Almanların Cənubi
Qafqaza köçürülmə səbəbləri
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev “Cənubi
Qafqaz regionunda alman məskənlərinin
salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il
tarixli Sərəncamında qeyd olunur ki, Azərbaycanda
yüzillər boyu bərqərar olmuş tolerantlıq
mühiti XIX əsrin əvvəllərində buraya
köçürüldükləri ilk vaxtlardan alman
mühacirlərinin yerli əhali ilə qısa müddətdə
dərin ünsiyyət qurması üçün əlverişli
zəmin yaradıb. Məskunlaşdıqları
və qaynayıb-qarışdıqları bu yerləri
İkinci Dünya müharibəsi dövründə tərk
etmək məcburiyyətində qalsalar da, onların özlərindən
sonra qoyub getdikləri tarixi-mədəni irsi Azərbaycan
xalqı multikultural təbiətinə sadiqlik nümayiş
etdirərək, lazımınca qoruyub saxlamışdır. Azərbaycanın
multikultural ənənələrə malik çoxəsrlik
tolerantlıq məkanı kimi təbliğində
böyük əhəmiyyəti nəzərə alınaraq,
Cənubi Qafqaz regionunda alman məskənlərinin
salınmasının 200-cü ildönümünün
layiqincə qeyd olunmasını təmin etmək məqsədi
ilə Mədəniyyət və Turizm, Xarici İşlər
nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyası ilə
birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin
salınmasının 200 illiyinə həsr olunan tədbirlərə
dair xüsusi proqramın hazırlanması nəzərdə
tutulur.
Almanların Cənubi Qafqaza köçürülməsi ilə bağlı bəzi məqamları oxucularla bölüşmək istəyirəm. XIX əsrin əvvəllərində Avropa və Cənubi Qafqaz ərazisi siyasi burulğanlar məngənəsində idi. 1804-1813-cü illərdə Rusiya ilə İran arasında gedən müharibə Qarabağın Gülüstan kəndində bağlanmış 12 oktyabr 1813-cü il tarixli sülh müqaviləsi ilə rusların xeyrinə başa çatdı. Müqavilənin şərtləri Bütöv Azərbaycanın iki hissəyə bölünməsinin başlanğıcı oldu. Araz çayından şimalda olan ərazilər, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Rusiya tərəfindən işğal olundu. 1806-1812-ci illəri əhatə edən Rusiya-Türkiyə müharibəsinin də sonucu bizim üçün ağır şərtlərlə nəticələndi. 16 may 1812-ci ildə bağlanmış Buxarest sülh müqaviləsinə görə, türklər Cənubi Qafqazın ruslar tərəfindən işğalını tanımağa məcbur oldular. Hələ qarşıda 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri baş verəcək, 10 fevral 1828-ci il tarixli Türkməncay sülh müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə keçəcək, Azərbaycan ərazisi iki hissəyə parçalanacaq, Türkiyə isə 1829-cu il Ədirnə sülhü ilə Cənubi Qafqazın Rusiya tərəfindən zəbt olunmasını məcburən təsdiqləyəcək. Bütöv Azərbaycanın 252 min kv. km ərazisinin 142 min kv. km-dən çoxu İran, 110 min kv. kilometri isə Rusiya tərəfdə qalacaq. Almanların Cənubi Qafqaza ilk gəlişləri məhz bu tarixi ədalətsizliklərin baş verdiyi dövrə təsadüf edir.
Bu zaman Rusiyanın Avropa ölkələri ilə münasibətləri də normal deyildi. Fransanın iqtisadi və hərbi cəhətdən qüdrətlənməsi, Napoleonun hakimiyyətə gəlişi və bir sıra Avropa ölkələrini işğal etdikdən sonra, 1812-ci ilin iyun ayında Rusiyaya hücumu vəziyyəti daha da gərginləşdirir. Həmin ilin dekabrında Napoleon ordusunun Rusiyadan qovulması, 1813-cü ildən başlayaraq rus qoşunlarının Avropaya daxil olması və burada başlayan milli-azadlıq hərəkatları dağılmış ərazilərin yenidən tar-mar olmasına səbəb olur. 1813-cü ildə Napoleon Fransasına qarşı müharibəyə Prussiya, İsveçrə, sonra Avstriya qoşulur. Həmin ilin payızında Leypsiq şəhəri yaxınlığında gedən döyüşdə müttəfiqlər Napoleon ordusuna güclü zərbə vururlar. Müttəfiq qoşunlar 1814-cü ilin martında Parisə daxil olduqdan sonra, ilin sonunda Vyanada sülh Konqresi çağırılır. Əsas məsələlərdən biri müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin sərhədlərini müəyyən etmək və s. olur.
