Cefri Verbok: “Azərbaycanı
tanımasaydım, adi
ömür yaşayacaqdım”
“Kamança mənim həyatımı
dəyişdi”
Amerika
Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan
muğamının tədqiqatçısı Cefri Verbokun
APA-ya müsahibəsi
- Cənab Verbok, müəllifi
olduğunuz “Gənc səslər, qədim nəğmə”
filmi bir neçə gün əvvəl təqdim olundu.
İstərdim, söhbətə Bakı premyerası ilə
başlayaq...
- Əvvəla, çox sevinirəm
ki, bu filmi Bakıda təqdim edə bildik. Həmin gecə mənim
ürəyim dolu idi. Həm jurnalistlərlə, həm də
tamaşaçılarla fikirlərimi bölüşdüm.
Hətta təkcə danışmadım, siz
gördünüz ki, təqdimatdan sonra kamança da
çaldım. Bakı premyerasından çox razı
qaldım, təəssüratım o qədər zəngindir
ki... Filmdə təkcə Azərbaycan muğam
sənətinin böyüklüyünü yox, həm də yurdundan
didərgin düşən insanların
ağrı-acısını çatdırmağa
çalışmışıq. Film bitəndə
gördüm insanlar ağlayırlar. Əlbəttə,
mən o insanların acısını başa
düşürəm. Ona görə
özüm də onlarla bir yerdə ağlayırdım.
Başa düşürəm ki, torpaq itirmək
bir ölkə üçün nə deməkdir. Amma sizə deyim, məqsədim bu filmi təkcə
azərbaycanlılar üçün çəkmək deyil.
Məqsəd bütün dünya insanları,
bütün qəlblər üçündür.
Görürəm, mədəniyyəti bu qədər zəngin
olan bir ölkə haqqında dünyada az
məlumat var. Mənim borcumdur ki, bu boşluğu doldurmaq
üçün öz payımı verim. Kino ən
ciddi təbliğat vasitəsidir. Düzdür,
təbliğat üçün bütün imkanlardan istifadə
etmək lazımdır. Məsələn,
mən indi kitab yazıram. Amma kinonun
effektini heç bir sənət sahəsi vermir. Allaha
şükür ki, Avropa Azərbaycan Cəmiyyəti, onun rəhbəri
Tale Heydərov bizə dəstək verdi və
filmi ərsəyə gətirdik. Bu cür mədəniyyət
yaradan azərbaycanlılar ən yüksək münasibətə,
sevgiyə layiqdirlər. Muğam fenomenal
hadisədir. Bütün dünya bilməlidir
ki, Azərbaycanda nələr var.
- Filmdə
təkcə muğam haqqında danışılmır.
Əsas xətlərindən biri Qarabağ hadisələridir...
- Əlbəttə,
bizim məqsədimiz elə bu idi. Mən
2000-ci ildə çadır şəhərciyində olanda
Nizami adlı bir uşaq yanğı ilə muğam oxuyurdu.
Onu kameraya çəkmişdim.
Muğamı əsasən qəzəl üstündə
oxuyurlar, amma bu uşaq öz yazdığı şeiri
oxuyurdu: məni o dağlar, qəbirlər səsləyir. İllər sonra həmin kadrlara baxdım və o qədər
təsirləndim ki, Nizaminin sorağı ilə Bakıya gəldim.
Məni ancaq bir sual maraqlandırırdı: görəsən,
o vaxt vətəndən, torpaq dərdindən oxuyan uşaqlar
indi haradadırlar, yenə oxuyurlarmı? Nizamini çox
çətinliklə tapdıq...
- Gəlin,
bir qədər keçmişə - 70-ci illərə, sizin gəncliyinizə
qayıdaq. O illərə ki, şərq musiqisi ilə tanış oldunuz və kamança sizi həyatınızı
dəyişdi...
- Bu o qədər
uzaq tarixdir ki... Onda mənim cəmi 21
yaşım var idi. Gəncliyimdə bəstəkar
olmaq istəyirdim. Şərq musiqisi haqqında çox az məlumatım var idi. Əlimə
düşəndə hind musiqisinə qulaq asırdım, amma
bu, o qədər də geniş yayılmamışdı.
Gitara çalmağı özüm öyrənmişdim.
Los Anceles o dövrdə musiqi mərkəzi idi, bütün
cavanlar ora can atırdı. Bir nəfər mənə dedi, sən
Şərq musiqisini öyrənməlisən. Mənə
Zevulon Avşalomovun yerini nişan verdi.
- Səhv
etmirəmsə, Avşalomov əslən Dərbənddən
olan dağ yəhudisi olub, hə?
