Avropa Azərbaycan qazı üçün
mühüm bazara çevrilir
TANAP, TAP-la
bağlı ümidverici təklifləri dəstəkləyənlər
birmənalı olaraq “Cənub Qaz Dəhlizi”ni XXI əsrin
tarixi hadisəsi adlandırırlar. Çünki “Cənub Qaz
Dəhlizi” qitə dövlətlərini qazla təchiz etməklə
qlobal enerji təhlükəsizliyinin təmin olunmasına
önəmli töhfədir və Avropanı Azərbaycan
qazı üçün mühüm bazara çevirəcək.
Dünya enerji bazarında zəngin potensialını təsdiqləyən, “Şahdəniz-2”-dən hasil olunacaq təbii qazın Avropaya çatdırılması üçün şaxələndirilmə prinsipi üzrə alternativ layihələrə üstünlük verən Azərbaycan yeni boru kəmərlərinin çəkilişi ilə enerji bazarında möhkəmlənən mövqeyini rəsmən təsdiqlədi. “Cənub Qaz Dəhlizi” nəzəri deyil, reallaşmaq üzrə olan layihədir. Qafqazdan Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək 2000 kilometrlik məsafəni qət edəcək və Xəzər dənizini Avropanın mərkəzi ilə birləşdirəcək bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji əhəmiyyətli tarixi hadisəsi, xalqlar arasındakı əməkdaşlığı eyni məqsəd naminə birləşdirəcək dostluq körpüsüdür. Beynəlxalq tədbirlərdə Azərbaycanın enerji layihələrinin regionda qarşılıqlı əməkdaşlıq üçün yaratdığı sabitliyi yüksək dəyərləndirən Prezident İlham Əliyev kimi tərəfdaşların təmsilçiləri də bu əlaqələri, görülən işləri iştirakçı və tranzit ölkələrin enerji təhlükəsizliyi üçün birgə səyinin nəticəsi kimi dəyərləndirirlər.
2012-ci ildə Türkiyə və Azərbaycanın təşəbbüsü nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılığın əldə olunması, TANAP layihəsinin həyata keçirilməsi daha aktual və əhəmiyyətlidir. Məhz TANAP layihəsinin razılaşdırılmasından sonra “Cənub Qaz Dəhlizi”, Trans-Adriatik kəməri ilə bağlı nikbin təkliflər səsləndirildi.
Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması, dünya dövlətlərinin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin həmişə diqqətdə saxlanılması ilə bağlı müzakirələrdə bu fikir dəfələrlə səsləndirilir ki, Avropa bazarı Azərbaycan qazı üçün mühüm, ən əlverişli mənbədir, eyni zamanda “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir.
Gərgin müzakirələrdən sonra həlli istiqamətində önəmli addımlar atılan və artıq inşasına başlanılan “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı da Azərbaycandır. Bu layihənin reallaşmasından Azərbaycan, region dövlətləri və Avropa ölkələri böyük fayda görəcəklər. TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən önəmlisi bundan sonra da dövlətimizin iqtisadi və maliyyə məsələlərinin həlli üçün mühüm amil olaraq qalacaq.
Bu gün bölgədə, Avropada müşahidə olunan hadisələr və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü risklərdən kənar hiss edə, əməkdaşlıq olmadan tam müstəqil siyasət apara bilməz.
Prezident İlham Əliyev Türkiyədə keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında enerji layihələrində ölkəmizlə birgə iştirak edən Türkiyə və Gürcüstanın rolunu yüksək qiymətləndirmişdir. “Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır” sözləri ilə iki qardaş ölkənin birgə səyləri ilə reallaşan TANAP kimi mühüm kəmərin qitə dövlətləri üçün daha böyük önəm daşıdığını da diqqətə çatdırmışdır.
“Azərbaycanda təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Dünyanın ən böyük qaz yataqlarından biri - “Şahdəniz” Azərbaycanda yerləşir. Bütün bunları nəzərə alaraq mütləq böyük qaz xətti çəkilməli idi və müxtəlif şirkətlər, müxtəlif ölkələr bu istiqamətdə öz səylərini göstərirdilər. Ancaq bu səylərin heç bir nəticəsi olmamışdır” söyləyən dövlətimizin başçısı bu sahədə də Türkiyə ilə əməkdaşlığın səmərəsi kimi Bakı-Tbilisi-Ərzurum, TANAP-ın çəkilişini tarixi, kökləri, adət-ənənəsi bir olan iki qardaş dövlətin siyasi iradəsinin nəticəsi adlandırır. Türkiyə ilə Azərbaycan bu istiqamətdə də öz liderliyini göstərdi və 2012-ci ildə İstanbulda hər iki ölkənin səyi ilə TANAP anlaşması imzalandı.
