Müstəqil Azərbaycanın yeni

dövrünün başlanğıc tarixi

 

3 oktyabr 1993-cü ildə xalqın yüksək etimadını qazanaraq Prezident seçilən ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf konsepsiyasını, daxili və xarici siyasətini müəyyənləşdirməklə insanlarda milli məfkurəni, azərbaycançılıq ideyalarını formalaşdırdı

 

“Azərbaycanda əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində vəziyyət tənəzzülə uğrayırdı. Siyasi böhran iqtisadi böhranla tamamlanırdı. Xalq arasında o vaxtkı iqtidara inam tamamilə tükənmişdi. Vətəndaş müharibəsi başlamışdı. Ermənistanın işğalı alovlanırdı, genişlənirdi, torpaqlarımız işğal altına düşürdü.

 

Şuşa, Laçın, ondan sonra Kəlbəcər rayonlarının işğalı nəticəsində Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlılıq yaranmışdı. Belə ağır vəziyyətdə xalq yenə də Heydər Əliyevə müraciət etdi. Onu hakimiyyətə dəvət etdi və ümidləri ancaq ona bağlayırdı. Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev öz xalqının yanında idi. Öz xalqına rəhbərlik etməyə razılıq vermişdir. 1993-cü ildən başlayaraq, Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. Azərbaycanda qayda-qanun yaradıldı və ölkə inkişaf dövrünə qədəm qoydu.” Prezident İlham Əliyevin bu sözləri çətin dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndərin siyasi fəaliyyətinə qısa, lakin məntiqli baxışdır.

“Müdrik insanları tarix əsrdə bir dəfə yetişdirir” aforizminin reallığını müdrikliyi, fenomen baxışları, dövlətçilik təcrübəsi ilə təsdiqləyən Ulu Öndərin adı liderliyin zirvəsinə qalxan və barmaqla sayılan tarixi şəxsiyyətlərin ön sırasında çəkilir. İnsanın yaraşığı müdriklik, müdrikliyin yaraşığı təmkinlilik, təmkinliliyin yaraşığı cəsarət, cəsarətin yaraşığı yumşaqlıqdır. Bütün bu keyfiyyətləri özündə birləşdirən şəxsiyyətləri isə dahi adlandırırlar. Dahilər haqqında əlavə olaraq deyirlər ki, müdrik olmaq kifayət deyil, ondan istifadə etməyi bacarmaq lazımdır. Bütün bu keyfiyyətləri şəxsiyyətində formalaşdıran Heydər Əliyev dahi olmaqla canından artıq sevdiyi xalqına layiq liderlik məsuliyyətini də dərin zəkası, siyasi təcrübəsi, elmi, düşüncəsi ilə tamamlamışdır. Tarixi həqiqətlər sübut edir ki, liderlər Vətənini böyük və kiçikliyinə görə sevmirlər, vətəni özününkü olduğu üçün qoruyurlar. Azərbaycan xalqının ümummilli lideri adını respublikanın müstəqilliyini, suverenliyini qorumaqla əbədiləşdirən , ölkəmizin inkişaf yolunu düzgün istiqamətləndirməklə xalqa bələdçilik edən ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin varlığı ilə birgə yaşam haqqı qazanan tarixi şəxsiyyət olduğunu fədakarlığı ilə təsdiqləmişdir.

Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hər bir dövrünün siyasi məktəb olduğunu vurğulayan Prezident İlham Əliyev ümummilli liderin Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə göstərdiyi xidmətləri əvəzsiz adlandırır: “1993-cü ildə xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi. Əlbəttə, sabitlik başlıca şərt idi ki, Azərbaycan inkişaf etsin. Siyasi sabitlik, ondan sonra iqtisadi sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, siyasi, iqtisadi islahatlar aparılmağa başlanmışdır. Bir sözlə, o tarix - 1993-cü il müstəqil Azərbaycanın yeni dövrünün başlaması idi. Əslində müstəqilliyimiz məhz o vaxt başlamışdır. O dövrdən başlayaraq bu günə qədər Azərbaycan sürətlə inkişaf edir.”

