Yenilməzliyin daşlaşmış
salnaməsinə çevrilən
Əlincə qalası
Naxçıvan
öz tarixi, mədəni abidələri ilə Bakıdan bu qədim
diyara səfər edən digər media nümayəndələri
kimi məni də heyran qoymuşdu. Sanki, bu gözəl şəhərə
ekskursiya ilə keçmişə qayıdıb yaşı əsrə
bərabər olan tarixi vərəqləmək,
gözümüzün qarşısında kino lenti kimi
canlandırmaq imkanı qazanmışdıq.
Naxçıvanı
qarış-qarış gəzdikcə, bu qədim diyarın
hər yerindən bir tarix boylandığının, bu şəhərin
böyük turizm potensialının olduğunun bir daha dərk
edirsən.
Naxçıvanın zəngin tarixi mədəni irsini gördükcə qaldığımız “Təbriz” mehmanxanasının niyə bu qədər qonaq-qaralı olduğunu da anlayırsan. Səbəb bəllidir... Əcnəbi qonaqları bu şəhərə cəlb edən əsas məqam da elə Naxçıvanın qədim torpaq olması, tarixi və mədəni abidələrlə zənginliyidir. Bir sözlə, Naxçıvan, elə öz-özlüyündə böyük bir turizm marşurutudur. Bu qədim diyarın turizm marşurutu ilə sanki insan, müasirlikdən keçmişə “zaman maşını” ilə səyahət edir. Naxçıvan səfərimizdə bu dəfə əyləşdiyimiz “zaman maşını” isə bizi lap uzaq keçmişə, Azərbaycan Atabəyləri - Eldənizlərin hakimiyyəti dövrünə aparır. Yolumuz bu dəfə Teymurləngin amansız həmlələrinə 14 il sinə gərən, hər qarışında tarix yaşayan Əlincə qalasınadır.
Sıldırım qayanın başında qərarlaşaraq Teymurləngin cəllad oğlu Miranşaha əyilməyən, öz qala divarlarını savaş, əyilməzlik yolunda qanla suvayan Əlincə qalasına... İndi burada nə zalım Miranşah var, nə də onun atlarının ayaq izləri... Tarixdə qalan isə əyilməz, mərdlik, şücaət rəmzi olan Əlincə qalasıdır. İndi bu qala nəinki naxçıvanlıların, bütövlükdə Azərbaycan xalqının mübarizə əzminin daşlaşmış salnaməsidir... Sıldırım qayanın başındakı Əlincə qalasına qalxdıqca, Səmərqənddən Bağdada qədər dünyanın az qala yarısını tutmuş bir fatehin 14 il ərzində Əlincə qalanı niyə ala bilmədiyini bir daha anlayırsan...Səbəb təkçə bu qalanın yerləşdiyi coğrafi relyef yox, həm də, bir xalqın yadellilərə qarşı tarix boyu dəyişməyən qətiyyəti, mübarizlyiidir... Bu əyilməz qalaya qalxdıqca həm də onu anlayırsan ki, Əlincənin zirvəsinə qalxmaq, sadəcə, dəniz səviyyəsindən, təqribən, 1500 metr yüksəklikdə dayanmaq deyil. Əlincə zirvəsi, həm də 14 il ərzində yadelli orduların burada vuruşanların mübarizliyinə, dönməzliyinə, iradəsinə, dözümlüyünə, əyilməzliyinə həsəd apardığı bir zirvədir.
Bu zirvəyə doğru addımladıqca, Əlincəqala Tarix Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev bizə qalanın tarixi, burda aparılan restavrasiya işləri barədə məlumat verir. Beləcə, qalaya gedən hər pillənin hekayəsinə qulaq asaraq Əlincənin zirvəsinə çatırıq.