Dünya miqyasında ən böyük enerji layihələrindən olmaqla sərmayə tutumu 45 milyard dolları təşkil edən “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi kimi sonrakı layihələrə də təkan verən TANAP layihəsinin meydana çıxmasını əbəs yerə tarixi, əlamətdar hadisə adlandırmırlar. Dörd layihədən ibarət olan “Cənub Qaz Dəhlizi”nə Türkiyədə keçirilən Dünya Enerji Konqresində artan maraq da təbiidir. Bu layihənin önəmini “Birincisi, TANAP-dır ki, bizim qazı Gürcüstan-Türkiyə-Yunanıstan sərhədinə çatdırır. Digəri Cənubi Qafqaz qaz kəməridir ki, Azərbaycan qazını Türkiyə sərhədinə gətirir. Üçüncüsü, Trans-Adriatik kəməridir və nəhayət dördüncüsü, “Şahdəniz” qaz yatağının ikinci fazasının işlənməsidir” sözləri ilə təhlil edən Prezident İlham Əliyev bir daha qardaş ölkə ilə əməkdaşlığı yüksək dəyərləndirərək vurğuladı ki, Azərbaycan və Türkiyə bu layihənin icrasında liderliklərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir. “Cənub Qaz Dəhlizi”nin icrasında hələlik 7 ölkə iştirak etsə də, gələcəkdə maraqlı dövlətlərin layihəyə qoşulması istisna deyil.
Qlobal enerji layihələrinə marağın artması həmin ölkələrin iqtisadi imkanlarının genişlənməsi, risklərdən qorunması və milli təhlükəsizliyinin təminatı üçün də başlıca şərtlərdəndir.
Azərbaycanın iqtisadi göstəricilərinin artmasında da neft amilinin rolu danılmazdır. Düzdür, qarşıdakı illər üçün nəzərdə tutulan inkişaf konsepsiyasında neftdən asılılığın minimuma endirilməsi, enerjidən əldə olunan gəlirlərin qeyri-neft sənayesinin inkişafına yönəldilməsi siyasətimizin əsas amillərindəndir. “Bu gün isə biz neftdən və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sektorlarına yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir” sözləri ilə özəl bölmənin inkişafının prioritet kimi qarşıya qoyulduğunu bildirən dövlətimizin başçısı onu da vurğulayır ki, enerji təhlükəsizliyi sahəsində zəngin potensiala malik tranzit, istehlakçı ölkələr bir komanda kimi fəaliyyət göstərməli, bu əməkdaşlıqdan siyasi məqsədlər üçün istifadə olunmamalı, əsassız rəqabətə yol verilməməlidir. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında əməkdaşlığı gücləndirməklə dünyada sabitliyin təminatına önəm verilməli, xalqların milli, dövlətçilik maraqlarına hörmətlə yanaşılmalı, xarici investiyaların ayrılması bir məqsədə yönəldilməlidir: dünya iqtisadiyyatının etibarlı tərəfdaşı olmaq, dövlətlərarası münasibətləri sağlam rəqabət ruhunda möhkəmləndirmək.
Təcrübədən də aydın olur ki, məhz qarşılıqlı yatırılan sərmayələrin düzgün istiqamətə yönəldilməsi ilə ölkələrin iqtisadiyyatının kəmiyyət və keyfiyyətcə yenilənməsi mümkündur. Prezident İlham Əliyevin “Müstəqilliyimizin ilk illərində xarici yatırımdan asılı idik. Bu gün biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik, o cümlədən qardaş Türkiyəyə bizim yatırdığımız və yatıracağımız sərmayə 20 milyard dollara bərabərdir. Bu, bizim iqtisadiyyatımızı, Türkiyə iqtisadiyyatını gücləndirir. Bu, bizim birliyimizi gücləndirir” sözləri bu reallığı təsdiqləyir.
Təsdiqlənmiş və beynəlxalq səviyyədə etiraf olunan həqiqət budur ki, dünyanı düşündürən və həyati önəm daşıyan enerji təhlükəsizliyi məsələlərinin müzakirəsində Türkiyə ilə Azərbaycanın birgə səylərini nəzərə almamaq mümkün deyil. Çünki təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu bu iki qardaş dövlətin təşəbbüsləri ilə həllini tapır. Prezident İlham Əliyev “Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq. Bu gün biz çox sevinirik ki, Türkiyə uğurla, inamla irəliyə gedir. Türkiyə “Böyük 20-lər”in üzvüdür. Türkiyə-Azərbaycan əlaqələrini bir faktla əsaslandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, “Böyük 20-lər”in keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi” söyləməklə Türkiyə-Azərbaycan dostluğunun təkcə enerji sahəsində əməkdaşlıqla kifayətlənmədiyini diqqətə çatdırır. Dünya siyasətinə təsir imkanları artan bu dostluğun sarsılmazlığı və əbədiliyi indi daha geniş mənada təsdiqini tapır və gələcəkdə daha möhkəm və qətiyyətli olacaq.
Xuraman
İsmayılqızı
İki sahil.- 2016.- 20 oktyabr.- S.15.