Barmaqları qızıldan olan adam

Fərhad Xəlilov

 

Deyirlər rəssamlar incəsənətdəlisiolurlar. Onlar nəinki fitri istedadları, həmçinin şəxsiyyətləri, düşüncələri, həyat tərzlərinə görə digər insanlardan fərqlənirlər. İstedadlı insanın bəxti o zaman gətirir ki, o, cəmiyyət tərəfindən yaxşı qəbul olunur, lazım olan qiyməti alır. Tarixdə istedadı, bacarığı, qəribəlikləri ilə ad qoyan, tanınan bundan sonra yüz illər keçsə belə, insanların yaddaşında qalacağına əmin olduğumuz bir çox şəxsiyyətlər var. Azərbaycanı bütün dünyada tanıdan, Xalq rəssamı, sözün əsl mənasında barmaqları qızıldan olan Fərhad Xəlilov məhz belə insanlardandır. Xalq rəssamı ilə müsahibə qədər məsuliyyətli çətin olsa da, o qədər səmimi xoş idi. Dünya şöhrətli rəssamınİki sahilqəzetinə müsahibəsini təqdim edirik.

 

- Fərhad müəllim, adətən azərbaycanlılar bir-birilərini görəndə ilk olaraq əhvallarını soruşurlar. Mən müsahibəmizə ənənəvi sualla başlamaq istəyirəm: Necəsiniz?

-O zaman mən ənənəvi cavab verim. Yaxşıyam. Təşəkkür edirəm dəvətiniz üçün.

- Müsahibə haqqında telefonda danışanda dediniz ki, əlinizdə yarımçıq bir əsər var. İstərdim o yarımçıq əsərin gələcəyindən danışaq...

- Yarımçıq əsər həmişə var. Bir söhbət yadıma düşdü. Bir dəfə sərgilərimin birində bir italyan jurnalist mənə sual vermişdi ki, bu sərgidə ən yaxşı əsəriniz hansıdır? Cavab verdim ki, mənim ən yaxşı əsərim molbertimin üzərindəndi, hələ bitməyib. O əsər hazır olandan sonra bəlkə mənim ən yaxşı əl işim ola bilər. Ona görə yarımçıq əsər həmişə var, olacaq.

- Belə başa düşdüm ki, ümumiyyətlə, sizin üçün yaradıcılığınızın ən yaxşı əsəri hələ çəkilməyib hesab edirsiniz ki, çəkilən hər yeni əsər əvvəlkindən daha yaxşı olmalıdır.

- Əlbəttə. Mən ən yaxşını axtarıram, hələ tapmamışam.

- Məndə olan məlumata görə, bu yaxınlarda bir neçə Avropa ölkəsində sərgiləriniz açılacaq...

- Bəli. Çox sərgi açan rəssamam. Elə vaxtlar oldu ki, heç sərgi keçirə bilmədim. Söhbət 90-cı illərdən gedir. Vəziyyət elə idi ki, onda heç kim sərgi haqqında düşünə bilməzdi. Mümkün deyildi. Amma indi çox yaxşı zamandır. Tez-tez sərgilər keçirmək üçün hər cür şərait var. Moskvadakı Şərq Muzeyində mənim sərgim açılıb. Həmin sərgi hələ davam edir. Bu, birinci hissə idi. Noyabr ayının 10-da yenidən Moskva şəhərində sərgimin ikinci hissəsi açılacaq. Yeni əsərlərim təqdim olunacaq. Təbii ki, bu, son deyil. Digər Avropa şəhərlərində sərgilərim təşkil olunacaq. İşlər çoxdur.

- Moskvada açılan sərgilərinizdən söz düşmüşkən, istərdim bu şəhərin sizin həyatınızda qoyduğu izlərdən  danışaq. Belə başa düşürəm ki, oradakı insanların da sənətiniz haqqındakı fikirləri sizin üçün çox önəmlidir.

- Doğrudur. Orada yalan söz ola biləz. Çünki Moskvada fəaliyyət göstərən sənətkarlar özlərinə hörmət edən insanlardır. Ya onlar, ümumiyyətlə, danışmayacaqlar, ya da düzünü deyəcəklər. Ona görə onların fikirləri mənim üçün önəmlidir. Moskva Bakıdan sonra mənim üçün ikinci doğma şəhərdir.  Ona görə ki, mənim tələbələyim orada keçib, eyni zamanda, orada həddindən artıq çox dostum var. Moskvada mənim doqquz fərdi sərgim açılıb. Bəlkə heç rus rəssamlarının özlərinin bu qədər sərgisi olmayıb orada. Demək istəyirəm ki, mənim üçün Moskva çox önəmli yerdir. Oradakı sənətkarların özlərinə, şəxsiyyətlərinə, yaradıcılıqlarına hörmətim sonsuzdur.

