Müstəqilliyi qorumaq
onu qazanmaq
qədər çətin və şərəflidir
Azərbaycan Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Dekabrın 29-da bu məsələ ilə bağlı ümumxalq səsverməsi keçirildi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxaraq XX əsrin sonlarında yenidən öz milli müstəqilliyini bərpa etdi.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir. Ötən əsrin 90-cı illərində Azərbaycan xaqlı belə bir çətinliklə qarşı-qarşıya qaldı. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. İdarəetmədəki kobud nöqsanlar, cəbhədəki uğursuzluqlar, ordudakı hərc-mərclik nəticəsində 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükə ilə qarşılaşmışdı. Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi isə öz növbəsində dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin yayında isə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Zəngin siyasi təcrübəyə və böyük dövlətçilik qabiliyyətinə malik ulu öndər Heydər Əliyevin məhz belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Beləliklə, 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı.
Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ağır vəziyyətdə olan ölkənin problemlərinin həlli istiqamətində konkret addımlar atılmağa başlandı. 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas edildi. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi, cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. ölkədə əmin-amanlıq, sabitlik yarandı, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, aqrar sahədə islahatlara başlandı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.
Daxili siyasətin davamı kimi, xarici siyasətdə də mühüm nailiyyətlər əldə olundu. Beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri maliyyə şirkətləri Azərbaycana böyük miqdarda kreditlər verməyə, investisiya qoymağa başladılar. 1994-cü il sentyabrın 20-də Azərbaycanda yaranan sabitliyin və beynəlxalq aləmdə ölkəmizə artan inam və marağın məntiqi nəticəsi kimi dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan neft sazişi imzalandı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması isə böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu.
Bu gün müstəqil Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ümummilli Liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanıb.
Hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Azərbaycan diplomatiyası fəaliyyətini gücləndirərək BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox qətnamələr və qərarların qəbul edilməsinə nail olub.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur. Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramların icrası, eləcə də Azərbaycan Prezidentinin sosial təminatların, əməkhaqları və müavinətlərin artırılması ilə bağlı imzaladığı sərəncamlar məhz bu iqtisadi inkişafın təzahürüdür.
Keçid dövrünü başa vuran respublikamız bu gün artıq özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, ölkəmizin tranzit potensialını dəfələrlə artırmağa qabil olan “Cənub Qaz Dəhlizi”nin komponentlərindən olan TANAP və TAP boru kəmərlərinin tikintisinə başlanılması milli neft strategiyamızın uğurla reallaşdılmasının bariz nümunəsidir. Dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlarda, təsdiq etdiyi Dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiqlənməsində məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir.
Regionun lider dövləti Azərbaycanın qarşısında duran yeganə həll edilməmiş məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir ki, şübhəsiz o da respublikamızın gündən-günə artan iqtisadi-hərbi gücü, beynəlxalq nüfuzu sayəsində tezliklə həll olunacaqdır. Sentyabrın 26-da Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərin ümumxalq səsverməsinə çıxarılaraq yüksək siyasi fəallıq və mütəşəkkilliklə qəbul edilməsi əsl demokratik inkişaf nümunəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi daxili və xarici siyasətə, uğurla reallaşdırılan demokratikləşmə strategiyasına yüksək dəstəyin əsl nümunəsi oldu. 26 sentyabr bir daha təsdiq etdi ki, Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir.
Qətiyyətlə demək olar ki, qlobal miqyaslı təlatümlərin tüğyan etdiyi zamanda bütün dinlərin, millətlərin və mədəniyyətlərin sülh və həmrəylik şəraitində yaşadığı Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik, davamlı və sabit inkişaf, tərəqqi yolu ilə işıqlı gələcəyə doğru qəti və inamlı addımlarla irəliləyir.
Zahid Rza
İki sahil.- 2016.- 18 oktyabr.- S.24.