KİV nümayəndələri
SOCAR-ın
Sumqayıtda həyata
keçirdiyi layihələrlə
tanış olublar
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ən böyük investisiya layihələrini məhz Azərbaycanda reallaşdırır. Neft və qaz hasilatı sahəsində “Şahdəniz 2” kimi nəhəng layihələrlə yanaşı, SOCAR-ın həm də neft və qaz emalı sənayesində həyata keçirdiyi böyük layihələr uğurla davam etdirilir. Bu layihələrin məqsədi Azərbaycanın ixrac potensialı və gəlirlərini artırmaqla yanaşı, yeni iş yerləri yaratmaq, kimya sənayesinin rəmzi olan Sumqayıt şəhərinin və bütövlükdə ölkəmizin iqtisadi inkişafına təkan verməkdir. SOCAR-ın Sumqayıtda həyata keçirdiyi perspektivli layihələrin icrası ilə tanışlıq məqsədilə sentyabrın 14-də respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri “Azərikimya” İstehsalat Birliyində olublar.
AZƏRTAC xəbər verir ki, mətbuat nümayəndələri yüksək peşəkarlığa və texniki biliyə malik kadrların hazırlanması və ixtisaslarının təkmilləşdirilməsi məqsədilə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən 2012-ci ildə Sumqayıtda yaradılan müasir tipli Təlim-Tədris Mərkəzində yeni dərs ilinin açılış mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himni ifa olunduqdan sonra məktəbin müəllim və şagird kollektivi KİV nümayəndələri ilə birgə torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət edib, abidə önünə qərənfillər düzüblər.
SOCAR-ın vitse–prezidenti Xaliq Məmmədov, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və pedaqoji kollektivi təbrik edib, qəbul zamanı yüksək bal toplayan şagirdlərə vəsiqələr veriblər.
Sonra qonaqlar “Azərikimya” İB-nin əsas istehsalat müəssisəsi olan Etilen-polietilen zavoduna gəliblər. KİV nümayəndələri zavodun azot-oksigen kompleksi, susoyutma qurğusu, mütləqləşdirilmiş izopril spirti sahəsi, istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriya, propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və butan-butilen fraksiyasının hidrogen qurğularında olublar. Jurnalistlərə yeni layihələr, perspektiv planlar haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, İstehsalat Birliyinin 2015-2019-cu illər üçün əsas hədəfi mövcud istehsalatların modernizasiyası, yeni tikiləcək polipropilen və yüksəksıxlıqlı polietilen istehsalatlarının tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsi, eləcə də EP-300 istehsalatının effektivliyinin artırılmasıdır. KİV nümayəndələrinə, həmçinin SOCAR və UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin - “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında da məlumat verilib. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51 faizlik, UNİPER isə 49 faizlik paya sahib olacaq. Bundan başqa, yeni buxar turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi də imzalanıb. Bu yaxınlarda təməlqoyma mərasimi keçirilmiş qurğunun inşası Etilen-polietilen zavodunda buxar generator kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.
“SOCAR Polymer” MMC-də mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb ki, 2013-cü ildə bu müəssisəyə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Artıq polipropilen qurğusunun tikintisinə başlanılıb və qurğunun 2018-ci ilin I rübündə istismara verilməsi nəzərdə tutulur. Bu qurğuda ildə 180 min ton polipropilen məhsulu istehsal edəcək. Eyni zamanda, yüksək sıxlıqlı polietilen - HDPE qurğusunun tikintisi üçün də mühəndis-axtarış işləri aparılır. İstehsal gücü ildə 120 min ton olacaq qurğunun inşası 2018-ci ildə tamamlanacaq. Məhsulun 30 faizi daxili bazar, 70 faizi ixrac üçün nəzərdə tutulub. Başa çatdıqdan sonra “SOCAR Polymer” zavodunun ölkəmizin ixrac potensialını artırmaqla, 10-11 milyard ABŞ dolları gəlir gətirməsi gözlənilir ki, bunun da 30 faizi xalis mənfəət kimi proqnozlaşdırılır. Həmçinin “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə 1,5 milyard ABŞ dolları məbləğində vergi ödənilməsi planlaşdırılır.
Karbamid (Azot gübrəsi) zavodu ilə tanışlıq zamanı müəssisənin direktoru Xəyyam Cəfərov bildirib ki, zavodun təməli 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihə üzrə mühəndislik, satınalma və tikinti, yəni MST podratçısı 2011-ci ilin avqust ayında elan olunmuş beynəlxalq açıq tender vasitəsilə seçilib. Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində “Samsung Engineering Co, Ltd.” şirkəti MST podratçısı seçilib. Daha sonra, 2013-cü ilin avqust ayında SOCAR ammonyak və karbamid istehsalı üzrə iki beynəlxalq nüfuzlu texnologiya şirkəti – “Haldor Topsoe” (Danimarka) və “Stamicarbon B.V” (Hollandiya) ilə lisenziya müqavilələri bağlayıb.
Layihənin effektiv həyata keçirilməsi
və idarə edilməsi məqsədilə “Neste Jacobs Oy”
(Finlandiya) şirkəti beynəlxalq açıq tender əsasında
layihənin idarə edilməsi üzrə məsləhətçi
seçilib. Zavodun tikintisinin 2017-ci ilin sonunda
yekunlaşması və 2018-ci il əvvəlində istismara
verilməsi planlaşdırılır. Burada gündəlik 1200 metrik ton
ammonyak və 2000 metrik ton karbamid istehsal ediləcək. SOCAR tərəfindən
bu layihənin icra edilməsi dövlət
iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına
böyük dəstək verəcək. Bununla yanaşı,
zavodda istehsal edilən azot gübrələri (illik təxminən
650-660 min ton) daxili tələbatı ödəyəcək və
izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə,
habelə Qara dəniz limanlarından dünya bazarlarına
ixrac olunacaq. Hazırda Türkiyə karbamidin ixracı
üçün əsas bazar kimi nəzərdə tutulur.
Aşağı xammal qiymətləri və hədəf
bazarlarına yaxınlıq nəzərə alınaraq,
zavodun digər regional azot gübrələri
istehsalçılarına münasibətdə rəqabət
üstünlüyünə malik olması gözlənilir.
Ümumilikdə
layihənin təxminən 81 faizi icra edilib. Əsaslı layihələndirmə
və satınalma işləri demək olar ki, tamamlanıb və
tikinti işlərinin 40 faizi görülüb. Zavod kompleksi
üçün hazırlanması uzun müddət tələb
edən əsas avadanlıqların 96 faizi artıq Azərbaycana
gətirilib. Karbamid zavodunun tikintisində istifadə edilən
avadanlıq və materiallar Asiya, Avropa və Amerikanın
müxtəlif beynəlxalq nüfuzlu şirkətlərindən
satın alınıb.
SOCAR-ın
reallaşdırdığı layihələr çərçivəsində
görülən işlər media nümayəndələri
tərəfindən maraqla qarşılanıb.
İki sahil.- 2016.- 15 sentyabr.- S.12-13.