Daxili bazarı yerli məhsullarla

təmin edən fermerlərin sayı artır

 

Son illərdə sahibkarlığın inkişafı istiqamətində görülən işlər, möhkəmlənən hüquqi baza, qeyri-neft sənayesinin beş faizdən çox artması yaxşı göstərici olmaqla Azərbaycanda qeyri-neft sektorunun daha sürətlə inkişaf edəcəyinə ümidi artırır. Aparılan islahatların nəticəsidir ki, qeyri-neft sektoru ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edir, ixrac strukturunda da böyük çəkiyə malikdir.

 

 Davos İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan iqtisadi rəqabətliliyinə görə dünyada otuz yeddinci yerdədir. Belə mühüm sənədlərdə ön sıralarda yer alan Azərbaycan beynəlxalq səviyyədə sürətlə və dinamik inkişaf edən ölkə kimi təqdim edilir və təcrübəsi təbliğ olunur. Maliyyə təşkilatlarının hesabatlarında ölkəmiz biznes mühitinin səmərəli təşkilinə, özəl bölmənin formalaşdırılmasına görə də fərqlənənlər arasındadır. Məntiqi nəticə isə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında 75 faiz təşkil etməsidir.

Sahibkarlığa Kömək Milli Fondunun iş adamlarına ayırdığı güzəştli kreditlər hesabına özəl bölmə inkişaf etdirilir, bölgələrdə əlavə iş yerləri açılır, əhali arasında məşğulluq səviyyəsi yüksəlir. Qanunvericilik bazasının təkmilləşdirilməsi, qeyri-qanuni yoxlamaların qarşısının alınması, iş adamlarına dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə”” prinsipinin tətbiqi, maarifləndirmə forumlarının, konfranslarının keçirilməsi nəticəsində regionlarda güclü biznes mühiti formalaşmışdır. Ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunur, maliyyə resursları cəlb edilir. Regionlarda iri emal müəsisələrindən əlavə iri fermer təsərrüfatlarının təşkili ilə bağlı tövsiyələr reallaşmaqdadır. Bölgələrdə 32 süd emalı zavodu, 30-a yaxın şərab zavodu, 40-a yaxın meyvə-tərəvəz emalı zavodu, 120-yə yaxın soyuducu anbar, 53 taxıl anbarı, 10-a yaxın dəyirman, cins heyvandarlıq, ailə təsərrüfatları yaradılıb. Bu mexanizm ət və süd məhsulları istehsalının artırılmasında, emal sənayesinin davamlı və fasiləsiz xammalla təmin olunmasında, iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında, kiçik sahibkarlığın daha sürətli inkişafında əhəmiyyətli mərhələdir.

Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının, Ağstafada “Karvan-L EKO” sənaye parkındakı müəssisələrin, istixana kompleksinin açılışında iştirak edərək iş adamlarına tövsiyələrini, regional inkişaf proqramlarına uyğun islahatların aparıldığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, hər bir rayon öz imkanlarına, torpaq fonduna, su resurslarına, texniki təminatına uyğun fəaliyyət istiqamətini müəyyənləşdirməlidir.

 Aparılan islahatlar nəticəsində daxili bazarda əhalinin ərzaq məhsullarına tələbatı əsasən yerli məhsullar hesabına ödənilməklə ixrac imkanları da xeyli artmışdır. Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəzin və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin və taxılın tədarükündə, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində mühüm rol oynayır.

Əhalinin məşğulluqla təminatında özəl sektorun payı artmış , ÜDM-də xüsusi çəkisi 80 faizi ötmüşdür. Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlamışdır. Ən müasir texnologiyalar əsasında yaradılan müəssisələrin əhatə dairəsinin genişlənməsi, bəzi sahələr üzrə ixrac imkanlarının yaradılması isə ölkədə biznes mühitinə diqqət və qayğının nəticəsidir. Dövlət siyasətinin əsas istiqamətlərində də iqtisadiyyatın milli maraqlar və daxili resurslar üzərində qurulması, şaxələndirmənin qeyri-neft sektorunun gücləndirilməsi ilə sabit iqtisadi inkişafa nail olunması, bölgələrdə sosial-iqtisadi vəziyyətin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yerli məhsulların dünya bazarlarına çıxarılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili, yoxsulluq səviyyəsinin, işsizliyin minimuma endirilməsi, orta təbəqənin hər vasitə ilə genişləndirilməsi və cəmiyyət həyatında rolunun artırılması başlıca perspektivlərdəndir”.

