Referendum Aktı dövlətin
və
xalqın maraqlarına
tam cavab verir
Müasir dövrdə hər bir
dövlətin və cəmiyyətin yetişəcəyi
mühüm nailiyyətlərdən biri də məhz
demokratik, hüquqi və sivil dəyərləri tam əxz etməkdən
ibarətdir. Demokratikləşmə və hüquqi-siyasi islahatlar
davamlı proses kimi səciyyələndiyindən - iqtisadi
inkişaf səviyyəsindən asılı olmayaraq - bu
gün hansısa dövlətdə ən mütərəqqi
idarəetmə sisteminin mövcudluğundan danışmaq
müəyyən qədər nisbilik kəsb edir. Başqa
sözlə, insan və vətəndaş hüquq və
azadlıqlarının təmini sahəsində həyata
keçirilən tədbirləri hansısa çərçivə
ilə məhdudlaşdırmaq mümkün deyildir.
İnsan
hüquqlarının təminatı məqsədilə
dövlətin hüquq sisteminin müasirləşdirilməsi,
ilk növbədə, ictimai münasibətlərin
inkişafından irəli gələn sosial tələbat kimi
özünü göstərir. Məhz həmin səbəbdən
də demokratik inkişaf yolunu prioritet seçmiş
hansısa dövlətin bu qəbildən olan tədbirlərin
yetərli olduğunu əsas gətirərək
liberallaşmaya xidmət edən islahatlara ara verməsi
mümkün deyildir. Dövlət müstəqilliyinin bərpasının
25-ci ildönümü ərəfəsində olan Azərbaycan
da davamlı demokratik inkişaf və vətəndaş cəmiyyəti
quruculuğu yolunda olan respublika kimi hər bir qanunun,
normativ-hüquqi aktın dövrlə səsləşməsini,
xalqın mənafeyinə cavab verməsini vacib sayır.
Tarixi təcrübə
göstərir ki, siyasi hakimiyyət məhz xalqın mənafeyinə
cavab verən, onun hüquq və azadlıqlarının daha
etibarlı təminatına şərait yaradan islahatlarla
ictimai etimad və uğur qazana bilir. Bu məqsədə
hesablanan, xalqın iradəsinə cavab verən islahatlar
dövlətin hüquq sistemini möhkəmləndirməklə
yanaşı, onun beynəlxalq arenada da nüfuzunu yüksəldir.
Respublikamızda xalqın mənafeyi əsas
götürülməklə ilk dəfə hələ 2002-ci
ilin 24 avqustunda, sonrakı mərhələdə 2009-cu ilin 18
martında referendum yolu ilə konstitusiyaya edilmiş əlavə
və dəyişikliklər də mütərəqqi xarakteri
ilə dövrün tələblərindən irəli gələn
bir sıra yeniliklərə konstitusion təminat
yaratmış, insanların hüquq və vəzifələrini
daha səmərəli, dolğun realizə etməsinə əlavə
imkanlar açmışdır. Sonrakı illərdə bu
islahatların ümumxalq maraqları baxımından nə dərəcədə
vacib və aktual olduğu, sosial tələbatdan irəli gəldiyi
bir daha obyektiv təsdiqini tapmışdır.
2009-cu
ilin martında keçirilmiş son konstitusion islahatdan ötən
7 ildə Azərbaycanın ictimai-siyasi həyatında
müşahidə olunan dəyişikliklər - iqtisadi, siyasi,
hüquqi islahatların daha da dərinləşdirilməsi,
demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş
cəmiyyəti institutlarının cəmiyyətdəki
rolunun artması, respublikanın “postneft erası”na qədəm
qoyması və yeniliklər Konstitusiyamızda yenidən bir
sıra əlavə və dəyişikliklərin edilməsini
obyektiv tələbata çevirmişdir.
