Multikulturalizm irqi ayrı-seçkiliyə,
terrora qarşı ən
güclü silahdır
İslamofobiya
amilindən yararlanaraq müsəlman ölkələrində
qarşıdurma yaradan qüvvələr miqrantlara qeyri-səmimi,
ədalətsiz münasibət göstərirlər
Bu günlər Suriyada və İraqda aparılan hərbi əməliyyatlar dünya siyasətinin gündəmində olan ən aktual məsələdir. Yenə də dünya düzəni silahların dili ilə “tarazlanır”, günahsız insanlar fəlakətlərlə üzləşir, qanlar tökülür. Londonda keçirilən, miqrant probleminin həllinə yönəlmiş “Suriya və regiona dəstək” adlı konfransdakı çıxışında “Azərbaycan Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır. Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır” söyləyən Prezident İlham Əliyev Azərbaycanın sadiq qaldığı tolerantlıq və müxtəlif dinlərə ehtiram və hörmətlə yanaşdığını diqqətə çatdıraraq bildirmişdir ki, ən önəmlisi sülhdür: “Buna görə də Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli məsələdir... Əlbəttə ki, biz Suriyadakı bacı və qardaşlarımıza dəstək olmaqda davam edəcəyik.” Ədalətin, humanizm prinsiplərinin tərəfdarı olan Azərbaycan ərazi münaqişələri, ölkə daxili çəkişmələr, bölgələrdə siyasi sabitliyin pozulması ilə bağlı münasibətini açıq -aydın bildirməklə insanların taleyi ilə bağlı olan terrorizmə qarşı mübarizədə fəal iştirak edir. Qaçqın, köçkün ağrısını yaşamış Azərbaycanın tolerantlıq, humanistlik təcrübəsini dəstəkləyənlər ölkəmizin multikulturalizmə sadiqlik ənənəsinin təbliğini xalqlararası münasibətlərin möhkəmlənməsində əsas meyar adlandırırlar.
Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda Azərbaycanda mövcud olan və qorunan mültikulturalizmin vacibliyi diqqətə çatdırılaraq bildirildi ki, ksenofobiya, irqçilik, islamofobiya, terrora dəstək təhlükəli meyillərdir. Qərbdə mövcud olan islamofobiyanı təhlükəli tendensiya adlandıran dövlətimizin başçısı bildirmişdir ki, bu kimi yanaşmaların qarşısının alınmaması böyük fəlakətlərə səbəb ola bilər: “ Halbuki terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri “stop islam” deyirlər. Bəziləri deyir ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları deyil. Bu nədir? Bu, XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır?” Forumda Azərbaycanın mültukulturalizm sahəsində qazandığı təcrübənin, dünyada sabitliyin bərpası üçün göstərdiyi fədakarlığın, qlobal və regional böhranların həllinə verdiyi töhfənin təqdir olunması, sülhməramlı qüvvələrin tərkibində iştirakı humanizm prinsiplərinə sadiqlik kimi dəyərləndirildi.
Prezident İlham Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azerbaydjan” üçün verdiyi müsahibədə bir daha insanları təşvişdə saxlayan terrorrizmə, dini ayrı-seçkiliyə qarşı mübarizənin qarşısının alınmasının vacibliyindən bəhs edərək vurğuladı ki, müasirliyə, dünyəviliyə, Xeyirin Şər üzərində üstünlüyünə yönəlmiş siyasətimizin həyata keçirilməsi üzrə fəaliyyətimizi bir an belə zəiflətməməliyik.
Bakıda olarkən ölkəmizdəki dinlər və millətlərarası münasibətlərdən məmnunluğunu “Mən bu ölkəyə hazırkı cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsi ilə nəticələnən təcrübə, dəyərlər və xüsusiyyətlər toplusunu formalaşdıraraq, bu torpaqda tarix boyu yaşamış çoxsaylı xalqların verdiyi töhfənin nəticəsi kimi mədəniyyətimizin çoxçalarlılığı və zənginliiyinə qəlbimdəki vurğularla gəlmişəm” sözləri ilə ifadə edən Roma Papası Fransisk Şərq il Qərb arasında qapı olan ölkəmizdəki sağlam mühitdən razılığını da ifadə etmişdir.
Azərbaycanın terrorizmə qarşı mübarizədə fəal mövqeyinin dəyərləndirilməsi olan bu kimi sözlər bir daha göstərir ki, Ermənistanın təcavüzünə məruz qalan, köçkün problemini öz imkanları hesabına həll edən, heç bir dövlət tərəfindən yardım göstərilməyən ölkəmiz terrorun, qaçqın probleminin necə ağır fəsadlar törətdiyinin şahididir. Buna görə də hazırda dünya siyasətinin əsas və aktual mövzusu olan terrora qarşı mübarizədə fəal iştirak etməklə miqrantların taleyi üçün ən çox narahatlıq keçirən, maddi-mənəvi dəstəyini əsirgəməyən də Azərbaycandır. “Miqrant yerləşdirmə problemindən” çıxış yolları axtaran Avropa İttifaqına daxil olan 27 ölkənin hər biri üçün Azərbaycanın təcrübəsi örnəkdir. Bu faktın özü Azərbaycanın qüdrətli, müstəqil dövlət olmasını göstərən amildir.
