Xalq artisti: Opera “Səsim var, istədiyim
Mahnını oxuya bilərəm”
demək deyil
Məncə, səs uca Tanrı tərəfindən
nadir insanlara göndərilən
möcüzədir. Elə bir möcüzə ki,
bütün insanları öz orbitinə çəkir. Dil,
din, irq tanımadan hər kəs onu dinləyir. Qeyri - adi səs tembri ilə həm
Azərbaycanda, həm də dünyada çoxlarını
özünə heyran qoyan, üçrəngli
bayrağımızı dünyanın dörd bir yanında
dalğalandıran belə sənət adamlarından biri də
Samir Cəfərovdur. O həm bəstəkar, həm xalq
mahnılarının, həm də muğmımızın əvəzsiz
ifaçılarından, eyni zamanda operamızın nadir səslərindəndir.
Beləliklə, budəfəki həmsöhbətim, Azərbaycan
Respublikasının Xalq artisti Samir Cəfərovdur.
- Artıq isti yay aylarını geridə qoyduq. Necə istirahət etdiniz, yeni mövsümə hazırsınızmı?
- Doğulduğum Naxçıvan Respublikasının Babək rayonunun Nehrəm kəndinə getmişdim. Əsas istirahətim bir həftə valideynlərimin yanında qalmağım oldu. Bilirsiniz ki, sənət adamlarının istirahəti olmur. Televiziya verilişləri, konsertlər, səfərlər, yəni gərgin iş rejimi hər zaman var. Hazırda “Azərbaycanın səsi” layihəsində münsiflər heyətinin üzvüyəm. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul oluram. Yeni mahnılar təklif olunur, aranjimanlar edirik. Gələcəklə bağlı planlar da çoxdur.
- Samir bəy, mən sizi opera ifaçısı
kimi təqdim etdim. Amma sənətinizə bələd olanlar
bilirlər ki, siz həm də bəstəkar
mahnılarının mahir ifaçısısınız. Bu
yaxınlarda televiziya verilişlərinin birində sizi həm
də muğam ifa edərkən izlədik. Halbuki, hər
ifaçı müxtəlif janrlarda ifaya risk etmir. Boğaz bu
qədər ifaya necə tab gətirir?
-”I” əməliyyatı
və ya Şurikin başqa macəraları filminə
baxmısınız yəqin. Orada Fedyadan nə soruşurlar
deyir,”Mən”, o da “mən”, bu da “mən”. Bu, çox gözəl bir
şeydir. Əvvəl xanəndə olmuşam, sonra estrada ilə
məşğul olmuşam. Daha sonra ulu öndər Heydər
Əliyevin təklifi ilə klassik opera
ifaçılığına başlamışam.
Ümummilli Liderimiz mənə çox böyük dəstək
olub. Düşünürəm ki, mən bu gün də onun
ruhu qarşısında imtahan verirəm. Ulu Öndər
musiqini dərindən bilən bir insan idi. Belə insanlar həyata
nadir hallarda gəlir. Estrada maraqlı janrdır. Opera isə elə
bir janrdır ki, 100 faiz insanın sadəcə 0,1 faizi bu sənətə
qulaq asır. Rəşid Behbudov, Müslüm Moqamoyev, Azər
Zeynalov kimi Azərbaycan sənətkarları, Andrea
Boçelli kimi italiyan ifaçısı, Aleksandr Paskov kimi rus
ifaçısı- bunlar hamısı opera
ifaçıları olmalarına baxmayaraq, estradaya önəm
veriblər və daha çox tanınıblar. Allah bu səsi
verib. Ondan istifadə edib, insanlara xidmət etmək borcumdur.
- Muğam bizim canlı sərvətimizdir,
musiqimizin beşiyidir. Maraqlıdır, bir opera
ifaçısı üçün muğam nədir?
-
Muğam Azərbaycanın varlıq simvoludur. Opera, jaz, klassika
- bunlar hamısı bizə gəlmədir. Bizim əsl
musiqimiz aşıq mahnıları və muğamlardır.
Əgər aşıq musiqisi bizim türkçülüyümüzü
bəyan edirsə, muğam artıq bizim bəşəri bir
millət olduğumuzu sübut edir. Hər bir azərbaycanlı
kimi, muğam mənim üçün də böyük məktəb,
iliklərimdə hiss edərək oxuduğum müqəddəs
bir janrdır.
-
Dövlət Akademik Opera və Balet Teatrında vəziyyət
necədir?
-
Əladır. Düşünürəm ki, Dövlət
Akademik Opera və Balet Teatrı Azərbaycanda tək-tük
teatrlardandır ki, bütün tamaşaları anşlaqla
keçir.
- Opera
səhnəsində dünya şöhrətli yazarların əsərlərinin
əsas rollarını ifa etmisiniz. Maraqlıdır, ifa etmək arzusunda olduğunuz elə
bir rol varmı ki, hələ onu canlandırmaq sizə qismət
olmayıb?