-  Moskvadan başqa da sizin dünyanın müxtəlif ölkələrində sərgiləriniz açılıb. Bir çox ölkələrin mədəniyyətləri, dinləri, dilləri ilə tanış olmusunuz. Maraqlıdır, hansı ölkədəki sərgidə insanların əsərlərinizə münasibəti heç vaxt yadınızdan çıxmır?

- Bəli, hər bir rəssam sərgini ona görə təşkil edir ki, insanların onun sənətinə olan marağının hansı səviyyədə olduğunu görsün. Mən ümumiyyətlə, öz sərgilərimdə iki dəfə iştirak edirəm. Sərginin açılış və bağlanış günlərində. Yadıma gəlir, 1985-ci ildə yenə də Moskva şəhərində böyük fərdi sərgim təşkil olunmuşdu. Sonuncu gün sərgiyə gəldim ki, görüm necə gedir. İki nəfər diqqətimi cəlb etdi. Biri ayağı şikəst, yaşlı bir kişi idi, digəri isə nisbətən cavan, hündürboylu oğlan. Bir-biri ilə söhbət edirdilər. Yaşlı kişi cavana təkid edirdi ki, buradan çıx, bura sənin yerin deyil. Cavan da məni, mənim əsərlərimi söyür. Yaşlı nə qədər istəyir ki, onun  dediklərini heç kim eşitməsin, amma onu bayıra çıxara bilmirdi. Bax bu toqquşma mənim kimi bir rəssam üçün çox maraqlı idi.

Digər bir maraqlı hadisə London şəhərində, “Sarte” qalereyasında olmuşdu. Bilirsiniz ki, “Sarte” qalereyası dünyanın ən məşhur qalereyalarından biridir.  Həmin sərgidə yenə də axırıncı gün iştirak etdim və 3 saat orada qaldım. Əvvəl onu qeyd edim ki, bu 3 saat ərzində bir saniyə də mənim sərgim boş qalmadı. Hər saniyə zala adam girir və bu, insanı heyran edir. Bu, rəssam üçün çox böyük qürurdur. Öz sərginə kənardan durub baxırsan. Kimi sənin əsərlərinə saatlarla durub baxır, kimi yan keçir, kimlərsə deyir filan əsəri alıram və s. İnsanların verdiyi müxtəlif reaksiyaları görmək rəssam üçün çox önəmlidir. Amma ən yadda qalan məqam sərgi zalının bir saniyə də boş qalmaması idi. Həmin sərgidə anladım ki, insanların təsviri sənətə nə qədər marağı var.

- Hesab edirsiniz ki, başqa ölkələrdə təsviri sənətə maraq Azərbaycandan daha çoxdur?

- Bir şeyi qeyd edim ki, hər sərgiyə bu cür axın olmur. Elə Londonun özündə də hər sərgiyə belə maraq göstərilmir. Mənim başqa ölkələrdə də xeyli sayda sərgilərim olub. Hamısına axın olmayıb. Azərbaycanda indi təsviri sənətə maraq getdikcə çoxalır. Əsərlər alınır. Artıq Azərbaycan elə bir mərhələdədir ki, biz 10 il, 20 il qabaq düşünə bilməzdik ki, Azərbaycan bu qədər inkişaf edər. İnsanların bu sənətə marağı getdikcə daha da artacaq.

- Fərhad müəllim, deyirlər rəssamlar incəsənət “dəlisi” olurlar. Ağıllı o rəssamlardır ki,  öz əsərlərini sata bilirlər...

- Yalnız ağılla əsər satmaq mümkün deyil. O ki qaldı “dəliliyə”, ola bilsin bizə “dəli” demək olar, amma yaxşı mənada. Bilirsiniz, cəmiyyətdə norma var. O normadan kənara çıxanlar dəli sayılırlar. Pol Sezan hesab edirdi ki, Van Qoq dəlidir. Amma Sezan özü də Van Qoqdan geri qalmırdı. O anasının dəfninə getməyib ki, mənim görüşüm var. Soruşublar ki, görüşünüz kiminlədir. Deyib motivlə. Gərək mən motivi başa vurub sonra gedəm. Bu, artıq normadan kənara çıxmaqdır. Ümumiyyətlə, əsl sənətkar normadan kənar olandır.

