Bakıda “Gənc səslər, qədim nəğmə”

filminin təqdimatı olub

 

Oktyabrın 21-də Nizami Kino Mərkəzində “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filminin təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə çəkilən filmdə Qarabağdan didərgin düşmüş gənc muğam ifaçılarının milli musiqimizə sevdasından və doğma yurda olan həsrətindən bəhs edilir. Sənədli filmin icraçı prodüseri TEAS-ın təsisçisi və sədri Tale Heydərov, rejissorları Keti-Robin Qarton və Cefri Verbokdur.

Təqdimat mərasimində Tale Heydərov deyib ki, Azərbaycan xalqı dünya mədəniyyət xəzinəsinə böyük töhfələr verib. Azərbaycanın şah əsəri olan muğam bu töhfələr içərisində xüsusi rol oynayır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva muğamın ölkəmizdə və xaricdə tanınması sahəsində çox işlər görüb. 2003-cü ilin noyabrın 7-də Azərbaycan muğamı UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub.

Son illər muğamın təbliği istiqamətində görülən işlərə toxunan TEAS-ın sədri Bakıda Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsini, “Azərbaycan muğam antologiyası”nın, “Qarabağ xanəndələri” albomunun çapını, beynəlxalq muğam müsabiqələrinin keçirilməsini yüksək qiymətləndirib.

“Məqsədimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini xaricə düzgün çatdırılması və bu sahədə müxtəlif metodlardan istifadə olunmasıdır. Onlardan biri Qarabağ haqqında kitabların rus, ingilis, fransız və digər dillərdə nəşr olunması, sənədli filmlərin çəkilməsi, müxtəlif televiziya proqramlarının hazırlanması və proqramların beynəlxalq kanallarda göstərilməsinə nail olmaqdır. Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi təkcə humanitar problemlərə deyil, eyni zamanda Azərbaycanın mədəniyyət beşiyi sayılan Qarabağın müxtəlif mədəniyyət abidələrinin dağıdılmasına gətirib çıxarıb. Bu da nəinki Azərbaycan mədəniyyətinə, ümumiyyətlə beynəlxalq mədəniyyət irsinə böyük zərbədir. Bu məqsədlə biz bu faktı beynəlxalq aləmə çatdırmaq üçün belə bir sənədli filmin çəkilməsinə qərar verdik və Azərbaycanı çox illər əvvəl tanıyan Cefri Verboku bu işə cəlb etdik. O, Azərbaycan muğamını sadə vətəndaşdan daha yaxşı bilir və peşəkar muğam ifaçısı statusunu qazanıb. Bütün bu illər ərzində biz bu filmin ərsəyə gəlməsinə çalışmışıq. Bu, bizim ən uzunmüddətli layihəmizdir. Filmin reallaşmasına 4 ildən artıq vaxt sərf olunub”, - deyə Tale Heydərov vurğulayıb.

Natiq deyib ki, bu film bir daha işğala, çətinliklərə baxmayaraq muğam sənətinin Azərbaycanda yaşamasını göstərir. Bunu yaşadan Qarabağdan olan məcburi köçkünlərdir, köçkün gənclərdir. Onların sayəsində, eyni zamanda, dövlətin bu sahəyə göstərdiyi diqqət sayəsində bu gün muğam Azərbaycanda yaşamaqdadır.

“Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filminin ilk premyerasının Londonda uğurla baş tutduğunu söyləyən TEAS sədri vurğulayıb ki, bu cür təqdimatlar Avropanın digər ölkələrində də təşkil olunacaq.

Tanınmış muğam ifaçısı Cefri Verbok filmin ərsəyə gəlməsindən danışıb. O, 16 il bundan qabaq Azərbaycan uşaqlarının muğam ifa etdiyini eşidəndə inanmadığını və bura gəlib bunun həqiqət olduğunu gördüyünü söyləyib.

