Referendumun nəzəri
və praktik əsasları
Müasir
dövlətlərin hüquq sistemində Konstitusiya siyasi və
ictimai stabilliyin, cəmiyyətdə birliyin və
razılığın təminatı rolunda
çıxış etməklə, mərkəzi yeri tutur.
Konstitusiyalar vətəndaşlar arasında, cəmiyyətlə
dövlət arasında ictimai münasibətləri tənzimləyir. Ən yüksək hüquqi
qüvvəyə malik olan Konstitusiya normaları bütün
hüquqi tənzimləmə sisteminin əsasında
dayanır. Azərbaycanda
yüksək templi iqtisadi inkişaf insanların sosial
hüquqlarının səmərəli müdafiəsi
üçün yeni imkanlar açmışdır. Azərbaycan
Respublikasının Konstitusiyasında qeyd edilir ki, iqtisadi siyasətin
sosial xarakteri dövlət hakimiyyətinin əsasını təşkil
edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının
Konstitusiyasına edilmiş sonrakı əlavə və dəyişikliklər
əsasən sosial yönümlülüyü ilə diqqəti
cəlb etmişdir. Bu əlavə və dəyişikliklər
konstitusiyanı təkmilləşdirməklə
yanaşı, həm də konstitusionalizmin
inkişafının yeni mərhələsini müəyyən
edir. Demokratik cəmiyyət quruculuğu prosesində konstitusiya
islahatları vacib şərtlərdən biri kimi
özünü büruzə verməkdədir.
26 sentyabr
2016-cı il tarixində respublikamızda keçiriləcək
ümumxalq səsverməsinə Konstitusiyaya dəyişikliklərlə
bağlı təqdim olunan Referendum Aktının layihəsində
qeyd olunanlara hüquqa əsaslanan mülahizələrimi
oxucularla bölüşmək istərdim.
Konstitusiya
normaları - prinsip normalar hesab olunur. Yəni ölkədə mövcud olan
bütün sahələr üzrə münasibətlərdə
əsas, ümumi hüquq qaydalarını müəyyən
edir. Respublikamızın hüquqi anlamda təməl prinsiplərini
müəyyən edir. Daha sonrakı mərhələdə
ehtiyac yaranacağı tədqirdə Prezidentin fərmanı,
Nazirlər Kabinetinin qərarları və s. normativ-hüquqi
aktların ierarxiyasına uyğun olaraq normalar müəyyənləşdirilə
bilər. Konstitusiyanın 39-cu maddəsinin III bəndində
qeyd olunub ki, “Heç kəs ətraf mühitə, təbii
ehtiyaclara qanunla müəyyən
edilmiş hədlərdən artıq təhlükə
törədə və ya zərər vura bilməz”.
Normanın məhz mətnində belə aydın şəkildə
qeyd olunur ki, qanunla müəyyən edilmiş bəndlərdən,
başqa sözlə desək, ümumi formada prinsip
aydındır: Ətraf mühitə və təbii ehtiyaclara
zərər vurmaq, təhlükə törətmək olmaz.
Lakin hansı hərəkət (və ya hərəkətsizlik),
hansı səviyyəli, həcmli hərəkət bu prinsipin
pozulması anlamına gələcək. Məhz bu tipli xeyli
suallar öz cavablarını qeyd olunan maddənin tələblərini
təmin etmək məqsədi ilə müvafiq qanunlarda
(“Ətraf Mühitin Mühafizəsi haqqında, “Atmosferin mühafizəsi haqqında”
qanunlarda, Meşə Məcəlləsi, Su Məcəlləsi
və s.), Prezidentin fərmanlarında, Nazirlər Kabinetinin
müvafiq qərarlarında öz əksini
tapmışdır. Oxşar şərhləri
konstitusiyanın bütün maddələri üzrə vermək
olar.