- Bəs siz əsərlərinizi satırsınızmı? Elə olub ki, satmaq ürəyinizdən keçməyib, amma məcbur olmusunuz?

-  Bayaq dediniz ki, ağıllı rəssamlar əsərlərini sata bilənlərdir. Yox, gərək əvvəl əsəri yaradasan. Yadıma gəlir, Amerikada üç Sovet adamının sərgisi açılmışdı. Biri heykəltəraş idi, biri qrafik boya ilə işləyən rəssam, biri isə mən idim. Onlar Rusiyadan idilər, mən Azərbaycandan. Həmin sərgidə tanınmış bir rejissor mənim əsərimi almaq istəyirdi, amma mən satmaq istəmirdim. O rejissor iki gün mənim əsərimin arxasınca gəzdi. Rejissor mənə yaxınlaşdı və soruşdu ki, sənə nə qədər pul verirlər? Dedim, heç nə vermirlər. Dedi sən dəlisən. O, əsəri yüksək məbləğə almaq istəyirdi. Mən dedim ki, almaq üçün başqa əsərlərimə baxın, amma bu əsər satılmır. Bilirsiniz, bu psixoloji bir hal idi. Mən elə bir mərhələdə idim ki, o əsəri verə bilməzdim, gərək həmin əsər məndə qalaydı. Düzdür, indi xatırlamıram o əsər haradadır. Amma ona görə ki, mənim həmin əsərlə bağlılığım itib. Əlbəttə, rəssam istəmir əsərini versin. Hər  rəssam çalışır ki, ən yaxşı əsərini özündə saxlasın. Elə əsər var ki, sən onu rahat kiməsə verirsən, çünki bağlılıq yoxdu. Hərdən mənə deyirlər ki, sən xəsissən, əsərlərini bağışlamırsan. Amma elə deyil. Mən gərək bağışlayanda ən yaxşı əsərimi bağışlayam. 30 il bundan qabaq xoşuma gəlməyən əsərləri bağışlayırdım. İndi başqa cür fikirləşirəm (gülür).

- Müsahibənin əvvəllində qeyd etdiniz ki, 90-cı illərdə çətin vaxtlar idi və heç kim sərgi haqqında fikirləşmirdi. Eyni zamanda sərgi açmaq böyük xərc tələb edirdi. Necə keçdiniz o mərhələni?

- Sərgini açmamağımın səbəbi maliyyə baxımından çətinliyim olduğu üçün deyildi. Mən o hadisələrin içində idim. Yadıma gəlir, rəhbərlik etdiyim Azərbaycan Rəssamlar İttifaqında səhər 100 nəfər bir yerdə iclas keçirdi. Halbuki fövqəladə vəziyyətin tələblərinə görə, 3 nəfərdən çox yığışmağa icazə yox idi. Şəhidlərin ilk şamlarını yandıranlar biz olmuşuq. Artıq ordu Bakıya girmişdi. Görüşlər, danışıqlar. Yəni həmin dövr hər şey çox pis idi. Mən bu haqda çox danışa bilərəm. İnsanlar ağır şəraitdə yaşayırdılar. Azərbaycanın tanınmış rəssamları mənə deyirdilər ki, pulumuz çatmır. Adamın ürəyi partlayırdı. Həmin vaxtlarda sərgi mənim heç yadıma da düşmürdü. Biz ancaq fikirləşirdik ki, insanlara kömək edək. Ondan sonra 10 il sərgi açmadım. Bir tanınmış rəssam mənə dedi ki, sən səhv edirsən. Gərək davam edəsən. Sonra Parisdən təklif gəldi və mən təzədən başladım. Ağır işləyirsən, o qədər sərbəst deyilsən. Çünki beynində çətin məsələlər var ki, həllini tapmaqda acizsən.  2000-ci ildən başladım və bu günə qədər davam edirəm.

- Yaradıcılığınızda Abşeron motivləri daha çox üstünlük təşkil edir. Haradan gəlir bu sevgi?

- Candan, qandan gəlir. Mən burada doğulmuşam, burada böyümüşəm. Amma mən bütün Azərbaycanı sevirəm və bunu söz xatirinə demirəm. 14 yaşım var idi. Qardaşım geoloq idi. Bir müddət onunla işləyib, daş daşımışam. Bütün Qarabağı ayaqyalın gəzmişəm. Yenə gəzəcəyik. Bu gün mənim əsərlərimə baxsanız görərsiniz ki, Azərbaycan, Qarabağ, Bakı, Abşeron hamısı bir-birinə qarışıb. Amma Abşeron fərqlidir. Onun gözəlliyini hər adam görə bilmir. Sadəlik və gizli gözəllik. Bax budur sevdiyim.

