Müstəqillik hər bir xalqın ən
böyük neməti,
varlığının təsdiqidir
“Azadlıq
və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”
söyləyən ulu öndər Heydər Əliyev
vurğulayırdı ki, hər bir qurtuluşun əsasını
milli azadlıq təşkil edir.
Müasir Azərbaycanın salnaməsində siyasi əhəmiyyəti, şərəfli tarixi ilə seçilən əlamətdar hadisələr çoxdur. Belə şanlı günlərdən biri də xalqımızın həmişə arzusunda olduğu və birliyi, həmrəyliyi ilə əldə etdiyi Dövlət Müstəqilliyi Günüdür.
XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin növbədənkənar sessiyasında aparılan müzakirələrin məntiqi nəticəsi kimi on gündən sonra Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də suverenliyimizin əbədiliyi “Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləyən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” sözləri ilə müstəqilliyi hər bir xalqın tarixi neməti adlandıran, “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” söyləyən Ulu Öndər onu da vurğulayırdı ki, hər bir qurtuluşun əsasını milli azadlıq təşkil edir. Ümummilli lider Heydər Əliyevin müdrikliklə söylədiyi bu sözlər artıq reallaşıb. Ötən illərin təcrübəsi göstərdi ki, müstəqillk arzusunun xalqın tələbatı kimi yaranması, milli özünüdərk, ideoloji dəyərlərin formalaşması, “güclü iqtisadiyyat dövlət müstəqilliyinin təməlidir” tezisinin həqiqətə çevrilməsi suverenliyin əbədiliyi üçün başlıca şərtlərdəndir.
Müdrik şəxsiyyət kimi
dünya siyasətçiləri arasında uzaqgörənliyi
ilə ön sıralarda yer alan Ulu Öndər bildirirdi ki, əgər
hər hansı ölkənin xalqları öz
hüquqlarını anlayır və onları qoruya bilirsə,
o zaman ən kiçik dövlət də ən böyük məmləkət
qədər güclü olur. “Mən dəfələrlə
demişəm və bir daha demək istəyirəm ki, bizdən
əvvəlki nəsillər müstəqillik həsrəti ilə
yaşamışlar. Ancaq müstəqilliyi görə bilməmişlər.
Bu xoşbəxtlik bizə nəsib oldu. Eyni zamanda, bu gün
müstəqil dövləti inkişaf etdirmək, irəliyə
aparmaq da bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir,
böyük məsuliyyətdir” söyləyən Ulu Öndərin
siyasi məktəbinin yetirməsi və davamçısı
Prezident İlham Əliyev düşünülmüş siyasəti
ilə müstəqilliyimizin əbədiliyi naminə
köklü islahatları əminliklə davam etdirir.
Sovetlər dönəmində Azərbaycanın tərəqqisi naminə çalışaraq ölkəmizi inkişaf etmiş sənaye respublikası kimi tanıdan Heydər Əliyev özünü vətənpərvər, cəsarətli, bacarıqlı dövlət xadimi kimi bir daha 1990-cı ilin yanvar ayında göstərmişdir. “O günlər mənim yaxşı xatirimdədir. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi. Ancaq əfsuslar olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bu barədə öz etiraz səsini qaldırmamışdı. Yenə də xalqın yeganə ümid yeri Heydər Əliyev idi” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, şəxsi həyatının və siyasi fəaliyyətinin mənasını xalqına xidmətdə görən Heydər Əliyev təhdid və təzyiqlərdən qorxmayaraq yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Kremldə əyləşənləri ittiham etdi, bu cinayəti pislədi və öz haqq səsini ucaltdı. Bu səs bütün Azərbaycan xalqını bir amal, müstəqillik uğrunda mübarizəyə çağırdı.
Müstəqilliyi hər bir xalqın tarixi, milli sərvəti adlandıran Ulu Öndərin vətənə dönüşünün, ata-baba yurdu Naxçıvandakı fəaliyyətinin əsas məqsədi suverenliyimizin əbədiliyi və onun qorunması idi. O illəri müstəqillik tariximizin yaddaqalan səhifələri kimi dəyərləndirən, “Heydər Əliyevi ilk növbədə muxtar respublikanın parlamentinə, sonra isə Azərbaycan parlamentinə deputat seçdilər. Sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçmişdir. O vaxt artıq Azərbaycan rəhbərliyinin rəyi heç bir məna kəsb etmirdi və xalq Naxçıvanda əsl vətənpərvərlik, cəsarət, müdriklik göstərmişdir” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Heydər Əliyevin müstəqilliyə gedən yolda göstərdiyi cəsarət, xilaskarlıq missiyası xalqı bir amal ətrafında birləşdirdi.
