Heydər Əliyevin enerji strategiyası
dövlət müstəqilliyimizin
qarantıdır
Bu gün dövlət
müstəqilliyinin bərpasının 25-ci
ildönümünü qeyd edən Azərbaycanının
qazandığı uğurlarda əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş neft
strategiyasının mühüm rolu var. Azərbaycan, eyni
zamanda, Avropanın enerji təhlükəsizliyinə
böyük töhfələr verir. Ölkəmizin təşəbbüsü
və iştirakı ilə regionda qlobal enerji layihələri
həyata keçirilir.
AZƏRTAC müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında neft strategiyasının həlledici roluna dair SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qeydlərini təqdim edir.
Müasir reallıqlar, bir-birinin ardınca baş verən ictimai-siyasi, iqtisadi kataklizmlər beynəlxalq birliyi çətin sınaqlar qarşısında qoyur. Qlobal dünyanın xarakterik xüsusiyyəti budur ki, artıq heç bir dövlət əlahiddə yaşaya bilmir - cərəyan edən hadisələr dərhal geniş rezonans doğurur və bəzən çox ciddi fəsadlarla nəticələnir. Bütün bunların qarşısını almağın ən optimal yolu isə mövcud intellektual qüvvələri birləşdirmək, problemlərin həlli yollarını birgə axtarmaqdır. Bu məqsədlə müsbət, sabit və təkrarlanan iqtisadi tendensiyalar ciddi şəkildə araşdırılır, səbəb-nəticə əlaqələri analiz olunur, səmərəli təcrübələr diqqətlə öyrənilir. Fəxrlə qeyd etməliyik ki, Azərbaycan dövlət müstəqilliyini 25 il bundan əvvəl qazanmasına baxmayaraq, ötən müddətdə düzgün iqtisadi siyasət nəticəsində dünyaya tamamilə effektiv bir iqtisadi model təklif edib. Ölkəmizin zəngin təbii sərvətlərindən, qədim neft diyarı kimi toplanılmış mütərəqqi təcrübəsindən, texniki-intellektual potensialından, habelə transmilli korporasiyalarla əməkdaşlıq şəraitində mənimsənilmiş müasir texnoloji bilik və vərdişlərdən səmərəli istifadə edilməklə yaradılmış Azərbaycan iqtisadi modeli dünya birliyinin diqqətini cəlb edir, geniş maraq doğurur. Bu modelin konseptual mahiyyəti sistemli xarakter daşımasında, cəmiyyət həyatının, istisnasız olaraq, bütün sahələrini harmonik və hərtərəfli əhatə etməsindədir. Mövcud resursların işlənilməsi və dünya bazarlarına çıxarılması tarix üçün qısa bir zaman kəsiyində təmin olunmuş, ölkənin iqtisadi qüdrətinin yüksəlməsinə, valyuta ehtiyatlarının toplanılmasına və səmərəli istifadəsinə, qeyri-neft sektorunun güclənməsinə, sosial problemlərin həllinə, insan kapitalının inkişafına etibarlı zəmin yaradıb. Regionun lider dövləti olan Azərbaycanın xarici reputasiyası daxili inkişafı ilə paralel şəkildə dinamik olaraq yüksəlir. Abadlıq, quruculuq işləri genişlənir, şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial infrastruktur layihələri müvəffəqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında bilavasitə hiss olunur. Müasir Azərbaycan siyasi, iqtisadi, sosial, hərbi, mədəni, elmi inkişaf səviyyəsi ilə heyranlıq doğurur.
Yuxarıda qeyd edilən nailiyyətlər gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, ardıcıl idarəçilik dəst-xəttinin, dönməz və məqsədyönlü fəaliyyətin bəhrələridir. Zaman keçdikcə daha aydın dərk edilir ki, dövlətçiliyimizin memarı, ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən dünyanın ümumi inkişaf kontekstində Azərbaycanın yerini və perspektiv hərəkət vektorunu dəqiq müəyyənləşdirib, qloballaşma müstəvisində layiqli yer tutması üçün yorulmaq bilmədən çalışıb və böyük fədakarlıq sayəsində buna nail olub. Zəngin idarəçilik təcrübəsinə, planetar dünyagörüşünə, çevik siyasi təfəkkürə, iti fəhmə, geniş bilgilərə malik bu nəhəng tarixi şəxsiyyətin gərgin səyləri nəticəsində Azərbaycan qısa bir müddətdə aqrar ölkədən sənaye ölkəsinə çevrilmişdir. Bu, əslində, ölçüyəgəlməz bir irəliləyişdir.