-
Bilirsiniz, opera ifası üçün zaman lazımdır. Tələb
olunan səs üçün vaxt keçməlidir və səs
lazım olan vəziyyətə gəlib
çatmalıdır. Bu, estrada ifaçılığı
kimi, “Səsim var, istədiyim mahnını oxuya bilərəm”
demək deyil. Opera səhnəsində mikrafon da olmur. Burada bir
səsindi, bir Allahın, bir özün. Ya Allah deyib
çıxırsan səhnəyə. Buna görə səs
özünü tutmalıdır.
- Bu gün Azərbaycan opera sənətində
çatışmayan cəhətlər desəm, nələri
sadalayarsınız? Tez-tez xarici səfərlərdə
olursunuz. Düşünürəm ki, dünya ölkələri
ilə müqayisədə ölkəmizdə olan
çatışmazlıqları ən yaxşı siz görə
bilərsiniz.
- Bu,
qlobal bir problemdir. Müasir dövrdə klassik musiqiyə maraq
azalıb. Bu gün bütün
dünyada dinlənilənlər arasında estrada, pop, rok kimi
janrlar çoxluq təşkil edir. Gənclərimiz də bu
sahəyə meyillənirlər. Özünüz də
görürsünüz ki, bu gün hansı musiqilər dinlənilir.
İnternetdə baxırsan ki, dinləmə sayı rekord həddədir,
amma musiqi heç musiqi deyil.
Fakt odur ki, milyonlarla baxışı var.
Zövqsüzlüyün özü də bir zövqdür. Yəni,
bu barədə insanlarla mübahisə etməyə dəyməz.
Ümumiyyətlə, son günlər Azərbaycan efirində
belə mövzular geniş vüsət alıb. Heç bir
insana deyə bilməzsən ki, sən zövqsüzsən. Amma biz düzgün yoldayıq.
Çünki Azərbaycan musiqisi zəngindir. Heydər
Əliyev Fondunun dəstəyi və təşkilatçılığı
ilə bir çox tədbirlərdə iştirak etmişik.
Bizim simamız Azərbaycan muğamıdır. 50-80-ci illər
aralığında o qədər möhtəşəm
klassik Azərbaycan musiqiləri yarandı ki. Təsəvvür
edin ki, Fransada yevreylərin moda həftəsində modeller “Sənə
də qalmaz” musiqisinin sədaları altında paltarları
nümayiş etdirirdilər. Bizim mədəniyyətimiz
çox genişdir. Həmin illərdə biz bəstəkarların
sanki bolluğuna düşdük. Hərdən fikirləşirəm
ki, kaş təkcə həmin illərdə yox, o bəstəkarlar
50-80-ci illərdən sonrakı dövrlərdə də
yazıb yaradaydılar. Arada boşluq yaranmazdı. Həmin bəstəkarlar
toy üçün, hər hansı bir sərgi
üçün yox, sadəcə “mən ondan yaxşı
yazaram” prinsipi ilə yaradırdılar. Bax həmin prinsip
artıq inkişafdır.
- Biz konkret olaraq bəstəkar və
xalq mahnılarından danışdıq. Müasir dövrdə
gənclər bu janrları biri-biri ilə
qarışdıraraq yenilik etməyə
çalışırlar.
Muğamla jaz, klassika ilə rep və s. Bu cür yeniliklərə
münasibətiniz necədir?
- Əla.
Əgər kökü saxlayırlarsa, yaxşıdır. Dəyişiklik
lazımdır, amma kökə toxunmadan. Muğam elə bir
janrdır ki, istənilən mahnını onunla sintez etmək
olar. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan
Şuşinski, Ağaxan Abdullayev, Alim Qasımov - hər
birinin səsində fərqlilik, özünəməxsusluq
var. Hərəsi bir cür yenilik, daxili dünyasını gətirir
musiqiyə. Bütün dünya musiqilərini Azərbaycan
muğamının üstündə qurmaq olar. Bu, istər
Afrikanın cəngəlliklərində yaranan musiqi olsun, istərsə
də bizə yaxın olan ölkələrin birində. Hər
bir janrı “Şur”, “Bayati- Şiraz” üstündə qurmaq
olar. Bu, bizim musiqimizin zənginliyidir.
- İllərdir, Azərbaycan mədəniyyətini
həm də dünyada təmsil edirsiniz. Maraqlıdır, fərqli
ölkələrdə sizə və sizin simanızda Azərbaycan
mədəniyyətinə olan münansibət necədir?
