Kərim Tahirov:

Kitaba maraq həmişə olacaq

 

Son illər Azərbaycanda kitaba marağın azaldığı tez-tez təkrar olunur.Bunun əsas səbəbi kimi internetin geniş yayılması, elektron kitabları əldə etməyin daha asan olması göstərilir. Buna baxmayaraq kitab oxumaq vərdişindən əl çəkməyənlər də əlbəttə ki, az deyil. Amma deyəsən kitab oxumayanların çoxluq təşkil etməsindəndir ki, ölkədə kitabxanaların və kitab mağazalarının sayı da kəskin şəkildə azalıb. Məsələn, əvvəllər ən ucqar kənddə belə kitabxana və ya kitab mağazası var idi. İndi onlardan əsər-əlamət qalmayıb. Yeganə bir yer var ki, əvvəllər olduğu kimi, bu gün də o məkana maraq var. Söhbət M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından gedir. Müsahibimiz Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovdur.

 

- Kərim müəllim, bu gün Milli Kitabxanaya maraq hələ də var. Hazırda kitabxanada vəziyyət necədir?

- Ömrünü kitabxana işinə həsr edən bir adam kimi deyə bilərəm ki, bu gün kitaba maraq azalmayıb. Sadəcə internetin yeni xidmətlər təklif etməsi, o cümlədən müxtəlif kitab saytlarının, elektron kitabların külli miqdarda olması təbii ki, ənənəvi kitaba marağın azalması ilə nəticələnib. Amma bu, o demək deyil ki, kitab oxunulmur. Əgər bu gün Milli Kitabxanının elektron kitabxanasından istifadə edənlərin sayı 1800-2000 nəfərdən artıqdırsa, bu, o deməkdir ki, nəticə yüksəkdir. Gənclərin internetə, elektron kitaba maraqları daha çoxdur. Məncə, önəmli olan gəncin onu kitabdan, saytdan, yaxud elektron variantından oxumasıdır. Təki gənclərimiz oxusunlar. Bir şeyi də qeyd etmək lazımdır ki, kitaba marağı olan gənclər iki yerə bölünürlər. Birincisi, tədris məqsədilə kitab oxuyanlar, digəri isə ancaq bədii ədəbiyyat oxuyan gənclər. Mənəvi zövq almaq üçün kitab oxuyan gənclər kitabı öz evində, iş yerində, divanda əyləşərək oxumaq istəyirlər.

- Hazırda Milli Kitabxanın qədər üzvü var?

-Bu gün kitabxanada kitab oxuyanların sayı 93 mini keçib. Bu, az rəqəm deyil. Bədii kitab oxuyanlar bunun üçün kitabxanaya gəlmirlər. Onlar kitabı kitab mağazasından, saytlardan, elektron variantlardan oxuyurlar. Kitabxanaya gələnlər universitet tələbələri, elmi iş müdafiə edənlər və sair insanlardır. Mən desəm ki, bu gün insanlar bədii kitab oxumaq üçün növbəyə dururlar, bu, düzgün məlumat olmaz.

- Bəs gənclərin ənənəvi kitaba qayıdışını təmin edən amillər hansılardır?

-Birincisi, şərait olmalıdır. Oxucunun rahat şəkildə kitabxanada oturması üçün şəraitin yüksək səviyyədə olması vacibdir. İkincisi, həmin kitabxanada yeni informasiya resursları olmalıdır. Gənclər bu günün tələblərinə uyğun olan və son illərdə nəşr olunan kitabları oxumaq istəyirlər. Onlar 60-70-ci illərdə nəşr olunan kitablara çox da maraq göstərmirlər. Bu gün insanların daha çox Milli Kitabxanaya gəlməsinin səbəbi kifayət qədər yeni informasiya resurslarının kitabxanamızda toplanmasıdır. Yeni jurnal, qəzet, yeni çap olunan kitabların kitabxanamıza mütəmadi olaraq gəlməsi gəncləri kitabxanaya dəvət edən amillərdir. Milli Kitabxanada oxucular üçün yaxşı şərait yaradılıb. Əgər 5-6 il əvvəl kitabxanaya üzv olmaq üçün müəyyən sənəd, şəkil tələb olunurdusa, bu gün gənclərin yalnız şəxsiyyət vəsiqəsi ilə kitabxanaya yaxınlaşması kifayətdir.  Yaxud, əvvəllər kitabxanada kataloqda kitabları sifariş verirdilər, axtarırdılar, tapanda sifariş vərəqinə verib onu gözləyirdilər. Amma indi elektron kataloqda müəllifin adını yazan kimi kitab çıxır. On dəqiqədən sonra kitab gəlir, gedib rahat oxuyursan. Bu avtomatlaşdırma, texnologiyanın tətbiqi oxucuların həm vaxtına qənaət edir, həm də gənclərin kitabxanaya cəlb edir.