1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı və sonradan tariximizə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olundu. Saziş ulu öndər Heydər Əliyevin davamlı enerji strategiyasının zəfər yolunda başlanğıc nöqtəsi idi. Bu uzunmüddətli strateji kursun ideya mənbələrindən, konseptual əsaslarından danışarkən hər şeydən öncə tarixi varislik məsələsi qeyd olunmalıdır. Çünki Ümummilli Lider Azərbaycan neft sənayesinin zəngin keçmişinə, şanlı ənənələrinə istinad edərkən məhz tarixi varislik prinsipini əsas götürmüşdü. Bakı neftçiləri dünya neft sənayesi salnaməsinə şanlı səhifələr yazıb, kəşfiyyat, tikinti, hasilat, emal və nəql sahələrində ən mütərəqqi yenilikləri istehsalata tətbiq ediblər. Elə buna görədir ki, ulu öndər Heydər Əliyev hələ respublikamıza rəhbərlik etdiyi ilk dövrlərdən neft sənayesinin innovativ əsasda təkmilləşdirilməsinə daim diqqət və qayğı ilə yanaşıb, Sovetlər Birliyində hökm sürən sərt milli siyasət şəraitində mümkün imkanlardan maksimum yararlanaraq ittifaq əhəmiyyətli perspektivli təsisatların - elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda cəmləşməsinə nail olub. Ötən əsrin 70-80-ci illərində neft sənayesinin müasirləşdirilməsi istiqamətində inamlı addımlar atılıb, Azərbaycanın öncül mövqeləri qorunub saxlanılıb. Sonrakı proseslərin təhlili göstərir ki, respublikamızın ümumittifaq neft sənayesinin avanqard qüvvəsinə çevrilməsi Ulu Öndərin gələcəyə hesablanmış siyasi uzaqgörənliyinin nəticəsidir. Başqa sözlə, müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təməl daşları hələ o dövrdə qoyulub.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi 90-cı illərdə mürəkkəb siyasi vəziyyətlə üz-üzə qalmışdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, elan olunmamış işğalçı müharibə, arası kəsilməyən xarici təzyiqlər, daxili siyasi çəkişmələr fonunda hakimiyyət böhranı yaranmış, iqtisadiyyat iflic vəziyyətə düşmüşdü. Gənc dövlətçiliyimizin ağır tarixi sınaqlarla üzləşdiyi o dövrdə xalqımızın ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməsi milli qurtuluş üçün etibarlı təminat yaratdı, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Dövlətin təsisatlanması, dərin və sistemli böhranın dəf edilməsi, iqtisadi-siyasi sabitlik yaradılması kimi kardinal məsələlərin həll imkanlarını araşdıran Ümummilli Lider dünya siyasətində karbohidrogen resursları uğrunda gedən çoxəsrlik mübarizədən yararlanmaq yolunu seçmişdi. Lakin dərinlikdə yerləşən dəniz yataqlarında müstəqil fəaliyyət göstərmək Azərbaycanın imkanları daxilində deyildi. Müasir texnologiyalar, texniki avadanlıqlar, böyük maliyyə resursları cəlb edilmədən bu işin öhdəsindən gəlmək olmazdı. Yaranmış situasiyada optimal çıxış yolu transmilli xarici neft şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasından keçirdi. Bu müstəsna siyasi iradə və mətinlik, ardıcıl səylər tələb edən, lakin ümummilli mənafelər üçün ən uyğun konseptual yanaşma idi.
Müstəqilliyimiz tarixində əbədi yer tutan bu enerji strategiyası sadə və dahiyanə hazırlanmışdı: xarici sərmayədarların köməyi ilə neft-qaz sektorunun gücləndirilməsi, yataqların birgə istismar olunması, hasil ediləcək xam neftin dünya bazarlarına çıxarılması və əldə olunacaq böyük həcmli maliyyə vəsaitlərini iqtisadiyyatın digər sahələrinə yönəltmək yolu ilə sosial-siyasi dirçəlişə nail olunması nəzərdə tutulurdu. Məqsəd və məramı ümumdünya siyasi landşaftının dəyişən mənzərəsi ilə harmonik şəkildə uzlaşdığı üçün bu strategiya tez bir zamanda beynəlxalq birliyin nəzər-diqqətini cəlb etdi. Ancaq təəssüf ki, bu siyasi doktrina da bütün geosiyasi başlanğıclar kimi, ciddi müqavimətlə üzləşdi. Lakin ulu öndər Heydər Əliyev özünə xas müdriklik və siyasi mətanətlə maneələri addım-addım dəf edərək qısa müddətdə strategiyanın reallaşması üçün Qərbin aparıcı neft şirkətləri ilə danışıqlara start verdi.
