Azərbaycan dünyada
üzümçülük
və şərabçılıq
ölkəsi kimi tanınır
Azərbaycan üzümün yetişdirilməsi və onun emalı ilə məşğul olan qədim diyarlardan biridir. Tarixi qaynaqlara görə, hələ eramızdan əvvəl X əsrdə ölkəmizin bir çox bölgələrində geniş üzüm bağları mövcud idi. Üzümdən şərab, doşab, abqora, mövüc, sirkə və s. məhsullar hazırlanırdı. Üzümçülük indi də respublikamızda aqrar-sənaye kompleksinin ən gəlirli sahələrindəndir. Vaxtilə Azərbaycanda kənd təsərrüfatından əldə edilən ümumi mənfəətin 30 faizi üzümçülüyün payına düşürdü. Keçən əsrin 80-ci illərində üzümçülük iqtisadiyyatın aparıcı sahəsi olan neft sənayesi ilə rəqabət apararaq dövlət büdcəsinin formalaşmasında mühüm yer tuturdu.
Bəs görəsən bu gün üzümçülük sahəsi əvvəlki şan-şöhrətini qoruyub saxlaya bilirmi? Suallarımızı Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov cavablandırır.
- Məlum olduğu kimi, keçən
il dövlətimizin başçısı cənab İlham
Əliyevin Sərəncamı ilə ölkəmizdə “Kənd
təsərrüfatı ili” elan olundu. İstərdim ilk olaraq
kənd təsərrüfatının inkişafı istiqamətində
görülən işlərdən danışaq...
- Kənd təsərrüfatının inkişafı dövlətimizin qarşısında duran prioritet istiqamətdir. Ümumiyyətlə, Azərbaycanda aqrar sahə hər zaman mühüm əhəmiyyətli yerə malik olub. Ölkəmizdə çox qiymətli üzüm sortları, pambıq və digər məhsullar istehsal olunur. Ölkə iqtisadiyyatının, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün kənd təsərrüfatının inkişafı olduqca vacibdir. Prezidentimiz dəfələrlə çıxışlarında vurğulayır ki, ölkədə qeyri-neft sektoru inkişaf etməlidir. Məhz bütün bu vacib faktorları nəzərə alaraq dövlətimizin başçısı cənab İlham Əliyev 2015-ci ili ölkəmizdə “Kənd təsərrüfatı ili” elan etdi və bu sahədə ötən ilin uğurlu nəticələri aqrar sektora dövlət dəstəyinin nümayişinə çevrildi.
- Ölkəmizdə
üzümçülük ta qədimdən məşhur və
gəlirli sahə olub. Üzümçülüyün və
şərabçılığın inkişaf səviyyəsi
bir alim və mütəxəssis kimi sizi qane edirmi?
- Ümumiyyətlə, alimlər tərəfindən də Azərbaycan dünyada üzüm bitkisinin meydana gəldiyi regionlardan biri kimi tanınıb. Təkcə bir faktı qeyd edim ki, yaxın keçmişdə Azərbaycanda 274 minə yaxın üzüm bağı var idi. Sovet İttifaqında Azərbaycan hər zaman üzüm və şərab istehsalına görə birinci yerdə durub. Ölkə büdcəsinin 45 faizə qədəri bu sahənin hesabına formalaşıb. Hesab edirəm ki, bu gün də üzümçülük və şərabçılıq aktuallığını saxlayır. Biz dəfələrlə araşdırmalar aparmışıq. Məlum olub ki, vahid torpaq sahəsindən ən yüksək gəlir götürmək üçün üzümçülüyü inkişaf etdirmək vacibdir.
- Hazırda
üzümçülük və şərabçılıq
məhsullarının ixracı, yoxsa idxalı faiz etibarilə
üstünlük təşkil edir?
- Əslində son vaxtlar dünyada baş verən iqtisadi böhranla əlaqədar olaraq çalışmalıyıq ki, idxal azalsın. Hesab edirəm ki, təkcə üzümçülük və şərabçılıq məhsullarının yox, bütün məhsulların idxalını azaltmaq lazımdır. Əgər bir məhsul Azərbaycanda istehsal olunursa, onun xaricdən gətirilməsinə nə ehtiyac var? Mən bu sahədə çalışan bir insan kimi hər zaman Azərbaycan məhsullarına böyük önəm vermişəm. Sizi inandırıram ki, ölkəmizdə üzüm məhsulları, hətta şərablarımız dünya standartlarına cavab verir və heç də idxal olunan məhsullardan geri qalmır. Əksinə, keyfiyyət baxımından üstündür. Bu gün idxal var. Mən idxalın qarşısının bürokratik yolla alınmasının da tərəfdarı deyiləm. Sadəcə, Azərbaycan məhsullarının təbliğatını düzgün qurmalıyıq. Çatışmayan parametrlər varsa, həllinə çalışmalıyıq.