Prezidentin
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
Referendum Aktı layihəsinin Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə göndərilməsi barədə
18 iyul 2016-cı il tarixli və “Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi məqsədi ilə ümumxalq səsverməsi
(referendum) keçirilməsi haqqında” 26 iyul 2016-cı il
tarixli sərəncamları, ilk növbədə, dövlət
hakimiyyətinin həyata keçirilməsində xalqın
iştirak imkanlarının genişləndirilməsinə
xidmət edir. Eyni zamanda bu sərəncamlar dövlət idarəçilik
sisteminin inkişafına, insan və vətəndaş
hüquq və azadlıqlarının səmərəli təminatlar
sisteminin gücləndirilməsinə, konstitusion nizamlanmaya
daha çox ehtiyac olan ictimai münasibətlərin tənzimlənməsinə
və digər istiqamətlər üzrə təkmilləşdirilməyə
misilsiz töhfədir.
Konstitusiyaya
təklif edilən birinci dəyişiklik 9-cu maddə ilə
bağlıdır. Təklif olunan dəyişikliyə əsasən,
9-cu maddənin I hissəsi aşağıdakı redaksiyada
verilir: “I. Azərbaycan Respublikası öz təhlükəsizliyini
və müdafiəsini təmin etmək məqsədi ilə
Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr
Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən
ibarətdir”.
9-cu maddənin
mövcud mətninə görə “digər silahlı birləşmələr”
Silahlı Qüvvələrin tərkib hissəsi
sayılmır. Bundan başqa, Azərbaycan
Respublikasının Prezidenti yalnız Silahlı Qüvvələrin
Ali Baş Komandanı hesab edilir. Digər silahlı birləşmələr
- sərhəd qoşunları, daxili qoşunlar, Milli Qvardiya isə
ölkə başçısına Ali İcra Hakimiyyətinin
başçısı kimi tabedirlər. Lakin adı çəkilən
silahlı birləşmələrin son illərdə
keçdiyi inkişaf yolu onların real hərbi qüvvəyə
çevrilməsinə imkan verdiyindən, bu birləşmələrin
də Silahlı Qüvvələrin tərkib hissəsi hesab
edilməsi məqsədəuyğundur.
Azərbaycan
demokratik inkişaf yolu seçmiş ölkə kimi insan
amilini daim uca tutur və onun şəxsiyyətinin müdafiəsində
dayanır. Bu baxımdan Konstitusiyanın 24-cü (İnsan və
vətəndaş hüquqlarının və
azadlıqlarının əsas prinsipi) maddəsinə təklif
edilən əlavə və dəyişikliklər insan ləyaqətinin
qorunmasını dövlətin ali məqsədlərindən
biri kimi önə çəkir. Referendum Aktı layihəsində
təklif olunan dəyişikliyə əsasən, I və II
hissələr, müvafiq olaraq, II və III hissələr
hesab edilir və həmin maddəyə aşağıdakı
məzmunda I hissə əlavə olunur: “İnsan ləyaqəti
qorunur və ona hörmət edilir”. III hissəyə isə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilir: “Hüquqlardan sui-istifadəyə yol verilmir”.
Bazar
iqtisadiyyatı şəraitində insan ləyaqətinin uca
tutulması, ona hörmətin konstitusion norma kimi təsbit
edilməsi, dövlətin bununla bağlı üzərinə
öhdəliklər götürməsi, son dərəcə təqdirəlayiqdir.
Bununla Azərbaycanda insan ləyaqəti Konstitusiya prinsipi
halına gətirilir. Hüquqi dildə “ləyaqət” deyiləndə
şəxsin bütün mənəvi və intellektual keyfiyyətlərinin
cəmi nəzərdə tutulur. Təklif olunan maddə ilə
insan ləyaqətinin qorunması toxunulmaz fundamental
hüquqların siyahısına daxil edilir.