Məlum dövlətlərin təzyiqləri səbəbindən gərgin atmosferdə keçən bu danışıqlar Heydər Əliyev siyasətinin dərin bilicisi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılırdı. Beynəlxalq iqtisadiyyatın, pul-kredit sisteminin, biznes mühitinin qanunlarını, milli təbii ehtiyatların işlənməsinə xarici şirkətlərin cəlb edilməsinin hüquqi-idarəçilik əsaslarını mükəmməl bilən, Qərb siyasi təfəkkürünə yiyələnmiş, yüksək iqtisadi menecment səriştəsinə, zəngin diplomatik bilik və bacarığa malik İlham Əliyev güclü arqumentləri ilə danışıqlar prosesində yaranan çətinlikləri də ustalıqla aradan qaldırdı və yekunda ortaya Azərbaycanın milli maraqlarına uyğun bir sərmayə layihəsi qoyuldu. Heydər Əliyev qətiyyəti, İlham Əliyev əzmkarlığı son dərəcə sərt geosiyasi reallıqlara rəğmən, “Əsrin müqaviləsi”nin imzalanması ilə nəticələndi. Bununla da XX əsrin ən möhtəşəm qlobal enerji layihələrindən biri rəsmiləşmiş oldu. Kontrakt ölkəmizin uzunmüddətli enerji strategiyasının ana xəttini təşkil edən epoxal bir sənəd idi; siyasi xarakteristikasına görə Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinasını təşkil edirdi. İkinci bir tərəfdən də postsovet məkanda Qərb şirkətləri ilə iri neft müqaviləsinin imzalanması Xəzər regionunda beynəlxalq əməkdaşlığın, böyük perspektivlərin bünövrəsini qoyurdu. Bu mənada “Əsrin müqaviləsi” təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün, eyni zamanda Qərb dövlətləri üçün strateji əhəmiyyət daşıyırdı. Ulu öndər Heydər Əliyev dünya neft sənayesi tarixində yeni mərhələ açan bu strategiyanı belə dəyərləndirirdi: “Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur”.
Azərbaycanın öz enerji ehtiyatlarına sahib çıxmaq, strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləmiş, milli suverenliyin mühüm təminatına çevrilmiş bu kontrakt çərçivəsində müstəsna nailiyyətlər əldə olunmuşdu. Respublikamız dünyanın neft-qaz ixrac edən aparıcı dövlətləri sırasında xüsusi çəkiyə malikdir. Ölkəmizin geosiyasi əhəmiyyəti yüksəlmiş, Qərb dünyası ilə münasibətləri strateji müstəviyə keçmişdir. Enerji müstəqilliyimiz təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən beynəlxalq miqyasda mühüm qaz ixracatçısına çevrilmişdir. Hazırda biz Gürcüstan, Türkiyə, Rusiya və İrana təbii qaz ixrac edirik. Yeni yataqlar açılıb, regional və qlobal əhəmiyyətli layihələrin gerçəkləşməsi üçün müsbət təmayül yaranıb. Xarici partnyorlarla uğurlu əməkdaşlıq modeli qurulub, tərəfdaşlığın rəngarəng formaları tapılıb. Bu gün SOCAR və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Birgə layihələrin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 68,2 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirib. Ötən illərdə “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 3 mindən çox yerli müəssisə və şirkət cəlb olunub. Sənayenin lokomotivi rolunu oynayan neft sektoru ilə bərabər qeyri-neft sektoru da güclənib, ümumi daxili məhsulda onun xüsusi çəkisi artıb.
1997-ci ildə “Çıraq” yatağından ilk neftin çıxarılması kontrakt çərçivəsində qazanılmış uğurların özülünü qoydu. Neft sənayesi obyektlərinin beynəlxalq standartlara uyğun yenidən qurulmasının təməli atıldı, infrastruktur layihələrinin həyata keçirilməsinə zəmin yarandı. İlk neftin hasilatı ilə “qara qızıl”ın bazarlara çıxarılması məsələsi gündəmə gəldi. 1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı–Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə hökumətlərarası saziş imzalandı. Bir il sonra bu xətt istifadəyə verildi. Lakin hasil olunacaq böyük neft həcmləri üçün daha böyük ixrac gücləri tələb edilirdi. Digər tərəfdən Azərbaycan xam neft ixracı kəmərlərinin şaxələndirilməsi prinsipini əsas götürmüşdü. 1997-ci ildə neftin Bakı–Supsa marşrutu ilə Qara dənizə çıxarılması haqqında Gürcüstanla sazişin imzalanması mühüm hadisə oldu. 1999-cu ildə isə bu kəmər və Qara dənizdəki Supsa terminalı istismara verildi. Beləliklə, Azərbaycan nefti Qərbə istiqamət götürdü, əsas məsələ isə yenə həllini tapmadı. Neft hasilatının artımı qısa zamanda yeni ixrac boru kəmərinin inşasını labüd edirdi. Ulu öndər Heydər Əliyev bu zaman Bakı-Tbilisi-Ceyhan (BTC) ideyasını irəli sürdü və sonadək bu ideyanı dəstəkləyərək, onun gerçəkləşməsinə nail oldu. Geostrateji önəm kəsb edən bu kəmər Bakını inkişaf etmiş Qərb dövlətləri ilə bağlayan etibarlı enerji körpüsü kimi nəzərdə tutulurdu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. KİV bu hadisəni dünya neft sənayesinin inkişafında dönüş nöqtəsi kimi qiymətləndirdi. Bu isə təsadüfi deyildi. Müasir texnoloji fikrin mürəkkəb konstruksiyalı məhsulu olan bu xəttin əfsanədən reallığa çevrilməsi xam neft satışında monopoliyaya son qoymuşdu. Zaman növbəti dəfə dahi rəhbərimiz Heydər Əliyevin müdrikliyini dünyaya nümayiş etdirdi, Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurulmuş çoxşaxəli ixrac strategiyasının qələbəsini əyani şəkildə göstərdi. Xarici səhmdarlar tərəfindən ulu öndər Heydər Əliyevin adı verilmiş bu kəmərin coğrafi-siyasi əhəmiyyəti indi bütün dünyada birmənalı etiraf olunur. BTC artıq beynəlxalq dairələrdə həm də Mərkəzi Asiya mənşəli neft həcmlərinin dünya bazarlarına etibarlı nəqlinə imkan verən mühüm texniki-iqtisadi infrastruktur kimi rəğbət qazanmışdır.
