Fuad Məmmədov: İnsan
ağlı və əməyi nəticəsində
yaranan hər şey
mədəniyyətdir
Müsahibimiz kulturoloq, tarix elmləri
dokotru, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının
prezidenti Fuad Məmmədovdur
- Söhbətimizə sizin son səfərinizlə bağlı sualla başlamaq istəyirəm. Bildiyimizə görə, Tatarıstan Prezidentinin şəxsi dəvəti ilə Kazan şəhərində keçirilən Beynəlxalq Forumda fəxri qonaq kimi iştirak etmisiniz. İstərdik ilk olaraq bu Forum barədə məlumat verəsiniz.
- Məmnuniyyətlə. Bizim Kazan Mədəniyyət İnstitutu və Kazan Sülh Mədəniyyəti İnstitutu ilə əlaqələrimiz var və bu görüş vasitəsilə əməkdaşlığımızı daha da genişləndirdik. Kazan Federal Universiteti ilə də əməkdaşlıq qurduq. Onların Kazanda Dirçəliş Fondu fəaliyyət göstərir. Artıq 3-cü dəfədir ki, bu Foruma dəvət alıram. Bu, mənim üçün böyük şərəfdir. Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti cənab Rüstəm Minnixanov öz rəsmi məktubu ilə məni fəxri qonaq kimi dəvət etdi. Mən orada ekspert qismində çıxış etdim. Mənim təklif etdiyim, Azərbaycan multikulturalizm dövlətinin siyasəti ilə bağlı prinsip Kazan Beynəlxalq Fedarasiyasına daxil edildi. Hətta o qədər uğurlu oldu ki, yanımda oturan bir erməni professor əlimi sıxıb, məni təbrik etdi. Ondan əlavə, mən Kazanda olarkən Kazan Dövlət Mədəniyyət İnstitutunda və Kazan İnnovasiya Universitetində çıxış etdim. Səfər zamanı Tatarıstan Respublikasının birici prezidenti cənab Şagiyevlə də tanış oldum. Hazırda o baş dövlət müşaviridir. Mən oradakı məruzəmdə nəinki elmi məsələlərdən, eyni zamanda, Azərbaycanda gedən proseslərdən, multikulturalizm siyasətindən, insan kapitalının inkişafından, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən və digər məsələlərdən danışdım.
- Bəs
hazırda hansı yeni layihələriniz var?
- Hazırda “Terrorizmin qarşısının alınması” adı altında bir layihə hazırlayırıq. Söhbət kulturoloji üsullardan gedir. İş orasındadır ki, dünyada terrorizm çox yayılıb. Terrorizmə qarşı mübarizə məqsədilə milyardlar xərclənir. Silah və güc vasitəsilə bu ümumbəşəri bəlanın qarşısını almağa çalışır. Amma ən doğru yol təzyiq göstərmədən, zor tətbiq etmədən gedilən yoldur. Bax bu kulturalogiya yoludur və ən gözəl yoldur. Çünki biz insanların şüurunu dəyişməsək, mədəniyyətlərini inkişaf etdirməsək, başqa yolla onların davranışlarını düzəltmək qeyri-mümkündür. İnsanların davranışlarının müsbətə doğru dəyişməsini istəyiriksə, onların mədəniyyətini dəyişdirməliyik. Bunun üçün də xüsusi treynerlər keçirmək lazımdır.
- Bir
çox ölkələrdə olursunuz, beynəlxalq forumlarda
iştirak edirsiniz. Deyə
bilərikmi ki, sizə göstərilən
bu diqqət eyni zamanda Azərbaycanın bu
sahədə özünü təsdiqinin
əlamətidir?
- Əlbəttə. Məsələn, artıq altı ildir ki, böyük Beynəlxalq Humanitar Forum olan İxaçov elmi oxumalarının məruzəçisi və iştirakçısıyam. Hər il dəvət alıram və hətta bir-iki ildir ki, artıq beynəlxalq təşkilata üzv seçilmişəm. Bu, təkcə Fuad Məmmədova deyil, Azərbaycana göstərilən etimaddır.
- Azərbaycan
Şərq və Qərb mədəniyyətlərinin
qovşağında yerləşən bir
ölkə kimi multikultural
dəyərlərə böyük
töfhələr verir. Bir
kulturoloq kimi bunu necə qiymətləndirirsiniz?
- Son illər dövlətimizin
başçısı cənab İlham
Əliyevin həyata keçirdiyi siyasət
olduqca təqdirəlayiqdir. Xüsusilə iki əsas strateji
xətt var ki, onlardan biri
insan kapitalı, digəri multukulturalizmdir. Bunların ikisinin
də çox böyük əhəmiyyəti
var. Çünki hər
bir ölkənin dəyəri, qüdrəti,
onun insanları ilə bağlıdır.
