Naxçıvanın dünyaca məşhur

"Əshabi-Kəhf" ziyarətgahı

 

Naxçıvana gedəsən, bu qədim diyarda yerləşən məşhur ziyarətgahda, “Əshabi-Kəhf”də olmayasan... Bakıdan Naxçıvana səfərə gedən, ölkənin 20 aparıcı media orqanlarının rəhbərləri ilə yol alırıq insanların əsrlər boyu inanc yerinə çevrilən, adı ölkə hüdudlarından kənarda məşhur olan "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksinə...

Hələ kiçik yaşlarımdan bu ziyarətgah haqqında nənəmin söhbətlərindən eşitmişdim. Nənəm, bura niyyət edib gələnlərin öz arzusuna çatıb-çatmayacağına ziyarətdəcə işarət gəldiyindən, övlad arzusu ilə “damcıxana”da dayananların başına düşən bir damcıdan sonra neçə-neçə övlad arzusu ilə alışıb yanan gəlinlərin oğul-uşaq sahibi olduğundan danışardı... Elə o vaxtlardan içimdə “Əshabi-Kəhf-ziyarətgahı” na, bu məkanın Yaradanın mövüzəsi olmasına güclü inam yaranmışdı. O da yadımdadır ki, nənəm “Əshabi-Kəhf”i yeddi il ardı-ardına ziyarət etməyin, Kərbala, hətta Həcc ziyarətinə bərabər olduğunu söyləyərdi. Düz 29 il sonra isə “Əshabi-Kəhf”i ziyarət etmək mənə də nəsib oldu...

 

"Əshabi-Kəhf” ziyarətgahı" -Azərbaycanın

ən tanınmış dini turizm obyekti...

 

Ziyarətə bizi aparan yol abad olduğundan, "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksinə düşündüyümüzdən də tez yetişdik. Baxmayaraq ki, Naxçıvan şəhəri ilə bu ziyarəti 12 kilometr məsafə ayırırdı. İlandağ və Nəhəcir dağı arasındakı bu təbii mağara Culfa rayonunda Xəçəparaq adlı xaraba kəndin ərazisində yerləşir. Hazırda bura Bənəniyar kəndinin ərazisindədir. Qeyd edim ki, "Quran"da adı keçən bu müqəddəs məkanın yeri tam dəqiqləşməsə də, iddia edilən yerlərin sayı çox da deyil. Suriya, Türkiyə və Naxçıvanda olmaqla 3 yer üzərində dayanılır.

Bu ziyarətgaha xarici ölkələrdən gəlmiş ziyarətçilərin çoxluğu da deməyə əsas verir ki, diqqət əsasən Naxçıvan üzərində cəmləşir. Bu gün "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. “Əshabi-Kəhf” ziyarətinin dəqiq vaxtı yoxdur, bura ilin istənilən fəslində getmək olar. Burada olarkən onu da öyrəndik ki, bu ziyarətə gəlmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi barədə məlumat əldə edərkən öyrəndik ki, bu müqəddəs ocaq, ümummilli lideri Heydər Əliyevin 1998-cu ildə “Əshabi-Kəhf”n abadlaşdırılması və bərpa edilməsi barədə göstərişindən sonra yenidən qurularaq, burada məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıbdır. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" da fəaliyyət göstərir. Girişi güneydən başlanan mağara quzey istiqamətdə, dağin içərisinə doğru uzanıb gedir.

 

Rəvayətə görə, “Əshabi-Kəhf”...

 

Mağaranın müqəddəsliyi xalq arasında yayımiş və bir sira qaynaqlarda əksini tapmıış rəvayətlə bağlıdır. Rəvayətə görə, Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmü ərşə dayanmışdı. İnsanlar arasinda küfr hökm sürürdü. Buna dözə bilməyən vəzir Təmirxan tək Tanrıçılıq inancında olan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün dağlara sığınmaq və başlarına çarə qılmaq istəyi ilə şəhərdən qaçırlar. Yolda hökmdarın çobanına rast gəlirlər. Vəziyyəti öyrənən çoban da zülmdən cana gəldiyini və ümidini bir olan Allaha bağladığını bildirərək, onlara qoşulur. Bu vaxt çobanın iti də ardınca gəlir. İtin səs salıb onların yerini bildirəcəyindən qorxuya düşürlər. Çoban iti heç bir vasitə ilə qova bilmir, vurub ayağının birini sındırır. Bir azdan baxırlar ki, it yenə gəlir. Çoban onun ikinci ayağını sındırdıqda it insan kimi dil açıb zülmdən qaçdığını bildirir və ölür.