- Bəli,
tamamilə doğrudur. 1909-cu ildə Dərbənddə
anadan olub. 1918-ci ildə epidemiya
yayılıb, əvvəl anası, bir həftə sonra isə
atası ölüb. Çox çətin
günlər yaşayıb. Vağzalda
yük daşıyırmış, qəpik-quruşa mahnı
oxuyurmuş. Mənə
danışırdı ki, 16 yaşım olanda Dərbənddən
Bakıya getdim, orda kamança çalmağı öyrəndim.
Beş il Moskvada, sonra Tehranda
yaşayıb, daha sonra Amerika həyatı başlayıb. Avşalamov mənə kamança çaldı və
mən kamançanın səsinə heyran oldum. Bu səs mənim həyatımı dəyişdi.
Gitaranı da, bəstəkarlığı da
bir kənara qoyub kamançanı öyrəndim. Azərbaycandan
Amerikaya ilk qastrol səfərinə gələnlər Zeynəb
Xanlarova, Arif Babayev, Polad Bülbüloğlu, Zamiq Əliyev,
Ədalət Vəzirov, Vəli Qədimov, Aftandil İsrafilov,
Almaz Quliyev olub. 1988-ci ilin mart ayında Ərdəbildən
olan dostum Behzad məni onlarla tanış
elədi. Amerikalı bir adamın kamança
çalmağına inanmırdılar. Onlarla tanış olandan sonra başa
düşdüm ki, Bakıya getmək vacibdir. Çünki
Ədalət Vəzirov da, Zamiq Əliyev çox güclü
musiqiçilərdir. Düzdür, mənim
müəllimin Avşalomov kamançada yaxşı
çalırdı, amma çox sadə idi. Bir müddət sonra Amerikada bakılı olan bir qoca
qadın tapdım, kiril hərflərlə Azərbaycana
göndərmək üçün məktub yazdı. Təsadüfən həmin vaxt Alim Qasımov, Şəfiqə
Eyvazova və Ramiz Quliyev Amerikaya gəlmişdilər. Həmin konsertə getdim, heyran oldum. Məktubu Alimə verdim, xahiş elədim, Bakıya
çatdırsın. Məktubu o vaxt “Vətən”
Cəmiyyətinin sədri Elçin Əfəndiyevə
vermişdilər. Bir amerikalının
kamança çalmağı, Azərbaycana gəlmək istəməyi
Elçin Əfəndiyevə çox maraqlı gəlmişdi
və məktubu Nəbi Xəzriyə göndərmişdi.
- Nəbi
Xəzri 20 ilə yaxın Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə
rəhbərlik edib...
- O vaxt mənə dedilər,
xaricdən gələn insanlara Nəbi Xəzri cavabdehdir. 1989-cu ildə öyrəndim ki, Zeynəb Xanlarova
yenidən Amerikaya gəlib. Onlarla
görüşdüm və təklif elədim ki, otelə
artıq xərc çəkməyin, üç nəfəri
öz evimdə saxlayacağam. Zeynəb
Xanlarova oteldə tək qaldı, Zamiq Əliyev və başqa
iki nəfərlə mənim evimə getdik. Zamiq dedi,
Cefri, gəl bizim məşqlərdə iştirak elə.
“Azərbaycan dilində
danışmayanda özümü azərbaycanlı saya
bilmirdim, indi hiss edirəm ki, azərbaycanlıyam”
Sonra Zeynəb Xanlarovaya danışdı ki, bu oğlan
tarda-kamançada çalır, milli mahnılar oxuyur. “Dəli ceyran”
mahnısını seçdik, Nyu-Yorkda duet oxuduq. Vaşinqtonda o mahnını təzədən oxuduq,
çox yaxşı qarşılandı. Onlar
Bakıda qayıdandan sonra mahnının lentini televiziyaya
veriblər. AzTV-nin “Dalğa” verilişində
mahnı dəfələrlə efirə verilib. Bakıya gələndə hamı məni
qucaqladı, “Cefri, xoş gəlmisən”, dedilər. Azərbaycanlıların qonaqpərvərliyini
eşitmişdim, amma bu qədərini bilmirdim. İnsanların mehribanlığını görəndən
sonra başa düşdüm ki, Azərbaycana tez-tez getməliyəm.
Ona görə sizin dilinizi öyrəndim. Tərcüməçi yanımda olanda narahat
olurdum. Siz bəlkə də
inanmazsınız, Azərbaycan dilini lüğətsiz və
müəllimsiz öyrənmişəm. Öyrəndikcə,
ləzzət edirdi. Çünki şirin
dildir. Azərbaycan dilində
danışmayanda özümü azərbaycanlı saya
bilmirdim. Görürsünüz, indi
doğma dilinizdə danışırıq. İndi hiss
edirəm, azərbaycanlıyam. Hətta
çalışıram, yeni sözlər öyrənim.
