98 il əvvəl Bakı daşnak və

bolşevik əsarətindən azad edildi

 

Birləşmiş erməni-daşnak və bolşevik silahlı dəstələri 1918-ci ilin mart ayında törətdikləri kütləvi qırğınlardan sonra Azərbaycanda əsl xaos və anarxiya yarandı və onlar hakimiyyətdə duruş gətirə bilmədilər. Azərbaycanın görkəmli ziyalıları, dövlət və ictimai xadimləri ayağa qalxaraq istibdada qarşı azadlıq mübarizəsinə başladılar.

 

Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadə Türkiyəyə gedərək qardaş dövlətdən hərbi kömək istədi. Türkiyənin müdafiə naziri Ənvər Paşa Azərbaycana tezliklə hərbi yardım edəcəyinə söz verdi. Qısa müddətdə Türkiyənin Şərq Ordular Qrupunun tərkibində Türk Qafqaz İslam Ordusu formalaşdırıldı və istedadlı hərbçi, Ənvər Paşanın kiçik qardaşı Nuru Paşanın komandanlığı altında Azərbaycana göndərilməyə hazır vəziyyətə gətirildi.

Türkiyə tarixində I Dünya müharibəsinin “Tripoli qəhrəmanı” kimi tanınmış 29 yaşlı Nuru Paşa yenicə general rütbəsi ilə təltif edilmişdi. 1918-ci il mayın 25-də Nuru Paşa 15 minlik  ordusu ilə Gəncəyə daxil oldu. İlk günlərdə o, şəhərdəki ermənilərə yerlərində sakit oturmağı əmr etdi, əks təqdirdə onların  aqibətinin pis olacağını  bildirdi.

Təcrübəli Nuru Paşa qüvvələri hesablayaraq belə nəticəyə gəldi ki, 15 minlik zəif silahlandırılmış ordu ilə birləşmiş düşmənlərin 40-50 minlik ordularına qalib gəlmək çətin olar. Odur ki, səfərbərlik keçirməyi, yerlilərdən əlavə əsgəri qüvvə yığmağı, əlavə silah gətirilməsini planlaşdırdı və sürətlə həyata keçirdi. Bakı Xalq Komissarları Sovetinin sədri  Stepan Şaumyanın daşnak-bolşevik qoşunları Göyçay-Ağsu-Kürdəmir-Hacıqabul-Salyan istiqamətində müdafiə xətti quraraq türk ordusunun hücumunu gözləyirdilər. Nəhayət, bütün hazırlıqlardan sonra Nuru Paşa “gavurlar üzərinə hücum!” əmri verdi. Yayın yandırıcı havasında döyüşmək nə qədər çətin olsa da, mehmetciklər düşmənə qarşı şir kimi vuruşurdular. Yerli əhali döyüşənlərə ərzaq və su daşımaqla kömək göstərirdi. Qəhrəman türk və azərbaycanlı döyüşçülərin hücumları qarşısında dayana bilməyən bolşevik-daşnak qoşunları geri çəkilirdilər. Hücumlar o qədər qəfil və sürətli olurdu ki, düşmənlər geriyə nizamla çəkilməyə macal tapmır, top və pulemyotları, tüfəng və patron qutularını , ərzağı qoyub qaçırdılar. Belə hərbi qənimətlər o zaman çox qiymətli idi, çünki türk-azərbaycanlı ordusunda bunlar çatışmırdı.