9-cu maddənin
birinci bəndinə təklif edilən dəyişiklik
sırf məntiqi xarakterlidir. Belə ki, 9-cu (3-cü bənd:
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ali Baş
Komandanıdır) və 109-cu maddənin aşağıda
qeyd olunan bəndlərinin
24) ali hərbi
və ali xüsusi rütbələr verir;
25)
ümumi və qismən səfərbərlik elan edir, habelə
səfərbərlik üzrə
çağırılanları tərxis edir;
26) Azərbaycan
Respublikası vətəndaşlarının müddətli hərbi
xidmətə çağırılması və müddətli
hərbi xidmətdə olan hərbi qulluqçuların
ehtiyata buraxılması barədə qərarlar qəbul edir;
və s. tələbinə görə məntiqi xarakterli bir
düzəliş olunub. Çünki 9-cu maddənin 1-ci bəndinin
hazırkı variantında qeyd olunur: “Azərbaycan
Respublikası öz təhlükəsizliyini və müdafiəsini
təmin etmək məqsədi ilə Silahlı Qüvvələr
və başqa silahlı birləşmələr
yaradır”. Həmin maddənin
3-cü bəndində isə qeyd olunub, Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Burada sual yarana bilər ki, bəs “başqa silahlı birləşmələr”ə
ümumi komandanlığı kim edir? Digər bir tərəfdən
“başqa silahlı birləşmələr”lə
bağlı ali hərbi rütbələri Azərbaycan
Respublikasının Prezidenti 109-cu maddənin 24-cü bəndinin
tələbinə görə verir və burada 9-cu maddənin
3-cü bəndi ilə 109-cu maddənin 24-cü bəndi
arasında kolliziya yaranır. Referenduma çıxarılan
hazırkı düzəlişlə bu kolliziya da aradan
qalxacaqdır.
Təklif
olunan ikinci düzəlişli maddə (24-cü maddə)
üzrə 1 əlavə və 1 düzəlişə diqqət çəkmək istərdim.
Konstitusiyanın 24-cü maddəsi hazırda 2 bənddən ibarətdir. Maddəyə
1 bənd əlavə olunur (l bənd kimi) və hazırkı
II bənd III bənd sayılmaqla ona bir cümlə əlavə
olunur. Əlavə olunan I bənddə respublikamız insan
hüquq və azadlıqlarına olan münasibətini bir daha
açıq şəkildə ifadə edir. “İnsan ləyaqəti
qorunur və ona hörmət edilir”. Təklif edilən bu
prinsip normanın çox sadə, başadüşülən
formirovkası var. Bütün sivil cəmiyyətdə bu
prinsip təmin olunur. Doğrudur, bu prinsip indiyə qədər
də respublikamızda müxtəlif qanunlarla təmin olunurdu.
Lakin bu normaya konstitusion status verməklə layihə müəlliflərinin
bu məsələ ilə bağlı hansı
düşüncədə olduqları aydın
görünür. Bu yerdə bir arayış daha vermək istərdim.
Arayışım hüquqda mövcud olan iki anlayış
norma və prinsip ilə bağlı olacaq. Qısa olaraq qeyd
edim ki, prinsip özü də normadır. Norma isə prinsip
deyil. O norma prinsipə çevrilə bilər ki, həmin
norma daha ümumi məsələləri əhatə etməklə
uzunmüddətli istifadə nəticəsində daha
üstün hüquqi xarakterə malik olmasına zərurət
yaransın. Yuxarıda qeyd etdiyim konstitusion prinsip normaların
işlənməsi üçün alt hüquqi baza nə qədər
zəruridirsə, konstitusionalizmin inkişafında da alt
qanunvericilik bazası bir o qədər əhəmiyyətlidir.
Bu gün hər hansı bir qanunda əks olunmuş norma müəyyən
bir zamandan sonra konstitusion normaya, prinsipə çevrilə bilər.
Bu proses cəmiyyətin ümumi inkişaf tendensiyası ilə
üzvü surətdə əlaqədədir. 24-cü maddənin
III bəndinə əlavə olunan “Hüquqlardan sui-istifadəyə
yol verilmir” prinsipini də hazırkı Azərbaycan cəmiyyətində
sosial sifariş kimi də dəyərləndirmək olar. Beynəlxalq
hüquqda bu günə qədər qəbul olunmuş insan
hüquqları ilə bağlı bütün əsas sənədlərə
nəzər salsaq (1948-ci il İnsan hüquqları haqqında
Ümumi Bəyannamə, İnsan hüquq və
azadlıqlarının müdafiəsi haqqında 1950-ci il
Avropa Konvensiyası, 1966-cı il Paktları, BMT-nin Nizamnaməsi
və s.) görərik ki, açıq şəkildə qeyd
olunub ki, bir insan, məhz insan olduğuna görə, ictimai mənşəyindən,
irqindən, dilindən, mövqeyindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq hörmətə layiqdir, bərabər
hüquqludur. Hətta bizim klassik ədəbiyyat nümunələrimizdə
də belə məsələlərə rast gəlirik. Məsələn,
Nizami Gəncəvi XIII əsrdə yazırdı:
“Elmlə,
biliklə, başqa cür heç kəs,
Heç
kəsə üstünlük eyləyə bilməz”
Qeyd olunan
əlavədə hüquqlardan istifadəyə məhdudiyyət
deyil, sui-istifadənin yol verilməzliyi vurğulanır.
