Azərbaycan xalqı Prezident
İlham Əliyevin
irəli
sürdüyü bütün təşəbbüsləri dəstəkləyir
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat
qrupu tərəfindən vəkil edilmiş şəxs Aqiyə
Naxçıvanlının müsahibəsi
- Aqiyə
xanım, 26 sentyabrda ölkəmizdə ümumxalq səsverməsi – referendum
keçiriləcək. Ümumiyyətlə, bu
referendumu zəruri edən səbəblər
nədir?
- İlk növbədə qeyd edim ki, 26 sentyabr tarixində ölkəmizdə baş tutacaq ümumxalq səsverməsi – referendum inkişafın ortaya çıxardığı reallıqlardan və zərurətdən qaynaqlanır. Yəni Azərbaycan inkişaf etdikcə yeni reallıqlar və tələblər ortaya çıxır, bu zamana qədər həyata keçirilən islahatların müasir çağırışlara uyğun olaraq davam etdirilməsi zərurətə çevrilir. Sirr deyil ki, məqsədyönlü siyasi islahatlar nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir. Bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir. Həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. İqtisadiyyatda əldə olunan nailiyyətlər isə təbii olaraq əhalinin gəlirlərinin artması, sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Bu isə o deməkdir ki, Azərbaycan düzgün inkişaf istiqaməti seçib və bu yolda inamla irəliləyir. Sözsüz ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. çünki bazar iqtisadiyyatının, azad sahibkarlığın formalaşması üçün ilk növbədə, əlverişli siyasi şərait yaradılmalıdır. Ona görə də islahatlar kompleks xarakter daşımalıdır və biz bu gün məhz bunu müşahidə edirik. Konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr də məhz sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir.
Əlbəttə, indiyə qədər əldə edilən çoxsaylı nailiyyətlər təsadüfi xarakter daşımır və gələcək inkişafın, o cümlədən kompleks islahatların davamlı olmasını şərtləndirir. Bilirsiniz kimi, bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu ilə irəliləyir. Ümummilli liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə irəliləyişə nail olub. Azərbaycanda həyata keçirilən daxili siyasət, ilk növbədə, əhalinin rifah halının yüksəldilməsinə, sosial təminatının yaxşılaşdırılmasına yönəldilib. Demək olar ki, bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkənin vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Bu məsələ Ali Qanunda da öz əksini tapıb. Belə ki, sonuncu referendum ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərə əsasən, 12-ci maddənin I bəndində “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi” dövlətin ali məqsədləri içərisində göstərilib. Məhz Konstitusiyaya edilməsi təklif edilən bir sıra əlavə və dəyişikliklər də sırf sosial məzmunludur. Ümumiyyətlə, Azərbaycanda görülən işlərə nəzər saldıqda respublikada sosialyönümlü siyasətin həyata keçirilməsinin, dövlətin siyasətinin əsasında insan amilinin dayanmasının bir daha şahidi oluruq.
- Konstitusiyaya təklif edilən əlavə və
dəyişikliklər özündə siyasi
islahatları də ehtiva edir.
Bu, Azərbaycanın demokratik
inkişafı baxımından nə əhəmiyyət kəsb
edir?
- Bəli, Konstitusiya islahatları həm də Azərbaycanın demokratik inkişafına xidmət edir. Ümumxalq səsverməsinə çıxarılan məsələlər sırasında hüquqi dövlətin təməllərinin gücləndirilməsinə, idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edən mühüm məsələlər yer alıb. Ümumiyyətlə, ötən müddət ərzində Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib. Bu inkişaf yolu hələ 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu strateji inkişaf xəttinin indiyədək davam etdirilməsi isə respublikamızın ən çətin dövrlərində olduğu kimi bu gün də öz bəhrəsini verməkdədir. Davamlı mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşıb. Eyni zamanda, Azərbaycanda bütün sahələrdə reallaşdırılan demokratik islahatlar ölkəmizin öz milli maraqları olan müstəqil bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirib. Gənc müstəqil respublika olmasına baxmayaraq, ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti Azərbaycan xalqında dövlətin gücünə və gələcəyinə inam hissi, milli təfəkkürdə isə azərbaycançılıq ideyası əsasında müstəqil dövlətçilik təsəvvürləri formalaşdırıb. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, siyasi sahədə də gerçəkləşdirilən islahatlar, əsaslı yeniliklər sayəsində respublikamız, sözün əsl mənasında, müstəqil, beynəlxalq aləmdə siyasi çəkiyə malik bir dövlətə çevrilib. İnanırıq ki, bu siyasi strateji inkişaf xəttinin qarşıdan gələn illərdə də uğurla davam etdirilməsi ilə Azərbaycan daha yüksək zirvələr fəth edəcək. Məhz Konsititusiya islahatları da bu prosesdə mühüm rol oynayacaq və Azərbaycanın demokratik imicinin möhkəmlənməsinə, tərəqqi, sabitlik və təhlükəsizliyə xüsusi töhfələr verəcək.