- Siz həm də
İtaliya Milli Şərabçılar Assosiasının
üzvüsünüz. Tez-tez xarici səfərlərdə
olursunuz. Bu sahədə Azərbaycanın digər dünya
ölkələri ilə
müqayisəsi hansı reallıqları ortaya qoyur?
- Mən uzun illər Üzümçülük və Şərabçılıq İdarəsinin rəisi işləmişəm. Eyni zamanda hazırda Beynəlxalq Üzümçülük Şərabçılıq Assosiaiyasının həqiqi üzvüyəm. Tez-tez bir çox ölkələrə dəvət alıram. Hər zaman şahidi olmuşam ki, Azərbaycan şərabının, konyakının, ümumiyyətlə, digər üzümçülük məhsullarının keyfiyyəti həqiqətən də dünya standartlarına tam cavab verir. Bu, sadəcə, mənim iddiam deyil. Xarici mütəxəssislər də bunu təsdiq edirlər. Digər ölkələrlə müqayisədə bu qənaətə gəlinib. Bu gün dünyanın ən məşhur üzümçülük və şərabçılıq sərgilərində Azərbaycan məhsulları yüksək qiymətləndirilir. Azərbaycan şərabları “Qran-pri” mükafatına, qızıl medala layiq görülüb.
-
İşçi qüvvəsinin yerləşdirilməsi
baxımından istehsal həcminin vəziyyəti necədir?
- İşci qüvvəsinin yerləşdirilməsi baxımından istehsalın həcmi hazırda azalıb. Azalmanın müəyyən səbəbləri var. Hələ ötən əsrin 80-ci illərinin ortalarında Sovet İttifaqının rəhbəri Mİxail Qorboçovun bədnam antialkoqol qərarı, daha sonra Azərbaycanın müharibə şəraitində olması, bizim ənənəvi məhsullarımızı göndərdiyimiz ölkələrin özlərində qeyri-sabit şərait üzümçülük və şərabçılıq sahəsinə mənfi təsir göstərdi. Ona görə də əhalinin işlə təmin olunması və onların həyat şəraitinin yaxşılaşdırılması üçün üzümçülüyün inkişaf etdirilməsi aktualdır. Cənab Prezident də daim ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsini ön plana çəkir. Deyə bilərəm ki, üzümçülük və şərabçılıq sahəsinin inkişafı ölkədə işsizliyin aradan qaldırılmasına kömək edən ən başlıca amillərdən biridir.
- Bəs
üzümçülükdən konkret olaraq sənayenin
hansı sahələrində istifadə olunur?
- Üzüm bitkisi, ümumiyyətlə, çox möcüzəvi bitkidir ondan müxtəlif sahələrdə istifadə olunur. Üzümün tənəyindən, kəsilib atılan hissələrindən həm yanacaq vasitəsi kimi, eyni zamanda mebel hazırlamaq üçün istifadə etmək olur. Üzümün özündən isə qan azlığının müalicəsində, qan təzyiqinin normallaşdırılmasında, parfumeriya sənayesində, yeyinti sənayesinin demək olarki bütün sahələrində istifadə olunur. Üzümdən bəhməz, kişmiş, abqora, sirkə kimi məhsullar hazırlanır.
- Azərbaycanda
istehsal olunan şərabların hazırlanması
texnologiyalarından bəhs edən kitab nəşr
etdirmisiniz. Kitabınız
dünyanın müxtəlif ölkələrində
yayılıb. İstərdim bu haqda məlumat verəsiniz.
