Azərbaycan bütün dövrlərdə
sülh,
əməkdaşlıq,
qarşılıqlı anlaşma məkanı olub
Ölkəmizin
tolerantlıq təcrübəsi V Bakı Beynəlxalq Humanitar
Forumunun iştirakçıları tərəfindən
yüksək dəyərləndirildi
Mədəniyyətlər,
sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq
ənənələri olan Azərbaycan artıq beynəlxalq əhəmiyyətli
tədbirlərin keçirilməsi üçün ideal məkan
kimi qəbul olunub və bu mövqeyini günbəgün möhkəmləndirir. Təkcə
cari ildə ölkəmizdə keçirilən müxtəlif
mövzularda tədbirlərin
sayına diqqət yetirmək kifayətdir. Təbii ki, bu
uğuru şərtləndirən əsas amil Azərbaycan dövlətinin
düşünülmüş və məqsədyönlü
siyasəti, qazandığı etimaddır.
Beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməklə əldə etdiyi təcrübəni, inkişaf modelini dünyaya təqdim etmək imkanı qazanan Azərbaycan bu günlərdə V Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edərək bir daha beynəlxalq əməkdaşlığın xarici siyasətin önündə dayanan əsas məsələ olduğunu təsdiqlədi. 80-ə yaxın ölkədən 400-dən çox nümayəndənin qatıldığı Forumun gündəliyində olan məsələlərə diqqət yetirdikdə tədbirin mahiyyəti, əhəmiyyəti daha aydın şəkildə özünü büruzə verdi. “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” və s. kimi “ mövzular tədbirin əsas müzakirə mövzuları olaraq qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə töhfə kimi dəyərləndirildi. Çıxışlarda bu fikir xüsusi qeyd olundu ki, “Əsrin müqaviləsi” Azərbaycanın inkişafı üçün böyük və yeni imkanlar açıb. Digər resurslarla zəngin olan ölkələr də Azərbaycanın təbii sərvətlərinin insan kapitalının inkişafı sahəsindəki təcrübəsini öyrənməlidirlər. Azərbaycan bu illər ərzində yoxsulluq səviyyəsinin kəskin azaldılmasına, sosial xidmətlərə yeni sərmayələrin yatırılmasına, sosial müdafiə sisteminin qurulmasına və əməkhaqlarının artırılmasına nail olmuşdur.
Forumdakı çıxışında dünya birliyinin böyük bir hissəsinin intellektual elitasının Bakının qonağı olduğunu xüsusi qeyd edən dövlətimizin başçısı İlham Əliyev belə tədbirlərin ölkəmizdə keçirilməsinin bir çox məqsədləri olduğunu diqqətə çatdırdı: “İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər.”
Bu fikir hər zaman önə çəkilir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi və birləşmə nöqtələrinin açıqlanması ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Azərbaycanın qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdəndir. Forumun keçirilmə məqsədlərindən biri də məhz çoxmillətlilik və çoxmədəniyyətlilik sahəsində ölkələrin malik olduğu təcrübədən yararlanmaqdır. Məlum olduğu kimi, ötən əsrin sonlarında sovetlərin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi. Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyytlərarası dialoqun yaranmasına ehtiyacı artdı. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. Dövlətimizin başçısı İlham Əliyev Forumda bu məsələni xüsusi vurğuladı: “Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Düzgür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə mültikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.”
Ölkəmizdəki demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki, dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün bu qədər səylər göstərilsin. İllərin təcrübəsi göstərir ki, İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan milli mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir.
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxışında bu fikri xüsusi vurğulamışdır ki, ədalət, sülh və bərabərlik ideyalarını yayan insanlar üçün bu Forum mühüm bir tədbirdir. Bunun üçün cənab İlham Əliyevə dərin təşəkkürünü bildirən qonaq qeyd etmişdir ki, çünki onun böyük səyləri və mühüm təşəbbüsləri sayəsində sülh, insanlar arasında qarşılıqlı anlaşma, dinlər və mədəniyyətlər arasında yaxınlaşma meyilləri artır və Azərbaycan da bu yolla gedir. Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib. “Dialoq müdriklərin seçimidir. Bununla humanizmə, onun amallarına xidmət etmiş oluruq” söyləyən ISESCO-nun baş direktoru qeyd etdi ki, eyni zamanda beynəlxalq hüquqa əsaslanan yeni dünya nizamının qurulması üçün düzgün yanaşmanı, mədəniyyətlərin prinsiplərini və sivilizasiyaların, dinlərin universal dəyərlərini tətbiq etmiş oluruq. Buna görə də böyük güclər yubanmadan və tərəddüd etmədən lazımi qərarlar qəbul etməlidirlər. Əgər belə olmasa, dünya bir cəngəlliyə çevrilər. Dünyada, ümumiyyətlə, asayiş tam pozular və hüquqa hörmət qoyulmaz. Odur ki, gəlin, səylərimizi birləşdirək.