- Bir əhvalat
danışım. Güman edirəm ki, elə bu əhvalatla
sualınıza tam şəkildə cavab vermiş olacam. Bir dəfə
konsert üçün Uruqvaya getmişdik. Bizi apardılar
oranın Opera və Balet Teatrına. İzah edirlər ki, bura
səhnədir, burada insanlar oturur, ora kulisdir. Hamımız
biri-birimizin üzünə baxırıq ki, bunu bizə niyə
izah edirlər. Hər kəsə yaxşı məlumdur ki,
bizim operamızın 100 illik tarixi var. Deməli, həmin
ölkədə hər üç nazirdən biri ermənidir.
Həmin ölkədə Azərbaycana qarşı kəskin
antipatiya var. Həmin an ürəyimdə öz-özümə
dedim ki, eybi yoxdur, sabah konsertə gələrlər, görərlər.
Həmin dəqiqə planda olan repertuarı tamamilə
başqa bir repertuara dəyişdim. Zalda 600-ə yaxın adam
var idi. Onun cəmi 10 nəfəri azərbaycanlı idi.
Qalanı ispan, ingilis, erməni idi.
Çıxışımın sonunda bütün zal
ayağa qalxdı. Dünən bizə operanı başa salan
insanlar, bu gün bizi ayaq üstündə
alqışlayırdılar və mən səhnədən
düşmürdüm. Uruqvay qondarma “erməni
soyqırımı”nı ilk dəfə tanıyan ölkədir.
Belə bir ölkədə Azərbaycanı layiqincə təmsil
etmək mənim yaradıcılığımın deyərdim
ki, zirvəsidir. Təbii ki, sonra Los-Ancelesdə, Seulda, Moskvada,
Baltikyanı ölkələrdə, eləcə də
müxtəlif Avropa ölkələrində çox sayda
konsertlərlə çıxış etmişik.
- Əvvəllər muğamı və
yaxud da hansısa Azərbaycan musiqisini İran, fars musiqisinin tərkib
hissəsi kimi qəbul edirdilər.
Amma bu gün muğam deyiləndə ağıllara gələn
ilk ad Azərbaycan olur. Yəqin səfərlərinizdə bunu
da hiss edirsiniz...
-
Sözsüz. Müstəqillik əldə etməmişdən
qabaq Azərbaycan musiqisi dünyaya İran, fars musiqsinin tərkib
hissəsi kimi təqdim olunurdu. Amma müstəqillik qazanandan
sonra artıq milli musiqimiz Azərbaycan mədəniyyətinin
tərkib hissəsi kimi bütün dünyada məşhurlaşdı.
Xüsusilə 2000-ci illərdən başlayaraq, musiqimiz
dünya miqyasında tanındı. Buna görə Heydər
Əliyev Fonduna böyük təşəkkür
düşür. Təsadüfi deyil ki, Heydər Əliyev
Fondunun prezidenti, hörmətli Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə Azərbaycan
muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına
daxil edilmişdir. Biz xarici səfərlərdə olarkən təkcə
muğamımızı ifa etmirik. Eyni zamanda Üzeyir Hacıbəylinin,
Qara Qarayevin, Fikrət Əmirovun və s. kimi klassik Azərbaycan
bəstəkarlarının əsərlərini səsləndiririk.
Belə bir fikir var: “Nə millidirsə, o fərdidir”. Çox
gözəl bir sözdür. Nə qədər milli olsan,
dünya səni bir o qədər fərqli görəcək.
Əminliklə deyə bilərəm ki, Azərbaycan musiqisi
bütün dünya musiqisindən fərqlidir.
- Sonuncu sualım sırf sizin şəxsi
həyatınızla bağlı olacaq. Maraqlıdır,
necə bir mühitdə yaşayırsınız? Boş
vaxtlarınızda nə ilə məşğul olmağı
sevirsiniz? Ailənizdə yolunuzu davam etdirənlər
olacaqmı?
- Boş vaxtlarımda film izləməyi sevirəm.
Müxtəlif janrlarda
mahnılar ifa edirəm. Ona görə də müxtəlif
janrlarda əsərlər dinləməyi sevirəm. Fərqli
mədəniyyətlərə xas mahnılar hər zaman diqqətimi
çəkib. Bir səhər gözümü fransız
musiqisi ilə aça bilərəm. O biri gün
könlümdən Zeki Mürenə qulaq asmaq keçər.
Sonra yaxşı domino oynamağı xoşlayıram. Hər
gün oxumaq olmaz ki. Arada bunlar da lazımdır.
(gülür). Üç övladım var. Yəqin ki, yolumu
davam etdirən olmayacaq. Bunu özüm də istəmərəm.
Bir ailəyə bir nəfər kifayətdir, məncə.
Olduqca səmimi
ab-havada keçən müsahibəmiz Samir Cəfərovun
canlı ifasında sözləri Nigar Rəfibəyliyə,
musiqisi Emin Sabitoğluya məxsus ecazkar “Əsən yellər”
mahnısı ilə yekunlaşır...
Şəfiqə Dadaşova
İki sahil.- 2016.- 7
sentyabr.- S.12.