Müstəqil Azərbaycan hər bir
vətəndaşımızın
qürur mənbəyidir
Qeyri-rəsmi məlumatlara görə, dünyada 5 minə yaxın millət və xalq var. Ancaq onların yalnız 200-ə qədəri müstəqil dövlət qurub və öz müqəddəratını təyin edib. Olduqca fərəhli haldır ki, Azərbaycan da müstəqil dövlət kimi 25 ildir ki, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, dünyanın inkişaf etmiş ölkələri ilə bərabərhüquqlu münasibətlər qurur. Təbii ki, ölkəmizin müstəqillik tarixi 25 illə məhdudlaşmır. Hər kəsə məlumdur ki, Azərbaycan qədim və zəngin dövlətçilik ənənələrinə malikdir. Təsadüfi deyil ki, Şərqdə ilk demokratik respublikanın qurulması da məhz ölkəmizin adı ilə bağlıdır. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində özünəməxsus yer tutur.
Təxminən 70 illik əsarətdən sonra xalqımızın yenidən öz müstəqilliyini bərpa etməsi onun azadlıq sevgisinin nə qədər böyük, dövlətçilik təcrübəsinin nə qədər zəngin olduğunu göstərdi. Düz 25 il bundan öncə “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi və bu gün tarixə Dövlət Müstəqilliyi günü kimi həkk olundu. Elə bu anda ümummilli lider Heydər Əliyevin məşhur “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” kəlamı yada düşür. Bəli, 1991-ci ildə ölkəmiz tökülən qanlar, verilən canlar hesabına öz müstəqilliyini yenidən bərpa etdi. Ancaq daxili qarşıdurmalar, xarici təzyiqlər nəticəsində Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı sayəsində xalqımız bu təhlükədən yan keçdi və gənc müstəqil Azərbaycan sözün əsl mənasında inkişaf yoluna qədəm qoydu.
Neft və qaz
ölkəmizə xoşbəxtlik,
firavanlıq, yüksəliş və
inkişaf gətirdi
Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində 1994-cü ildə atəşkəs əldə edildi, bununla yanaşı, ölkə daxilindəki təhlükəli ünsürlər tamamilə zərərsizləşdirildi. İctimai-siyasi sabitliyin təmin edilməsindən sonra qarşıda daha mühüm vəzifələr dayanırdı: iqtisadi imkanların artırılması, maliyyə sisteminin daha da gücləndirilməsi. Bunun üçün isə bir yol var idi: ölkəmizin malik olduğu təbii sərvətlərdən doğru şəkildə, xalqın gələcək rifahı naminə düzgün istifadə edilməsi. Məhz Ulu Öndərin siyasi iradəsi sayəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu. Bundan sonra xarici dövlətlərin nüfuzlu şirkətləri ilə imzalanan mühüm müqavilələr BTC, BTƏ, “Şahdəniz” və s. bu kimi qlobal layihələrin işə düşməsi ilə nəticələndi. Bununla da Azərbaycanın sahib olduğu neft və qaz ölkəmizə xoşbəxtlik, firavanlıq, yüksəliş və inkişaf gətirdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev müstəqilliyinin möhkəmləndirilməsində Ümummilli Liderin rolunu belə səciyyələndirib: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir.”
Doğrudan da, əsrlər keçsə də 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixində mühüm bir dövr kimi yadda qalacaq və hər zaman xatırlanacaq. Çünki Ulu Öndər məhz bu dövrdə dağılmaqda olan Azərbaycanı yenidən qurdu və gələcək nəsillərə uğurlu, təhlükəsiz və sağlam gələcək bəxş etdi.
Azərbaycanda gedən
uğurlu inkişaf
Heydər
Əliyev siyasətinin təntənəsidir
2003-cü ildə xalqın böyük səsçoxluğu ilə Prezdent seçilən cənab İlham Əliyev Heydər Əliyev ideyalarının bundan sonra da davam etdiriləcəyini qeyd etdi və müstəqilliyin daha da möhkəmləndirilməsi, daha sürətli iqtisadi inkişafın təmin edilməsi istiqamətində yeni islahatlara start verildi. Regionların sosial-iqtisadi inkişafı, insanların rifahının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin, istehsal müəssisələrinin açılması sahəsində mühüm tədbirlər görüldü. Məhz bu dövrdə ölkəmizin xarici siyasət kursu da uğurlu inkişaf tempini qoruyub saxladı. Nüfuzlu beynəlxalq təşkilatlar, inkişaf etmiş dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıqlar daha da genişləndirildi. Artıq Azərbaycan dünyada tanınır, həqiqətlərimiz qəbul edilir, haqq səsimiz eşidilirdi. “Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.” Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər isə dövlət başçımızın Heydər Əliyev ideyalarına sadiqliyinin parlaq nümunəsidir.
