Ordumuz iftixarımız,
qürur mənbəyimizdir
Azərbaycan
silahlı birləşmələrinin ermənilərin təmas
xəttində törətdikləri təxribatların
qarşısını alması o deməkdir
ki, Ordumuz güclənib,
torpaqlarımızın hüdudlarını qorumağa
qadirdir
Cənubi Qafqazda siyasi sabitliyin təminatında əsas şərt olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini artıran Azərbaycandan fərqli olaraq Ermənistan hələ də güclü orduya malik isterikasından qurtula bilmir. Bu lovğalığın səbəbi isə havadarı Rusiya ilə ortaq ordu yaradılması barədəki razılıqdır.
Bütün Ermənistan da daxil olmaqla hava məkanını belə Rusiyanın HHQ-in nəzarətinə verən, ortağından “İsgəndər M” və “Smerç” kimi müasir raket komplekslərini aldıqlarından arxayınlaşan işğalçı dövlət rəsmilərinin bəyanatlarının ölkə əhalisi tərəfindən etirazla qarşılanması vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Bunun təsdiqi üçün ötən ayda Azərbaycanda olan, keçirdikləri mətbuat konfransında Ermənistanın işğalçılıq faktını etiraf edən hüquq müdafiəçiləri Suzanna Caqinyan, Vaan Martirosyan, publisist- yazıçı, ictimai xadim Vahe Avetyanın etiraflarını yada salaq. Onlar Azərbaycanın sülhün təminatına yönələn səylərini dəyərləndirərək bildirdilər ki, Sarkisyan hakimiyyəti xalqına yalnız göz yaşları və faciələr gətirib. Sarkisyan tək azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı törədir.
Belə bir ölkədə gənclərin ordudan yayınması, fərarilik hallarının artması təbiidir. Bu səbəbdən ordusunun şəxsi heyətini formalaşdırmaq üçün əsgər tapa bilməyən Ermənistanın Rusiyadan mədəd diləməsi anlaşılandır. Üstəlik aprel döyüşlərində Azərbaycan Ordusunun qətiyyətini görən Ermənistan artıq “qüdrətli orduya malik olmaları” ilə loğvalana bilməz. Ölkəsini bütünlükdə havadarının girovuna çevirən Sarkisyanın “ortaq ordu” barədəki illuziyaları istefa tələbi ilə meydanlara toplaşan erməniləri sakitləşirməkdən başqa bir şey deyil. Dörd gün davam edən aprel döyüşlərindən sonra başqasına güvənin özünü doğrultmadığını bəyanatları ilə bildirən erməni hərbi ekspertləri bu gün də etiraf edirlər ki, “ortaq ordu” təklifi regionda möhkəmlənmək istəyən başqalarının maraqlarına uyğun vəsitəçilikdən başqa heç nə vəd etmir. İşğalçı dövlət haqqında deyilir ki, özü müstəqil olmayan Ermənistanın Dağlıq Qarabağa müstəqillik vədi gülünc görünür.
Ermənistanın təxribat qrupları tərəfindən cəbhə bölgəsində yaranan gərginlik, silahlı toqquşmalarda üstünlüyümüz göstərdi ki, Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, ölkəmizin sərhədlərini sudan, qurudan, havadan qorumaq, Ermənistan silahlılarının nəzarət etdiyi torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır.
Ermənistanın bütün həmlələrinə layiq olduğu cavabı verən Milli Ordumuz regionda nizam-intizamı, hərbi hazırlığı, ən müasir avadanlıq və texnika ilə təmin olunması ilə fərqlənir. Dünya ictimayyətinə də bəlli oldu ki, torpaqlarımızın işğaldan azad olunması üçün Azərbaycanın Silahlı Qüvvələrinin döyüş qabiliyyəti yüksək, təchizatı etibarlıdır. Ordumuz ən müasir hərbi texnika ilə təmin edilir, büdcədən hərbi sahəyə ayrılan xərclər ildən-ilə artaraq böyük rəqəmlərlə ifadə olunur.
Aprel döyüşlərindəki uğurlarımızı, iqtisadi, hərbi qüdrəti ilə üstünlük təşkil edən Azərbaycanın müdafiə imkanlarını “Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm” sözləri ilə bildirən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, belə hallar təkrar olunsa daha ciddi müqavimət göstəriləcək. Azərbaycan əsgərinin 2 min hektar ərazini işğaldan azad etməsi Lələtəpədə dalğanan bayrağımızın daha da irəliyə sancılacağına inamı artırır. Hərbi balansın Ermənistanın xeyrinə artmasını istəyən qüvvələrin səylərinə baxmayaraq Azərbaycan əsgəri hər zaman qalib adını qoruyacaq.