Rəqəmlər Xəzər neftini Aralıq dənizinə çıxaran BTC-nin nə qədər səmərəli və unikal bir qurğu olduğunu daha aydın ifadə edir. Kəmərin ötürücülük qabiliyyəti ildə 50 milyon tondur ki, bunu da 60 milyon tona çatdırmaq mümkündür. Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə 2016-cı il oktyabrın 1-dək dünya bazarlarına 475,6 milyon tona yaxın, o cümlədən BTC ilə 315 milyon ton, Bakı-Supsa kəməri ilə 77 milyon ton, Bakı-Novorossiysk kəməri ilə 41,5 milyon ton və dəmir yolu ilə 20,1 milyon ton neft nəql edilib. Eyni dövrdə BTC vasitəsilə 19,8 milyon ton Türkmənistan, 7,3 milyon tondan çox Qazaxıstan nefti də nəql olunub. “Şahdəniz” yatağının kəşf edilməsi və istismara başlaması BTC-nin daha bir əhəmiyyətini üzə çıxarmış, yataqdan çıxarılan qazın nəqli üçün çəkilmiş Cənubi Qafqaz boru kəməri (CQBK) onunla eyni dəhlizdə inşa edilmişdi. BTC-nin inşa təcrübəsindən istifadə olunması CQBK-nın tikintisində bir çox prosedurları aradan qaldırmış, kəmərin qısa müddətdə istismara buraxılması üçün əlverişli imkan yaratmışdı. Beləliklə, diversifikasiya olunmuş ixrac neft-qaz kəmərləri sisteminin qurulması və inkişaf etdirilməsi “Əsrin müqaviləsi”nin ölkəmizə qazandırdığı ən böyük nailiyyətlərdən biridir.
Azərbaycanda hələ eramızdan min illər qabaq neft çıxarılmış və karvan yolları ilə müxtəlif ölkələrə daşınıb. Dünyada sənaye üsulu ilə neft hasilatının tarixi də ölkəmizdə başlanıb, 1847-ci ildə ilk müasir neft quyusu Bibiheybətdə qazılıb. 1878-ci ildə Balaxanı mədənlərindən Qara şəhərə neft kəmərinin çəkilməsi dünyada boru kəmərləri ilə neft nəqli, 1883-cü ildə Bakı-Batumi dəmir yolunun istismara buraxılması isə dəmir yolu ilə neft nəqli təcrübəsinin əsasını qoyub. Eyni zamanda Bibiheybət buxtasının qurudulması ilə dənizdə neftçıxarmaya, Neft Daşlarında istismara başlanılması ilə açıq dənizdə neft hasilatına start verilib. Bütün bunlarla bərabər, etiraf etməliyik ki, hazırda Azərbaycanın dünya miqyasında tutduğu mövqe və qazandığı şan-şöhrət əsas etibarilə “Əsrin müqaviləsi” çərçivəsində görülən işlər, neft-qaz sektorunda yeni intibahla əlaqədardır. Ötən 22 il ərzində aparılan intensiv tədbirlər ölkə üzrə neft və qaz hasilatının dinamik artımına zəmin yaradıb, neft hasilatı 1997-ci ildəki 9 milyon tondan 5,6 dəfə artaraq 2010-cu ildə ən pik həddə 51 milyon tona çatıb. Xatırladaq ki, buna qədər Azərbaycanda neft hasilatının ən yüksək göstəricisi (23 milyon 482 min ton) 1941-ci ildə qeydə alınıb. Hazırda “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 101 hasilat quyusundan sutkada orta hesabla 85 min ton neft və 34 milyon kubmetr səmt qazı hasil olunur. İşlənmənin gedişində yataqlar blokunun karbohidrogen ehtiyatları iki dəfəyədək artırılıb. Belə ki, saziş imzalanan ərəfədə buradakı ehtiyatların ümumi həcmi 511 milyon ton neft hesablanmışdısa, hazırda blokun çıxarıla bilən ehtiyatları 925 milyard ton qiymətləndirilir. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf edilirdisə, həmin ilin dekabrından Azərbaycanın mənfəət nefti xarici bazarlara çıxarılır və əldə edilən gəlir Neft Fondunda toplanır.