C.Verbok 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrindən birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan azyaşlı uşaqların ifasına valeh olduğunu vurğulayıb. ABŞ-a qayıtdıqdan sonra çəkdiyi kadrları izləyərkən, uşaqlardan birinin Vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndirdiyini deyib. Burada 14 yaşlı bir yeniyetmə itirdiyi doğma yurduna sevgisini ifadə edərək öz hisslərini göstərməklə seçilirdi.

Vaxtilə görüşdüyü bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə 8 il sonra yenidən Azərbaycan gəldiyini və vaxtilə onu heyran edən gənc muğam ifaçısını tapdığını deyib.

Sonra film təqdim edilib.

Filmdə gənc muğam ifaçısının bir-birini əvəz edən ifaları öz əksini tapıb. Göstərilir ki, Azərbaycan xalqı qədim muğam ənənəsini yaşadır, ona Vətən torpağının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxır, qloballaşmaya baxmayaraq, gənc nəsil böyük mədəni irsi qoruyur.

Filmdə Azərbaycan, xüsusilə də muğam haqqında mədəni bir fenomen kimi danışılır. Muğamın qədim mənşəyi olan, yüksək dərəcədə mürəkkəb, incə koloritli, ölçüsü olmayan (Avropa operasındakı kimi) mikrotonlu, mənəvi baxımdan güclü və emosional musiqi olduğu vurğulanır.

Ekran əsərində muğamın sehrinə və mürəkkəbliyinə baxmayaraq, onu məharətlə ifa etməyi bacaran azərbaycanlı uşaqların fenomenal istedadından bəhs edilir. Bunlar sadəcə bir neçə istedadlı uşaq deyil, daxilində möhtəşəm muğam gücü yaşayan yüzlərlə uşaqlardır.

Daha sonra muğamın beşiyi olan Qarabağın itirilməsindən bəhs olunur. Bu uşaqlar - muğam ifaçıları Qarabağ regionunda, Ermənistan tərəfindən işğal olunmazdan əvvəl həmin ərazilərdə dünyaya göz açıblar. Ermənistanın təcavüzü işğal olunmuş ərazilərdəki mədəni irsə də mənfi təsir göstərib.

Filmdə həmçinin, 1972-ci ildə Los-Ancelesdə yaşayarkən özü üçün muğamı kəşf edən Cefri Verbokun əslən dərbəndli olan yaşlı bir dağ yəhudisi ilə həyatını dəyişən görüşü haqqında da məlumat verilib. Əvvəllər Qərb musiqisi sahəsində çalışmış bəstəkar və musiqiçi olan Verbok Zevulon Avşalomobla rastlaşır. Onun Azərbaycan muğamının simli aləti olan kamançadakı emosional və ecazlar ifasını eşidir. Bundan sonra bəstəkarlıqla məşğul olmasına son qoyub muğam ifa etməyi öyrənmək qərarına gəlir və bu məqsədlə Bakıya üz tutur.

Bu film göstərir ki, Ermənistanın işğalı nəinki humanitar fəlakətə yol açmış, tarix və mədəniyyət abidələrini, maddi resursları dağıtmış, muğam sənətinə qarşı da yönəlmişdir. Buna baxmayaraq, Azərbaycan xalqı Qarabağın muğam ənənəsini yaşadır. Muğam sənəti Azərbaycan xalqına mənsub olduğu kimi, onun beşiyi olan Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qarabağın işğal edilmiş rayonlarının məcburi köçkün gəncləri məhdud imkanlar şəraitində belə muğam sənətinə yeni uğurlar gətirməyi bacarırlar. Azərbaycan dövlətinin bu sahədəki siyasəti onlara böyük dəstək və köməkdir.

Maraqla qarşılanan 54 dəqiqəlik film həm Azərbaycan, həm də ingilis dillərində titrlərlə verilib.

Sonda Cefri Verbok kamançada Azərbaycan muğamından parçalar ifa edib.

 

İki sahil.- 2016.- 22 oktyabr.- S.5.