Çoban onu mağaranın girəcəyindən bir az aralı, hazırda ”Qitmir” adlanan yerdə basdırır və çomağını taxır üstünə. Bundan sonra qaçıb, yaxınlıqdakı mağaraya sığınırlar. Onları dərin yuxu aparır. Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər. O, pul verib çörək almaq istəyərkən yaxalanır. Ondan soruşurlar ki, bu pullar hardandır? Xəzinə tapmısan? O, isə inandırmağa çalışır ki, pullar kimsənin deyil, onları dünən şəhərdən çıxarkən özü ilə götürübdür. Onu başa salırlar ki, pullar üç yüz il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir.

Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri danışdıqdan sonra maraqlanan insanlar mağaraya doğru axışırlar. Vəzir yoldaşlarının bundan qorxuya düşəcəklərini söyləyərək onları xəbərdar etmək üçün qaçaraq mağaraya gəlir. Baş vermiş möcüzəni bildirir. Hər biri əl qaldırıb Alahdan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir, hər biri qayaya söykəndikləri kimi də yox olur. Mağaraya daxil olanlar mağarada onların izlərini tapırlar və o zamandan mağara ziyarətgaha çevrilir. Xalq arasında yayılan bu rəvayət müəyyən dəyişikliklərlə qaynaqlarda da öz əksini tapıbdır. Sonralar bu rəvayətə əlavə olunmuş bir rəvayət mağaranın müqəddəsliyini daha da artırır. Həmin rəvayətə görə, Əhli-Beytin atası həzrəti Əli oranı ziyarət edib, namaz qılır, onun atı Düldülün ayaq izi qayada qalır.

 

Müqəddəs ocaqda “Damcıxana”nın ziyarəti-

övlad həsrətində olanların ümid yeri...

 

Bu ziyarət həm də tarixi abidə kimi çox əhəmiyyətlidir. Mağaranın divarında izlər var. Bu, sanki divara söykənmiş insan izləridir ki, onlara da “Yeddi kimsənə” deyilir. Xalq arasında olan inama görə, həmin izləri öpmək vacibdir. mumiyyətlə “Əshabi-Kəhf”i ziyarət zamanı bir neçə əməl var ki, onların ziyarət zamanı icrasına insanların içində güclü inam var. Məsələn, “Əshabi-Kəhf”ə piyada ziyarətə getmək, orada qurban kəsmək savab əməl hesab olunur. İnsanlar, niyyət edib yerdən təqribən 5-6 metrə qədər hündürlükdə olan Düldülün ayaq izinin qaldığı həmin çalalara kiçik daşlar atırlar. Niyyəti hasil olanın daşı orda qalır. Bir qayda olaraq üç daş atılır. Mağaranın daxilinə girdikcə ətrafdakı ağac və kollara parçalar bağlanır. Mağaranın daxili yüksələn formada olmaqla, yuxarı tərəfdə, məscidə və “Cənnət bağına” çıxan yolun solundakı qayada deşik var. Niyyəti olanlar deşikdən keçib həmin qayanın başına üç dəfə dolanırlar. Bunu daha çox xəstələr, sonsuz qadınlar və uşaqlar edirlər.

Məscidin qabağındakı “Qara daş”ın və “Damcıxana”nın ziyarəti əsas məqamlardan hesab edilir. Qara daş müqəddəs hesab edildiyindən isanlar onu öpürlər. Bəzən xəstələr niyyət edib qaradaşın yanında yatırlar. Bir sıra xəstələrin buradan nicat tapıb qayıtması söylənilir.

Məscidə ancaq namaz qılanlar və nəziri olanlar girirlər. Məscidin kişilərə aid hissəsində iki kitabə var. Niyyət edib məsciddə yatmaq adəti mövcuddur.

İnsanlar ziyarətgah və onun ətrafında üç yerdə su inamı ilə qarşılaşırlar. Bunların biri təmizlənib müalicə olunma, ikincisi “Əshabi-Kəhf”in girəcəyindəki kiçik hovuz-bulaqdı.