Forumdakı çıxışında dövlət başçısı İlham Əliyev tədbirin gündəliyinin genişliyindən bəhs edərkən bir əsas məqamı xüsusi qeyd etmişdir ki, ən böyük maraq doğuran bölmə multikulturalizmlə bağlı olan məsələlərdir: “Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli, bədbir fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meylə yol vermək olmaz, bu, zərərlidir... Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir... Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirməlidir... Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək.”
Ölkəmizin bütün sahələrdə biri-birindən əhəmiyyətli uğurlara imza atdığını faktlar əsasında qeyd edən dövlətimizin başçısı İlham Əliyev diqqəti əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdi. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir işğal altındadır. Bu, böyük humanitar fəlakətdir. Bir milyon Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, məcburi köçkün şəraitində yaşayır. Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparılmış və Ermənistanın işğalçı siyasəti Azərbaycana böyük zərbələr vurmuşdur.
Məlum olduğu kimi, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk qrupu yaradılıb. Rəsmi Bakı bununla yanaşı, digər təşkilatların da potensialından istifadə etmək istəyini ən yüksək tribunalardan bəyan edib. BMT Baş Assambleyasının iclaslarında, eyni zamanda NATO-nun sammitlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu kimi önə çəkilib. Hətta demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası da 2005-ci ildə Dağlıq Qarabağ problemi ilə bağlı qətnamə qəbul edib. Həmin sənəddə də Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğu faktlar əsasında qeyd olunur. Bildirilir ki, erməni işğalçıları Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidirlər.
Ölkə Prezidenti İlham Əliyev çıxışında Azərbaycana beynəlxalq dəstəyin yüksək səviyyədə olduğunu, münaqişənin həlli üçün hüquqi bazanın mövcudluğunu da diqqətə çatdırdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların qərar və qətnamələri erməni işğalçılarının işğal olunmuş torpaqlarımızdan çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili standartlar siasəti kimi qəbul edirik: “Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri,- yaxın tarix bunu göstərir, - günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən 20 ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul edənlər onların icrasını tələb etmirlər.”
Belə forumlar aktual məsələlərin müzakirəsi, malik olunan təcrübələrin mübadiləsi, ümumi mövqenin ortaya qoyulması ilə yanaşı, ölkəmiz haqqında dolğun məlumatların əldə olunması baxımından da əhəmiyyətlidir. Forumun gedişi zamanı istər ölkəmiz, istərsə də tədbirlə bağlı təəssüratlarını bölüşən qonaqların fikirləri də bunu təsdiqləyir. Bu fikir qonaqlar tərəfindən dəfələrlə qeyd edildi ki, Forum ölkələr arasında qarşılıqlı etimadın daha da artacağına öz müsbət təsirini göstərəcək. Sürətli sosial-iqtisadi, mədəni-mənəvi inkişafı ilə regionun lider dövlətinə çevrilən ölkəmizin artıq qloballaşan dünyada mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi ən böyük uğurlardan biri kimi qeyd olundu.
Yekun Bəyannamədə də humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli qurumlara tolerantlığın və qarşılıqlı hörmət mühitinin formalaşmasına, müasir qlobal və lokal çağırışların həllinə istiqamətlənmiş forum, konfrans və “dəyirmi masa”ların keçirilməsi üçün çağırışlar edildi. Hədəflənmiş məqsədlərə nail olunmasında müəyyən irəliləyişlərin əldə olunduğu bir daha diqqətə çatdırıldı. Bildirildi ki, birgə səylər qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsasdır.
Yeganə
Əliyeva
İki sahil.- 2016.- 8 oktyabr.- S.13.