- Aqiyə
xanım, yeri gəlmişkən, ümumxalq səsverməsinə
çıxarılan məsələlər sırasında milli təhlükəsizliklə bağlı məqamlar
da yer alıb. Konstitusiya dəyişikliklərinə əsasən,
ölkənin milli təhlükəsizliyini
təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa gələcək.
Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə, inkişaf və sabitlik təhlükəsizlikdən ayrıca təsəvvür edilə bilməz. Bu mənada, milli təhlükəsizliyin təmin olunmasına töhfələr verəcək adekvat tədbirlər xüsusi önəm daşıyır. Məhz Referendum Aktının layihəsində də bu məsələlər öz əksini tapıb. Məsələn, 58-ci maddənin IV hissəsinin birinci cümləsinin “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır” redaksiyada verilməsi təklif edilib. Bu və digər nümunələr islahatlar sırasında təhlükəsizliyin təmin olunmasına xidmət edən tədbirlərin reallaşdırılmasının da zəruri yer tutduğunu göstərir.
Ümumiyyətlə, bu gün Azərbaycan dövləti sabitliyi, təhlükəsizliyi ən yüksək səviyyədə qorumağı bacarır və hər bir vətəndaşının təhlükəsizliyinin qarantıdır. Bütövlükdə isə, Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi səciyyələndirilir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün öz iqtisadi-siyasi stabilliyinə, inkişaf tempinə görə istər qonşu dövlətlərdən, istərsə də region ölkələrindən seçilir. O baxımdan ki, həm siyasi müstəvidə qazanılan uğurlar, həm də iqtisadi sferada əldə olunan nailiyyətlər ölkənin müəyyənləşdirilmiş inkişaf strategiyası əsasında addımlamaqda davam etməsinə şərait yaradır, təhlükəsizlik və sabitliyə xidmət edir. Sadalananlar ölkəmizin tam sabit olduğunu, ictimai-siyasi sabitliyin milli inkişafa, dövlətin gücünün artmasına mühüm töhfələr verdiyini aşkar edir. Bu stabilliyin və inkişafın əsasında isə Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən siyasi kurs dayanır.
- Aqiyə
xanım, Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri məhkəmələrin işinin
daha ssəmərəli təşkili ilə
bağlıdır. Ümumiyyətlə, bu
dəyişikliklərin mahiyyətini, vətəndaşlarımızın
daha yaxşı həyat şəraiti ilə
təmin olunması və dövlətitmizin daha da
güclənməsi baxımından əhəmiyyətini izah edərdiniz...
- Bəli, qeyd etdiyiniz kimi, Referendum Aktının layihəsində əksini tapan mühüm məsələlərdən biri məhkəmələrlə bağlıdır. Təklif olunan dəyişikliklərə görə, 60-cı maddədə bu bəndlər yer alır: "I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər”.
Biz bilirik ki, hakimiyyətin üç müstəqil qolundan biri nəzarətedici hakimiyyət, yəni məhkəmə institutudur və məhkəmələrin ədalətli olması bu institutun həm ictimai nüfuzunu artırır, həm də cəmiyyətdəki münasibətlərin məhz ədalət prinsipi əsasında tənzimlənməsini təmin edir. Referendum Aktının layihəsində qeyd edilib ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Bu, məhkəmə hakimiyyətinin daha operativ, effektiv və ədalətli olmasını təmin edəcək maddələrdən biridir və bu cür yanaşma məhkəmə-hüquq sistemində yeni keyfiyyət dəyişikliyi yaradacaq.