Azərbaycanda keçirilən Hərbi Hava Qüvvələrinin idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə və ən yüksək texniki standartlar səviyyəsinə çatdırılmasına yönəlmiş təlimlər də göstərdi ki, Ordumuz daha irimiqyaslı əməliyyatlara qadirdir. 60 minədək şəxsi heyətin, 50-dən artıq təyyarə və helikopterin, 150-dən artıq tank və zirehli texnikanın, raket və artilleriya qoşunlarının 700-dək qurğu və sisteminin cəlb olunduğu təlimlərdə ən çətin “döyüş əməliyyatları ilə düşmənin hücumlarının qarşısı alındı.” Səhra şəraitində qoşunların idarəolunmasının və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə keçirilən təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından da istifadə olunub. Dənizdən sərhədlərimizin qorunması, əməliyyat ərazisində enerji infrastrukturunun mühafizəsi, terror, diversiya cəhdlərinin qarşısının alınmasında döyüş qabiliyyətinin yoxlanılması üçün gəmi və katerlərin cəlb olunduğu təlimlərdə komandanlığın əmrləri “yerinə yetirilmiş” qoşun hissələrinin birgə döyüş qabiliyyəti, müdafiə hazırlığı istənilən səviyyədə olmuşdur.
Belə təlimlər düşmənin təxribatlarının qarşısının alınması zamanı lazım gələn çeviklik və müdafiə qüdrətinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bundan əlavə maddi-texniki bazası yüksək səviyyədə olan, xarici ölkələrdən milyardlarla dollar dəyərində alınmış hərbi sursat, texnika ilə təmin edilən Azərbaycan Ordusunun nizam-intizamı, qələbə əzmi yüksəkdir.
Azərbaycan Silahlı Qüvvələrinin öz imkanları, daxili potensialı, milli kadr heyəti ilə keçirilən bu cür təlimlərlə Ermənistanın ərazisində yerləşdirilən Rusiya hərbi hissələri ilə keçirdiyi təlimləri müqayisə etmək belə absurddur. Çünki ordusunun təchizatı bərbad halda olan Ermənistanın havadarının hərbi qüvvələrinə arxayınlaşaraq “qüdrətli ordu” barədə sayıqlaması başqasının qabını yalamaq təsəvvüründən başqa bir şey deyil. Hazırda sərhədlərini belə rus əsgərinin qoruduğu işğalçı dövlətin milli ordusu yox səviyyəsindədir. Maraqlıdır ki, ATƏT-in Minsk qrupunda həmsədr kimi sülh yaratma prosesində iştirak edən Rusiya işğalçını silahlandırmaqla, ortaq ordu yaratmaqla missiyasının əksinə, müharibəyə təhrik yoluna üstünlük verir.
Buna görə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Ermənistanın qeyri -konstruktiv münasibətləri üzündən illərdir ki, yubadılır. Halbuki region ölkələrini birləşdirən qlobal layihələrdən kənarda qalan işğalçı Ermənistan üçün sülh daha vacibdir.
Bu günlərdə Füzuli rayonunda olarkən ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olan Prezident, Ali Baş Komandan İlham Əliyev müdafiə qüdrətimizin, Ordumuzun döyüş qabiliyyəti və hazırlığının səviyyəsini yüksək dəyərləndirdi: “ Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi... Azərbaycan Ordusu yenilməz ordudur... Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək.”
Bunu Ermənistan rəsmiləri, komanda heyəti də yaxşı bilir. Amma özünün daxili və xarici siyasəti kimi münaqişənin həlli üçün müstəqil söz demək imkanı olmayan Sarkisyanın korrupsioner, idarə olunan iqtidarı hələ ki, başqalarının hesabına qürrələnməkdədir. “Dağlıq Qarabağ bizə lazım deyil” söyləyən erməni xalqı, hərbi qulluq zamanı övladları ölən əsgər anaları münaqişənin bitməsinə tərəfdardır. Ermənistanın işğal etdikləri ərazilərin Azərbaycanın tarix torpaqları olduğunu da etiraf edirlər. Yəni münaqişənin illərdən bəri həllinin tapmamasının bir səbəbi var: Strateji geosiyasi əhəmiyyətli ərazi olan Cənubi Qafqazda söz sahibi olmaq uğurunda illərdən bəri davam edən siyasətin girovuna çevrilən Dağlıq Qarabağ müharibəsi maraqlı qüvvələrin yaratdığı münaqişədir.
Buna görə də ölən erməni əsgəri üçün məsuliyyət Sarkisyanın və onu dəstəkləyənlərin üzərinə düşür. Azərbaycan əsgəri öz torpağının işğaldan azad edilməsi naminə vuruşur. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, törədilən təxribatların qarşısı alınacaq, qüdrətli Ordumuz şücaətini aprel döyüşlərindən də artıq səviyyədə göstərəcək. Ölmək istəməyən erməni əsgəri Azərbaycan torpağını tərk etsin.
Xuraman İsmayılqızı
İki sahil.- 2016.- 29 noyabr.- S.20.