1993-2003-cü illəri əhatə edən və müstəqillik salnaməmizə inkişaf, sabitlik, siyasi sistemin təkmilləşdirildiyi tarix kimi yazılan dövrdə milli ideologiyamız, azərbaycançılıq məfkurəsi formalaşmışdır. Bu gün milli sərvətimiz olan, çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişafı və buna güclü təkan verilməsi prosesi də məhz o illərdən başlanmışdır. Prezident İlham Əliyevin səyi ilə Azərbaycan dünya miqyasında multikultural cəmiyyət kimi özünü təqdim edir və bu nümunə bir çox ölkələrdə dərin təhlil olunur.

“1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmişdir, dövlətin əsasları qoyulmuşdur. Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin.” Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələri düzgün təhlil edib, ağlı, zəkası ilə çıxış yolu tapan ümummilli lider Heydər Əliyev növbəti dəfə xalqına bələdçilik etdi” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın dünya birliyinə inteqrasiyası da məhz o illərdən başlanır.

...1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevi xilaskar kimi Bakıya dəvət etdi. Ölkəni vətəndaş müharibəsi həddinə çatdıran Gəncə hadisələrinin yaratdığı mürəkkəb, gərgin vəziyyəti qətiyyəti, müdrikliyi ilə aradan qaldıran Ulu Öndər 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi. Həmin gün Azərbaycan tarixinə, Qayıdış, Qurtuluş günü kimi yazıldı. İyulun 24-dən isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə milyonların etimadını qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

10 oktyabr 1993-cü ildə, Azərbaycan dövlətçiliyinin ən mürəkkəb dövründə, XX əsrin sonunda dünyada köklü dəyişikliklərin baş verdiyi siyasi proseslərdən yaranan qlobal problemlərin artdığı bir zamanda üzərinə götürdüyü məsuliyyətin ağırlığından çəkinməyərək bütün həyatını xalqının etimadını doğrultmaq üçün sərf edəcəyini bildirən Heydər Əliyev Azərbaycan bayrağını öpüb and içərkən ilk növbədə Azərbaycan xalqının ağlına, zəkasına, qüdrətinə inandığını bildirdi: “Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.”

Andiçmə mərasimində verdiyi vədləri həmişə olduğu kimi, xalqına sədaqəti ilə doğruldan, “Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” söyləyən Heydər Əliyev bu andına daim sadiq qalaraq, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə də vətəninə, xalqına bağlılığını ifadə etdi.

1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib hər kəsin qəlbində sabaha inam hissi yaratmağı bacardı. Olduqca mürəkkəb bir dövrdə xalqına bələdçilik edən, müstəqilliyin qorunmasının onu əldə etməkdən çətin olduğunu fədakarlığı ilə nümayiş etdirən Heydər Əliyev ən bacarıqlı siyasi xadimlərin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur.

Azərbaycançılıq fəlsəfəsini, milli ideologiyaya bağlılığı dövlətçiliyimizin bünövrəsi adlandıran Ulu Öndər bu ideyaların xalqın ümummilli problemləri ilə sıx bağlı olduğunu müdrikcəsinə başa düşərək milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmış, milli ruhun yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri həllini gözləyən milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün zəmin yaratmışdı.

İlk gündən bazar iqtisadiyyatı yolu ilə dünya birliyinə inteqrasiyanı Azərbaycanın inkişaf strategiyası kimi müəyyənləşdirən Ulu Öndər bildirirdi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. Buna görə də Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə xüsusi diqqətlə yanaşdı, iqtisadi islahatları sürətləndirdi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını, özəlləşdirmə proqramını, aqrar islahatların həyata keçirilməsini prioritet kimi qarşıya qoydu. Ordu quruculuğunu daim diqqətdə saxladı. Ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji layihələri ilə dünya dövlətlərinin diqqətini ölkəmizə yönəltdi.

