İlham Əliyev: “Multikulturalizmin
dünyada bir çox
ünvanları
var, onlardan biri Azərbaycandır”
“Biz
çalışırıq və
çalışacağıq ki, bundan sonra da humanitar sahədə
dinlərarası, mədəniyyətlərarası dialoqun
güclənməsinə öz töhfəmizi verək.
Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda,
bizim tariximiz multikulturalizm əsasında qurulubdur.
Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir,
ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi
quruluşdan asılı olmayaraq Azərbaycan bütün
dövrlərdə sülh, əməkdaşlıq,
qarşılıqlı anlaşma məkanı olmuşdur və
biz bu ənənələri yaşadırıq. Bu gün biz
müstəqil dövlət kimi belə tədbirlərin
keçirilməsi ilə multikulturalizmin inkişafına
öz töhfəmizi veririk və Azərbaycanda aparılan
siyasət bu müsbət meyilləri gündəlik həyatda
gücləndirir.”
Bu
fikirləri bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi
açılış mərasimində çıxış
edən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev deyib.
O qeyd edib ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda, Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq.
Bu dövlət siyasəti
ölkə daxilində böyük rəğbət
qazanır. Eyni zamanda,
bu, cəmiyyətin də əhval-ruhiyyəsidir.
Çünki dövlət siyasəti o zaman uğurlu
icra edilə bilər ki,
cəmiyyət də buna müsbət cavab verir. Cəmiyyətdə
mövcud olan xoş əhval-ruhiyyə, multikulturalizmlə
bağlı meyillər bizim dövlət
siyasətimizi daha da
gücləndirir. Təsadüfi deyil ki, Azərbaycanda bu il “Multikulturalizm
ili” elan edilmişdir. Bakıda Beynəlxalq Multikulturalizm
Mərkəzi yaradılmışdır.
Dövlət Bayrağı
Meydanının, - bu bayraq dövlətçiliyimizin
rəmzidir, - yaxınlığında
multikulturalizmə abidə
ucaldılmışdır.
Biz hesab edirik ki, bu məsələ
daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq təşkilatlar,
ayrı-ayrı ölkələr
bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər. Çünki bu gün əfsuslar
olsun ki, dünyanın müxtəlif
yerlərində multikulturalizmlə
bağlı fərqli,
bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki,
multikulturalizm iflasa uğrayıb, bəziləri,
ümumiyyətlə, hesab
edir ki, belə bir meyilə
yol vermək olmaz, bu, zərərlidir.
Bu, çox təhlükəli
fikirlərdir, yanaşmalardır.
Çünki, gəlin baxaq,
multikulturalizmə alternativ
nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə alternativdir? Mən hesab edirəm
ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir,
islamofobiyadır, antisemitizmdir.
Bunlar çox təhlükəli
meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı
böyük fəlakətlərə
yol açır.
Ona görə, bütün mütərəqqi bəşəriyyət
multikulturalizm ideyaları,
idealları ətrafında
birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir.
Biz öz növbəmizdə,
öz fəaliyyətimizlə,
səylərimizlə ölkəmizdə
mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür.
Multikulturalizmin dünyada bir
çox ünvanları
var, onlardan biri Azərbaycandır.
Biz bundan sonra
da çalışacağıq
ki, həm beynəlxalq aləmdə,
həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək.
İki sahil.- 2016.- 1 oktyabr.- S.3.