Miqrant problemi ilə bağlı müzakirələrin intensivləşməsi öz maraqları naminə Yaxın Şərq və Afrika ölkələrində bilərəkdən münaqişə və problemlər yaradaraq “ insan hüquqlarının qorunması” pərdəsi altında dövlət çevrilişlərinə fərman verən dairələrin istəklərinə uyğun yaranan miqrant köçü ilə üzü-üzə dayanan Avropanın özü çaşqınlıq içərisindədir. Geosiyasi maraqlarını gerçəkləşdirmək naminə daim təzyiq altında saxlanılan müsəlman dünyasını nəzarətə götürən Qərbin Əfqanıstanda, İraqda, Tunisdə, Liviyada, Suriyada yaratdığı qeyri-insanı şərait bu ölkələri qan gölünə çevirib.
Bu günlərdə Suriyada, İraqda koalisiya qüvvələri tərəfindən İŞİD və digər silahlı birləşmələrə qarşı aparılan əməliyyatlarda əziyyət çəkən dinc insanlardır.
Avropaya mühacirət edən yüz minlərlə miqrantın taleyi hələ də qaranlıqdır. Beynəlxalq Miqrasiya Təşkilatının açıqlamasına görə Yunanıstandan keçməklə Avropa ölkələrində sığınacaq tapmaq istəsələr də dənizlərdə batan, soyuq hava şəraitinə dözməyərək həyatlarını itirənlər, məskunlaşdığı ölkələrdə ən adi yaşayış hüquqlarından belə məhrum olanlar da məhz müsəlmanlardır. Maltaya, İtaliyaya, Çexiyaya, Macarıstana, Almaniyaya, Slovakiyaya, Rumıniyaya üz tutanları qəbul etməkdən imtina halları isə daha ağır nəticələr verir. Həqiqət budur ki, dünya ictimaiyyətinin gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Vaxtilə bu cür ədalətsizliyə düçar olan Azərbaycan təbii ki, yaranan vəziyyətin gərginliyini görüb susa, ədalətsizliyə dözə bilmir. Dəhşətli faciələrlə müşayiət olunan “sözün bitdiyi yer” kimi anlaşılan, dünyanı bürüyən miqrant problemi, dənizin dalğalarının ixtiyarına buraxılmış günahsız insanların acı taleyini əks etdirən videogörüntülər, avropalılar tərəfindən gülünclə qarşılanan suların sahilə atdığı 3 yaşlı körpənin cansız bədəni bu ifadənin reallığını təsdiqləyir. Əksər hallarda guya “insan hüquqlarının qorunmasından narahatlıq keçirdiklərini” qəbul etdikləri əsası olmayan bəyanat və qətnamələri ilə bildirən Avropanın “humanistliyi, insanlara bərabər qaydada diqqət göstərmək” barədəki kriteriyaları qoca qitənin miqrantlara münasibətində həqiqi mənada malik olduğu “dəyərləri” açıqlayır. ABŞ-ın xarici siyasətinin patriarxlarından olan Henri Kissingerin “Bir qütblü zaman kəsiyi bu gün özünün şərəfsiz sonluğuna yaxınlaşır” sözləri müasir dövrümüzdə baş verən hadisələr üçün xarakterikdir.
Beynəlxalq siyasətin hazırkı mənzərəsinə, güclü dövlətə sahib olmaq istəyənlərin geopolitik maraqlarına uyğun tənzimlənən dünyamızda bu siyasətdə qalib gəlməyin yolu saxta “demokratiya”dan bəhrələnmək, separatizm və terroru dəstəkləməkdir. Ən böyük təhlükə isə dövlətlərə münasibətdə yaranan “ikili standartlar” siyasətidir. Terrorizm müasir dövrdə birbaşa “ikili standartlar” sayəsində çiçəklənərək “beynəlxalq terrorizm” fenomeninə çevrilib. Münaqişələrin qurbanı olan 40 min miqrantın 22 mini üçün Aralıq dənizi son həyat yolçuluğu olub. Avropa sərhədlərini keçmək istəyən 365 mindən artıq qaçqının 2664 nəfəri müəyyən səbəblərdən həyatını itirib. Aralıq dənizində insanlarla dolu qayığın batması ilə 800- ə yaxın insan, o cümlədən uşaqlar sulara qərq olub. Əhalisinin sosial-iqtisadi tələbatını ödəməkdə çətinlik çəkən, Avropa İttifaqının yardımı ilə özünü birtəhər dolandıran Yunanıstana üz tutanların taleyini fikirləşməyə belə ehtiyac yoxdur. Ksenefobiyanın, islamofobianın baş alıb getdiyi, məscidlərin dağıdıldığı, türklərə qarşı irqi ayrı-seçkiliyin gücləndiyi Almaniyada məskunlaşmaq istəyən müsəlmanların taleyi də narahatlıq doğurur. Elə buna görə də tolerantlığı ilə başqalarına nümunə olan, multikulturalizmin alternativi olmadığını dünya xalqlarına sübut edən, bütün millətlərin birgə yaşayış qaydalarını nümunəsi ilə təbliğ edən, insanlıq naminə tətbiq olunan bəşəri dəyərləri özündə əks etdirən Azərbaycanın təcrübəsi dəstəklənir.
Xuraman
İsmayılqızı
İki sahil.- 2016.- 26 oktyabr.- S.21.