K. Gülmalıyev deyir ki, Əlincəqala Tarix Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 11 fevral 2014 cü il tarixli sərəncamı əsasında yaradılıb. KOnun sözlərinə görə, Əlincə qalasında 2014 cü il may ayından etibarən bərpa işlərinə başlanılıb. Əlincə qalasında təmir-bərpa, restavrasiya işləri aparılsa da, qalanın tarixi, qədimiliyi qorunaraq saxlanılıb. O bildirir ki, qalada restavrasiya işləri aparılarkən, Əlincə qalanın vaxtıilə dağılmış qala hasarlarından tökülmüş daşlardan istifadə olunub. Əlincə qalaya qalxdıqca insanı diqqətini cəlb edən məqam pilləkənlərdə də tarixin yaşamasıdır. Kamal Gülmalıyevin sözlərinə görə, qalanın pilləkənləri "Dizə daşı"ndan hazırlanıb. Restavrasiya işlərində isə əhəng məhlulu və dağ daşından istifadə olunub.
Qeyd edək ki, turistləri, gələn qonaqları Əlincə qalasının zirvəsinə aparan yol, 1301 pilləkəndən ibarətdir. Naxçıvan şəhərindən Əlincə Qalasına getmək üçün 25 km avtomobillə, təxminən 2 km-də piyada yol getmək lazım gəlir. Qalaya qonaqları aparan pilləkanlar dik yoxuşda qərarlaşdığından, Əlincə qalasına çatmaq üçün yolda bir neçə dəfə ayaq saxlayıb nəfəs dərməmək mümkün deyil. Qalada aparılan qazıntılar zamanı tapılan nə tikili varsa görünüşü saxlanılmaqla bərpa edilməsi, bu zaman təndirlərin, ərzaq saxlanılan küplərin, insanların və atların saxlanılması üçün daldalanacaqların olduğu kimi saxlanılması da qalanın tarixiliyinə əlavə rəng qatır. K. Gülmalıyev deyir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinn “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarixi abidələr qeydə alınıb pasportlaşdırılarkən “Əlincəqala” haqqında da məlumatlar toplanmış və bu abidə, 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında" sərəncamı tarixi abidələrimizə göstərilən qayğının bariz nümunəsidir. “Əlincəqala” tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunubdur. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. Bərpa işləri zamanı qalanın zirvəsinə doğru yol çəkilmiş, qala ərazisində, eləcə də yol boyunca işıqlandırma sistemləri quraşdırılıb, oturacaqlar qoyulub və ətrafda yaşıllıqlar salınıbdır.
Burada restavrasiya işləri aparılsa da, qala özündə tarix yaşadır. Məlumat üçün deyək ki, bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilibdir.
Bəli, mübarizlik rəmzi olan Əlincənin tarixi çox qədimdir. Qədim mənbələrdə bu qalanın 2 mindən çox yaşı olduğu göstərilir. Orta əsr yazılı qaynaqlarda “Alıncik”, “Alınca” kimi qeyd olunan Əlincənin adını tədqiqatçılar qədim türk dilində “düzənlik” mənasında işlədilən “alan” sözü ilə bağlayırlar. Xalq etimologiyasına görə qalanın adı “Əlincik” yəni “Əlini çək” kimi yozulur. Bu da onun alınmazlığı və məğlubedilməzliyi ilə bağlıdır. Məlumatlara görə, Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan Atabəylər dövlətinin baş xəzinəsi də məhz Əlincəqalada saxlanmışdır. Tarixçilərin verdiyi məlumata görə Azərbaycan Atabəyləri - Eldənizlərin hakimiyyəti dövründə Əlincənin əhəmiyyəti xüsusilə artmış, hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilibdir. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincədə yerləşirdi.1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnının Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı Özbək 1210-1225 bu qalaya sığınaraq və burada döyüşlərin birində həlak olubdur. Bu mərdlik qalası XIV əsrin 80-90-cı illərində Əmir Teymura qarşı mübarizəsinin əsas istinadgahına çevrilərək 14 il mərdliklə müdafiə olunubdur. Teymurun gəlişini eşidən Cəlairi Sultanı Əhməd (1382-1410) xəzinəni, ailəsini, oğlunu, yaxın adamlarını Əlincədə yerləşdirib Bağdada çəkilir. Qalanın müdafiəsi 300 əsgərlə Əmir Altuna həvalə edilir.
