcəyini,
olacaqları, olmuşları qələmə alır. Yəni
şair qəribə, istehsalat dili ilə desək,
böyük bir fabrikdir. Bütün o duyğuları, hissləri
hamısını içindən keçirir. Onları daha
sonra poetik dillə oxuculara çatdırır. Şairin
başqa insanlardan fərqi ondan ibarətdir ki, o hər şeyə
poetik gözlə baxır. Hamı hər hansı bir şəklə
baxıb eyni qənaətə gələ bilər, gözəldir
və ya deyil. Ancaq şair ona fərqli, bədii gözlə
baxaraq başqa fikir bildirir. O ikinci planı görür. Azərbaycan
dilinin lüğətindən hamı istifadə edir. Bu
lüğətdəki sözləri hər kəs əzbərdən
bilir. Ancaq gördüyünüz kimi hamı şair ola
bilmir. Məsələn, mən səni sevirəm, cümləsi
informasiyadır. Amma şair mən səni sevirəm demir, onu
elə deyir ki, artıq sən onun sevgisinə inanırsan.
Dünyada bədii sənət olmasaydı, heç kim
heç kimi sevməzdi. Bir şeir oxuyanda
düşünürsən ki, elə mən də bunu
düşünürdüm. Amma təbii ki, onu deyən insan
onu yaza bilməz. Bax sənətin gücü budur. Bu mənada
şairlər xüsusilə fərqlənir. Peyğəmbərlər
kimi onlara başqa bir missiya verilir. İlahidən o sözlər
gəlir və şairlər də oxuculara
çatdırır.
- Sözləri sizə aid olan,
görkəmli sənətkar, böyük ustadımız Alim
Qasımovun ifasında səslənən “Xatirədir”
mahnısının sözlərində
çox böyük yanğı var və ustad onu məharətlə
dinləyicilərə çatdırır...
- Mahnının uğurunu xüsusilə
qeyd etməliyəm. Mahnının uğuru tək söz
müəllifinə aid deyil, mahnı kino kimi sintez bir sənətdir
və eşitdiyiniz bir mahnıda müxtəlif insanların
hisslərinin sintezi var. Bir neçə dəqiqəlik
mahnıda neçə insanın ürəyi
döyünür. O döyüntülərdən
asılıdır mahnının uğuru. Burada söhbət
mahnının müəllifi bəstəkar Kamaldan və Azərbaycan
musiqisinin, muğamımızın dünyadakı vizit vərəqəsi
olan Alim Qasımovdan gedir. Təbii
ki, şeir də bu mahnının bir komponentidir. Nə
yaxşı ki, bu üç ürəyin
döyüntüsü bir ritmdə vurub və mahnı
alınıb. Mahnı doğrudan da az bir zamanda rəğbət
qazandı, sevildi. Mahnının qısa bir müddətdə
bu qədər sevilməyinin səbəbi o idi ki, hissiyyatlar səmimi
idi. Sanki dünyanın gəldi gedərliyi haqqında, faniliyi
haqqında bir eligiyadır, eyni zamanda da dünyanın əbədiliyi
haqqında bir nəğmədir. Yəni dünya keçir
gedir, ömür bitir, amma xatirələr qalır.
- Aygün Bəylərin ifasında
da sizin şeirinizə yazılmış bir mahnı var, “Bizə
olan oldu”. Baba müəllim, həyatınızda elə bir
hadisə, elə bir məqam, an olubmu ki, həqiqətən
deyəsiz ki, artıq gecdir?
- Əlbəttə.
Nə yaxşı ki o gecdir deyəndə, belə bir fikir
meydana gəlir ki, “yadındamı bir zamanlar mən səninlə
xoşbəxt idim”. Həyatın iki rəngi var - ağ və
qara. Qara mərhələni yaşayanda ağ günləri
xatırlamaq lazımdır ki, yadındamı bir zamanlar mən
səninlə xoşbəxt idim. Amma bu normal həyatın
axarıdır. Zamanla hər bir insan deyə bilər ki,
“gecdir” daha. Bu bir az çətin sual oldu, çünki gecdir
deməyin özü çox kədərli bir mənzərədir.
İnsan niyə ən çox vətənini qürbətdə
sevir. Çünki geriyə dönüş, yol yoxdur.
İnsan niyə yaşlı çağlarında gənclik
illərini, hətta ac-yalavac, bir qarnı tox, bir qarnı ac
keçirdiyi günlərin xiffətini çəkir?
Çünki artıq geriyə yollar bağlanır, hər
şey əlçatmaz olanda o qədər şirin, gözəl
olur ki, ömür boyu onun xatirələri ilə
yaşayırsan.
- Müasir dünyamızın, ədəbiyyatımızın
ən böyük problemindən biri də oxucu
qıtlığıdır. Əvvəllər ictimai nəqliyyatda
insanları daha çox qəzet oxuyan, kitab oxuyan görərdiksə,
indi bu mobil telefonlarla əvəzlənib...