Hüquqi ədəbiyyatlarda tez-tez
rastlaşdığımız məşhur bir tezisi burada qeyd
etmək zənnimcə, yerinə
düşər: “Hər bir insanın hüququnun sərhədi
digər insanın hüquqlarının sərhədinə qədərdir.”
Təbii, prinsip ümumi məzmunlu olduğu üçün
hesab edirəm ki, müvafiq qanunlar və s. hüquqi aktlarla
aydınlaşdırılacaq. İnsanlara hansı səviyyənin
sui-istifadə olduğu tam məlum olacaq. Məsələn, hər
hansı bir vətəndaş öz istirahət
hüquqlarından faydalanırsa əlbəttə ki, bu digər
vətəndaşın istirahət hüququnun pozulması hesabına
olmamalıdır və s.
25-ci maddəyə
edilən əlavə də özü-özlüyündə maddənin hüquqi dilini, mahiyyətini
təkmilləşdirmə xarekterlidir. Azərbaycan unitar
dövlət olmaqla, çoxsaylı etnik qruplardan təşkil
olunmaqla, multikultural bir məkandır. Lakin vahid bir coğrafi
anlamda Azərbaycan milləti adı altında birləşməyimiz
dövlətimizin monolitliyinə xidmət edir. Odur ki, bu maddədə
redaktə xarakterli “milliyyət” sözünün “etnik” sözü ilə əvəz
olunması hesab edirəm ki, daha məqsədəmüvafiqdir.
25-ci maddəyə
əlavə edilmiş Vl hissədə sağlamlıq
imkanları məhdud olan insanların indiyə qədər
müxtəlif normativ-hüquqi aktlarda əks olunmuş
hüquq və vəzifələrinin konstitusion səviyyədə möhkəmləndirilməsi təklif
edilir. Əlavə olunmuş hissənin əsas mahiyyəti
ondan ibarətdir ki, sağlamlıq imkanları məhdud olan
şəxslərin heç bir hüququ məhdudlaşdırıla
bilməz, əgər onların iradələri, fiziki, psixolji,
anlaqlıq imkanları buna imkan verirsə. Məsələn, hər
bir şəxsin layiqli iş ilə təmin olunmaq hüququ
var, lakin şəxsin fiziki durumu imkan vermirsə o, heç də
arzu etdiyi bütün işlərdə (məsələn,
güc strukturlarında ) işləyə bilməz. Və
yaxud hər bir şəxsin ölkə daxilində çimərliklərdə
çimmək hüququ (istirahət hüququ) var. Lakin şəxsin
fiziki imkanları məhdudursa, bu hüququnu məhz
özünə bağlı problem səbəbindən
rellaşdıra bilməyəcək. Digər bir nümunəni
vəzifələr anlamında qeyd etmək olar. Məsələn,
şəxsin fiziki qüsurlarına görə hərbi xidmət
keçmək kimi bir vəzifədən azad edilməsi və
s. Maddənin tələblərinə görə sadalanan digər
və oxşar vəziyyətləri ifadə edən
sadalamadığımız hallar istisna olmaqla bu sosial qrupa
daxil olan vətəndaşlarla digər vətəndaşlar
arasında diskrinimanisiyaya qətiyyən yol vermək olmaz.
Bütün digər hallarda bərabər hüquq və
öhdəliklər gözlənilməlidir.