Suyun şəfa verici və müqəddəsliyini nəzərə alaraq içir və xörək hazırlayırlar. Bulaq, “Yeddi kimsənə”nin aşağı tərəfindən çıxdığı üçün daha da müqəddəs hesab edilir. Üçüncüsü – “Damcıxına”da dilək diləməklə istəklərin yerinə yetirilib-yetirilməyəcəyini bilmək üçün tavandan daman sudur. “Damcıxana” məscidin yuxarı tərəfində, bir neçə metr hündürlükdə yerləşir. Açıq salon şəklində olan həmin yerdə tavandan su damır. Maraqlıdır ki, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir.

Bu məqamda hər cür niyyət etmək olar. Yəni həm xəstələr, həm də hər hansı bir arzusu olan niyyət edib oturur damcının altında. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez hasil olacağı, aşağı ətraflara, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli niyyət qəbul olmur. Ziyarətgahda ən uca məqam “Cənnət bağı” adlanan yerdir. Əvvəllər bura çıxmaq çox çətin idi. İndi isə dəmir pilləkənlər bu işi asanlaşdırıb. Silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məqam duaların qəbul olduğu yer sayılır. Burada gündoğana doğru qayaların arası ilə dar keçid qalxır. Keçidin baş tərəfində, sıldırım qayada bir dağdağan ağacı bitib. Həmin ağaca dilək üçün parçalar bağlanılır. “Əshabi-Kəhf” ziyarətimizdə bütün bunları eşitmək, dinləmək insanı bu qədim tarixi və dini abidə ilə üz-üzə durmaqdan həm qürurlandırır, həm də təsirləndirir.

 

Memar Əcəmi məktəbinin yadigarı, Arazın

o tayından ayrı düşən “Gülüstan” türbəsi...

 

Media rəhbərləri ilə birgə ziyarətimizin qəbul olunması diləyi ilə bu müqəddəs ocaqla sağollaşıb yol alırıq Culfa rayonun Gülüstan kəndi yaxınlığında yerləşən “Gülüstan” türbəsinə. Bura çatanda artıq qaş qaralmışdı. İş vaxtı bitməsinə baxmayaraq, türbənin əməkdaşları qonaqların yolunu gözləyirdilər. XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biri, Culfa rayonu ərazisində yerləşən türbə, böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı hesab olunur. Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan abidə iki hissədən – sərdabə və türbədən ibarətdir. Ancaq digər türbələrdə sərdabə hissə yerin altında yerləşdirildiyi halda burada sərdabə yerin səthindən yuxarıda inşa olunubdur. Yüksək sənətkarlıqla işlənmiş ornamentlərin taxçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentləri ancaq Naxçıvan şəhərində 1186-cı ildə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən inşa edilmiş Möminə xatın türbəsinin ornamentləri ilə müqayisə etmək olar. Yarandığı vaxtdan keçən müddət ərzində təbii qüvvələrin təsirindən Möminə xatın türbəsində olduğu kimi, bu türbənin də üst örtüyü dağılaraq sıradan çıxır. Ona görə də Gülüstan türbəsinin çadır örtüyünün piramidaya oxşar və ya konik şəkildə olması ətrafında müxtəlif fikirlər yaranıbdır. Sovet hakimiyyəti illərində türbə Araz çayı boyunca çəkilən sərhəd xəttinin arxasında qaldığı üçün baxımsız qalaraq, bərpa edilməyib,hətta əhalinin onun yanına getməsinə icazə belə verilməyibdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 7 oktyabr 2015-ci ildə “Gülüstan” türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalayıbdır. İndi bu türbə də Naxçıvanda olan digər memarlıq abidələri kimi özünə turist cəlb etmək baxımından əhəmiyyətli mədəni-tarixi abidə hesab olunur. KİV rəhbərlərinin bu qədim diyara səfərindən bir xatirə kimi “Gülüstan” türbəsində də bir şəkil çəkdirib yola düzəlirik. Naxçıvanda tarixi özündə yaşadan abidələr çox, vaxt isə azdır. Sabah isə hər qarışı insanı keçmişə aparan bu torpaqda, bizi başqa tarixi abidələrlə tanışlıq gözləyir.

Davamı növbəti sayımızda...

 

Zülfiyyə QULUYEVA

Bakı-Naxçıvan-Bakı

 

İki sahil.- 2016.- 22 oktyabr.- S.10.