Hüquqlardan
sui-istifadənin yolverilməzliyi ilə bağlı ayrıca
cümlənin konstitusiyaya əlavə edilməsi də yeni
dövrün reallıqları ilə şərtlənir. Bu
yanaşma hüquq və azadlıqların hər kəsin cəmiyyət
və digər şəxslər qarşısında məsuliyyətini
və vəzifələrini də müəyyənləşdirməsi
prinsipini özündə ehtiva edir. Yəni hazırkı
liberal və demokratik mühitdə insanlar onlara verilmiş hər
bir hüquq və azadlıqdan yalnız qanunla müəyyən
edilmiş çərçivədə bəhrələnməli,
sui-istifadəyə yol verərək başqalarının
hüquqlarına toxunmamalı, ümumən cəmiyyətə
açıq hörmətsizlik kimi dəyərləndiriləcək
ziyanlı davranışlara yol verməməlidirlər.
Başqa sözlə, demokratiya təkcə hüquq deyil, həm
də vəzifədir və bu vəzifədən sui-istifadə
qanunla müəyyən edilmiş məsuliyyətə səbəb
olur.
Hazırda
qüvvədə olan Azərbaycan Respublikası
Konstitusiyasının “Bərabərlik hüququ” adlanan 25-ci
maddəsinin 3-cü hissəsi aşağıdakı
redaksiyadadır: “III. Dövlət irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə təminat verir. İnsan və vətəndaş
hüquqlarını və azadlıqlarını irqi, milli,
dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və
sosial mənsubiyyətə görə məhdudlaşdırmaq
qadağandır”.
Referendum
Aktı layihəsində təklif olunan düzəlişlərə
əsasən, III hissənin birinci cümləsində “milliyyətindən”
sözü “etnik mənsubiyyətindən” sözləri ilə,
ikinci cümləsində “milli” sözü “etnik” sözü
ilə əvəz edilir. Azərbaycanın tarixən müxtəlif
etnosların dinc yanaşı yaşadıqları ölkə
olduğunu, 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyini nəzərə
aldıqda, bu dəyişikliklərin mütərəqqi
xarakteri bir daha qabarıq üzə çıxır. Müxtəlif
dinlərə, millətlərə və irqlərə məxsus
insanların mehriban və firavan yaşadığı Azərbaycanda
bütün insanlar bərabərdir və onlar arasında milli
mənsubiyyətinə görə ayrı-seçkilik qanunla
qadağan olunur. Bu məqam Konstitusiyanın ayrıca maddəsi
ilə tənzimlənir və etnik mənsubiyyətindən
asılı olmayaraq, hamıya bərabər hüquqlar verilir.
25-ci maddəyə
əlavə edilmiş VI hissə də özünün
mütərəqqi mahiyyəti ilə diqqəti çəkir:
“VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud
imkanlarına görə həyata keçirilməsi çətinləşən
hüquq və vəzifələrdən başqa, bu
Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan
istifadə edir və vəzifələri
daşıyırlar”. Bu əlavə sağlamlıq
imkanları məhdud olan vətəndaşların cəmiyyətdə
bərabər hüquq və imkanlara malik olduğunu konstitusiya
səviyyəsində bir daha təsbit edir, onların cəmiyyətə
sürətli adaptasiyasına hüquqi təminatlar yaradır.
32-ci maddəyə
(Şəxsi toxunulmazlıq hüququ) təklif olunan VI, VII və
VIII hissələr hazırkı informasiya əsrində vətəndaşların
şəxsi toxunulmazlıq hüququnun daha etibarlı
müdafiəsinə yönəlmişdir. Təklif olunan VI
hissəyə görə, “Qanunla müəyyən edilmiş
hallar istisna olmaqla, üçüncü şəxslər
haqqında məlumat almaq məqsədi ilə elektron formada və
ya kağız üzərində aparılan informasiya
ehtiyatlarına daxil olmaq qadağandır”. Təklif olunan VII
hissəyə görə, “Məlumatın aid olduğu şəxsin
buna razılığını aşkar ifadə etdiyi hallar,
ayrı-seçkiliyə yol verməmək şərtilə
anonim xarakterli statistik məlumatların emalı və qanunun
yol verdiyi digər hallar istisna olmaqla, informasiya
texnologiyalarından şəxsi həyata, o cümlədən
əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların
açıqlanması üçün istifadə edilə
bilməz”. VIII hissədə isə göstərilir ki, “Fərdi
məlumatların dairəsi, habelə onların emalı,
toplanması, ötürülməsi, istifadəsi və
mühafizəsi şərtləri qanunla müəyyən
edilir”.