“Əsrin müqaviləsi” çərçivəsində görülən işlər miqyas etibarilə olduqca geniş və çoxşaxəlidir. Yataqlar qısa müddətdə tammiqyaslı istismara daxil edilib. Supsa, Səngəçal və Kulevi terminallarının, Xəzərdə indiyədək quraşdırılmış ən böyük qurğular sayılan platformaların inşası, üzən qazma qurğuları, yeni gəmilərin tikintisi və əsaslı təmiri, minlərlə kilometr boru kəmərlərinin çəkilməsi, eləcə də başqa böyük tədbirlər qeyd olunmalıdır. 2014-cü ildə uğurla başa çatan “Çıraq Neft Layihəsi” Xəzərdə tətbiq edilmiş yeni texnologiyaların əyani təcəssümüdür. Layihə üzrə yerli mütəxəssislər tərəfindən qabaqcıl dünya standartlarına tam uyğun şəkildə inşa olunmuş “Qərbi Çıraq” platformasının sutkalıq gücü 25 min ton neft, 8 milyon kubmetr qaz təşkil edir. “Dədə Qorqud” üzən qazma qurğusu ilə burada 17 quyu qazılıb. Bu böyük layihə AÇG yataqlar blokundan hasilatın maksimum həddinin uzun müddət sabit saxlanılmasına hesablanıb. Dənizin ekologiyası, unikal fauna və flora ehtiyatının mühafizəsi diqqət mərkəzində saxlanılıb. Təkcə bu layihədə deyil, AÇG və sonrakı bütün layihələrdə ətraf mühitin qorunması əsas prioritetlərdəndir.
“Əsrin müqaviləsi”nin həyata keçirilməsi ilə Azərbaycanda yalnız iqtisadiyyat, sənaye standartları, idarəçilik konsepsiyaları, texnologiyalar deyil, kadrların bilik, bacarıq və əmək vərdişləri də dəyişib, zəngin təcrübə qazanılıb. Vaxtilə dünyanın bir çox ölkələrində neft işinin əsasını qoymuş Azərbaycan mütəxəssislərinin şanlı ənənələri yeni nəsil tərəfindən layiqincə davam etdirilir. Bu gün mühəndislərimiz transmilli şirkətlərin top-menecment heyətində şərəflə təmsil olunurlar. Birgə layihələrdə milli kadrların sayı ilbəil artır. Minlərlə tələbə ölkə daxilində və xaricdə müxtəlif təqaüd proqramlarından bəhrələnir. Bütün bunlar isə danılmaz inkişaf amilləridir.
Ötən dövrdə kəşfiyyat-axtarış sahəsində əldə olunmuş ən böyük nailiyyət, heç şübhəsiz, “Şahdəniz” yatağının kəşf edilməsidir. Dəniz akvatoriyalarında belə zəngin resurslara malik yataqlar çox deyil. Bu yatağın işlənilməsi ölkəmiz üçün bir neçə baxımdan mühüm əhəmiyyət kəsb edib. İlk növbədə enerji təhlükəsizliyi təmin edilib - bu, ölkənin milli təhlükəsizliyinin çox vacib komponentidir. Qaz hasilatı dinamik şəkildə yüksəlmiş, yüzlərlə sənaye obyektinin mazut rejimindən qaz rejiminə keçirilməsi təmin olunub ki, bu da iqtisadiyyatın ümumi inkişafına mühüm töhfədir. Ölkənin qazlaşdırılmasında əsl sıçrayış baş verib. 2004-2008 və 2009-2013-cü illər üzrə “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramları çərçivəsində qaz təchizatının ümumi səviyyəsi tarixdə görünməmiş həddə çatıb. 2009-cu ilin sonuna respublika üzrə ümumi qazlaşma səviyyəsi 62,3 faiz təşkil edirdisə, hazırda 90 faizə çatıb. Əhali kateqoriyasından olan qeydiyyata alınmış qaz abunəçilərinin sayı hazırda 1 milyon 954 min nəfərdən çoxdur.