Bununla müharibə bitmir. 1815-ci ilin iyul ayında Vaterloo döyüşündə müttəfiqlər Napoleon ordusuna son, həlledici zərbə vururlar. Vyana Konqresinin tələblərinə görə, Alman ittifaqı 34 müstəqil dövlətdən ibarət olur. Onların içərisində ən çətin vəziyyətdə qalan Almaniyanın cənub-qərbində yerləşən Vürttemberq vilayəti idi. Belə ki, XIII əsrdən qraflıq kimi tanınan bu ərazi 1805-ci ildə Napoleon ordusu tərəfindən işğal edilərək, Vürttemberq krallığına çevrilir. 1871-ci ildə krallıq Alman imperiyasının tərkibinə daxil olur. 1951-ci ildən həmin ərazi Almaniya Federativ Respublikasının tərkibində Baden-Vürttemberq vilayətinə çevrilir.
Baş vermiş hadisələrdən sonra Avropada iqtisadi, siyasi çətinliklər ucbatından Vürttemberq krallığında yaşayan almanların bir qrupunda Qafqaza köçmək arzusu yaranır. İlk köçkünlərdən olan Yohan Xristov Fohrerin dili ilə desək, onlar “elə bir yerə getmək istəyirdilər ki, oranın çaylarından süd və bal axsın”.
Almaniyada vəziyyətin ağırlığı ilə yanaşı, dini təriqətçilik meydana çıxırdı. İqtisadi tənəzzüllə razılaşmayan kasıb əhali dini hərəkatlara ümid bağlayırdı. Təriqətçi hərəkatlar aktivləşirdi. Onlar müqəddəs torpağa (Yerusəlim) daha yaxın olan Qafqaza köçmək istəyində idilər.
1816-cı ildə Rusiya imperatoru I Aleksandr Ştutqartdan keçərkən almanların bir qrupu ondan xahiş edirlər ki, onların Qafqazda yerləşməsinə icazə versin. Bununla da, Rusiya dövlətinin maraqları naminə, I Aleksandr bir qrup almanın Cənubi Qafqaz ərazisinə köçməsinə və orada məskunlaşmasına icazə verir.
Burada Rusiyanın maraqları nədən ibarət idi? İlk növbədə çar I Pyotrun dövründən (1701-1725) Rusiyaya xaricilərin, xüsusilə də almanların gəlişi davam edirdi. Onların arasında alim, müəllim, həkim, rəssam, memar, mühəndis və digər sənət sahibləri var idi. XVIII əsrin ikinci yarısında isə bu hərəkat daha da genişlənməyə başlayır.
Çar II Yekaterinanın (1762-1796) 22 iyul 1763-cü il tarixli “Manifest”i ilə alman koloniyalarına əlavə güzəştlər verilməklə, onların Rusiyaya köçürülməsi davam etdirilir. 1816-cı ildə Qafqaz ordusunun Ali Baş Komandanı, general-leytenant A.P.Yermolov müxtəlif təsərrüfat sahələrinin inkişafı üçün Zaqafqaziyanın əlverişli olmasını nəzərə alıb, Rusiyaya gələn almanların bir qrupunun buraya köçürülməsi ideyasını verir. Düzdür, almanların Rusiyaya kütləvi köçürülməsində məqsəd rus əhalisinin avropalaşdırılması, təsərrüfatın inkişaf etdirilməsi, bir sözlə, əhalinin mədəni səviyyəsinin yüksəldilməsi idisə, onları Cənubi Qafqaz ərazisinə köçürməkdə əsas məqsəd isə Türkiyə və İran arasında bufer dövlət yaratmaq, mümkün qədər türk-müsəlman olmayan əhalinin buralarda yerləşdirilməsindən ibarət idi.