Azərbaycanın dünya enerji bazarında mövqeyini möhkəmləndirən, BTC, BTƏ neft və qaz kəmərlərinin davamçıları olan “Cənub Qaz Dəhlizi”, TANAP, TAP kimi layihələrə marağın artması Ulu Öndərin neft strategiyasının uğurlu nəticəsidir.

Müharibə şəraitində yaşayan Azərbaycanda dünyanın ən iri şirkətlərini maraqlandıran belə möhtəşəm müqavilənin bağlanması düşünülmüş siyasətin, Heydər Əliyev qətiyyətinin, düşüncəsinin, uzaqgörənliyinin məntiqi nəticəsi, ən başlıcası isə dünya siyasətçiləri arasında möhkəmlənən nüfuzu idi.

“Əsrin müqaviləsi”ni reallaşdırmaqla Azərbaycana investisiya axınının əsasını qoyan Heydər Əliyev geosiyasi baxımdan əlverişli şəraitdə yerləşən respublikanın iqtisadi-sosial, elmi-texniki potensialını da hazırladığı neft strategiyasının həllinə yönəltdi.

Bu gün Azərbaycan enerji resursları ilə Avropa ölkələrinin yanacağa tələbatını təmin edirsə bu nailiyyət Ulu Öndərin hazırladığı neft strategiyasının uğurudur. Enerji layihələrinin alternativ, şaxələndirmə prinsipinə uyğun həyata keçirilməsində maraqlı olan Azərbaycan bu strategiyanın tətbiqi nəticəsində dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi kimi maraq doğurur.

İqtisadi qüdrəti milli müstəqilliyin təməli hesab edən Ulu Öndər bildirirdi ki, demokratik inkişaf, milli birlik, vətəndaş həmrəyliyi olmadan heç bir ümumi inkişafdan söhbət gedə bilməz. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etdirildi. Ulu Öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi.

Heydər Əliyev müdrikliyi, mətanəti ilə Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin törətdikləri təxribatlara, pərdəarxası oyunlara, siyasi anarxiya və ekstremist hallara son qoydu. Ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması təmin edildi. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi Heydər Əliyevin tarixi xidmətləridir.

Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində ümummilli lider Heydər Əliyevin ideyaları reallaşdı. Azərbaycan hazırda dünyanın ən nüfuzlu təşkilatlarının etibarlı üzvü kimi qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə doğruldur. Respublikamız tolerant ölkə kimi diqqət çəkməklə sivilizasiyalararası dialoq məkanı kimi də tanınır. Ulu Öndərin adını daşıyan Fondun layihələri beynəlxalq səviyyədə dəstəklənir. Çoxpartiyalılıq prinsipini dəstəkləməklə ölkədə söz, mətbuat azadlığını təmin edən, plüralizmin vacibliyini qeyd edən Heydər Əliyevin müstəqil mətbuatın inkişafı üçün göstərdiyi xidmətlər də əvəzsizdir.

Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yeritdiyi siyasət milyonlar tərəfindən dəstəklənir. Bu günlərdə keçirilən referendumda ümumxalq səsverməsinin uğurla başa çatması da Ulu Öndərin siyasətinin, ideyalarının tərənnümüdür. Bu müdrik siyasət Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində yeni keyfiyyətlə davam etdirilir. “Bu gün Azərbaycan dövləti möhkəm əsaslar, milli maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız, azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir. Müstəqil Azərbaycan dövləti möhkəm milli dəyərlər üzərində qurulubdur” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın güclü dayaqları var və iqtisadi potensial həm iqtisadi, həm də siyasi müstəqilliyimizi şərtləndirir. Haqlı olaraq deyilir ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2016.- 1 oktyabr.- S.7.