- Tablo fırça rəssamın dostlarıdır, yoxsa yalnız iş alətləri?

- Məncə, alətidir, nə də dostudur. Ümumiyyətlə, rəssamla onların arasında heç bir fərq yoxdur. Tablo, fırça, kətan, molbert. Onlarla rəssamın arasında məsafə varsa, onda o rəssamda problem var. Onlarsız rəssamı təsəvvür etmək mümkün deyil.

-Rəssamlıq insanda sonradan yarana bilərmi, yoxsa bu, insanla birlikdə doğulan bir istedaddır?

- İnsanla birlikdə doğulan bir şeydir rəssamlıq. Amma çalışmalısan. İstedad yoxdursa, nə qədər sənətin sirlərini öyrənsən, nə qədər çalışsan yenə də peşəkar rəssam, yaradıcı insan ola bilməzsən. O vaxtlar deyirdilər ki, İslamda belə bir fikir var: Sən insanın portretini yarada bilməzsən. Ona görə ki, rəssam Yaradanla mübarizəyə girir, o da yaradır. Məncə, bu fikir rəssama göstərilən dəyərdir əslində. Yaradıcı insan Yardana ən yaxın insandır, məncə. Heç bir məktəb, heç bir akademiya səni rəssam edə bilməz.

- Siz, həmçinin Azərbaycan Rəssamlar İttifaqının sədrisiniz. Maraqlıdır, İttifaqa daxil olmaq istəyən insanları hansı xüsusiyyətlərinə görə seçirsiniz?

- Çətin zamanlarda İttifaqa daxil olmaq üçün çox insan müraicət edirdi. O vaxtlar iki cür rəssam var idi: dövlət rəssamları və müstəqil rəssamlar. Mən İttifaqa sədr seçiləndə bütün müstəqil rəssamlar dedilər ki, biz kef edəcəyik. Dedim, yox. Rəssam realistlərin, avanqardistlərin, solçuların, sağçıların, bir sözlə, hamının işində ola bilər. Mənim üçün heç vaxt forma önəmli olmayub. Əsas odur ki, həmin insanların istedadı, yaratmaq eşqi olsun.

-Bəs bu gün gənc rəssamlarda yaratmaq eşqi varmı?

-Əlbəttə, bu gün Azərbaycanın çox istedadlı gənc rəssamları var. Mən onları şəxsən tanıyıram. Lazım olanda kömək edirəm. Əminəm ki, Azərbaycanda həmişə rəssam olacaq. Çünki Azərbaycan xalqı sənəti sevən, ona dəyər verən xalqdır. Bizlər sənəti sevən millətik. Digər bir coğrafi şərait, münbit təbiət, tarix, ənənə, məcbur edir səni yaratmağa.

- İncəsənət adamları, xüsusilə rəssamlar azad ruhlu insanlar olurlar. Müəyyən bir vaxt siyasətlə də məşğul oldunuz. Azad ruhlu incəsənət adamının siyasətdə fəaliyyəti necə qarşılandı?

- O illər elə dövr idi ki, sən  xeyir gətirməli idin öz xalqına. Hər bir insan bunun üçün çalışmalı idi. Mən də əlimdən gələni etdim. Amma bir vaxt gəldi və mən seçim etməli oldum. Ona görə Milli Məclisə ikinci dəfə seçiləndə istefa verdim. Bununla da mənim siyasi fəaliyyətim bitdi. Ya rəssam olmalısan, ya da ictimai xadim. Mən birincini seçdim. Bu qərara 1992-ci ildə Vaşinqtonda olarkən gəldim. Amerikanın ən güclü konqresmenlərindən biri olan Liqamneton mənimlə 50 dəqiqə söhbət etdi. Bizdən başqa iki erməni deputat var idi, amma Liqamneton onu susdurdu ki, sizdən xəbərimiz var. Həmin vaxtda bizi doğrudan da tanımırdılar. Mən nə qədər istədim ona başa salam ki, mən rəssamam. O mənə dedi ki, yox, sən konqresmensən. Belə də sağollaşdıq. Oradan qayıdan günün səhəri mən elan etdim ki, mən daha deputat olmayacağam.

- Bu yaxınlarda Roma Rəssamlar Akademiyasına fəxri üzv seçilmisiniz. Bu münasibətlə də təbrik edirik sizi. İstərdim bu haqda da danışaq...