“Şahdəniz” yatağının istismara buraxılması ilə Azərbaycan etibarlı neft ixracatçısı olmaqla yanaşı, aparıcı qaz ixracatçıları sırasında da özünə layiqli yer tutub. Ölkəmiz regionun enerji təminatında əsas rol oynamaqla yanaşı qlobal enerji təhlükəsizliyi sisteminə inamla qoşulur. “Şahdəniz” layihəsinin 2-ci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması və “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması ilə Prezident İlham Əliyevin rəhbərliyi altında uzun müddət aparılmış gərgin diplomatik iş öz məntiqi sonluğuna çatıb. Dövlətimizin müdrik başçısı İlham Əliyev bu layihəni yüksək qiymətləndirmişdir: “...Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır”. Həqiqətən də, “Cənub Qaz Dəhlizi” hazırda Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən ən böyük infrastruktur layihəsidir. Qürurverici hal odur ki, belə bir tarixi layihənin həyata keçirilməsində lider rolunu Azərbaycan oynayır. Layihə üzrə, 2-ci mərhələdə “Şahdəniz” yatağında hasilat həcmi təxminən 2 dəfə artırılacaq. Əlavə qaz həcmlərinin ildə 10 milyard kubmetri Avropa ölkələrinə, 6 milyard kubmetri isə Türkiyəyə tədarük ediləcək. Artıq mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə başlıca müqavilələr imzalanıb, istehsalat proseslərinə start verilib. Bu nəhəng layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyalarının tətbiqi ilə Azərbaycandan Avropaya qədər 3 min 500 kilometr uzunluğunda boru kəmərləri sistemi qurulacaq. Prezident İlham Əliyev istehsalçı, tranzit və istehlakçı ölkələrin səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasını təsis edib. Bu il Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ikinci iclası keçirildi və iştirakçı ölkələrin, ABŞ və Avropa Komissiyasının yüksək rütbəli nümayəndələri iclasda iştirak etdilər. Məşvərət Şurasında layihənin Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının zəruri elementi olduğu bəyan edildi, onun həyata keçirilməsində Azərbaycanın səyləri dəstəkləndi, ölkəmizin aparıcı rolu bir daha vurğulandı. Bildirildi ki, öz enerji siyasətinə qəti surətdə sadiq qalan, bu sahədə əməkdaşlığı daim təşviq edən Azərbaycan enerji mənbələrinin şaxələndirlməsində regional və qlobal səviyyəli çox əhəmiyyətli enerji ixracatçısıdır.
“Cənub Qaz Dəhlizi” ilə bağlı planlar yalnız “Şahdəniz-2” ilə məhdudlaşmır. Bu layihə gələcək perspektivlər zəncirində əsas, amma yalnız ilk halqanı təşkil edir. 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 milyard kubmetr qaz həcminə çatdırılması tamamilə realdır. Bu qazın da çox hissəsi Avropa bazarına təchiz oluna bilər. Əlbəttə, belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır. Üç mühüm seqmentdən ibarət “Cənub Qaz Dəhlizi” məhz belə bir sistem olacaq. Birinci seqment hazırda “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amili olan Cənubi Qafqaz Boru Kəməridir (CQBK). Ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən bu kəmər işləkliyini artıq sübuta yetirib. CQBK-nın genişləndirilməsi indiyədək aparılmış işlərin davamı olacaq. İkinci seqment kimi Trans-Anadolu qaz boru kəməri – TANAP nəzərdə tutulur. Bu, iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin birgə layihəsidir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 milyard kubmetr planlaşdırılır. Sonradan bu göstəricinin 31 milyard kubmetrədək artırılması imkanları da nəzərə alınıb. Ötən il Qarsda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə TANAP-ın təməli qoyuldu. Hazırda SOCAR-ın xaricdə həyata keçirdiyi ən böyük layihə olan TANAP üzrə Türkiyənin bütün ərazisində tikinti işləri inşaata dəstək mühəndislik işləri ilə paralel olaraq intensiv şəkildə davam etdirilir. TANAP layihəsinə təxminən 9,2 milyard ABŞ dolları məbləğində sərmayə qoyuluşu və 2018-ci ildə ilk təbii qaz axınını gerçəkləşdirərək start verilməsi planlaşdırılır. TANAP bu günədək dünya miqyasında gerçəkləşdirilən ən böyük diametr və uzunluğa sahib olan təbii qaz boru xətti layihələrindən biri olacaq. “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmentini isə “Trans-Adriatik” qaz boru kəməri - TAP təşkil edəcək. Bu il mayın 17-də təməlini qoyulan TAP kəməri Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Albaniya ərazisindən keçməklə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qədər uzanacaq. Kəmərin ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr olacaq. “Cənub Qaz Dəhlizi” sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilməsi üçün onun seqmentlərinin hər birinin ilkin ötürücülük gücü artırıla bilər. Digər tərəfdən hazırda Avropada, xüsusilə də Balkan ölkələrində “Cənub Qaz Dəhlizi”ni istiqamət götürən əlaqələndirici kəmərlərin, interkonnektorların tikintisi də nəzərdə tutulub. Biz bu təşəbbüsləri dəstəkləyir və diqqətdə saxlayırıq. Çünki Xəzərin Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə zəngindir və biz hasilat həcmlərinin artırılması istiqamətində fəaliyyətimizi genişləndiririk.