1764-1842-ci illərdə almanların Rusiyaya köçürülməsi üç mərhələdə olmuşdu. Birinci mərhələ - 1764-1789, ikinci - 1796-1803, üçüncü-1804-1818-ci illərdə və müxtəlif vaxtlarda 1842-ci ilədək. İmmanuel Valkerin kitabından və arxiv materiallarından istifadə edən Rolf Bidlinqmayer (Düsseldorf) yazır ki, Rusiya imperatoru I Aleksandrın anası vürttemberqli Sofiya-Doroteya, arvadı badenli şahzadə Yelizaveta idi. Həmçinin I Aleksandrın bacısı Yekaterina Vürttemberq kralı Fridrix Vilhelmin arvadı idi. Bu qohumluq münasibətləri məsələnin müsbət həllinə şərait yaradırdı.
Almanların Cənubi Qafqaza ilk gəlişləri 1817-1818-ci illəri əhatə edir. Şvaykxaymdan-Vayblinqen əyalətindən 1816-cı ilin sentyabrında Fridrix Fuksun rəhbərliyi altında çıxan 40 alman ailəsi Dunay boyu İzmail-Akkermandan keçərək dekabrın 31-də Odessaya çatır. 1817-ci ilin yazında 181 nəfərdən ibarət 31 ailə Xerson-Taqanroq-Stavropol-Mozdokdan keçməklə, sentyabrın 21-də Tiflis yaxınlığında, Sarti-Çala kəndində Cənubi Qafqazda Marienfeld adlı ilk alman yaşayış məskənini qururlar. Bəzi mənbələrdə ailələrin sayının 40 olduğu göstərilir. Elə həmin vaxt almanların gəlişi münasibətilə general-mayor İsmayıl Xan Şəkinski onlara 30 inək, 27 buzov və 200 quzu bağışlayır.
1817-ci il fevralın 1-də Vürttemberqdən gəlmək istəyən ikinci qrup almanlar artıq köçmək üçün hazır vəziyyətdə Ştutqartdakı Rusiya diplomatik missiyasının icazəsini gözləyirdilər. Rusiyaya gəlməyə təqribən 7 min nəfərdən ibarət 1400 ailə toplanır. Onlar hər birinin öz başçısı olan 14 dəstəyə bölünürlər. Dəstələrin hamısına Yohan Georq Frik, 6-cı dəstəyə isə Yohan Xrestofor Bidlinqmayer rəhbərlik edirdi. 10 may 1817-ci ildə rus diplomatik nümayəndəliyi xəbər verir ki, imperator I Aleksandrın əmri ilə qeydiyyatdan keçmiş adamlara Rusiyaya giriş üçün pasportlar veriləcək. Rusiyaya yol yenə də açılmış olur.
Gəlmək dəhşətli idi. Yaşlılar və uşaqlar, körpələr və xəstələr bir yerə toplanmışdı. İnsanlar xəstələnir, sifətləri şişirdi. Dərman yox idi. Hər şeyi spirt ilə müalicə edirdilər. Kütləvi xəstəliklərdən Dunay çayının sahillərində ilk qəbir təpəcikləri meydana gəlir. Hər növbəti gələnlərdən sonra yeni qəbirlər yaranırdı. Ölənlərin içərisində dəstə rəhbərləri və onların ailə üzvləri də var idi. 15 noyabr 1817-ci ildə Yohan Georq Frik Moskvaya almanların faciəvi vəziyyəti barədə məruzə etmək üçün 2 nəfər elçi göndərir. Məqsəd isə Cənubi Qafqaza yollarını davam etdirmək üçün mümkün qədər tez icazə verilməsi xahişi idi.
20 fevral 1818-ci ildə imperator I Aleksandr 500 ailəyə Cənubi Qafqaza yollarını davam etdirmələri üçün icazə verir və yol boyu daimi yaşayış yerinə qədər bütün ehtiyacların ödənilməsi xərclərini general-leytenant Aleksandr Petroviç Yermolova tapşırır. 500 ailə 50 ailədən ibarət 10 dəstəyə bölünür. Hər bir ailəyə at və araba alması üçün 500 rubl verilir. Yol boyu hər bir ailə üzvünə gündəlik 40 qəpik qida üçün, 2 rubl da hər at yemi üçün ödənirdi. Bundan əlavə, hər dəstəyə balaca dava-dərman qutusu da verilir.