- Kitabxanaya kitablar necə daxil olur? Eyni zamanda kitabxanaya öz kitablarını bağışlayan müəlliflərlərlə əməkdaşlığın səviyyəsindən razısınızmı?

- Çox yaralı yerimizə toxundunuz. Milli Kitabxana Azərbaycan Respublikasının kitab saxlayıcısıdır. Milli arxiv hesab olunur. Bu arxivdə Azərbaycan ərazisində çap olunan bütün kitablar olmalıdır. “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” qanunlar var. Bu qanunlarda qeyd olunur ki,  müvafiq olaraq kitab çap edən hər bir müəllif, hər bir poliqrafiya müəssisəsi o kitabdan 4 nüsxə çap edib Milli Kitabxanaya göndərməlidir. Təəssüflər olsun ki, bu gün o qanuna hamı riayət etmir. Qəzetiniz vasitəsilə kitablarını bağışlayan müəlliflərə təşəkkür etmək istəyirəm. Qanunla o kitablar gələcək nəsillərə çatdırılmaq üçün arxiv fondun olmalıdır. Çünki illər sonra gənc nəsil o kitabları ancaq bizim kitabxanada tapacaq, başqa yerdə yox.  Buna görə də biz bütün nəşriyyatlara, müəlliflərə demək istəyirik ki, onlar həqiqətən də tarixdə qalmaq istəyirlərsə müəllifi olduqları kitabları, jurnalları və s.kitabxanaya versinlər. Təsəvvür edin ki, kitabxanada olan ilk kitab 1575-ci ilə aiddir. Bu günə qədər saxlanılır. Deməli, bütün kitablar bundan sonra da saxlanılacaq. Möhtərəm Prezidentimiz dekabr ayında yeni İnzibati Xətalar Məcəlləsini təsdiq etdi. Orada kitabları Milli Kitabxanın arxiv fonduna verməyən nəşriyyatlar, redaksiyalar, müəlliflər üçün kifayət qədər ciddi sanksiyalar, cərimələr nəzərdə tutulub. Kitabxanaya verilməyən hər bir kitab üçün 700 manat cərimə tətbiq edilib.

- Milli Kitabxananın dünyanın başqa kitabxanaları ilə əlaqələri hası səviyyədədir?

- Bu gün Milli Kitabxana dünyanın 60-dan artıq milli kitabxanası ilə kitab mübadiləsi edir. 34 ölkənin milli kitabxanası ilə ikitərəfli əməkdaşlığa dair memrandomumuz var. Ümumiyyətlə, əməkdaşlığın spektrləri genişdir. Milli Kitabxananın əsas funksiyalarından biri də Azərbaycan reallıqlarını, ölkədə baş verən ictimai, siyasi, iqtisadi proseslərin, reallıqların dünya miqyasında təbliğ olunmasından ibarətdir. Bu təbliğat sözsüz ki, kitablar vasitəsilə həyata keçirilir. Həmin mövzularda olan kitabları dünyanın müxtəlif kitabxanalarına göndəririk. Eyni zamanda Milli Kitabxana xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgilərinda iştirak edir. Bu yaxınlarda Frankfurtda keçiriləcək kitab sərgisinə qatılacağıq. Orada Azərbaycan kitabını təbliğ edəcəyik. Daha sonra İstanbul, Moskva şəhərlərində keçiriləcək kitab sərgilərində iştirak edəcəyik. Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə hər il 10-12 kitab sərgisində oluruq.

- Frankurtda keçiriləcək sərgidə Azərbaycandan neçə kitab nümayiş olunacaq?