- Bəli, kitabım Azərbaycanda istehsal olunan şərabçılıq məhsullarının texnologiyasından bəhs edir. Ən əsası isə Azərbaycana məxsus məhsulların itib - batmaq təhlükəsinin qarşısını almaq məqsədi daşıyır. Şərabların bəzi növləri var ki, bir müddətdən sonra onun istehsalı dayandırılır. Amma bu məhsullar tarixi nöqteyi-nəzərdən həmişə qalmalıdır. İkinci bir tərəfdən, bizim məhsullar tez-tez başqa xalqların nümayəndələri tərəfindən mənimsənilməyə çalışılır. Bu nöqteyi-nəzərdən kitabı Azərbaycan, ingilis və rus dillərində nəşr etdirdik. Azərbaycan Beynəlxalq Üzümçülük və Şərabçılıq Assosiyasiyasına Ermənistandan əvvəl üzv olub. Hər kəsə maraqlıdır ki, müsəlman ölkəsi bu təşkilata necə üzv olub. Kitabı ingilis dilində nəşr etdirməklə biz bütün dünyaya çatdıra bilirik ki, Azərbaycan neft ölkəsi olmaqla yanaşı, həm də üzümçülük və şərabçılıq diyarıdır. neftdən başqa da Azərbaycanda beynəlxalq aləmə çıxarılası məhsullar var. Hesab edirəm ki, həm tarixilik, həm də faktoloji baxımından bu kitab olduqca dəyərli bir mənbədir. Təxminən son 60-70 ildə Azərbaycanda istehsal olunan bütün üzümçülük və şərabçılıq məhsulları demək olar ki, bu kitabda qeyd olunub. Hətta biz narşərabı da buraya əlavə etmişik. Narşərabın ilk istehsalçısı Azərbaycan olub. Baxmayaraq ki, hazırda bədnam qonşularımız bizdən çox bu nemətə əl uzadırlar və iddia edirlər ki, guya onlara məxsusdur.
- Azərbaycanda
üzümçülük və şərabçılıq
sahəsində hansı ölkələrin təcrübəsindən
istifadə oluna bilər?
- Bu, hər zaman mənim diqqətimdə olan bir məsələdir. Qabaqcıl dünya təcrübələrinin öyrənilməsi və tətbiq edilməsi istiqamətində ciddi işlər aparılmalıdır. Bunun üçün bizim mütəxəssislər daim xarici ölkələrin mütəxəssiləri ilə fikir mübadiləsi aparır, birgə layihələr həyata keçirirlər. Azərbaycana böyük diqqət və hörmət var. Hesab edirəm ki, tarixi missiyadan yararlanmağı da bacarmalıyıq. Hər kəs yaxşı bilir ki, “Şirvan” konyakının, “Mədrəsə” şərabının tayı-bərabəri yoxdur. Bu nöqteyi-nəzərdən görə biləcəyəmiz mühüm işlərdən biri beynəlxalq dequstasiya tədbirlərinin ölkəmizdə keçirilməsi olardı. Bizim Beynəlxalq Üzümçülük və Şərabçılıq Assosiasiyısına üzv olmağımızda dövlətmizin başçısı cənab İlham Əliyevin böyük rolu olub. İndi biz İtaliya, Portuqaliya, Rusiya, Moldova və s. kimi ölkələrdə Azərbaycanı təmsil edirik. Nəyə görə belə bir dequstaiya Azərbaycadan keçirilməsin? Paytaxtımız daim müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. İnanıram ki, bunun da öhdəsindən gələ bilərik.
- Xaricdən gətirilən
üzüm tinglərinin Azərbaycanda
rayonlaşdırılması hansı nəticələri
verir?
- Ölkəmizə üzüm tingləri əsasən xaricdən gətirilir. Çalışırıq ki, Azərbaycanın özündə üzüm tingi istehsalını gerçəkləşdirək. Belə bir təsərrüfatın yaradılması heç də asan iş deyil. Bu, uzunmüddətli və xərc tələb edən prosesdir. Amma inkişaf etmiş ölkələrdə bu məsələ öz həllini tapıb. SSRİ dövründə bizdə də müəyyən təsərrüfatlar var idi, amma calaq əməliyyatı demək olar ki, aparılmırdı. Üzüm tingləri əsasən Bolqarıstandan gətirilirdi. Hesab edirəm ki, yaxın vaxtlarda ölkəmizdə də üzüm tingi istehsalı gerçəkləşəcək.
- Necə
düşünürsünüz, Azərbaycan
üzümü əvvəlki şöhrətini qoruyub saxlaya
bilib?
- Bəli. Hesab edirəm ki, Azərbaycan üzümünün şöhrətindən hələ çox danışılacaq. Çünki bu gün dövlətimiz tərəfindən bu sahənin inkişafına böyük diqqət və qayğı göstərilir. Azərbaycanda yeni üzüm bağları salınır. Bu gün ölkəmizdə elə şərabçılıq müəssisələri yaradılıb ki, başqa ölkələrdə onlara tay görmürəm. Bütün bunlar inkişafdır və bir daha göstərir ki, üzümçülük hələ uzun illər Azərbaycanda kənd təsərrüfatının qabaqcıl sahəsi kimi özünü sübut edəcək.
Şəmsiyyə
Əliqızı,
Şəfiqə
Dadaşova
İki sahil.- 2016.- 6 oktyabr.- S.13.