“Əsrin
müqaviləsi” və “Cənub Qaz Dəhlizi”
siyasi və iqtisadi
müstəqilliyimizin
təmin edilməsində əsas faktorlar kimi çıxış edir
Qeyd etdiyimiz kimi, bu gün dünyada 200-ə yaxın müstəqil dövlət var. Lakin bəzi “müstəqilliklər” formal xarakter daşıyır desək, daha doğru olar. Gəlin baxaq, bəzi dövlətlər müstəqil siyasət yürüdə bilirlərmi? Təbii ki, yox. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Ancaq bu dövlətlərlə müqayisədə gənc Azərbaycan cəsarətli və qətiyyətli Lideri ilə beynəlxalq aləmdə, sözün əsl mənasında müstəqil siyasət aparır və hər kəsi öz ədalətli mövqeyi ilə hesablaşmağa məcbur edir. Nəzərə alsaq ki, ölkəmiz kifayət qədər mürəkkəb geosiyasi coğrafi məkanda yerləşir, o zaman müstəqil siyasət yürütməyin nə qədər çətin olduğunu bir daha dərk etmiş olarıq.
Azərbaycan gənc olmasına baxmayaraq böyük uğurlara imza atıb. Bu gün çox az sayda dövlət var ki, onlar BMT Təhlükəsizlik Şurasının üzvü olub, bu gün çox az sayda dövlət var ki, qlobal beynəxalq tədbirlərə ev sahibliyi edir, bu gün çox az sayda dövlət var ki, XXI əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi”ni icra etmək və Avropanın yeni enerji xəritəsini yaratmaq gücündədir. Sözsüz ki, bu kimi bir çox fakt sadalamaq olar.
Bu gün
ölkəmiz regionda mehriban
qonşuluq siyasəti yürüdür,
dünyada multikultural
və tolerant ölkə kimi
tanınır. Azərbaycan həmçinin regionda
təhlükəsizliyin qarantıdır. Torpaqlarının
işğalçı Ermənistan tərəfindən zəbt
edilməsinə baxmayaraq, ölkəmiz
sürətli inkişaf tempini
qoruyub saxlayır. Bu ilin aprel hadisələri də bunu bir
daha sübut etdi. 4 gün ərzində düşmən
ordusunu darmadağın
edərək itirilmiş
torpaqların bir hissəsini azad edən Azərbaycan Ordusu öz gücünü, qüdrətini
nümayiş etdirdi.
Prezident İlham Əliyevin münaqişənin
həlli ilə bağlı mövqeyi də dəyişməz olaraq qalır: “Son illər ərzində Ermənistan ilə Azərbaycan arasında inkişafda mövcud olan fərq daha da böyüyür.
Bu münaqişənin həllinin yolu ancaq beynəlxalq hüquq normalarının
qəbul edilməsindən
keçir. Azərbaycanın dünya birliyi tərəfindən, Birləşmiş
Millətlər Təşkilatı
tərəfindən tanınan
ərazi bütövlüyü
bərpa edilməlidir.
BMT Təhlükəsizlik Şurasının dörd
qətnaməsi qeyd-şərtsiz
icra edilməlidir.
İşğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır.”
Qeyd etdik ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” kimi qlobal layihənin təşəbbüskarı qismində
çıxış edir. Artıq layihənin
əsas tərkib hissəsi olan TANAP və TAP-la bağlı mühüm addımlar atılıb. Bu kəmərlərin işə
düşməsi nəticəsində
Azərbaycanın zəngin
təbii qaz ehtiyatları Avropaya çatdırılacaq. Təbii ki,
bu və digər mühüm layihələr ölkəmizin
dövlət müstəqilliyinin
daha da möhkəmləndirilməsi
və inkişaf etdirilməsi istiqamətində
atılan uğurlu addımlardır.
“Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.” Dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamda əksini tapan bu fikirlər ötən 25 ildə əldə olunan uğurlara qısa bir nəzərdir. Hesab edirik ki, Heydər Əliyev ideyaları üzərində qurulan və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi uğurlu siyasət kursu ölkəmizin dövlət müstəqilliyini daha möhkəmləndirəcək, süverenliyimiz və azadlığımızın əsrlər boyu qorunub saxlanmasını təmin edəcək.
Nail Rəhimzadə
İki sahil.- 2016.- 18 oktyabr.- S.19.