Bütün layihələr üzrə əsas müqavilələr artıq imzalanmış və işlər qrafik üzrə, bəzi layihələrdə isə hətta qrafiki qabaqlamaqla icra edilir. Bu layihələr dünya bazarlarında neftin və qazın qiymətlərindən asılı olaraq Azərbaycana 35-50 milyard ABŞ dolları həcmində gəlir gətirəcək.
“Əsrin müqaviləsi”nin uğurları Azərbaycan rəhbərliyinin və neftçilərimizin xarici tərəfdaşlarla birgə apardıqları məqsədyönlü və səriştəli fəaliyyətin nəticəsidir. Xəzərin Azərbaycan sektorunda işlənilən regional və qlobal əhəmiyyətli layihələrin gedişində dünya miqyasında dövlət və özəl sektorları, milli və transmilli şirkətləri sıx birləşdirən optimal metodlar tətbiq edilib. Bu metodologiya qarşılıqlı etimada və effektiv birgə fəaliyyətə əsaslanır və hazırda dünyanın bir çox ölkələrində nümunəvi təcrübə kimi öyrənilir. İndiyədək Azərbaycanda Hasilatın Pay Bölgüsü sazişlərinə heç bir düzəliş edilməyib ki, bu da öhdəliklərə sadiqlik və qarşılıqlı etimadın göstəricisidir. Birgə fəaliyyətdə yerli resurslardan səmərəli istifadə olunması uğurların rəhni rolunu oynayıb. İlk dövrlərdə qurğu və avadanlıqların əksər hissəsi əsasən xaricdən gətirilsə də, getdikcə yerli istehsala üstünlük verilmiş, Azərbaycana məxsus kommunikasiya və infrastrukturlardan səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılıb. Yarımdalma üzən qazma qurğuları modernləşdirilmiş, indi Azərbaycanın enerji strategiyasının memarı, ulu öndər Heydər Əliyevin adını daşıyan “Lider” qurğusunun köməyi ilə texnoloji sahədə böyük irəliləyişlər əldə edilib. Layihələrin icrasında Bakı Dərin Özüllər Zavodunun istehsalat obyektlərinin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Neft Donanmasına məxsus gəmilərin rolu xüsusi qeyd olunmalıdır. Keçmiş Sovet İttifaqında, eləcə də Avropada ilk bu tipli müəssisə olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu bu gün də öz missiyasını şərəflə yerinə yetirir. 2013-cü ildə istismara buraxılmış Bakı Gəmiqayırma Zavodu müasir tələblərə cavab verən istənilən növ gəmilərin tikintisi, təmiri, habelə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi üzrə ixtisaslaşıb. İldə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malik olan bu müəssisə təkcə müxtəlif təyinatlı gəmilərin deyil, qazma işlərinin intensivləşdirilməsi məqsədilə böyük tələbat duyulan yeni nəsil üzən qazma qurğularının inşası baxımından da mühüm əhəmiyyət daşıyır. Zavod artıq ilk sifarişlərini qəbul etmiş və sifarişlər müvəffəqiyyətlə yerinə yetirilib. “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı işlərin görülməsi üçün nəzərdə tutulan unikal “Xankəndi” sualtı gəmisinin də inşası bu zavodda aparılıb.
Azərbaycan zəngin infrastruktur potensialına görə bu gün Xəzər hövzəsi ölkələri arasında xüsusi mövqeyə malikdir. Diversifikasiya olunmuş magistral neft və qaz kəmərləri sistemi, terminallar və zavodlar, dənizin dərinliklərində istənilən əməliyyatı keçirməyə imkan verən infrastruktur regional əhəmiyyət daşıyır. Biz qlobal enerji təhlükəsizliyinin təminatı naminə bütün mövcud imkanlarımızı təqdim etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik.