Məhz onun təşəbbüsü və rəhbərliyi ilə müstəqilliyimizin rəmzi olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi və Azərbaycan Ali Sovetinə müraciət olundu ki, bu bayraq Azərbaycanın rəsmi bayrağı kimi təsdiq edilsin. Müstəqilliymizə təhlükə olan Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı. Çünki Heydər Əliyev buna imkan vermədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi.
1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi. Müdrik şəxsiyyət Heydər Əliyev xalqın istəyi və dəstəyi ilə Prezident seçildi. Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu. Müstəqilliyin əsas atributları olan ordu quruculuğu sahəsində ciddi islahatlar aparıldı, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Bir sözlə, Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyuldu.
...Bəşər
tarixi çox böyük insanlar yetiribdir. Onlar
arasında inqilablar edənlər, dövlət yaradıb millətləri
üçün böyük işlər görənlər də
vardır. Ancaq onların çoxunun tarixdə
izi, yeri, xidmətləri qalmayıb. Onların
gördüyü işlər gələcək uğurlara
hesablanmadığı, dəyərli, faydalı
olmadığı üçün uğursuzluqla nəticələnib,
ardıcılları olmayıb. Ancaq qərinədən
artıq bir müddətdə hakimiyyətdə olan Ulu Öndərin
xalqı, müstəqilliyimizin əbədiliyi
üçün gördüyü işlər o qədər
qiymətli, misilsizdir ki, onun siyasi irsi, dövlətçilik məktəbi,
ənənələri bu gün də yaşayır, davam
etdirilir. Dövlətçilik təcrübəsindən də
aydın bilirdi ki, hökumətin iki məqsədi, vəzifəsi
var: millətin qorunması, insanların rifahının təmin
olunması. Heydər Əliyev müəllifi
olduğu Azərbaycanın müstəqilliyini qoruyub əbədiləşdirməklə
bu missiyanı layiqincə yerinə yetirdi. Ölkəmizin
dünya birliyində mövqeyinin möhkəmlənməsini
apardığı demokratik islahatlarla təmin etdi, dövləti
etibarlı əllərə tapşırdı. Azərbaycanın hamını heyrətə salan
iqtisadi inkişafı sübut etdi ki, onun ideyaları gələcək
nəsillər üçün də dəyərlidir.
Arxasında müstəqilliyimizi istəməyən
qüvvələrin dayandığı, daxili və xarici
qaragüruhçuların törətdikləri 1994-cü və
1995-ci illərdə dövlət çevrilişlərinə
cəhdlərin qarşısı Ulu Öndərin qətiyyəti
sayəsində alındı. Azərbaycan xalqına
güvənən, arxalanan Heydər Əliyevin rəhbərliyi
ilə bu cəhdlərə son qoyuldu və xəyanətkarlar
layiqli cəzasını aldılar.
Müstəqil, tarazlı, cəsarətli siyasət yeridərək
özünün qeyd etdiyi kimi, ömrünü Azərbaycan
xalqının gələcəyinə həsr etdi. İlk
addım kimi Azərbaycanda sabitlik, nizami ordu yaradan, müstəqilliyin
əbədiliyini təmin edən, daxili çəkişmələrə,
hakimiyyət uğrunda mübarizələrə son qoyan Heydər
Əliyev ərazi bütövlüyümüzün təminatı
üçün də misilsiz xidmətlər göstərərək
atəşkəs barədə müqavilə imzaladı.
“Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini
yaxşı xatırlayırdı. Azərbaycanı kimlər
idarə edirdi? Hansı səviyyəsiz
qüvvələr hakimiyyət başına gəlmişdilər?
Əslində hakimiyyəti zorla zəbt
etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik,
cəsarətsizlik, qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan
rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki, yenə o qara
günlər qayıtsın. İstəyirdi
ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin,
sabitlik pozulmasın. Düzgün seçim edərək
bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün
Azərbaycan xalqı bir daha görür ki, nə qədər
düzgün bir seçim edib” söyləməklə
müstəqilliyimizi dövlətçilik salnaməmizin
şərəfli tarixi kimi dəyərləndirən Prezident
İlham Əliyev 1993-2003-cü illəri sabitlik və
inkişaf dövrü adlandırır. Bu
gün bəhrəsini verən islahatların təməli o
illərdə qoyulmuşdu. 2003-cü ildən
sonra isə müasir Azərbaycanın inkişafı yeni mərhələ
üzrə, Ulu Öndərin siyasətinə uyğun davam
etdirilir. Dünya siyasətçilərinin
də etiraf etdikləri kimi, çoxəsrlik tarixində Azərbaycan
heç vaxt indiki qədər güclü
olmamışdır.