Əsas
Qanunun 32-ci maddəsinə təklif edilən əlavələr
insan və vətəndaş hüquq və
azadlıqlarına Konstitusiya təminatını gücləndirmək
məqsədi daşımaqla, şəxsi məlumatların
toxunulmazlığını təsbit edir. Təklif olunan əlavələr,
qanunla nəzərdə tutulmuş hallardan başqa,
insanların şəxsi həyatına müdaxiləni birmənalı
qadağan edir.
Xatırlatmaq
lazımdır ki, İnsan haqları və əsas azadlıqlarının
müdafiəsi üzrə Avropa Konvensiyasının 5-ci bəndinə
görə hər kəsin azadlıq və şəxsi
toxunulmazlıq hüququ var. Konvensiyanın 8-ci maddəsində
hər kəsin şəxsi və ailə həyatına təminat
verilir və bu hüququn həyata keçirilməsinə maneələr
qadağan olunur. Konvensiyanın 13-cü maddəsi hər kəsə
effektiv müdafiə hüququ verir. Yəni Konvensiyada nəzərdə
tutulmuş hüquq və azadlıqlar pozularsa, hər kəs
dövlət orqanında və məhkəmədə effektiv
müdafiə hüququna malikdir.
Referendum
Aktı layihəsinə əsasən, passiv seçki
hüququ üçün müəyyən edilmiş
aşağı yaş həddinin aktiv seçki hüququ
üçün təyin olunmuş yaş həddi ilə bərabərləşdirilməsi
müasir dünyanın mütərəqqi təcrübəsinə
əsaslanır. Konstitusiyanın hazırda qüvvədə
olan 85-ci maddəsinin I hissəsi ilə Azərbaycan Respublikası
Milli Məclisinin deputatı üçün aşağı
yaş senzi müəyyən edilmişdir - 25 yaşına
çatmamış heç bir vətəndaş deputat
seçilə bilməz. Nəzərdə tutulmuş dəyişikliyə
əsasən, Azərbaycan Respublikasının seçkilərdə
iştirak etmək hüququna malik hər bir vətəndaşı
qanunla müəyyən edilmiş qaydada Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
Bu yenilik aktiv və passiv seçki hüquqları
üçün nəzərdə tutulan yaş senzinin (18
yaş) eyniləşdirilməsinə, beləliklə
hüquqi ədalətsizliyin aradan qaldırılmasına xidmət
edir. Əlbəttə, deputat seçkilərində
iştirak etmək üçün vətəndaşın
yalnız 18 yaşda olması deyil, Konstitusiya ilə müəyyənləşdirilmiş
digər meyarlar da əsas götürüləcəkdir.
Referendum
Aktı layihəsinə təklif olunan 98-1 əlavəsi isə
(Azərbaycan Respublikası Milli Məclisinin buraxılması)
parlamentin səlahiyyətlərinin çərçivələrini
müəyyən edir. Layihəyə əsasən “Azərbaycan
Respublikası Milli Məclisinin eyni
çağırışı bir il ərzində iki dəfə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
etimadsızlıq göstərdikdə və ya Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin və Azərbaycan
Respublikası Mərkəzi Bankı İdarə Heyətinin
kollegial fəaliyyəti üçün zəruri olan sayda
onlara üzvlüyə namizədləri iki dəfə təqdim
edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə
təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü
və 95-ci maddələrində, 96-cı maddəsinin II, III,
IV və V hissələrində, 97-ci maddəsində göstərilən
vəzifələrini aradan qaldırıla bilməyən səbəblər
üzündən icra etmədikdə Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Milli Məclisini buraxır”.