Göyçay, Müsüslü, Qaraməryəm, Sarısu, Kürdəmir, Ağsu, Şamaxı, Hacıqabul, Nəvai və digər yaşayış məntəqələrinin azad edilməsində yüzlərlə türk və azərbaycanlı igid şəhid oldu . Lakin düşmən daha çox itki verirdi. Onlara komandanlıq edən polkovnik Biçeraxov, bolşevik komissarlar Korqanov və Petrov, qatil polkovnik Hamazasp türk qoşunlarını Bakı ətrafında məğlub etmək üçün paytaxt həndəvərində möhkəmləndirilmiş müdafiə sədləri düzəltdilər. Bu ərəfədə “Sentrokaspi” hökuməti hakimiyyəti bolşeviklərdən alaraq ingilis generalı Leonel Denster Vili Bakıya dəvət etdi. Qərargahı İranın Ənzəli limanında olan general Denster Vil özü ilə cəmi 300 nəfərlik əsgər və zabit gətirdi. Lenin Şaumyanın dəfələrlə xahişlərinə baxmayaraq Bakı bolşeviklərinə heç bir kömək göndərə bilmədi. Çünki Rusiyada amansız vətəndaş müharibəsi gedirdi. Bundan da əlavə, döyüşçülərin böyük əksəriyyəti yerli olmadıqlarından fərarilik edərək qaçıb canlarını mənasız ölümdən qurtarırdılar. Təbii ki, bu da bolşeviklərin gücünü çox zəiflətdi.

Nuru Paşa itkilərin yerini doldurmaq, tabor və alayları gücləndirmək məqsədilə Kürdəmirdə saxladığı rezervdən Bakı ətrafına yeni əlavə hərbi qüvvələr gətirdi. 1918-ci il sentyabrın 13-14-də Bibiheybət, “Qurd qapısı” və Güzdək istiqamətlərindən edilən gözlənilməz hücumlar və güclü top atəşləri “Sentrokaspi” hökumətinin qoşunlarını çaşbaş saldı. Həmin istiqamətlərdə daşnak və bolşevik hərbi hissələri qəfil yaxalanaraq məhv edildilər. Bakı uğrunda qanlı vuruşmalarda 2000 nəfərdən çox düşmən əsgər və zabiti öldürüldü, türk-azərbaycanlı birləşmələrindən isə 137 nəfər əsgər və zabit şəhid oldu.

“Sentrokaspi” hökuməti devrildi, onun başçılarının çoxu hazır saxladıqları paraxodlarla aradan çıxdılar. Bolşevik-daşnak Anastas Mikoyan sentyabrın 14-də silahlı dəstəsi ilə hücum edərək həbsdə saxlanan komissarları azad etməyə cəhd göstərdi. Cəhd uğurlu alındı və tarixə “26-lar” kimi düşmüş Bakı komissarları saxlandıqları Bayıl həbsxanasından qaçırıldılar. Onlar ələ keçirdikləri xeyli varidatla “Türkmən” gəmisi ilə Həştərxana qaçarkən yolda gəmidəki mençeviklər tərəfindən onların əleyhinə qiyam qalxdı və gəmi Krasnovodska aparıldı. Komissarlar  ağqvardiyaçılar və ingilis hərbi müdaxiləçiləri tərəfindən Ağcaqum çölündə güllələndilər.

Nuru Paşa sentyabın 15-də öz müzəffər ordusu ilə Bakıya daxil oldu, şəhər əhalisi xilaskar türk ordusunu bayram coşqusu ilə qarşıladı. Neftxuda Hacı Zeynalabdin Tağıyev Filarmoniya binasında keçirilən böyük bayram şənliklərində Nuru Paşaya qiymətli brilyant hədiyyə etdi. Lakin Mudros müqaviləsinə görə, çox keçmədən türk qoşunları Azərbaycan ərazilərini tərk etməli oldu. I Dünya müharibəsindən məğlub durumda çıxmış Türkiyə qalib dövlətlərin diktəsi ilə öz ordularını Naxçıvandan, İrəvan ətrafından və Bakıdan geri çəkdi.

Hər zaman olduğu kimi, bu gün Azərbaycan və türk xalqları yenə də birlikdədir. Min illər yaşı olan bu sarsılmaz birlik bundan sonra da əbədi yaşayacaqdır.

 

Vəli İlyasov

 

İki sahil.- 2016.- 15 sentyabr.- S.22.