Təcrübədən aydın olur ki, milli və iqtisadi təhlükəsizlik müəyyən mənada özəl bölmənin inkişafı ilə də bağlıdır. Çünki hansı ölkədə özəl bölmənin, biznesin inkişafı üçün şərait yaradılmırsa, sahibkar, iş adamları istehsal etdiyi məhsulu satmaq üçün xarici bazarlara üz tutacaq. Beləliklə, kapital başqa bir dövlətin iqtisadiyyatının inkişafına, yəni milli təhlükəsizliyinə xidmət edəcək. Bu baxımdan Azərbaycanda özəl bölmənin, qeyri- neft sektorunun inkişafı üçün aparılan islahatlar intensivləşir.

Son illərdə daxili bazarımızı yerli məhsullarla təmin edən fermer təsərrüfatlarının artması, istehsal sahələrinin ən müasir texniki avadanlıqlarla təmin olunması sayəsində aqrar sahədə artıq dönüş yaranıb. Bir zamanlar “ağ qızıl”ı ilə məşhurlaşan respublikamızın pambıqçılıqla məşğul olan 24 rayonunda bu sahə daha çox inkişaf edib Bu il 100 min ton pambıq tədarük etməyi hədəfləyən ölkə fermerləri bu gəlirli sahəni inkişaf etdirməklə gələn il istehsalı 250-300 min tona çatdırmaq əzmindədirlər. Bu sahəyə marağı artırmaqla, pambıqtəmizləmə zavodlarında istehsal proseslərini sürətləndirməklə əlavə 100 mindən artıq iş yerinin açılması mümkün olacaq. Pambığın satınalma qiymətində də dəyişiklik edilib. Bu günədək 40 qəpiyə alınan pambığın bir kiloqramı üçün 50 qəpik ödəniləcək. Strateji əhəmiyyətli məhsul olan taxılçılığın inkişafı daim diqqətdə saxlanılır. Ölkə əhalisi yerli taxılla təqribən 65 faizlə təmin edilir. Belə ki, idxaldan asılılıq hələ də davam edir. Məhsuldarlığı intensiv yollarla artırmaqla, aqrotexniki qaydalara əməl etməklə bu sahədə də ciddi dönüş yaradılması həm də fermer təsərrüfatlarının səmərəli işləməsini təmin edər. Azərbaycanın şöhrətini qaldıran baramaçılığın, üzümçülüyün, tütünçülüyün, çayçılığın, kartofçuluğun, şəkər çuğunduru yetişdirilən əkin sahələrinin genişləndirilməsi də prioritet vəzifələrdəndir.

“Ona görə, biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir,-burada da müsbət dinamikanı görürük...

Ona görə, qeyd etməliyəm ki, özəl sektor da özünü çox məsuliyyətli aparıb. Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır. Ona görə, bax, 78 min iş yeri açılmış, 26 min iş yeri bağlanmışdır. Deməli, 50 mindən çox yeni iş yerləri açılıbdır və bu da çox müsbət haldır” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir. Beləliklə biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik. Daim diqqətdə saxlanılan məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədi ilə 11 min qaçqına 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fodu tərəfindən isə 2 min köçkün iş adamına 40 milyon manat güzəştli kredit verilib, 3600 iş yeri açılıb.

2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas prioritetləri özəl bölmənin inkişafıdır. Bölgələrdə quruculuq, abadlıq işlərinin davam etdirilməsi, qeyri -neft iqtisadiyyatının inkişafını dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətdə saxlanılması bütünlükdə ölkənin ümumi tərəqqisinə yönəldilir, islahat və layihələrdə kəmiyyətdən çox keyfiyyətə üstünlük verilir. Strateji vəzifə isə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2016.- 22 oktyabr.- S.2.