İnsanın ağlı, hissləri
və fiziki əməyi nəticəsində
yaranan hər şey mədəniyyətdir.
Mədəni, tolerant insan hər
bir xalqın xəzinəsidir. Bu baxımdan Azərbaycan zəngin bir ölkədir. Təbii ki,
ölkəmizin Şərqlə
Qərbin qovşağında
yerləşməsi bu
zənginliyi daha da artırır.
- Azərbaycanın
multikultural dəyərlərə
malik olması Qərbə inteqrasiya prosesində ölkəmizə
nə kimi üstünlüklər vəd
edir?
- Ümumiyyətlə, hesab
edirəm ki, bizim multikulturalizm dövlət siyasəti çox müdrik siyasətdir. Çünki bütün dünya
multikulturaldır. Görün nə
qədər xalqlar, millətlər var. Onları
idarə etmək asan məsələ deyil. Qərbdə bu proses baş
tutmadı. Münaqişələrə, müharibələrə, insan tələfatına gətirib çıxardı.
Bu siyasəti həyata keçirmək başqa ölkələrə
nisbətən bizdə
daha asandır ona görə ki, multikultrualizmin əsas elementlərindən
biri olan tolerantlıq bizim qanımızdadır. Əsrlər
boyu azərbaycanlı,
kürd, talış,
rus, avar, ləzgi, tatar və s. kimi xalqların nümayəndələri
Azərbaycanda bir ailə kimi mehriban şəkildə yaşayıblar. Sadəcə əvvəl “multikulturalizm”
sözü işlənmirdi.
Tolerantlıqdan, beynəlmiləlçilikdən
danışılırdı. Bu baxımdan Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi çox
böyük işlər
görür. Azərbaycan özünün
multikulturalizm modelini təhsil sistemi, maarifçilik vasitəsilə
yayır. Bunun özü
də ölkəmizin
beynəlxalq nüfuzunu
qaldıran bir yanaşmadır. Onu da deyim ki,
ümumiyyətlə, Azərbaycan
tək multikulturalizmin
deyil, bütövlükdə
mədəniyyətin inkişafında böyük
nailiyyətlər əldə
edib. Azərbaycan həqiqətən da hazırda dünyanın mədəni
mərkəzlərindən birinə çevrilməkdədir.
- Bəs ölkələrarası əməkdaşlığın
inkişafında gənclərin
rolunu necə qiymətləndirirsiniz?
- Gənclər mənim dostlarımdır. Hətta
mən dəslərimdə
də onlara deyirəm ki, məni təkcə müəllim kimi yox, eyni zamanda
dost kimi qəbul edin. Müəyyən ağıllı şərtlər əsasında
dostluq edirik. Tələbələrimə əsas işim,
əməyim, istehsalım
kimi baxıram. Mühəndis, fəhlə zavodda,
fabrikdə məhsul istehsal edir. Mənim də məhsulum tələbələrimdir. Gənclərimiz çox bacarıqlıdır.
Çox
istəyirəm ki, gənclərimiz daha da təhsilli olsunlar. Çünki dünyada bir
çox bəlalar savadsızlıqdan irəli
gəlir. Mədəniyyət bilikdən başlayır.
Bilik inkişafdır, rifahdır.
Hesab edirəm ki, bəşəriyyəti mədəniyyət
xilas edəcək.
Ona görə də gənclər bu sahədə daha savadlı olmalıdırlar.
- Bu yaxınlarda
Bakıda V Beynəlxalq
Humanitar Forum keçirildi.
Belə Forumların ölkəmizdə
təşkilini necə
qiymətləndirirsiniz?
- Çox yüksək. Özüm də o Forumda iştirak etmişəm. Orada davamlı inkişaf seksiyasında çıxışım oldu. Hesab edirəm ki, belə forumların həm siyasi, həm də mədəni əhəmiyyəti böyükdür. Nobel mükafatları laureatları, keçmiş dövlət başçıları, tanınmış siyasətçilər, alimlər, pedaqoqlar, jurnalistlər, ictimai xadimlər, bir sözlə, bütün nüfuzlu insanlar Bakıya gəlir, paytaxtımızın yüksək mədəniyyəti ilə tanış olurlar. Bizi sevib, daha sonra o məhəbbəti yayırlar. Bu, çox önəmlidir.
Şəfiqə
Dadaşova,
Röya Şahbazi
İki sahil.- 2016.- 13 oktyabr.- S.15.