BANM 5 illik yolu uğurlu
imzaları ilə zənginləşdirib
Azərbaycan
təhsilinin bu günü
dünəninə bir baxışı zərurətə
çevirir. İnkaredilməz bir həqiqət
var ki, müstəqil
Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki
dövründə təhsil prioritet məsələ
kimi öndə dayanıb, əbəs yerə təhsil millətin gələcəyi
kimi dəyərləndirilməyib.
Son 13 ildə bu sahədə atılan addımlar ümummilli lider Heydər Əliyevin siyasi kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin təsdiqidir. Dövlət başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur: “Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq.” Gənclərə diqqət və qayğı, onların təhsilinin inkişafına yönələn addımlar SOCAR-ın da fəaliyyətinin əsas tərkib hissələrindəndir. Şirkət 2006-cı ildə Təqaüd Proqramını qəbul etmişdir. Proqram çərçivəsində hər il 50 tələbəyə xarici ölkələrin ən nüfuzlu universitetlərində neft ixtisasları üzrə təhsil almaq imkanı yaradılır. Tələbələr Təqaüd Proqramında iştirak etməklə həmçinin, təhsillərini başa vurduqdan sonra SOCAR-da ixtisasları üzrə işləmək imkanı əldə edirlər. Şirkətin həyata keçirdiyi “Yay məktəbi” və “Yay təcrübəsi” layihələri də gənc kadrların yetişdirilməsinə xidmət edən addımların tərkib hissələrindəndir. Dövlətimizin başçısı İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı əsasında Bakı Ali Neft Məktəbinin yaradılmasında da məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir.
Hələ ötən əsrin 70-80-ci illərində minlərlə Azərbaycan gənci respublikadan kənarda yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini vermişlər. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasəti yenidən formalaşmağa başlanmış, müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində ayrılmış təqaüd yerləri hesabına gənclərimizin müvafiq ölkələrdə ali təhsil almağa göndərilməsinə təkan verilmişdir. Ölkə Prezidenti İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” da Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. Cənab İlham Əliyev bildirir ki, neft-qaz Tanrıdan verilən böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcək. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.
Ölkə Prezidenti İlham Əliyev təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyub. Bakı Ali Neft Məktəbi bu birliyin göstəricilərindəndir. Reallıq budur ki, iqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafa stimul verir.
Bu təhlilləri bu gün üçün zərurətə çevirən mühüm hadisə qeyd etdiyimiz kimi, təhsilin inkişafı sahəsində ardıcıl siyasətin davamı kimi ölkə Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə SOCAR-ın strukturunda dövlət müəssisəsi statusunda Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 5 ilinin tamam olmasıdır. 5 il zaman baxımından qısa dövr olsa da, atılan addımın məqsədi fonunda görülən işlərin, əldə olunan uğurların miqyasının genişliyi bizdə bir daha belə bir qənaəti yaradır ki, məqsəd inkişaf, tərəqqi üçün açardır. Qeyd etdiyimiz kimi, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd məhz dinamik inkişaf yolunda uğurlu addımlar atan ölkənin sənaye müəssisələrinin, habelə artıq transmilli şirkətə çevrilmiş SOCAR-ın istər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda həyata keçirdiyi beynəlxalq layihələri gerçəkliyə çevirə biləcək ingilisdilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacını ödəməkdir.
Təbii ki, zaman dəyişir, hər dövrün öz tələbləri ortaya çıxır. Bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası növbəti layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihə üçün stimul olur. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri bu gün reallıq olmaqla yanaşı həm iştirakçı, həm də dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına təkan verir. Cənab İlham Əliyevin 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində söylədiyi fikirləri yada salmaq istərdik: “Gəlin fərz edək ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.”
Bu günümüzün reallığı budur ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması, ədalət meyarına verilən böyük önəm biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsini təmin edir. Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Məlum olduğu kimi, Fondun maliyyələşdirdiyi istiqamətlər sırasında gənclərin xaricdə təhsili xüsusi yer tutur.
Bu reallığı da qeyd edək ki, dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi mövqeləri də möhkəmlənməkdədir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu günbəgün artır. Artıq bu gün dünya “Cənub Qaz Dəhlizi”nin perspektivlərini təhlil edir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik.”
Neft strategiyasının uğurlu icrasına davamlı töhfələri ilə diqqət çəkən SOCAR-ın bu və ya digər ölkələrdə həyata keçirdiyi investisiya layihələri bir daha təsdiqləyir ki, şirkət üzünü gələcəyə tutan müasir, innovativ, modern, çevik, transmilli şirkətlərlə bir sırada dayanan sənaye kompleksinə çevrilmişdir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, SOCAR-ı yalnız və yalnız uğur izləyir.
SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev gənclərlə mütəmadi görüşlərində bu fikri xüsusi qeyd edir ki, ölkəmizdə gedən ümumi sosial-iqtisadi inkişaf fonunda neft-qaz sənayemiz və onun flaqmanı olan SOCAR da modernləşir, yeni texnologiyaların tətbiqi hesabına rəqabət qabiliyyətini yüksəldir, dünya bazarına inamla daxil olur. Şirkət nəinki ölkə daxilində, həm də xaricdə regional və qlobal əhəmiyyətli layihələr həyata keçirir. Bu istiqamətdə qazanılmış nailiyyətlər az deyil. Bu inam ifadə edilir ki, SOCAR nəhəng layihələrin həyata keçirilməsində gənclərə, onların potensial imkanlarına arxalanır: “Tələbələrin, gənc mütəxəssislərin timsalında davamçılarımızı, sabahkı menecerlərimizi, neft-qaz sənayemizin rəhbərlərini görür və inanırıq ki, şirkətimiz sizlərin gücü ilə daha da inkişaf edəcək.”
SOCAR-ın birinci vitse-prezidenti, akademik X.Yusifzadə isə gənclərə bu tövsiyələrini çatdırır: “Daim üzləşdiyim bu sualı bir daha sizlərin qarşısında təkrar etmək istəyirəm. Mənə sual olunanda ki, sizin bu uğurlarınızın əsasında nə dayanır, buna cavabım birmənalı və dəyişməz olur- zəhmət, yenə də zəhmət. Nə qədər zəhmət çəksəniz, onun müsbət nəticəsini görərsiniz. Öyrənmək, biliklərə yiyələnmək heç zaman gec deyil. Bu günün gəncləri müasir düşüncəyə, geniş dünyagörüşünə malikdir. Sizlər yaşlı nəslin nümayəndələrindən milli mənəvi dəyərlərimizə, mədəniyyətimizə, tariximizə bağlılığı öyrənməklə öz biliklərinizi daha da təkmilləşdirməklə irəliyə doğru addımlamalısınız. Görülən işlər, əldə olunan uğurlar daha yeni-yeni vəzifələrin müəyyənləşdirilməsində əsasdır ki, onların icrası da siz gənclərdən asılıdır.”
Məhz bu inam və etimad gənclərimizi ruhlandırır, elmi biliklərə yiyələnmələrinə, öz bilik və bacarıqlarını müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsinə və çiçəklənməsinə həsr etmələrinə stimul verir. Ölkəmizin çoxsaylı ali məktəbləri sırasında özünəməxsus yer tutan, özəlliyini qazandığı uğurları ilə təsdiqləyən Bakı Ali Neft Məktəbi bu məqsədi qarşısına qoyaraq, arxada qalan hər günü uğur tarixinə bir səhifə kimi yazır. Məhz bu uğurlara söykənərək, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Uğurun imzası” adı altında rəhbərlik etdiyi ali məktəbin 5 illik tarixini vərəqləyir.
Bildirilir ki, Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və s. kimi proseslər Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tələblərinə müvafiq həyata keçirilir. Bakı Ali Neft Məktəbi fəaliyyətə başladığı 2012/2013-cü tədris ilində I qrup ixtisasları üzrə keçirilmiş test imtahanlarından 600-dən artıq bal toplamış 234 abituriyentin 116-sı bu ali məktəbə qəbul olunub. Ölkə Prezidenti İlham Əliyevin 15 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə ali məktəblərin yüksək bal toplamış 102 tələbəsinə, o cümlədən I qrup üzrə 25 nəfərə Prezident təqaüdü verilib ki, onlardan 11-i Bakı Ali Neft Məktəbinin tələbələri olub.
Bu reallıq da açıqlanır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hər il nəşr etdiyi qəbul imtahanlarının nəticələrinə həsr olunmuş statistik məlumatlara əsasən, BANM bir çox göstəricilərə görə dəfələrlə ali təhsil müəssisələrinin reytinq cədvəlində I yerdə olub.
Bu ali təhsil müəssisəsinin uğurlarından biri də onun ilk günlərdən beynəlxalq əlaqələrinin genişləndirilməsi və Qərb ölkələrində geniş tətbiq olunan ən müasir tədris proqramlarının və təlim texnologiyalarının tədrisin təşkilində tətbiqi istiqamətində atılmış addımlarıdır. Bakı Ali Neft Məktəbinin rəhbərliyi bir çox xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə səmərəli işlər aparır. Fransanın, Koreyanın, Türkiyənin, Rumıniyanın, Avstriyanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Bolqarıstanın, İtaliyanın, Niderlandın, Norveçin, ABŞ-ın, Polşanın, Kubanın, Hindistanın, Almaniyanın, Çinin, Latviyanın, Liviyanın, Kolumbiyanın rəsmi diplomatik nümayəndələri BANM-ə dəvət olunub, ali məktəblə tanışlıqdan sonra onların ölkələrində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları sahəsində fəaliyyət göstərən ali təhsil mərkəzləri ilə əlaqələrin qurulması məsələləri müzakirə olunub. Bunun nəticəsi olaraq Bakı Ali Neft Məktəbi fəaliyyətə başladığı gündən dünyanın bir çox tanınmış ölkələrinin universitetləri və şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurub. BP, “Statoil”, “Total”, “Emerson”, “Avandsis Group”, “Schneider Electric”, “Microsoft”, “Halliburton”, “Schlumberger”, “ABB” şirkətləri, “British Council” təşkilatı, “İslam Dünyası Universitetləri Federasiyası”, “Qara Dəniz Universitetləri Şəbəkəsi”, Alman Akademik Mübadilə Proqramı (DAAD), Böyük Britaniyanın Heriot-Vatt Universiteti, Fransa Neft İnstitutu, Norveçin Stavanger Universiteti, Norveç Elm və Texnologiya Universiteti, Slovakiyanın Sladkoviçovo Ali Məktəbi, Bolqarıstanın Angel Kançev adına Ruse Universiteti, “Professor Doktor Assen Zlatarov” Universiteti, Qabrovo Texniki Universiteti, Sofiya Texniki Universiteti, Polşa Respublikasının AGH (Krakov) Elm və Texnologiya Universiteti və bir sıra digər strukturlarla yaradılmış əməkdaşlıq əlaqələri mütəxəssis hazırlığında tədrislə mütərəqqi təcrübənin tətbiqinə imkan verib.