Bu
müddəa Milli Məclisin səlahiyyətlərini
konstitusion çərçivədə məhdudlaşdırmaqla,
əsassız olaraq hansısa ədalətli qərarın,
qanunun və təyinatın reallaşdırılmasına mane
olmaq cəhdlərinin qarşısını alır. Yəni
burada söhbət parlamentin nəzəri cəhətdən
iflic vəziyyətə düşməsi
mümkünlüyündən gedir. Bu təhlükə tək
parlament yox, hər bir kollegial orqan üçün
mümkündür. Belə olduğu halda, ölkə
Prezidenti dövlətinin başçısı kimi Azərbaycan
Respublikasının normal fəaliyyətini təmin etməlidir.
Ölkə rəhbərinin parlamenti buraxma səlahiyyətinə
malik olması bir sıra ölkələrin qanunvericiliyində
əksini tapmışdır.
Konstitusiyanın
100-cü maddəsinə təklif edilən dəyişiklik
prezidentliyə namizədlər üçün yaş senzini
(35 yaş) aradan qaldırır. Bu düzəlişə əsasən,
Azərbaycan Respublikasının ərazisində 10 ildən
artıq daimi yaşayan, seçkilərdə iştirak etmək
hüququna malik olan, ağır cinayətə görə məhkum
olunmayan, başqa dövlətlər qarşısında
öhdəliyi, ikili vətəndaşlığı olmayan,
ali təhsilli ölkə vətəndaşı Azərbaycan
Respublikasının Prezidenti seçilə bilər.
Referendum Aktı layihəsində nəzərdə tutulmuş mühüm bir dəyişiklik vitse-prezidentlik institutunun yaradılmasını nəzərdə tutur. Əsas Qanunun 103-cü maddəsinə təklif edilən əlavəyə görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulur ki, bu da dövlət idarəçiliyini daha da müasirləşdirmək, səmərəliliyini artırmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Yeni təsisatın yaradılması ölkə rəhbəri tərəfindən edilmiş dəyişikliklərin ümumi məntiqindən irəli gəlir. Konkret bu dəyişikliklərlə qarşıya qoyulan məqsəd prezident üsuli-idarəsinin təkmilləşdirilməsi və müasir çağırışlara cavab verməsinin təmin edilməsidir. Vitse-prezidentlik institutunun yaradılması bir çox məsələlərin yüksək səviyyədə diqqətdə saxlanılmasına imkan verəcəkdir. Vitse-prezidentlər konkret istiqamətlər üzrə - iqtisadi islahatlar, xarici siyasət, ictimai-siyasi məsələlər kimi strateji layihələr üzrə çalışacaqlar. Bu da bir sıra məsələlərin tez və günün tələblərinə uyğun şəkildə həllinə imkan yaradacaqdır.
Seçkiqabağı təbliğat və təşviqat
mərhələsində Azərbaycan ictimaiyyəti bir daha əyani
şahidi oldu ki, Konstitusiyaya təklif edilən əlavə və
dəyişikliklərin böyük qismi məhz ölkə vətəndaşlarının
hüquq və azadlıqlarının daha da genişləndirilməsinə,
qanuni mənafeyinin səmərəli təmin olunmasına,
dövlətin idarəetmə funksiyalarının təkmilləşdirilməsinə
yönəlmişdir. Bu əlavə və dəyişikliklər
Azərbaycan dövlətinin insan və vətəndaş
amilinə böyük həssaslıqla
yanaşdığını və yüksək dəyər
verdiyini bir daha təsdiqləyir. Azərbaycanda inkişaf və
tərəqqinin, sabitliyin tərəfdarı olan, demokratik və
hüquqi cəmiyyətdə yaşamaq istəyən hər
bir azərbaycanlının 2016-cı il sentyabrın 26-da
Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar
keçiriləcək ümumxalq referendumunda fəal
iştirak edəcəyi, vətəndaşlıq borcunu
layiqincə yerinə yetirəcəyi isə şübhəsizdir.
Qulam
ŞÜKÜROV,
hüquqşünas
İki sahil.- 2016.- 23 sentyabr.- S.25.