Referendum Aktının layihəsində əksini tapan məsələlərdən biri də Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlıdır. Layihədə qeyd edilib ki, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.
Müharibə şəraitində olan, ərazisinin 20 faizinin işğal altında olduğu bir ölkə üçün hakimiyyətin vahid bir mərkəzdə formalaşması olduqca vacib məsələlərdən biridir. Prezidentə bu səlahiyyətin verilməsi prezidentlik institutunu daha da möhkəmləndirməklə ölkənin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.
Digər bir mühüm məqam isə Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə iştirakı ilə bağlı olunan dəyişiklikdir. 85-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan” sözləri" seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilməsi, həmçinin 100-cü maddədən "Yaşı otuz beşdən aşağı olmayan" sözləri çıxarılması təklif olunar. Bu o deməkdir ki, yeni müddəalarda seçkili orqanlarda və idarəetmədə təmsil olunmaq üçün yaş məhdudiyyəti ümumiyyətlə aradan qaldırılır. Bu zərurət ondan irəli gəlir ki, hazırda uzun illərin dövlət qayğısı sayəsində ölkəmizdə yeni intellektual gənc nəsil yetişib. Onların potensialından milli və dövlət maraqları üçün istifadə olunması dövrün aktual tələblərindən biridir. Ona görə də bu milli potensialdan səmərəli istifadə üçün hüquqi bazanın yenilənməsinə ehtiyac var idi. Təəssüf ki, bu dəyişikliklər bir sıra maraqlı qüvvələr tərəfindən qeyri-rasional və həqiqətdən uzaq formada şərh olunur və bununla da ictimai rəyi çaşdırmağa çalışırlar. Azərbaycan demokratik bir ölkədir. Azərbaycan Respublikasının Prezidentini də, Milli Məclisin üzvlərini də Azərbaycan xalqı seçir. Sabah 18 yaşında olan və qanunun müvafiq tələblərinə cavab verən istənilən Azərbaycan Respublikası vətəndaşı ona tanınan bu konstitusion hüquqdan istifadə edib öz namizədliyini rəli sürə bilər. Amma nəticədə onun seçilib seçilməyəcəyinə demokratik əsaslarda keçirilən seçkilər zamanı seçicilər, xalqımız qərar verəcək. Əgər, seçicilər sə verəcəksə, o da parlamentdə təmsil olunacaq. Ona görə də bu məsələ ətrafında manipulyasiya etməyə lüzum yoxdur.
Yekun olaraq, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, tanınması, bank-maliyyə sisteminin idarə olunması və sair) əks olunub.
- Siz təşviqatla bağlı
görüşlərdə iştirak edirsiniz. Maraqlıdır, xalqımızın bu dəyişikliklərə münasibəti
necədir?
- Tam məsuliyyətimizlə deyə bilərik ki, Azərbaycan xalqı bu təşəbbüsü bəyənir və dəstəkləyir. Vətəndaşlarla keçirilən görüşlərin əhval ruhiyyəsindən, insanların siyasi fəallığından, dəyişikliklərlə bağlı kifayət qədər məlumatlı olmasından bizdə bu əminlik yaranır. Eyni zamanda, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursu daim dəstəkləyib. Bu günə qədər keçirilən bütün seçkilərin nəticələri də, xalqımızın möhtərəm Prezidentimizə olan böyük sevgisi və rəğbəti də bizə onu deməyə imkan verir ki, xalqımız cənab Prezidentin irəli sürdüyü bütün təşəbbüslərin məhz insanlarımızın daha yaxşı yaşamasına, dövlətmizin daha güclü olmasına xidmət etdiyini dərk edirlər. Ona görə də, şübhə yoxdur ki, bu referendumda da biz bu dəstəyi növbəti dəfə görəcəyik. Mən əminəm ki, 26 sentyabrda bütün seçicilər səsvermə məntəqələrinə gələrək referendum aktına, təklif olunan dəyişikliklərə "HƏ" deyəcəklər.
İki sahil.- 2016.- 8 sentyabr.- S.10.