-Məşhur
bir fraza var, “Uşaqlar valideynlərindən çox, zəmanəyə
bənzəyirlər”. Hər şey öz təbii axarı ilə
gedir. Axar çayın qarşısını kəsmək
mümkün deyil. Yəni hər bir xalqın, dövlətin,
cəmiyyətin öz qızıl dövrləri olur və
sonra ziqzaqvari bir eniş dövrü də olur. Bunu normal
qarşılamaq lazımdır. Təsəvvür edin ki, XIX əsr
Rusiyanın ən qızıl dövrü idi. Ədəbiyyat,
rəngkarlıq, dövlətçilik. Sonra inqilablar,
müharibələr başladı və
görürsünüz, imperiyaların belə qızıl
dövrü və eniş dövrü olur. Bu mənada mədəniyyətdə
də, mənəviyyatda da bu
dövrlər hər zaman bir-birinin ardınca gəlib. Qeyd edim
ki, hər keçid dövründə müəyyən dəyərlər
itir. Bizim bir vaxt müqəddəs sandığımız o
kriteriyalar yox oldu. Kitab sıradan çıxdı, bir maklaturaya, tullantıya
çevrildi. Biz bu dövrləri də gördük. İndi
şükr etməliyik ki, yenidən kitaba qayıtmaq meyilləri
var. Kitab çap etmək
mümkündür. Hətta çox kiçik bir xərclə
istənilən insan senzurasız, heç bir qadağasız
aparıb öz kitabını istədiyi qədər çap
edə və yaya bilər. Azadlıq var. O kitabı kim oxuyur,
bax bu, problemdir. Sovet dövründə çap problemi
vardı, oxumaq problemi yox idi, indi çap problemi yoxdur, oxucu
problemi var. Mən hətta bir zaman əlimi
üzmüşdüm ki, ciddi oxucu artıq rəhmətə
gedib. İndi heç olmasa reanimasiyada olsa da, artıq dirilir.
Bu mənada mən optimistəm. İnanıram ki, insanlar kitaba
qayıdacaqlar. Ola bilsin başqa formada qayıdacaqlar. Elektron
formada və ya başqa formada fərqi yoxdur, əsas odur o məğz
dəyişməsin.
- Adətən ziyalılar, şairlər,
yazıçılar, cəmiyyətin dərdlərini, ağrılarını
içində gəzdirən insanlar olurlar...
-Bəxtiyar
Vahabzadənin məşhur bir şeiri var. Deyir ki, “Qorxuram
dünyada bir zaman gələ, insanlar yaşaya insanlıq
ölə”. Nəsə mən get-gedə görürəm
ki, Bəxtiyar müəllimin dediyi o həqiqətə gəlib
çıxırıq. İnsanları birləşdirən o
bağlar yavaş-yavaş nazilir və qırılır. Mən
bunlardan qorxuram. Mənə elə gəlir ən dəhşətli
problem elə bu mənəviyyat problemidir. Təhsildən,
kitabdan, ədəbiyyatdan aralı düşürük. Bədii
ədəbiyyatdan aralı düşmək elə
insanlıqdan aralı düşmək deməkdir. Məndən
bir dəfə soruşdular ki, “müəllim, həkim ədəbiyyatı
niyə oxumalıdır ki? Onda belə bir cavab vermişdim ki, ədəbiyyat
adam olmaq üçün, cəmiyyətin layiqli bir
üzvü olmaq üçün lazımdır.
İnsanın insan kimi formalaşması üçün bədii
ədəbiyyatın əvəzi yoxdur.
- Bir şairlə söhbət etmək
və ondan bir şeir istəməmək günah olar...
-
Böyük bir məmnuniyyətlə, hər zaman istəyirəm
ki, necə ki mənim üçün bu görüşlər
xoş xatirə olaraq qalır, eyni zamanda məni dinləyən
və mənimlə həmsöhbət olan insanlara da xoş xatirə
bağışlasın.
Niyə
yanır bu ocaq
Yanıb,
külü qalacaq
Bilmirəm
nə olacaq
Olanı
xatirədir.
Qar
yağır narın-narın
Üzü
gülür dağların
O
yaşıl yarpaqların
Solanı
xatirədir.
Ay çəmənin
çiçəyi
Niyə
soldu ləçəyi
Bu dünyanın gerçəyi
Yalanı xatirədir.
Niyə çıxdıq yola biz
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Gerçəkdir yoxsa yalan
Gəlib keçdi nə zaman
Sevginin
ömrü bir an
Qalanı
xatirədir...
Röya Şahbazi,
Şəmsiyyə Əliqızı
İki sahil.- 2016.- 25 noyabr.- S.6; 9.