Məsələn, “əcəb edirəm” ifadəsini
öyrənmişəm. Amma bunun
qarşılığı da var: “qələt edirsən”. (Gülür). Amerikada azərbaycanlılarla
görüşəndə onlarla doğma dillərində danışıram,
mənə ləzzətlə qulaq asırlar.
- Filmdə
sizin Heydər Əliyevlə görüşünüzdən
bir parça var. Həmin görüşü necə
xatırlayırsınız?
- Üçüncü dəfə
Azərbaycana gələndə Qivami Rəhimlinin təşkilatçılığı
ilə Heydər Əliyevlə görüşdüm. Qivaminin çalışdığı Azərbaycan
Beynəlxalq Neft Konsorsiumu iştirakçı şirkət
idi. İndi Qivami BP-də
çalışır. Heydər Əliyevə
mənim haqqımda danışmışdılar,
tapşırmışdı ki, gəlsin, görüşmək
istəyirəm. Ölkənin prezidenti idi,
görüşləri, tədbirləri çox olurdu, amma mənimlə
görüş üçün vaxt tapdı. Söhbətimiz bir saat çəkdi, mənə
çox maraqlı şeylər danışdı. Daha doğrusu, Heydər Əliyev məni başa
saldı ki, mədəniyyət insanın milli kimliyini təyin
edir, milli kimliyi güclü olan xalqın isə gələcəyi
var. Mən adi kamançaçalan idim, bu qədər dərin
şeyləri fikirləşə bilmirdim. Bu
sözlər məni böyütdü. Təşəkkür
elədi ki, Azərbaycan musiqisini təbliğ edirsən, Azərbaycanı
tanıdırsan. Mən də Heydər Əliyevə dedim, Azərbaycansız mən heç kiməm.
Görürsünüzmü, indi Azərbaycanda muğama
çox böyük qayğı var. Sizin
birinci xanım Mehriban Əliyeva muğama çox böyük
diqqət göstərir. Muğam festivalları
keçirilir, kitablar çap olunur, Beynəlxalq Muğam Mərkəzi
yaradılıb. Siz Milli Konservatoriyada
olmusunuz?
- Əlbəttə...
- Siyavuş Kərimi
oranın rəhbəridir. O qədər gözəl
şəraiti var, heyran oldum. Sizin dövlətiniz
mədəniyyətin tanınması üçün
böyük işlər görür. Mən
hər zaman bu işlərə “afərin” demişəm.
Başqa heç bir ölkədə incəsənətin
inkişaf etdirilməsi üçün dövlətin bu qədər
öhdəlik götürdüyünü görməmişəm.
Heydər Əliyevin milli kimliklə bağlı dediyi
siyasəti bu gün həm İlham Əliyev, həm də
Mehriban Əliyeva davam etdirir. Nə yaxşı, Azərbaycan mədəniyyətinin
dünyada təbliğində mənim də balaca payım
var. Səmimi deyirəm, inanın mənə: Azərbaycanı
tanımasaydım, adi bir ömür yaşayacaqdım. İndi isə ömrüm çox maraqlıdır.
- Hətta azərbaycanlı
xanımla evlənmisiniz...
-
(Gülür).
Bəli, mənim xanımım azərbaycanlıdır.
Biz filmin çəkilişinə başlayanda tanış
olduq. Gördüm, tər-təmiz ingiliscə
danışır. Sonra gördüm, rusca
da yaxşı bilir. Bizimlə
çalışdı. Sonra Natəvan
xanımla aramızda sevgi yarandı, Amerikada evləndik. Daha doğrusu, Bakıda məclis elədik, gedib
Amerikada münasibətlərimizi rəsmiləşdirdik.
Anlayırdım ki, normal amerikalı qadın məni
başa düşməyəcək. Natəvanın
anası Fəridə xanım ingilis dili müəlliməsidir.
Ona görə ailəsi ilə dil
tapmağımız da çətin olmadı.
- Bizim mətbəxlə
aranız necədir?
-Əla! Heyf ki, indi dieta saxlayıram. Çörək,
makaron, düyü yemirəm. Dovğa
üçün ölürəm. Sizə
deyim, ilk dəfə dovğa yediyim günü
xatırlayıram. 89-cu ildə Zamiq
Əliyevgildə yemişəm. Dovğanı
qabağıma qoydular, dedim, bu nədir, mən yeyə bilmərəm.
Bir qaşıq daddım, oyy, ləzzəti hələ
də yadımdadır. Amma sizə deyim,
sevmədiyim şirniyyatlar da var. Məsələn,
şorqoğalı. Sarıköklə heç aram yoxdur. Azərbaycanın
kababı əladır. Sizin qoyunların
quyruğunda olan dadı Amerikanın heç bir yerində tapa
bilməzsən.
İki sahil.-
2016.- 25 oktyabr.- S.10.