Teymur 1386-1401-ci illərdə qalaya 4 dəfə yürüş edibdir. İlk yürüş dövründə (1386) qala ətrafında şiddətli vuruşma getmiş,aşağı səngərləri tutulub, müdafiəçiləri daha yaxın səngərlərə çəkilmiş, mühasirəyə alınıbdır. Teymurun oğlu Miranşah tərəfindən mühasirədə saxlanılan Əlincədə su ehtiyatı tükəndiyindən müdafiəçilər təslim olmaq məcburiyyətində qalıblar.Lakin müdafiəçilər qaladan çıxmayıb, güclü yağış yağmış, su qıtlığı aradan götürüldüyü üçün qala təslim olunmamışdı. 1393-cü ildə Teymurun 40 minlik qoşunu Əlincəyə hücum edir. Bu zaman müdafiəçilərin bir dəstəsi təsadüfən, Altunun başçılığı ilə qaladan çıxıb. Onlar geri döndükdə qala qapılarının Teymurun qoşunları tərəfindən tutulduğunu görüb onlara hücum edirlər. Düzgün strateji mövqe Altun və cəngavərləri teymurilərə böyük tələfat verir. Bu döyüşdə Əmir Teymurun on minlik qoşun sərkərdəsinin 2-si öldürülür və müdafiəçilər qalaya daxil ola bilirlər.
1397-ci ildə Şəki və gürcü qoşun birləşmələri Əlincəyə hücum edir və teymuri sərkərdəsi Sultan Səncəri məğlubiyyətə uğradaraq Sultan Tahiri mühasirədən çıxarıb Bağdada göndərir. Bu xəbər dünyanın ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan Əmir Teymuru hiddətləndirir. O, 1399-cu ildə Əlincəyə 5-6 əmirin başçılığı ilə qoşun hissələri göndərir. Qala öz daxilində yaranmış münaqişə nəticəsində başsız qaldığından təslim olur. Qalanın kutvalı (rəisi) Əhməd Oğulsayi tutularaq (1401) Teymurun yanına aparılır və öldürülür. Qalanın belə dözümlülüyünün səbəbini aydınlaşdırmaq üçün Teymur şəxsən Əlincəyə qalxır, qalanı seyr edir və onun möhtəşəmliyinə heyran qalır.
Elə biz də qalaya çıxdıqca, onun tarixini öyrəndikcə heyranlığımızı gizlədə bilmirdik. Qeyd edim ki, Naxçıvanın abidələri, xüsusilə Əlincə qala bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Həqiqətən bu qalanın dünya mədəniyyət tarixində xüsusi yeri və əhəmiyyəti var. Əlincə demək olar ki, Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Culfa rayonunun Xanəgah və Əlincə kəndlərinin əhatəsindəki eyniadlı dağın başında yerləşən qala elə kənardan turistlərə gəl-gəl deyir.
Onu da qeyd edim ki, bu qaladan Şeyx Fəzlullah Nəiminin uyuduğu türbə də görsənir. Qalanın işğal qurbanlarından olan Nəimi Teymurilərin istilasının güdazına gedən görkəmli şəxsiyyətlərimizdəndir. Buradan Nəiminin türbəsinə baxarkən adamın içindən bu qala divarları arasında zalım Miranşahı tapıb sorğu-sual etmək, bu söz xiridarına qıymaqla əlinə nə keçdiyini soruşmaq keçir. Təbii ki, indi burda nə Miranşahdan, nə də onun canına qıydığı qala mühafizəçilərdən bir nişanə. Tarixdə qalan bircə bu qaladır ki, o da gənc nəslin yaddaşında yadelli işğalçılara qarşı müqavimət mərkəzinin simvolu sayılır. Naxçıvana səfərimizdə bir daha əmin oldum ki, Naxçıvanın az qala hər qarışı, hər daşı özündə tarix yaşadır.
Ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi: “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir”.
Zülfiyyə
QULUYEVA
Bakı-Naxçıvan-Bakı
İki sahil.- 2016.- 21 oktyabr.- S.16.