- Orada təxminən 50 kvadratmetrdən artıq ekspozisiyamız olacaq. 250-300 kitabın nümayiş olunması nəzərdə tutulur. Bu da ümumilikdə Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği deməkdir. Azərbaycan özü də iki ildən bir beynəlxalq kitab sərgisi keçirir. Artıq gələn il biz beşinci kitab sərgisini keçirəcəyik. Bu sərgidə dünyanın 30 ölkəsindən naşirlər, nəşriyyatlar öz kitablarını nümayiş etdirirlər. Eyni zamanda Azərbaycandakı kitablarla tanış olurlar. Bunlar gələcəkdə kitab mübadiləsinin genişlənməsinə kömək edən amillərdir Beynəlxalq sərgilərdən qalan kitabları sonda universitetlərin kitabxanalarına bağışlayırıq, səfirliklərə hədiyyə edirik, ayrı-ayrı təşkilatlatlara veririk ki, bu da kitabın təbliğidir.

- Ölkənin daxilindəki kitabxanalarla necə, kitab mübadiləsi edirsinizmi?

- Azərbaycan Milli Kitabxanası respublikanın bütün kitabxanaları üçün metodiki mərkəzdir. Regionlarda ümumilikdə 11 minə yaxın kitabxana var. Milli Kitabxananın ölkədaxili kitab mübadiləsi şöbəsi var ki, onun vasitəsilə respublikanın bütün kitabxanalarına yeni çap olunan nəşrləri göndəririk.  Eyni zamanda Milli Kitabxana özü də müxtəlif bibloqrafiyalar çap edir. Onları da biz regionların kitabxanalarına göndəririk. Bu yaxınlarda görkəmli Azərbaycan şairi Səməd Vurğunun 110 illiyi keçiriləcək. Şairin  650 səhifəlik biblioqrafiyasını hazırladıq, təqdimatını keçirdik. Eyni zamanda regionda olan kitabxanalara bütün kitabların elektron variantlarını da göndəririk.

- Kitabların elektronlaşdırılması prosesi yəqin ki, hələ də davam edir...

- Əlbəttə. Bəzən bu işə dərindən bələd olmayan insanlar deyirlər ki, sizin  fondunuzda bu qədər kitab var, niyə resursunuz 130 mindir. Bilirsiniz, burada müxtəlif amillər var. İlk növbədə müəllifin razılığı olmadan biz onun kitabını internetə qoya bilmərik. İkinci növbədə, 18-19-cu əsrlərdə çap olunmuş kitablar var ki, bunlar köhnə nəşrlərdir. Həmin kitablarda elə məlumatlar var ki, biz onu internetdə açıq nümayişə qoya bilmirik. Çünki  burada müəyyən məsələlər var ki, sonralar Azərbaycana qarşı istifadə edə bilərlər. Xüsusilə, Dağlıq Qarabağ kimi ciddi problemi olan bir ölkə belə nüanslara ehtiyatlı davranmalıdır. Müəyyən şeylər qapalı saxlanılmalıdır. Amma əksər ədəbiyyat nümunələri hamı üçün açıqdır.

-  Kitabxanaların gələcəyini necə görürsünüz? Sizcə, ənənəvi kitab vaxtsa tamamilə sıradan çıxa bilərmi?

- Çox maraqlı fikirdir, amma mən deməzdim ki, gələcəkdə ənənəvi kitaba ehtiyac olmayacaq. Ənənəvi kitab həmişə olub olacaqdır. İlk növbədə, arxiv funksiyası məcbur edir ki, kitab çap olunsun. Daha bir mühüm nüans var. Əvvəl kitab çap olunmalıdır ki, onun elektron variantı hazırlansın. Bəzən bizə diskdə kitab gətirirlər ki, bunu elektron kitabxanaya qoyun. Biz heç vaxt o kitabı qoymuruq. Çünki onu kitab hesab etmirik. Bəlkə elə həmin insan haradansa materialı götürüb özünün kitabı kimi qələmə verir. Əgər kitab özü yoxdursa, biz onun elektron versyasını yaratmırıq. Tarix boyu kitaba ehtiyac olub, hesab edirəm ki, bundan sonra da ənənəvi kitab həmişə olacaq.

 

Şəfiqə Dadaşova,

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2016.- 21 oktyabr.- S.19.