- Təşəkkür edirəm. Bir neçə il bundan qabaq mənim Romada görüşüm var idi. Oradakı Rəssamlar Akademiyasının rektoru mənə dedi ki, siz çox gözəl danışırsnız. İstərdim sizin heç olmasa bir əsərinizi görüm. Mən əsərlərimi, kataloqlarımı özümlə daşımağı xoşlamıram. Onun köməkçisi var idi. Dedim ki, axtarıb tapsın. Bir əsərimi tapdı və rektoruna göstərdi. Əsərimi görəndəm sonra rektor məni möhkəm qucaqladı. Dedi ki, bir əsər kifayətdir. Beləliklə, biz dost olduq. Aprel döyüşlərində biz zəfər çaldıq, eyni zamanda şəhidlər verdik. Həmin vaxt mən Romaya, Rəssamlar Akademiyasının rektoruna zəng vurub dedim ki, Azərbaycanla bağlı yazı yazsın. Səhəri gün o Azərbaycan haqqında o qədər gözəl bir məqalə yazdı ki. Dünya şöhrətli, tanınmış bir heykəltəraşın Azərbaycan haqqındakı fikirlərini bütün dünya oxudu. İndi onlar məni Roma Rəssamlar Akademiyasına fəxri üzv seçiblər. Bu, mənim simamda Azərbaycana verilən dəyərdir.

- Özünüzü şanslı hesab edirsinizmi?

-Bilmirəm. Anam deyirdi ki, bu uşaq hamının işini bir saniyəyə düzəldir, öz işi nədənsə quyudan çıxır. Amma mənim şansımdan heç bir şikayətim yoxdur. Əslində heç vaxt fikirləşməmişdim bu sualın cavabını. Amma hesab edirəm ki, hər şey yerindədir.

- Ananızın adını çəkdiniz. Ümumiyyətlə, yaradıcılığınızda valideynlərinizin rolu nədən ibarət olub?

- Dəstək olublar həmişə mənə. İnanıblar. Atam məni emalatxanada çox izləyirdi. O, dərindən bilmirdi ki, mən nə yaradıram, amma mənə çox inanırdı. Həmişə başqaları deyəndə ki, oğlun yaxşı rəssamdır, sevinirdi. Mənə dedi ki, bəlkə işlərini memarlığa verəsən. O vaxt memarlıq bir sənət kimi daha məşhur idi. Amma mən dedim ki, rəssam olacağam.

- Yəqin ki, yaradıcılığınıza təsiri olan rəssamlar olub...

-Mənim yaradıcılığıma ən böyük təsiri Van Qoq göstərib. 15 yaşımda olarkən onun haqqında bir kitab oxudum. O kitab mənim həyatımı tamamilə dəyişdi. Onun həyatı, dəliliyi, çətinlikləri məni özünə, bu sənətə bağladı. Van Qoq 10 ildə elə böyük əsərlər yaradıb ki, digər rəssamlar 100 ildə elə əsərlər yarada bilməzlər. O yanıb-yaradıb. Siz onun məktublarını oxusanız görərsiniz ki, Van Qoq nə qədər dərin, incə, fəlsəfi fikirlərə malik insan olub. Halbuki çoxları ona dəli deyirdilər.

- Deyirlər ki, yaradıcı insanların ailə həyatı başqalarına nisbətən daha çətin olur. Həyat yoldaşı baxımından bəxtiniz gətiribmi?

- Bəli. O əvvəl çalışırdı ki, məni dəyişdirsin. Amma sonradan məni olduğum kimi qəbul etdi, başa düşdü, lazımi azadlığı verdi. Özü də yaradıcı insandır. Maraqlı fəlsəfi  şeirlər yazır. Bir-birimizi yaxşı başa düşürük.

- Nəyə görə jurnalistlərdən qaçırsınız? Siz ki, suallara bu cür səmimiyyətlə cavab verməyi sevən adamsınız...

- Tamamilə vaxtla bağlı olan bir problemdir. Bilirsiniz, vaxt indi çox dəyərlidir mənim üçün. Daha yaxşı əsərlər yaratmaq lazımdır.

- Dəyərli vaxtınızı ayırıb bizimlə müsahibəyə gəldiyiniz üçün təşəkkür edirik.

 

P.S. Yazı çapa hazırlanarkən xəbər aldıq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Fərhad XəlilovŞərəfordeni ilə təltif edilib. Bu münasibətlə qəzetimizin kollektivi adından Fərhad müəllimi təbrik edir, ona gələcək yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.

 

 Şəfiqə Dadaşova

 

İki sahil.- 2016.- 26 oktyabr.- S.8; 13.