2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olunub. 2015/2016-cı tədris ilində BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb.
2016/2017-ci tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda respublika üzrə ən yüksək nəticə göstərən və I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 3 tələbədən 2-si Bakı Ali Neft Məktəbinə qəbul olunub. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-ci tədris ilində ümumi orta bal 667 bal, maksimal bal 700 bal olub.
Bu statistikalar Bakı Ali Neft Məktəbində təhsilin inkişafına verilən önəmin göstəriciləridir. Bakı Ali Neft Məktəbi ötən müddət ərzində həm də ən müasir tələblərə cavab verən infrastruktur yarada, idarəetmə və pedaqoji heyəti də formalaşdıra bilib, professor-müəllim heyətinin tədrisdə, tələbələrin isə təhsildə motivasiyalarını yüksəltmək üçün silsilə həvəsləndirici və səfərbəredici tədbirlər həyata keçirib.
Bu məlumat da açıqlanır ki, 2016/2017-ci tədris ilindən istifadəyə veriləcək Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusunda ən müasir texnologiyalar tətbiq ediləcək və zəngin maddi-texniki bazaya malik laboratoriyalar olacaq. BANM-in xarici şirkətlərlə əməkdaşlıq əlaqələri, yerli və xarici şirkətlərin peşəkar mütəxəssisləri tərəfindən tələbələr üçün təlimlər keçirilməsi, mühazirələrin təşkil olunması Azərbaycanın ən yüksək intellektli gəncliyini burada təhsil almağa cəlb edir.
Onu da qeyd edək ki, Bakı Ali Neft Məktəbi Azərbaycanda yeganə ali təhsil müəssisəsidir ki, ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) sertifikatlarını alıb.
Bu ali təhsil ocağı peşəkar mühəndis kadrların hazırlanması istiqamətində biri-birindən əhəmiyyətli addımları ilə diqqət çəkir. BANM-in tələbələri bütün transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın bütün müəssisələrində istehsalat təcrübəsi keçirlər. Ali məktəbdə hazırlanan kadrların nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə yiyələnmələri əsasdır. Bu məqsədlə tələbələrin müvafiq tərəfdaş şirkətlərdə təcrübə keçmələri üçün hər cür imkanlar yaradılır. “BP Azerbaijan” şirkətinin bu əməkdaşlıqda rolu xüsusi qeyd edilməlidir.
Əvvəldə də qeyd etdiyimiz kimi, 5 illik yol zaman baxımından qısa görünsə də, uğurların miqyası genişdir. Reallıq budur ki, inkişaf, yeniləşmə, təkmilləşmə Bakı Ali Neft Məktəbinin fəaliyyətinin əsasını təşkil edir. Bu prinsiplərin vəhdətliyi fonunda Bakı Ali Neft Məktəbin Azərbaycanın nüfuzlu lider ali məktəbi statusunu qazanıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2012/2013-cü tədris ilində Bakı Ali Neft Məktəbi ilk tələbələrini qəbul edərkən bu inamı ifadə etmişdir: “Bu ali məktəb yüksək ixtisaslı neft mütəxəssislərinin yetişməsində əhəmiyyətli rol oynayacaq. İlk ildən Bakı Ali Neft Məktəbinə belə yüksək nəticə əldə etmiş tələbələrin maraq göstərməsi gələcək barədə aydın təsəvvür yaradır. Bu, inamın göstəricisidir. Biz də çalışacağıq ki, bu inama əsaslanaraq yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün zəruri olan bütün şəraiti yaradaq.” Həmin vaxtdan ötən 5 ildə Bakı Ali Neft Məktəbinin uğurları bu inamın reallıqlara söykəndiyini bir daha təsdiqləyir.
Bakı Ali Neft Məktəbinin rəhbərliyini, professor-müəllim heyətini, tələbələri bu mühüm hadisə münasibətilə təbrik edir, “uğurlarınız davamlı, göstəriciləriniz hər zaman yüksək olsun” deyirik.
Yeganə Əliyeva
İki sahil.- 2016.- 30 noyabr.- S.8-9.