Dəstələr 2-3 gün ara ilə gedirdilər. Odessadan Mozdokadək 60 gündən artıq davam edən ağır yol 200-dən artıq adamın ölümü, təxminən 300 nəfərin isə xəstələnməsi ilə başa çatır. Həlak olanların ümumi sayı 1000 nəfərdən artıq idi. 500 ailə - təxminən 2000 nəfərdən ibarət qrup 1818-ci ilin noyabrında Tiflisə çatır. Qalan ailələr isə Odessa yaxınlığında qalmışdılar. 1818-ci ilin sonuna yaxın, il yarıma 4000 km yolu geridə qoyan köçkünlərin ikinci partiyası arzularına çatırlar. Ancaq nə bahasına! Onlar kasıb, ac və paltarsız idilər. Qarşıdan isə qış gəlirdi...
1818-ci ilin noyabr və dekabrında dəstələr onlar üçün nəzərdə tutulmuş ərazilərdə yerləşirlər. Tiflisdən 5-200 kilometr məsafədə 7 yaşayış məskəni yaranır. Ən uzaqda Annenfelddə 84 (Şəmkirdə - şəhər Niderland Krallığının Böyük Knyaginyası Anna Pavlovnanın şərəfinə adlandırılıb), Helenendorfda 118 (Göygöl - şəhər Meklenburq Hersoqluğunun Böyük Knyaginyası Yelena Pavlovnanın şərəfinə adlandırılıb) ailə Tiflisdən cənub-şərqdə-Azərbaycan ərazisində idi. Gürcüstan ərazisində olan 5 alman yaşayış məskənində - Yeni Tiflisdə (Neu-Tiflis) - 60 sənətkar ailəsi, Aleksandersdorfda - 26 ailə, Pettersdorfda - 12 ailə, Yelisavettalda - 65 ailə və Yekaterinenfelddə - 135 ailə məskunlaşır. Burada onların Vürttemberqdən Qafqaza uzun və yorucu yolçuluğu başa çatır.
General-mayor Yermolovun qeydinə görə, Yelizavetpol (indiki Gəncə) qəzasında yaxşı dövlət torpaqları olduğunu nəzərə alaraq, 1818-ci ildə almanların altıncı, yeddinci dəstələri Azərbaycan ərazisinə gələrək Annenfeld (Şəmkir), Qotlib Kox, Yakob Kraus və Yohan Vuhrerin rəhbərlik etdiyi səkkizinci, doqquzuncu, onuncu dəstələr isə Helenendorf (Göygöl) koloniyalarını təşkil edirlər. Helenendorf şəhərinin əsası isə 1819-cu ilin aprel ayında dağılmış Xanıklar kəndinin ərazisində salınır (qeyd edək ki, “Xanık” və ya “Qanık” oğuz türklərinin 24 tayfasından birinin adıdır. 905-1010-cu illərdə yaşamış Səlcuq Xaqan “Xanık” tayfasının başcısı olub. Rayonda Qanıx adlı çay da var).
Almanların sayı haqqında mənbələrdə bir-birindən bir qədər fərqli məlumatlar verilir. Məsələn, Y.M.Aux yazır: “1818-ci ildə Yeni Tiflisdə 49 ailə - 200 nəfər, Aleksandersdorfda 23 ailə - 99 nəfər, Yelisavettalda 65 ailə - 307 nəfər, Pettersdorfda 17 ailə - 81 nəfər, Yekaterinenfelddə 102 ailə - 350 nəfər, Annenfelddə 73 ailə - 237 nəfər, Helenendorfda 120 ailə - 501 nəfər məskunlaşdı. Hamısı birlikdə 1923 nəfərdən - 480 ailədən ibarət olmuşdu”. Bu haqda tədqiqatçı N.A.İbrahimov isə qeyd edir ki, “1818-ci ilin sonunda 488 alman ailəsi Cənubi Qafqaz sərhədlərinə çatdı”. Almanlar bu gəlişləri ilə 122 il Azərbaycanda məskunlaşaraq, yerli əhali ilə qaynayıb, qarışdılar.
Abbas Seyidov,
Az.DİU-nun professoru,
tarix elmləri
doktoru
İki sahil.- 2016.- 18 oktyabr.- S.26.