Çünki Azərbaycan
dövləti çox möhkəm dayaqlar üzərində,
Ulu Öndərin xalqına bəxş etdiyi milli təfəkkür
və özünüdərk ideyaları əsasında
inkişaf edir. Dövlətçilik
maraqları və milli ideologiyamız Heydər Əliyev tərəfindən
təməli qoyulan konsepsiya əsasında, Prezident İlham
Əliyev tərəfindən uğurla davam və inkişaf
etdirilir, zənginləşdirilir.
Azərbaycançılıq ideologiyası bu gün
artıq bir nümunə kimi mövcuddur. Geoiqtisadi dəyərinə
görə Ulu Öndərin 1994-cü ildə əsasını
qoyduğu neft strategiyası və transmilli enerji-nəqliyyat-kommunikasiya
layihələrinin həyata keçirilməsi Azərbaycanı
dünyanın aparıcı dövlətləri və
şirkətləri üçün cəlbedici tərəfdaşa
çevirmişdir. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin dünya
enerji bazarında mövqeyi möhkəmlənir. BTC, BTƏ
neft-qaz kəmərlərinin davamı olan TANAP, TAP, “Cənub
Qaz Dəhlizi” ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
neft strategiyasının məntiqi nəticəsi, Prezident
İlham Əliyev qətiyyətinin ifadəsidir.
Bu gün geostrateji əhəmiyyətli mövqeyə
malik Azərbaycanın adı düşünülmüş,
cəsarətli və dürüst xarici siyasəti ilə
seçilən nadir ölkələr sırasında çəkilir. Danılmaz həqiqətdir
ki, dövlət müstəqilliyinin mühüm atributu
müstəqil xarici siyasətin xalq, dünya ictimaiyyəti tərəfindən
dəstəklənməsidir. Azərbaycan
bu uğura diplomatik səyləri ilə imza atıb.
Uğurlarımıza, inkişafımıza
paxıllıqla yanaşan dairələr tərəfindən
ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil
olunsa da, Azərbaycan həqiqətləri belə qaranlıq
dünyanın bədxahlarının fitnə və məkrlərinə
işıq salır, gözlərini qamaşdırır. Belə dairələri
“Bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi
təsir edə bilər. Biz ölkəmizi
Azərbaycan xalqının iradəsi ilə idarə edirik.
Milli maraqlarımız bizim üçün hər
şeydən üstündür. Bundan sonra
da biz öz prinsipial mövqeyimizdən kənara
çıxmayacağıq. Biz ölkəmizin
inkişafı, xalqımızın rifahı üçün
bundan sonra da səmərəli işləyəcəyik, Ulu
Öndərin siyasi xəttinə sadiq qalacağıq. Azərbaycanın dövlət müstəqilliyi
bizim ən böyük sərvətimizdir, ən böyük
xoşbəxtliyimizdir” sözləri ilə layiqli cavab verən
Prezident İlham Əliyev bildirir ki, müstəqilliyə
düşünülmüş siyasət, Azərbaycan
xalqının birlik və həmrəyliyi sayəsində nail
olunmuşdur və bu nemət əbədidir.
Bu gün Azərbaycanın siyasi mənzərəsi
stabildirsə, dinamik inkişaf bütün sahələrdə
hiss olunursa, bu yalnız ulu öndər Heydər Əliyevin,
ONUN layiqli davamçısı Prezident İlham Əliyevin gərgin
zəhmətinin bəhrəsidir. Prezident İlham
Əliyevin vurğuladığı kimi son illərin təcrübəsi
müstəqilliyimizin üstünlüklərini
açıq-aydın göstərir. Ancaq müstəqil
Azərbaycan bu uğurlara nail ola
bilmişdir. Azərbaycan xalqının taleyi
öz əlindədir. Müstəqilliyin
üstünlükləri bundan ibarətdir. Heç vaxt müstəqilliyimiz bu qədər
möhkəm olmamışdır.
“Müstəqillik deyəndə mən rəsmi
atributları nəzərdə tutmuram. Müstəqil
siyasət müstəqilliyin əsas amilidir və belə olan
halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan
xalqı rahat, təhlükəsizlik şəraitində
yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox
ölkələr üçün də cəlbedicidir. Ona görə də bu gün dünyada Azərbaycanı
böyük rəğbətlə qarşılayırlar, bizə
inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət
aparırıq və xalqın maraqlarını həmişə
müdafiə edirik.” Prezident İlham
Əliyevin bu sözləri Ulu Öndərin adı ilə
bağlı olan müstəqilliyimizin əbədi
qarantıdır.
Xuraman
İsmayılqızı
İki sahil.- 2016.- 18 oktyabr.- S.5.