“Əsrin müqaviləsi” və digər irimiqyaslı layihələr üzrə qazanılmış nailiyyətlər sayəsində Azərbaycan artıq investisiya cəlb edən ölkədən xarici ölkələrin perspektivli sahələrinə investisiya qoyan bir ölkəyə çevrilib. SOCAR bu sahədə öncül mövqe tutur və mövqeyini möhkəmləndirir. Şirkət müasir, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi dünyada daha yaxşı tanınmaq, Azərbaycan hüdudlarını aşaraq, beynəlxalq enerji bazarlarına yaxınlaşmaq məqsədilə investisiya layihələri həyata keçirmək xətti götürüb və qısa müddətdə ciddi irəliləyişə nail olub. Strateji inkişaf trendləri sırasında xarici bazarlarda fəaliyyətin genişləndirilməsi və bu yolla məhsuldar iqtisadi əlaqələrin qurulması mühüm yer tutur. İsveçrədə treyder şirkəti yaradılıb, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə və Yunanıstanda aktivlər əldə edilib, bir sözlə, SOCAR dünya enerji bazarına inamla daxil olub. Aktivlərimizin inkişaf etdirilməsi əsas hədəflərdəndir. Türkiyə neft-kimya sektorunun yeganə istehsalçısı olan “Petkim”in xammalla etibarlı təchiz olunması məqsədilə inşa edilən “Star” neft emalı zavodu, konteyner limanı və elektrik stansiyası layihələri bizə imkan verəcək ki, 2023-cü ildə bu nəhəng müəssisələr zəncirini yalnız Türkiyənin deyil, bütövlükdə regionun ən böyük neft-kimya, logistika və liman mərkəzinə çevirək. Bu gün Gürcüstanın qaz təchizatının 90 faizini biz təmin edirik. Qonşu ölkənin onlarla qazpaylayıcı şəbəkəsi SOCAR tərəfindən idarə olunur. Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının da təqribən 25 faizə biz nəzarət edirik. Qara dənizdə Azərbaycana əlverişli mövqe qazandırmış Kulevi “Black Sea” Terminalı ildə 10 milyon ton həcmində neftin və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsinə imkan verir. Terminal hazırda Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələrindən xam neft və neft məhsullarının da dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır. Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və fəaliyyəti mərkəzləşdirmək məqsədilə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading S.A.” şirkəti qısa bir müddətdə Avropada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsilə Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsindəki bazarlarda möhkəmlənib. Treydinq şirkətimiz BƏƏ-də Fucayra limanında terminal tikintisini uğurla davam etdirir.
İsveçrə, Rumıniya və Ukraynadakı yanacaqdoldurma stansiyalarımız istehlakçılara “SOCAR” brendi ilə yüksək səviyyəli xidmət edərək şirkətimizin qlobal strateji inkişaf trendlərinə uyğun fəaliyyət göstərir. İsveçrənin bir neçə şəhərində, o cümlədən Sürix və Cenevrə hava limanlarında, eləcə də Rumıniya və Ukraynada yanacaqdoldurma stansiyalarımız uğurla çalışır. Pərakəndə neft məhsulları bazarında alıcıların rəğbətini qazanmağa nail olmuş yanacaqdoldurma məntəqələri (YDM) iqtisadi fayda ilə yanaşı şirkətimizin və ümumilikdə Vətənimiz Azərbaycanın təbliği işinə də mühüm töhfə verir. Biz beynəlxalq bazarlarda iştirak coğrafiyamızı genişləndirməkdə maraqlıyıq. Bu məqsədlə dünyanın neft-qaz sənayesində gedən prosesləri dərindən təhlil edir, daxil olan təklifləri bu kontekstdə dəyərləndiririk. “Rosneft” şirkəti ilə Azərbaycan, Rusiya və üçüncü ölkələrin ərazilərində neft-qaz əməliyyatlarının aparılması ilə məşğul olacaq birgə müəssisə yaradılması haqqında razılaşma əldə etmiş, Həştərxan vilayətinin karbohidrogen ehtiyatlarının öyrənilməsinə başlamışıq. Qarşıdakı illərdə kəşfiyyat və hasilatla bağlı xarici investisiya layihələri həyata keçirmək niyyətindəyik.
Neft sənayesinin yüksəlişi, iqtisadi resurslar Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “məqsəd yox, vasitədir”. Olduqca böyük gücə malik həmin vasitə Azərbaycan xalqının maddi rifah halının durmadan yüksəlməsinə dəyərli töhfələr verir. Enerji strategiyası cəmiyyət həyatının bütün sahələrində ümummilli yüksəlişin əhəmiyyətli amili rolunu oynayır. Bu sektordan gələn gəlirlər geniş həcmli sosial-iqtisadi proqram və layihələrin həyata keçirilməsində başlıca maliyyə qaynağıdır. SOCAR-ın sosial sahədə gördüyü tikinti-quruculuq işlərinə respublikanın, demək olar, bütün bölgələrində rast gəlmək mümkündür. Şirkət yerinə yetirdiyi layihələrdə yeni, daha müasir standartlar yaradılmasına xüsusi diqqətlə yanaşır. Neft gəlirləri bu gün samballı ictimai sərmayə mənbəyidir. Bu gəlirlərin insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir. Həmin gəlirlər eyni zamanda qeyri-neft sektorunda inkişafın təkanverici qüvvəsidir. Dövlətimizin müdrik rəhbəri, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında respublikanın hər yerində sürətlə davam etdirilən genişmiqyaslı quruculuq və yeniləşmə işləri bütün dünyaya nümayiş etdirir ki, inkişafın Azərbaycan modeli təsadüfi xarakter daşımır, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş tərəqqi strategiyasının məntiqi nəticəsidir və hələ uzun zaman həm ölkə əhalisinin, həm də beynəlxalq birliyin mənafelərinə xidmət edəcək.
Rövnəq Abdullayev
SOCAR-ın prezidenti,
Milli Məclisin deputatı
İki sahil.- 2016.- 18 oktyabr.- S.8; 10-12.