Növbəti
gələn 4-cü əlavə 29-cu maddəyə edilib. 29-cu
maddə hazırda 5 bənddən ibarətdir. Təklif olunan əlavələr
qəbul olunacağı təqdirdə maddə 7 bənddən
ibarət olacaqdır. Əlavə olunan V bəndin tələbi
belədir: “Xüsusi mülkiyyət sosial öhdəliklərə
səbəb olur”. Maddənin təsiri ondan ibarətdir ki, layihə
müəllifləri hazırkı bazar iqtisadiyyatı
dövründə yaşamağımıza baxmayaraq, sosial
dövlət quruculuğu prinsipini daha da möhkəmləndirmək,
bazar iqtisadiyyatı dəyərlərinə hörmət etməklə
onun imkanlarına xalqın və
ümumi dövlətin maraqları naminə bu münasibətlərin
əsas subyektləri üzərinə müəyyən
ağlabatan öhdəliklər qoymaq nəzərdə tutulur.
Hesab edirəm ki, bu maddənin tələbi birbaşa geniş
xalq kütləsi tərəfindən dəstəklənməlidir.
Oxşar qayda əksər Avropa dövlətlərində
mövcuddur.
29-cu maddəyə
Vl bənd kimi əlavə olunan “Sosial ədalət və
torpaqlardan səmərəli istifadə məqsədi ilə
torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla
bilər” bəndi ətrafında verilən geniş, bəzən
isə məqsədyönlü yalnış izahatları nəzərə
alıb mülkiyyət hüququ ilə bağlı qısa
bir arayış vermək istəyirəm. Mülki Məcəllənin
tələblərinə görə, mülkiyyət hüququ
3 elementdən-sahiblik, istifadə və sərəncam vermək
hüquqlarından ibarətdir. Təklif edilən əlavədə
mülkiyyət hüquqlarından məhrum etmək deyil, məhdudlaşdırmadan
söhbət gedir. Məsələn, hər hansı bir şəxs
(hüquqi və ya fiziki) 1000 hektarlarla əkinə yararlı
torpaq sahəsini alıb. Lakin qəsdən,
imkansızlıqdan və ya digər səbəblərdən
istifadəsiz saxlayır. Bu hal dövlətin strateji
maraqlarına ziddir. Belə ki, bu ərazidə dövlətin ərzaq
təhlükəsizliyini təmin
etmək üçün istifadə etmək olar, amma edilmir. Nəticədə
bu, kütləviləşsə, ərzaq
qıtlığı, bahalaşma və s. sosial gərginliyə
gətirib çıxara bilər. Belə halda təklif olunan
bu bəndin tələbini əsas götürməklə
dövlət mülkiyyətinin mülkiyyət hüququ məhdudlaşdırılır.
Qeyd etdiyim mülkiyyət hüququnu əmələ gətirən
3 elementdən 1-ni istifadə hüququ mülkiyyətçidən
alınır. Sahiblik və sərəncam vermək hüququ
yenə də mülkiyyətçidə saxlanılmaq şərti
ilə. Əlbəttə ki, mülkiyyətçidən
alınan 1 hüquq-istifadə hüququnun müqabilində
hesab edirəm ki, ona ağlabatan, ədalətli qaydada
kompensasiya ödəniləcək. Yəqin bu maddənin tələbindən
irəli gələn konkret qanun və s. normativ sənədlər
qəbul olunacaq. Onu da qeyd edim ki, mülkiyyət hüququnun təməl
prinsipləri konstitusiyada saxlanılır. Hazırkı
mövcud 29-cu maddənin 5 bəndi məhz bu təməl
prinsiplərini əks etdirir. Burada hər kəsin mülkiyyət hüququnun olması, onun dövlət tərəfindən qorunması əsas prinsiplər kimi
qeyd olunub.
Beləliklə, nəzərdən keçirdiyimiz məqamlardan aydın göründüyü kimi, Azərbaycan Respublikasında müşahidə olunan dinamik inkişaf və müvafiq olaraq ciddi müxtəlif xarakterli dəyişikliklər Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri etmişdir. Cəmiyyətdə gedən dəyişikliklər yeni ictimai münasibətlər formalaşdırır ki, bu münasibətlərin də tənzimlənməsinin daha səmərəli mexanizmlərinin tətbiqi vacibdir. Sözsüz ki, bu, Konstitusiya islahatları yolu ilə mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər insan hüquqlarının daha səmərəli qorunması üçün tam yeni imkanlar açacaq.
Daşqın Qənbərov,
BDU-nun müəllimi,
hüquq üzrə
fəlsəfə doktoru
İki sahil.- 2016.- 22 sentyabr.- S.21.